Neftçalada Məmməd Araz işığı

 

Neftçalada Məmməd Araz işığı - III "Məmməd Araz Poeziya günü"nün Neftçalada keçirilən növbəti tədbirinin devizi belə idi.

 

Neftçala rayon Mərkəzi kitabxanasının həyətində düzənlənən tədbirdə məktəblilər qonaqları gül-çiçəklə qarşıladılar. Şairin qızı, tanınmış yazarlar onlarla görüşə gəlmişdi. Hədsiz maraq məktəblilərin gözlərindən açıq-aşkar oxunurdu. Sanki ruhən ərş-əlada idilər.

 Ötən gün - 4 oktyabrda şairin doğum gününə on gün qalmış Neftçala rayon Mərkəzi kitabxanasında III "Məmməd Araz Poeziya günü" şairin 85 illik yubileyi münasibətilə keçirilən "Azərbaycan - dünyam mənim" adlı ədəbi gecə ənənəvi olaraq unudulmaz ustad sənətkarın lentə alınmış öz ifasında səslənən şeiri ilə başladı.

Foyedə şairin kitablarından, hikmətli söz, aforizm səciyyəli misralarından ibarət sərgi təşkil olunmuşdu.

Bu dəfə təklif yerdən gəlmişdi, - "Məmməd Araz Poeziya günü"nün Neftçala rayonunda da keçirilməsi təşəbbüsünü Mərkəzi kitabxana irəli sürmüşdü qonaqları - millət vəkili, yazıçı Aqil Abbası, "Ədalət" qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncayı, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanı, ADPU-nun elmi işçisi Mehriban Sərdarovanı, "Məmməd Araz Poeziya günü" layihəsinin rəhbəri Qardaşxan Əzizxanlını salamlayan mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gülnarə Qasımovanın, "Metodika biblioqrafiya" şöbəsinin müdiri Bədirə Niftaliyevanın, tədbirin aparıcısı, MKS Dördlər kənd kitabxanasının müdiri Mehriban Əbilovanın... bu mənada həyəcanlı olması başa düşülən idi.

Tədbirdə rayonun bir çox məktəbi təmsil olunurdu; Muğan liseyi, Surra kənd məktəbi, şəhər 1 4 saylı orta məktəblər, Bankə qəsəbəsi 1 saylı orta məktəbi... Çıxış edən məktəblilər - Şahnaz Əskərzadə, Sonaxanım Nağızadə, Çinarə Nağıyeva, Miranə Babayeva, Elvin Gözəlov, Jalə Bayramova, Nərgiz Əliyeva, Əlimirismayıl Hüseynzadə, Fatimə Kərimova, həmçinin, Neftçala Şəhər Bələdiyyəsinın əməkdaşı Jalə Sərdarzadə Məmməd Arazın məşhur "Bu da belə bir ömürdü yaşadım", "Ata millət, ana  millət,  ağlama", "Qaytar  məni", "Dünya sənin, dünya mənim, dünya heç kimin", "Göy göl", "Dünya gözəl dünyadı", "Ayağa  dur, Azərbaycan", "Azərbaycan - dünyam mənim", "Vəsiyyət" şeirlərini ifa etdilər.

"Xəzər nəğmələri" ədəbi birliyinin rəhbəri Soltan Abbas, dil-ədəbiyyat müəllimi Etibar Əbilov, şair Zabil Pərviz, əməkdar müəllim Tədbir Mahmudov,  İmamverdi Zeynalov, gənc şair Elnur Uğur Abdiyev M.Arazla bağlı düşüncələrini bölüşdülər.

Aqil Abbas, Azər Turan, İradə Tuncay, Mehriban Sərdarova və Qardaşxan Əzizxanlının çıxışlarının məzmunu isə bütövlükdə unudulmaz şairin yaradıcılığının dərinlərinə köklənməklə bərabər, həm də işıqlı və əziz xatirəsinə ayna tuturdu.

Tədbirin sonunda məktəblilər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəkkürnamələri ilə təltif olundular.

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.10.