Yolum sevinir, Allah...
Vaqifi yaxından tanıyanların hamısı bilir ki, o
fərqli bir insandır. Həm də
bu fərq sirli, sehrli, işıqla dolu bir fərqdir.
Söhbət etdiyi adamı daima müdrik bir aləmə,
xoş ovqata, ruh yüksəkliyinə kökləyir. Mən həmişə
onunla danışanda elə bilirəm ki, onun səsi xoş bir ovqatla hansısa
okeanın sularından, göyün neçəncisə
qatından süzülüb gəlir. Vaqifin şeirləri ilə
yaxından tanış olanlar da bilir ki, o həm də fərqli
bir şairdir.
Bu şeirlər də hansısa ənənəvi
şeir formaları deyil. Hətta o şeirləri ənənəvi şeir tələbləri
ilə oxuyanda onlar adiləşə bilər. Vaqifin
şeirlərini o adamlar daha çox sevir ki, onların qəlbi
bir qədər o şeirlərin ovqatına köklənmiş
olsun. Vaqifi yəqin ki, daha çox fərqli
edən onun yüksək keyfiyyətlərə malik olan şəxsiyyəti
ilə sonsuz kainata köklənən qəlb aləminin
biri-biri ilə bu qədər həmahəng olmasıdır.
Onu yaxından tanıyanlar bilir ki, o, yer
üzündən çox öz qəlb aləmində
yaşayır. Amma qəlb aləmində
yaşamaqla yanaşı yer üzünün bütün qayğılarını
duya-duya, bu qayğıların ağrısını çəkə-çəkə
yaşayır. Yəni o öz qəlb aləmində
bir zahid, guşənişin, əhli-kef insan kimi yox,
böyük, ciddi, yer üzündə baş verənləri
dərindən dərk edən, yer üzünə, insanlara əlindən
gələn köməyi etmək istəyən bir şəxsiyyət
kimi yaşayır. Ona görə də Vaqiflə
ünsiyyətdə olan adam özü
sanki hansısa bir sehrli aləmin möhtəşəmliyini, həmin
aləmin ab- havasını duyur.
Vaqifin hər şeiri o möhtəşəm aləmdən
xəbər verir. Elə, "Dünya söndükcə sən
görünürsən, İlahi!" şeiri də.
Min ildi,
milyon ildi
Göylərdə
ayaqyalın
Sənə
sarı qaçıram,
ayaqlarım sevinir,
yolum
sevinir, Allah.
Elə bu
bənd göstərir ki, şair yer üzünə
özünün nə zaman gəlməsinə əhəmiyyət
vermədən min, milyon illərdir ki özünü kainatın
bir varlığı olan insan
kimi hiss edir. Həm
də bu kainata nizam verən, bu kainatı gözəlləşdirən
Allahın qüdrətini duyan bir insan kimi.
Özünün əsas işini, xoşbəxtliyini Allaha doğru getməkdə,
Allahı daha yaxından duymaqda görən bir varlıq kimi. Körpə uşaqlar ayaqyalın,
ayrılığına dözə bilmədikləri öz
anasının, atasının yanına qaçan kimi Allaha
doğru qaçan bir məsum körpə kimi. Və
körpə uşağın qəlb aləminin duyduğu ki,
hiss edir ki, o Allaha doğru qaçdıqca, onu aparan yollar da sevinir, onun
öz ayaqları da. O Allaha doğru qacdıqca yollar da rahatlanır, onun öz
ayaqları da. Çünki Allaha doğru
qaçdıqca onun qəlbindəki nur, işıq
çoxalır, bu nur yollara bir gözəllik, rahatlıq gətirir.
Bu nur onun ayaqlarına qüvvət verir. Bu sözlərin arxasında insanlığın mənəvi
aləminin keçib formalaşdığı bir aləm, bir
tarix dayanır. Bu sözlərin
arxasında qədim insanların Allaha səcdəsi, min-min əvvəlki
dövrlərdə ehramlardakı kahinlərin
üzünün nuru, sufilərin, təsəvvüf alimlərinin
irfan dünyası dayanır. Şair o aləmlərin
bir nümayəndəsi, bir daşıyıcısı, amma
yeni ovqatlı, öz sözü, öz aləmi olan bir
nümayəndəsi kimi görünür…
Əsl şair heç vədə şeiri fikirləşə-fikirləşə
yazmır. Onun qəlb aləmi sirli bir aləmə köklənir.
Həmin aləmdən sözlərin, sətirlərin
özü axıb gəlir. Bu sözlər
haqq dünyasından gələndə və şairin
özünü də heyran edəndə ortada olan poeziya həqiqi
poeziya olur. Şair yalnız müəyyən
bir hal yaşayanda, mənəvi yüksəliş məqamında
olanda həqiqi şeir yaranır. Bir
neçə dəfə Vaqifin şeir yazdığı
zamanlar kənardan müşahidə etmişəm. Bu zaman o ətrafda heç kimi görmür, öz
dünyasında olur. Sifətindən sirli
kölgələr, işıqlar keçir. Növbəti misralar, növbəti şeir
yaranır. Amma Vaqifi əksər şairlərdən
fərqli olaraq bu qeyb aləmindən gəlmiş sətirlərinə
qarşı çox tələbkar olur. Qəlb
aləminin ortaya qoyduğu sətirləri idrak aləminin tələbkarlığı
ilə götür-qoy edir, onları dəfələrlə
danışdırır müəyyən düzəlişlər
edərək oxuculara təqdim üçün
hazırlayır. Bütün bunlardan sonra, ata öz
övladını səfərə yola saldığı kimi,
növbəti şeirinə xeyir-dua verir.
Məsələn,
mən inanıram ki, bu şeirdə o:
Hər
gün sənin göyünə
mismarlanır qollarım,
mismarlanır, dincəlir,
qolum
sevinir, Allah -
yazanda,
qəlbindən keçən duyğuları ifadə edib. Amma nədən məhz bu sözlərlə ifadə
edib, heç özü də bilməyib. Amma
bir qədər sonra, idrak aləmi canlanıb tələbkar
bir münasibətlə bu misralara baxanda, sözlər onu qane
edib. Hiss edib ki, bu sözlər onun duyğularını
ifadə edib. Qol
Vaqif üçün bir rəmzdir. O bu qol ilə
uça da bilir, nəsə edə də bilir. Hər
gün bu qollar Allahın göyünə mismarlandıqca - bir
qədər ağrı ilə də olsa, o göylərə
bənd olur, rahatlıq tapır. Bəli,
bu qollar adi qollar deyil. "Bütün kainat boyu
qanrılan, qanı daman" bu "qolların gözündə"
ancaq və ancaq Allah sevgisi var. Allahın - bütün kainata nizam verən,
bütün kainatın bir aləm kimi fəaliyyətini təmin
edən çox doğma bir qüvvənin sevgisi var. Və
sonra şair sual verir:
Bəs nədən
əzab gəzir
qolumu dəlib
keçən
mismarların üzündə?!
Amma o, həm sual veir, həm də nida işarəsi
qoyur.
Şairin özü rahatlandığı, "quş
kimi" olduğu
halda, onun qollarındakı mismarlar "min
ağrıyla, əzabla qıvrılır". Uçan qolları bəndə salan mismarlar
ağrı çəkir, əzab çəkir, bu əzabdan
qurtarmaq üçün yalvarırlar. Bu
mismarlar şairi saxlaya bilmir, o yenə Allaha doğru uçur,
Allaha tərəf çan atır. Eyni zamanda
qıvrılan, inləyən mismarlara da yazığı gəlir.
Şair Allaha yalvarır ki, bu mismarları əzabdan,
ağrıdan xilas eləsin. Eyni zamanda
şair yalvarır ki, "boynumdakı kəndiri, atında
dayandığım bu dar ağacını da xilas elə,
İlahi!" Bu misraları oxuduqca onun həyatını
yaxından tanıyanlar duyur ki, bu mismarlar, bu dar ağacı,
bu kəndir ona uçmaqda mane olan əngəllərdir.
Bu əngəllər
doğru yolda deyil. Bu əngəllər
dünyanın nizamını, ahəngini pozurlar. Şairə də öz arzuları yolunda zirvələrə
qalxmağa maneə olurlar. Bu manelər təkcə
insanlar deyil, həm də müxtəlif başqa əngəllərdir.
Amma Vaqif ürəyinin böyüklüyü
ondadır ki, o Allaha yalvarmır ki, bu əngəlləri məhv
elə. O Allaha yalvarır ki, sən
onları bu xislətdən, bu əzabdan xilas elə. Qoy onlar da sənin yolunda olub bu dünyanın ahənginə
kömək etsinlər. Şair deyir ki,
dünyanın nizamını pozan belə maneələr həm
də, eyni zamanda "göy üzünə, Allaha tuşlanan
güllələrdir". Bu nizamı pozan güllələrin
hamısı dönə-dönə onun özündən
keçir...
Amma şair eyni zamanda sevinir, şükür edir ki, bu
maneələr nə qədər çox olsa da, özü o
maneələri aşa bilib. Min, milyon ildi Allaha doğru gedən bu yolları o nəhayət
ki, "biri-birinin ucuna bağlayıb" Allahın
hüzuruna gəlib çıxa bilib. Təbii
ki, o bu yolları Allahın qismət etdiyi öz əzmi, mətanəti,
ilhamı ilə keçib gəlib. Bu yolu
keçib gəlmək bütün şərq fəlsəfəsinin
ana xəttidir. Şərqdə yaranan
saysız-hesabsız kitablar, əsərlər bu yolun vacibliyindən,
müqəddəsliyindən danışır. Bütün dini kitabların mənəvi qatı bu
yoldan danışır. Bu yolu hər adam
keçə bilməz. Bu yolu keçmək
üçün Şərq düşüncəsi müxtəlif
yollar fikirləşib. Amma bütün bu
yolların əsas tələbi insanın daxilən təmizlənməsi,
nəfsdən uzaq olması, dünyanın ahəngini
artıran əməllə məşğul olmasıdır.
Vaqifi yaxından tanıyanlar bilir ki, o, bu yolda
övliyalardan da artıq bir məqamdadır. Ona görə də o, həqiqətən
özünü Allahın hüzurunda hiss edə bilir.
Amma bütün varlıqların eyni zamanda yer
üzündən getməyi də var. O da bu dünyanı tərk
edəcəkdir. Amma qəlbinin yüksəkliyində tərk
edəcəkdir. Allahın yanına
üzüağ olaraq gedəcəkdir. Bu getmək
anı yaxınlaşdıqca - Allahın özünün dar
ağacının kəndiri dartıldıqca, Allah
qarşısında üzü ağ olan
şairin boynu dincəlir. Amma bu məqamda da
şər qüvvələr məqam gəzib onun boynunu bir
daha vururlar. Boynu vurulan şairin artıq bu
boyundakı yükdən xilas olan çiyinləri dincəlir.
Bu yer üzündəki ömrü sona yetdikcə, o can atdığı uca Allah onun yanına gəlir. Yalnız özü
ona hayan olur. Bütün bu dünya qayğıları
sona yetdikcə, şair bu qayğılardan silkinib daha da arındıqca,
Allahı daha aydın görməyə, duymağa
başlayır:
Dünya
gözümdə söndükcə
sən
görünürsən, İlahi!
Bütün şeir, Allahın insana verdiyi ömrü
şərəflə yaşamaq fəlsəfəsinə həsr
olunub. İnsan anadan olandan özünü böyük
kainatın bir zərrəsi olaraq duymalı, kainatın
nizamına, ahənginə uyğun ömür sürməlidir.
O hələ uşaqlıqdan elə tərbiyə
olunmalıdır ki, qəlbində o kainatın - göy
üzünün qüdrətini hiss etsin. Həyatı
anladıqca o qüdrəti duymağa, onun nizamı ilə
yaşamağa can atsın. Bu yolda nə qədər
əzab-əziyyət olsa da ona dözmək, onu dəf etmək
lazımdır. Elə bir əməl sahibi
olmaq lazımdır ki, bu maneələrin azalmasına kömək
edəsən, insanlara, yer üzünə daha çox kömək
edəsən. Sən Allaha doğru ketdikcə,
dünyadakı heç bir əzab sənə ağrı verə
bilməz. Məhrumiyyətlərin olsa da qəlb
aləmin daha zəngin olar. Ömrü daha
gözəl bir qəlblə başa vura bilərsən. Doğma kainata, doğma qüdrətə daha
rahatlıqla qovuşa bilərsən.
Bu deyilənlər Vaqifin bir şeiri ətrafında bir
neçə söz idi. Əslində elə tək bu şeir ətrafında
xeyli danışmaq olar. Təbii ki, hər
oxucunun qəlbində bu şeirlə bağlı başqa
fikirlər də yaranır.
Amma Vaqifin hər şeiri barədə
xeyli danışmaq olar. Vaqifdə təsadüfi
şeir, təsadüfi misra yoxdur. Onun
şeirlərinin bir gözəlliyi də ondadır ki, bu
şeirlərdə artıq olan heç nə yoxdur. Onun şeirləri ucuz pafosdan uzaqdır. Oxucu ilə hər zaman olduqca səmimi
danışır. Öz qəlbindəki
aləm barədə oxucu ilə sevgi ilə
danışır.
Poeziyamızda
insanlığın, cəmiyyətin ehtiyacı olduğu,
milli ruhumuzdan doğan, mənəvi zənginliyə səsləyən
nurlu bir zirvə var. Vaqif Bayatlı zirvəsi!
Əhməd Qəşəmoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.5.