Mikayıl Müşfiqin tarixə
mesajları
1918-ci ildə
Azərbaycanın milli azadlıq əldə edib, müstəqil
dövlət qurduğu elan olunanda Mikayılın 10
yaşı var idi. Üçüncü sinifdə oxuyurdu.
Körpə yaşlarından ata-anasını itirib,
küçələrdə "dağlı çörəyi",
papiros satmaqla özünü dolandırmalı olsa da,
aşıq-şair nəslindən gələn genetik fəhmlə
təhsilə, biliyə can atırdı. Məktəbli
dostları ilə Bakıda baş verən hadisələrin təkcə
iştirakçısı olmaqla qalmır, həm də evdə,
məktəbdə, toplantı olan yerlərdə
danışılanlara diqqətlə qulaq asırdı.
Şeirə hədsiz sevgisindən günün vətən,
millət, bayraq şərqiləri və əsgər
marşları dilinin əzbəri olmuşdu. Ölkədə
baş verən çox mühüm tarixi ictimai-siyasi hadisələr
yaddaşının dərinliklərinə yazılır,
ayıq-sayıq marağı, fitri həssaslığı,
iti dərrakəsi sayəsində müstəqil
dünyagörüşü formalaşırdı.
Pedtexnikumda
oxuyanda 1924-cü ildən Sabir adına Kitabxanadakı Azərbaycan
ədəbiyyatı cəmiyyətinin "Yaşıl
yarpaqlar" dərnəyində iştirak edirdi. Bəzi
yığıncaqlarda yaradıcılıqlarını əzbər
bildiyi böyük sənətkarlar Hüseyn Cavidin, Əhməd
Cavadın yaxınlığında olmaq, səslərini
eşitmək onun üçün böyük səadət
idi. Cümhuriyyətin məcburi süqutunu heç cür həzm
edə bilməyən Əhməd Cavadın:
Eşqimin
nə imiş bilməm günahı,
Yıxıldı
könlümün istinadgahı, -
kimi lirik
fəryadlarının təsirilə:
Mən sərsəri
bir rüzgar,
Ellər
mənə olmuş yar.
Hala yenə
matəm var,
Mən
ağladığım yerdə -
deyə
yazdığı bədbin şeirlərinin dərnəkdə
tənqid edildiyi xatırlanır.
1926-cı
ildən ədəbi-ictimai mühitdə öz fəallığı
ilə seçilən Süleyman Rüstəmin təkidi ilə
"Qızıl gənc qələmlər" cəmiyyətinə
getməyə başladı:
Acı qəmlərlə
onun qəlbi sınıq, ruhu sınıq,
Ona rəhm
eyləyən əllər hanı, olmuşmu qırıq?!.
deyə ələm,
qüssə motivli "Kölgəliklərdə" (1929)
kimi şeirlərini yeni dövlətin inqilabi doktrinləri ilə
silahlanmış heç bir mətbuat orqanı qəbul
etmirdi. Ona 28 Aprelə, Oktyabra, 1 Maya, Leninə, komsomola dair
şeirlər yazmağı tövsiyə etdilər. Nəhayət,
1926-cı ilin 28 Aprel günündə "Bir gün"
şeiri ilə 18 yaşlı Mikayıl İsmayılzadənin
imzası ədəbi mühitə cığır aça
bildi. Şeirlərinin birində:
Mən
ömrümdə kimsədən bir söz qəbul etmədim,
Arzularım
görmədi nə zəncir, nə də məhbəs.
Bir qartala
çocuqkən uçuşda oldum əvəz. -
desə də
çap olunmaq naminə Süleyman Rüstəmin təbirincə
"mühitin istədiyi meyvəni" yetirməyə
başladı: bir-birinin ardınca inqilab rəhbərinə,
bayramlarına, neftə, pambığa, yarışa, avrala,
qurultaya şeirlər dərc etdirirdi. Ancaq ürəyinin
duyğuları, şüurunun düşüncələri də
onu rahat buraxmırdı. Sifarişlə yazdığı məzmunun
içində bunların necə misralandığını
bir də marksist tənqidçilərin məqalələrindəki
kəskin tənbehlərdən xəbər tuturdu. Belə ki,
"Lenin" başlıqlı şeirində inqilabdan əvvəl
cana doymuş zəhmətkeşlərin öz haqları
uğrunda ayağa qalxmalarını təsvir edəndən
sonra yazırdı:
O kişi
duymadı insaf, mərhəmət,
Haydı
dik başları, haydı vur dedi.
Qardaşı
qardaşa eylədi düşmən,
İşçini
işçiyə eylədi qardaş,
Kilidlənib köhnə ağızlar həmən,
İnsanlıq
başına yağdırıldı daş,
Əsrin
kürsüsünə çıxanda Lenin.
(Şeirin
ilk mətbu variantından istifadə edilmişdir
("Komsomol" jurnalı, 1929 ¹4)
20
yaşı vardı Müşfiqin. - ölkədə həqiqətən
müsbət məzmunlu böyük dəyişikliklər
baş verirdi. Yoxsul insanlar hər cür istismardan qurtulub savad
almağa, işləməyə, məişətini istəyincə
qurmağa macal tapmışdılar. Özünün də cəmiyyətdə
mövqeyi, ailədə güzəranı xeyli
yaxşılaşmışdı. Gənclərin mədəni,
mənəvi, fiziki inkişafına xüsusi qayğı
göstərilir, kütləvi maariflənməyə diqqət
artırdı. Digər tərəfdən bu yeniləşmə
taktikasının əməkçi sinfin mövqeyindən
olduğunu iddia edən hökumətin təbliğ-təşviqçiləri
insanların şüuruna təsir göstərib, onların
düşüncələrini, görüşlərini, əqidələrini
məqsədyönlü nizamlamağa, istiqamətləndirməyə
xüsusi diqqət yetirirdilər. İyirminci illərin sonu
idi. Dövlətin böyük vüsət almış "mədəni
inqilab" hərəkatı cəmiyyətin bütün
laylarında bir tərpəniş yaratmışdı.
Maraqlıdır ki, Müşfiq bu hərəkata həsr
etdiyi şeirinin adını "Mədəni hücum"
qoyub, ona belə bir təbiət fonu verirdi:
Xəzandır,
xəzandır...
Təbiət
kişnəyir yüyənsiz at kibi.
Təbiət
varlığı əlində oynadır,
Ruzgarlar
qudurmuş, səmalar əsəbi.
Qanadı
olanlar köksünü gərəcək,
Aləmi
titrədən bu fəslin zülmünə.
Odur, bax,
zavallı bir yarpaq
Sürünür
torpaqda ölərək, kimə nə?!..
Şeiri oxuduqca
Müşfiqin "mədəni inqilab" kampaniyasına belə
həyəcanlı münasibətinin məğzi
açılır. Gənc şair zahirən xalqın mədəni
inkişafının təminatçısı görünən
bu hərəkatın bəzi hədəf nöqtələri
sarıdan narahat idi. "Daloy
çadra, daloy papağ"ın ardınca nələr baş
verəcəyini fəhmlə duymaqda idi; incə bir kinayə
ilə yazırdı: "Geyimlər dəyişdi, sevəlim
bu yolu, Hökumət, əmr eylə, ürəklər dəyişsin".
Müşfiq
ictimai həyatdakı quruculuq işlərini, yenilikləri hərarətlə
tərənnüm edirdi: qızıl əsgərə,
xalı toxuyan qızlara, zavoda, traktora, radioya, telefona, pasyolkaya
da şeirlər həsr edir, qəzet və jurnallarda tez-tez
çap olunur, fəhlələr, neftçilər,
kolxozçular qarşısında çıxışlar
edirdi. Lakin qəlbinin, şüurunun qəbul edə bilmədiyi
ziddiyyətli məqamlara laqeyd qala bilmir, dərhal münasibət
bildirirdi. Proletkultçu yazarların "daloy"
kampaniyasına dirəklənib şeirimizin əruzuna,
hecasına, qəzəlinə, qəsidəsinə
qarşı açdığı üsyanlar daha irəli getməkdə
idi. Müşfiq 1931-ci ildə "Yeni il"ə həsr
etdiyi şeirində "beşilliklərin qələbəsini",
"kütlələrin sosializmə doğru
yürüşünü" və s. tərənnüm etməklə
yanaşı arada belə bir parça da yazıb,
çaşmış, yaddaşını itirməkdə olan
şüurlara həqiqəti deməyi vacib bilirdi:
Utanmazmı
Füzulinin adını çəkən,
özü bir heçkən.
Fikrətin
"Tarixi-qədimi"ni
qürurunda bulan,
Böyüklük
xəstəliyinə tutulan
"Qızaran
üfüqlərin şairi".
Hanı sənin
dörd yüz sənə
dönə-dönə
Yaşayacaq
dastanın?!
"Marksist"
tənqidçilərin mövqe prinsipiallığı
mühitində gənc şairin belə cəsarətli
çıxışları cavabsız qalmırdı. Əsəd
Əyyubi adlı birisi elə həmin ildə "Düşmən
ağzına bolşevik yumruğu" sərlövhəli məqalə
çap etdirib, Müşfiqin ağzına birdən
başlayıb, nə az, nə çox, "... altmış
altı yumruq..." vururdu. Onu "müsavatçı",
"inqilabın düşməni" kimi ifşaya
qalxırdı.
Bir il
sonra - 1932-ci ilin mətbuatında oxuyuruq: "Təsərrüfatımızda
inqilab törəndiyi bir zamanda heç şübhəsiz ki,
dərəbəylik dövrünün mirası olan bir alət
yaşaya bilməz. Tar öz-özünə həyat səhnəsindən
çıxmalıdır". Həmin dövrdə heç
bir mətbuatın çap etməyə cürəti
çatmadı Müşfiqin məşhur "Oxu, tar!"
şeirini. Gənc şair geri durmadı. Neftçilərin,
kolxozçuların, ziyalıların tədbirlərində,
"kütləvi yığıncaqlarda bu şeiri elə bir
ehtirasla, atəşlə sinədən deyir, "Oxu, tar!"
- deyə haray çəkirdi ki, salon alqış səslərindən
partlamağa gəlirdi". (S.Rüstəmin, M.İbrahimovun və
b. xatirələrindən)
Nə
deyim o yekəbaşlara,
Çaldılar
ruhunu daşlara.
Üstündən
bir qara yel kimi əsdilər,
Səsini
kəsdilər.
Daşlandı
çəkənlər nazını,
Böyləcə
qırdılar aşığın sazını...
Müşfiq
artıq ayıq şüuru, idrakı ilə cəmiyyətdə
kənar təsirlərlə yaranan psixoz
yanlışlıqların, büdrəmələrin, əyintilərin
mahiyyətini dərk etməkdə idi. İctimai
reallığın bayramsayağı sərgilənən
görüntülərinin cazibəsindən
çıxıb, batindəki ağrılı acı həqiqətləri
duya-duya mətinləşirdi. Vahid sovet dövləti siyasətinin
məğzində xalqı öz kökündən, əslindən,
əsrlər boyu özü ilə yaşatdığı
müqəddəsliklərindən, şeirindən, musiqisindən,
dinindən, hətta dilindən belə imtina etmək təbliğ-təşviq
olunurdu.
Müəyyən
qrup ictimai törəmələrin yerli-yersiz yaşlı nəsil
sənətkarlarına qarşı qərəzli tənqidləri,
böhtanları, qaralamaları Müşfiq üçün ən
dözülməz bir hal idi. İstər redaksiyalarda, istərsə
Yazıçılar İttifaqının
yığıncaqlarında Hüseyn Cavidin, Əhməd
Cavadın adını hörmətsiz hallandıranlara dərhal
sərt cavab verməkdən özünü saxlaya bilmirdi.
Tezliklə, onu da qara siyahılara salıb böhtanlar
yağdırmağa başladılar. Onun
yaradıcılığında hər bəndinin sonunda
"Necə əl çəkim" deyə haray çəkilən
"Həyat sevgisi" şeiri tək deyil:
Dolaşma
baş ucumda bir qara qüvvət kimi,
Aydın
yoluma çıxma bir dərin zülmət kimi.
Güclüyəm,
dəhşətliyəm mən əbədiyyət kimi,
Yetər,
çaxma, ey bulut,
Mənə
bir qədər sükut!..
deyilən
"Bulud qarşısında" şeirini yazdı.
"Əbədiyyət nəğməsi" şeirində zamanının hər uğurunu:
zavodunu, fabrikini, pambıq tarlasını, əmək
yarışını, Qafqaz xalqlarının dostluğunu, hətta
"Qızıl Moskva"nı da tərənnüm etdi.
Ancaq arada bir bənd də tarixə mesaj göndərdi:
Ey
acıqlı günəş, soyuqqanlı Ay,
Haray bu gərdişin
əlindən, haray.
Siz ey
ağır başlı buludlar keçin,
Başımın
üstündən hey alay-alay...
və
şeirini belə bitirdi:
Bu
dumanlı dağın başı mən olsam,
Dibinin
ağlayan daşı mən olsam,
Ellərin
ürəyi kövrəkləşəndə,
Dolu
gözlərimin yaşı mən olsam,
Bəzi
adamları bilməyim deyə,
Hisslərim
korlaşıb, naşı mən olsam,
Bir sərxoş
ölümün əlindən düşüb,
Nə
zaman qırılan kaşı mən olsam,
Şair
yeni-yeni sözlər bulacaq,
Kainat
olduqca şeir olacaq!..
1935-1937-ci
illər Müşfiq yaradıcılığının sənətkarlıq
və məhsuldarlıq zirvəsi
idi. Qələmindən çıxan bütün lirik
şeirləri: "Həyat sevgisi", "Şairin
ölümü", "Şeirim",
"Könlümün dedikləri", "Sənətkar",
"Sənin gülüşlərin",
"Yağış yağarkən", "Dəvət",
"Yenə o bağ olaydı", "Təzə ev"...
və lirik-epik poemaları: "Səhər",
"Sındırılan saz", "Azadlıq
dastanı", "Qaya" və s. kamil sənət örnəkləridir.
Bu əsərlərdə bədii sözün qüdrəti
ilə şair həm rəssamlıq edib, canlı tablolar
yaradır, həm onun səsini, ahəngini
çatdırır, iç dünyasından, zamanından
acılı-şirinli söhbət açırdı.
1937-ci ildə
Müşfiqin ədəbi-ictimai mühitində qara buludlar
daha sıxlaşırdı. "Mənim azadlığım
qucağa sığmaz" deyən şairin
varlığı qədər inandığı, məsləki
kimi müqəddəs bildiyi, sevdiyi insanlar: görkəmli ictimai xadimlər, ədəbiyyat
və sənət adamları zülmət gecələrin
qaranlığında yoxa çıxır, həbs edilir,
sürgün olunurdular. Onun bu illərdə yazdığı
"Azadlıq dastanı" poemasının lirik qəhrəmanı
yaranışından amalı azadlıq olan bəşər
övladıdır.
Azadlıq
sənətin şeirin ruhudur...,
Azaddır
baxınız bütün fələklər.
Buludlar,
dalğalar, quşlar, küləklər,
Azaddır
əbədi hərəkət azad.
Bu lirik
poemada şair dünyanın siyasi ab-havasını ölkə-ölkə
tərənnüm axarından keçirir, Afrikanın məhkum
zəncisi, Meksikanın məzlum çocuğu, Qanqın hilal
qaşlı gözəli, Misirin Leylası, Kabilin igid əfqanı
və digərlərindən söhbət açır və
sonda şairin öz mühitindəki sapı
özümüzdən olan baltalara qarşı sərt
ittihamı da ifadəsini tapırdı. Çünki iyirminci
illərdən başlayan "Daloy" hücumunun yönümü
artıq millətə sarı çevrilmişdi:
Yelkənsiz
bir gəmi, ruhsuz bir bədən,
Budur
azadlığa yabançı millət.
Azadlıq
hər kəsin əzəl naxşıdır,
Məhkum
bir millətdən qatır yaxşıdır!..
Yaradıcılığının
ilk illərindən şeirlərində forma və məzmun vəhdətinin
mükəmməlliyi vurğulanırdı. Həqiqətən
lirik məzmunun vahid bir struktur pillələri ilə misra-misra
açılışı, dəyişilməsi
mümkünsüz, ən sərrast bədii ifadələrlə
təcəssüm olunan təsvirin və həyəcanın
emosional mənzərəsi, ideal səlis ritmik ahəng, konkret
məqamın yaşantılarından ün alan intonasiya
vurğuları Müşfiqin təkrarsız şeir
üslubunun sənətkarlıq
qığılcımlarının yalnız bir qismidir.
Şairin cəmi on il çəkən yaradıcılıq
ömrü poetikamıza gətirdiyi yeniliklərlə də zəngin
və məhsuldar olmuşdur. Parlaq bədii üslubu püxtələşdikcə
minillik poeziyamızda öz səsi, avazı ilə öz
sözünü deyə bilmiş novator şair kimi, həm də
Vətənin milli azadlığı, müstəqilliyi yolunda
şəhid olan xalqın igid oğullarından biri kimi ədəbiyyatımızda
iz qoymuşdur. Hər sehrinə vaqif olduğu sözün ecazkar
qüdrəti ilə zamanının fövqündə dayanan
gənc Müşfiq öz sənət dünyası ilə
xalqın yaddaşında əbədi yuva qurmuş, ölməz
şairimizdir. Özü demişkən:
Hər kəs
bilir həyatın sonu ölümdür,
Ah, bu qəmli
dəyişmə yaman zülümdür,
Şeirim!
Bu gülünc oyun bəllidir yarın
Bizi də
bəklər.
Sən də
öl mənim kimi, fəqət məzarın
Olsun
ürəklər.
Safurə Quliyeva
Ədəbiyyat qəzeti.- 2018.- 6
oktyabr.- S.6-7.