Həmid Piriyevin balaca
xoşbəxtlik
arayan qəhrəmanları
"Tənqid və mətn"
layihəsinin müzakirəsinə çıxarılan mətn
–
Həmid Piriyevin "Ölüm və
başqa xoşbəxtliklər" hekayəsidir.
Həmid
Piriyevin ilk hekayələrini oxuyanda belə bir fikir
dolaşmışdı beynimdə: bu dillə necə gözəl
əsərlər meydana qoymaq olar. İndi də bu fikirdəyəm.
Həmid nəsrə özünün dil sintaksisi, təhkiyə
mədəniyyəti ilə gəlib. Təbii ki, məziyyətləri
ilə yanaşı qüsurları, çatışmayan cəhətləri
də var. Amma əsas odu ki, Həmidin nəsri ondan
danışmaq üçün imkan yaradır.
Sadə mündəricəli, boyasız, həyatın öz rəngində təqdimini verən bu hekayələrdə adi adamlardan, onların sadə həyatlarından, güzəranlarından danışılır. Bir qədər konkret desək, Həmid Piriyev əksər hekayələrində Bakı kəndlərinin danışıq üslubunu təzahür etdirir. Yaxşı tanıdığı Bakı kəndlərinin leksikonunu, danışıq tərzini müasir nəsrimizdə qoruyan nasirlərdəndir Həmid Piriyev. Bu qəhrəmanların hamısı həyatdan gəlir. Obrazların içinə azacıq yerimək bəs edir ki, onları tanıyaq, 60-cı illər nəsrindən tanış obrazlardır hardasa. Hekayələrinin məzmunu milli-məişət süjetlərinə söykənir, müəllif yaşamın mənasını gündəlik həyat hadisələrində axtarır. Realizm onsuz da adi insanların yaşamına köklənməyi qaçılmaz edir. Həmidi də o qata cəlb edən insanların duyğularındakı saflıqdır. “Nəlbəkidə üzər kağız gəmilər” hekayəsində uşaqlığı, yeniyetməliyi bir yerdə keçən dörd gəncin pərən-pərən həyatını müəllif ağır, hüznlü ovqatla ifadə edə bilir, “Şaftalı çiçəkləri fəsli” hekayəsində bağban işləyən iki dostun həyatından müəyyən bir şrtixi, detalı nəsrin təcəssüm predmetinə çevirməyə çalışır. Həmid müxtəlif ömürlərin, talelərin hekayətini danışır. Bu hekayələrin hamısını birləşdirən ümumi ovqat onların bədbin çalarda təcəssüm olunmasıdır. Həmidin bəhs etdiyi talelərdə nəsə qırıqlıq var, itki var, dəyişmə var. Özü də bu qırıqlıq böyük, dünyəvi məzmunlarla bağlı deyil, onların yaralanmasına adi, çox kiçik məsələlər bəs edir. Həmçinin zaman axışının acı təəssüfü hökm sürür hekayələrdə. Bu zaman axışını biz hiss etmirik. Müəllif bunu qəhrəmanların həyatının su kimi axıb getməsi məqamının nöqteyi-nəzərindən qabardır. Ömür elə sürətlə ötüb keçir ki, geriyə boylananda təəssüfün harayı qəlb ağrıdır. Bu, yalnız yaşın gətirdiyi bədbin ruh halına bağlı amil deyil, taleyin sərt rüzgarının nəticəsidir. Amma əbədi qalan, qırılmayan amillər də var. Mənəviyyat, dostluq bağları, doğma tellər bu qəhrəmanlar üçün həyati əhəmiyyət daşıyan amillərdir. Xüsusilə, Bakı kəndləri üçün dəyərlər məcmusu hər zaman qorunan amillər olub. Baxırsan ki, “Nəlbəkidə üzər kağız gəmilər” hekayəsində olduğu kimi, hərəsi ayrılıqda öz taleyini yaşayıb, amma bu tale qonşuluğunda onlar içə-içə - eyni ömrün qəlpələri kimi görünürlər.
Həmidin qəhrəmanları fərqli məişəti, adətləri, fərdi-psixoloji keyfiyyətləri olan insanlardır. Hərəsi ətrafına öz prizmasından baxır, onu öz düşüncələrinə uyğun qiymətləndirir. Mühitləri dar, dünyaları özlərinə məxsusdur. Amma öz dünyalarında da xoşbəxt görünmürlər nədənsə. Onların içində daim bir nisgil, xatirə göynəyir. Başqa mühitdə dəyərini itirən amillər bu qəhrəmanlar üçün hələ də diridir, dəyərlidir. Onların inanclara inamı belə qüvvəsində qalır. Elə “Ölüm və başqa xoşbəxtliklər” hekayəsi də bu inancın üstündə qurulub.
Hekayənin fabulası belədir: Hilalın uşaqlıq dostu Sənan dünyasını dəyişir. Onun basdırıldığı gün yağış yağır. Qəbrə düşən yağış Hilalın ürəyinə xof salır. Bununla bağlı xalq arasında gəzən belə bir inanc ki, “qəbrə ki, su düşdü, ard-arda yeddi qəbir qazılacaq”, - fikrini xatırlaması Hilalın rahatlığı pozur. Açıq qəbrə yağış düşəndə yeddi nəfərin öləcəyi ilə bağlı dolaşan inanca həm də ona görə bu qədər inanır ki, cavanlığında da eyni hadisə baş verəndə özünü doğruldubmuş: “El inancına görə açıq qəbrə yağış düşdüsə, yeddi nəfər ölməliydi. Bir dəfə cavan vaxtı Hilal belə şey görmüşdü, onda da açıq qəbrə yağış düşmüşdü, amma onda altı nəfər ölmüşdü. Görəsən sıradakılar kimlərdi? Hilal yatanacan bunu fikirləşdi”.
Hilalın gəncliyində
qarşılaşdığı bu situasiya onun
sarsıntılarında təcəssüm olunaraq
bədii effekt yaradır. Hilal
rahatlığını itirir, kənddə
ard-arda olan
ölümləri həmin inancın əlaməti kimi mənalandırır. Öncə dörd cavanın yol qəzasında
həlak olması, ardınca həmin oğlanlardan
birinin atasının intihar
xəbəri içindəki səksəkənin dərinləşməsi
üçün imkan
yaradır: “Hilal axşam
yerinə girəndə ürəyi sıxılırdı. Yeddinci adamı
fikirləşirdi. Atalar bir
şey bilib ki, deyib də.
Nahaqdan deməzlər ki”, - deyir.
Burada önə çəkilən
inanc məsələsi,
müsəlman psixologiyası
və onun həyat tərzi nəsr fakturası ilə uğurlu şəkildə birləşir.
Bu xətt qəhrəmanın
həyatında sınanmış
şəkildə bir neçə rakursdan səciyyələnir. Belə
ki, Kürdəxanı
yolunda tez-tez qəzanın baş verməsi oranın məsciddən gətirilən
daşlarla tikilməsi
səbəbində aranır:
“Deyirdilər ki, hansısa məsçiddən
sökülən daşlarnan
tikiblər lövhəni,
ona görə orda tez-tez qəza
olur”. Yaxud iki qızını
körpə ikən itirən Hilalın üçüncü qızının
sağ qalmasına səbəb onun türkəçarə əsasında, üzüm
suyu ilə müalicə alması olur. Hekayə qəhrəmanın inancına bağlılığı
əslində insan xislətinin üzə çıxarılması üçün
bir vasitə rolunu oynayır. Doğrudanmı, Hilal üçün
ölüm xoşbəxtlikdir?
Bəs o zaman ürəyinə girən
bu narahatlıq, onu sıxan, gərgin edən, belə deyək, dəngəsini pozan səbəbin adı nədir: “Hilalın yuxusu gəlmirdi, ürəyi hələ də sıxılırdı.
Ürəyinə dammışdı
ki, yeddinci özü olacaq...”
Ümumiyyətlə, hekayənin rəng
çaları bozluq içindədir. Əsərin
əvvəlində saatın
işləməməsinə işarə: “Uzanıb üzbəüz divardakı
köhnə kəfkirli
saata baxırdı. Saat Çeşminin cehizliyiydi, haçandı
işləmirdi, amma saxlamışdılar”; eləcə
də həyətdəki
mənzərə: “Beş-altı
dənə toyuq idi, bir dənə
xoruz, hamısı da Hilal kimi
qoca”, - oxucu üçün ab-havanı
eşidəcəyi ölüm
xəbərindən daha
əvvəl ağırlaşdırır.
Həmidin digər hekayələrində rast gəlinən bir məqam – yəni hekayələrinin daha çox birxətli olması, heç bir hadisənin baş verməməsi, müəllifin sadəcə əhvalatı danışmaqla işini bitmiş hesab etməsi kimi əlamətlər burada yoxdur. Amma bütün hekayələri üçün xaraterik olan digər məqamla təəssüf ki, burada da rastlaşırıq. Bu da nə ilə bağlıdır? Müəllifin dili obrazların dilindən fərqlənmir. “Çeşmi özü indi mitbaxdaydı, çay dəmləyirdi. O həmişə ertədən durub Hilal oyananacan namazını qılırdı, sonra çay tədarükünə başlayırdı”, yaxud “Çayına şirin salıb pendir-çörəkdən noxarış elədi”. Hekayələrdə obrazların şivə ilə danışması, müəllifin daha çox arxaik ifadələrə üstünlük verməsi gözəldir, amma qeyd etdiyim kimi, özünün deyil, obrazların danışığında. Özlüyündə çağdaş nəsrimiz üçün qiymətli olan danışığı müəllif öz dilinə də şamil etməklə, yəni obrazla müəllifin dilini eyni ladda təqdim etməklə fənaya uğratmışdır.
Həmidin
hekayələrinin sonluğu
adətən adi bitir. Bu hekayənin sonluğu isə oxucunu sual içində saxlayır: Hilal həyatına davam edəcək, yoxsa ürəyindəki başına
gələcək? Mətnin oxucu
beynində davam etməsi, düşündürməsi
onun uğurundan xəbər verir. Amma hekayədə baş qəhrəmanın
iç təfsilatlarına
söykənən dərki,
dərin mənalandırma
baş tutsaydı hekayə keyfiyyət baxımından daha çox qazanardı. Amma bədii dərinlik baxımından hələ
istənilən səviyyəni
verməsə də təsvir konkretliyi və ahəngdarlığı,
müşahidə qabiliyyəti
Həmid Piriyevin ciddi nasir qələmindən
xəbər verir.
Həmidin cümlələri
bütövdür, içə-içədir,
hörgü səciyyəlidir,
bir vahidin tərkibi kimi görünürlər, dilinin zəncirvari
sintaksisində obrazın
xarakterik çalarları
anbaan açılır,
biri digərini şərtləndirir, onlardan
hansınısa götürmək
mətni boşluğa
məruz qoymaq deməkdir. Onun hekayələrində
müəyyən element qabarıqlığı
bəzən cümlə
cazibədarlığından daha çox nəzərə çarpır.
Bu elementlər bəhs olunan obrazların mənəviyyatının,
yaşayış tərzinin, dünyabaxışının əsas
işarəsi statusu daşıyır mətndə.
Hekayələrdə müraciət
olunan detallar hekayənin ümumi axını ilə səsləşir.
Bəzən obrazların daxili dünyalarının
açılmasında, bəzən də hekayələrin
ideya qabarıqlığının, məna axarının dərkində bu detallar xüsusi çəkiyə
malikdirlər. “Ölüm və başqa xoşbəxtliklər”
hekayəsində bir neçə belə uğurla
seçilmiş detal var. Məsələn, hekayənin əvvəlində
“köhnə kəfkirli işləməyən saat” detalı
donluq zaman mənasında sonda oxucu beynində yaranan suala - “bitəcək
ömrə işarə” mənasında qavranılır. Yaxud
əksinə, “yumutlamayan toyuqların yaz suyundan içib
düzəlməsi” epizodu xoş bir sonluğun müjdəsi
kimi simvollaşır. Oxucuda ölümlə olum nöqtəsi
arasında düşüncələr sırası
yaranmağa başlayır.
Müəllif pişik detalını da uğurla yerləşdirir mətnə. Pişik insanların
darıxmağının, tənhalığının və
sonsuz olmasının simvolu kimi anlam kəsb edib adətən.
Bu hekayə də də Hilalın tənha olduğu ruh
halından bəlli olur, daim darıxır, özünə yer
tapmır, elə yağış məsələsinə bu qədər
həssas olması da içindəki vəsvəsəliklə
bağlı olur. Üstəlik uşaqlarından ikisi
dünyasını dəyişib, balaca ikən ölüblər.
Onun arvadının inadına rəğmən pişiklərə
mehr salması bu amillə bağlıdır. “Pişiklər də
gəlib yanında oturmuşdular, quyruqlarıynan onu
sığallayırdılar elə bil. Hilal onları bir az
tumarladı. Yaxşı heyvandı pişik. Nə
yaxşı bunlar vardı. Bu pişiklər Hilalın balaca
xoşbəxtliklərindən biriydi”.
Həmidin
hekayə qəhrəmanlarının əksəriyyəti
balaca, ovuc içi boyda xoşbəxtliklərlə qane olan
insanlardır. O da qismət olsa, başa gəlsə,
yaşansa əlbəttə...
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2018.-
6 oktyabr.- S.9.