Ölüm xoşbəxtlikdirmi?

 

"Tənqid və mətn" layihəsinin müzakirəsinə çıxarılan mətn –

Həmid Piriyevin "Ölüm və başqa xoşbəxtliklər" hekayəsidir

 

Həmid Piriyevin müzakirə üçün təqdim edilmiş "Ölüm və başqa xoşbəxtliklər" hekayəsinin adından doğan məntiqi nəticə budur ki, ölüm də xoşbəxtliklərdən biridir...  Dərhal da suallar doğur: Kimin üçün? Nə üçün? Ümumiyyətlə, xoşbəxtlik deyilən şey nədir?

Vaxtilə sonuncu sualı Vaqif Səmədoğlunun "Bəxt üzüyü" pyesində "optimist nəslin" nümayəndəsi şair Moşu Göyəzənli də qaldırmışdı. Moşu əsər boyu "xoşbaxtlıq" sözünə qafiyə axtarır və tapılmayan qafiyəsi kimi xoşbəxtlik özü də həm Moşu, həm də oxucu (tamaşaçı) üçün mücərrəd qalır.

Həmid Piriyevin hekayəsinin, təxminən, şair Moşu Göyəzənlinin yaşıdı olan qəhrəmanı Hilal üçünsə xoşbəxtlik çox konkretdir və ondan o qədər də uzaqda deyil: "Yaxşı heyvandı pişik. Nə yaxşı bunlar vardı. Bu pişiklər Hilalın balaca xoşbəxtliklərindən biriydi"...

Həmid Piriyevin "Ölüm və başqa xoşbəxtliklər" hekayəsi uzun və üzücü bir ömür yaşamış Hilal adlı yaşlı insanın düşüncələrinin və ömrünün dönüş anının təsvirini psixoloji detallarla əks etdirir. Hekayə Bakı iqlimi kimi sərt, qarışıq, bir qədər də boz daxili dünyası olan Hilal kişinin içində ölüm duyğusunun baş qaldırdığı məqamı əyaniləşdirir.

Səhər yuxudan durub həyətə çıxan, həyətdəki yeknəsəq mənzərələr kimi özünün də köhnəldiyini və tənhalaşdığını hiss edən Hilalın kənd mollasının yaxınlıqda səlavat çəkdiyini eşitməsi, az sonra öz uşaqlıq yoldaşının ölüm xəbərini alması, onun dəfnində iştirak etməsi, ölü dəfn edilərkən açıq qəbrə yağış yağması onun içindəki ölüm duyğusunu şüurun altından zahirə çıxardır.

 

Nazim Hikmətin"Yaşamaya dair" şeirində də eyni motivlə rastlaşırıq:

Yani öylesine ciddiye alacaksın ki yaşamayı,

yetmişinde bile, mesela, zeytin dikeceksin,

hem de öyle çocuklara falan kalır diye değil,

ölmekten korktuğun halde

            ölüme inanmadığın için,

                        yaşamak yanı ağır bastığından.

 

Hilal isə fərqlidir: onun üçün yaşamaq daha ağır basmır, o, artıq ölümə inanır və ölümü qəbul edir. Ölümü gözləməyə başlayır. Hekayənin süjetinin ümumi məğzi bundan ibarətdir. 

Hekayədə Hilalın gözü ilə təqdim edilən görüntülərin, müəllifin kənardan "müdaxiləsi" hiss olunmayan psixoloji məqamların, bədii detalların əksəriyyəti ilə hekayənin oxucuya təqdimatı - təhkiyəsi arasında uzlaşma, gənc yazıçının sözün rəngləri ilə işləyə bilmək səriştəsi mətnin sanbalını və ciddiliyini təmin edir.

Mətn müəllifin dilindən - üçüncü şəxsin tərəfindən təqdim edilsə də, maraq doğuran cəhətlərdən biri budur ki, mətni oxucuya təqdim edən təhkiyəçi müəllifə deyil, əsərin qəhrəmanına, Hilala daha yaxındır. Təhkiyəçi ətrafa, gedişata müəllifin mövqeyindən yox, Hilalın mövqeyindən yanaşır ki, bu da mətnin bədii tutumunda ciddi üstünlüklər yaratmaqla yanaşı, mübahisə, bəzən də etiraz (ən azından məndə) doğuran müəyyən məqamların ortaya çıxmasına rəvac verir. Xüsusilə hekayənin dilinin tamamilə Hilalın səviyyəsinə endirilməsi əsərin poetik sistemini pozur, səliqəsizlik yaradır. Müəllifin mətndəki sözlərin lüğətini tərtib etməsi ehtiyacı da bundan irəli gəlir. Onu da vurğulamağa dəyər ki, mətndə başa düşülməyən "əfərdiyarlıq" kimi xeyli sözlər də lüğətdən kənarda qalıb. Bu cür yanaşma ədəbi dilə, dilin normalarına ziyan vurur. Ədəbi dildə hər hansı obrazın (və ya müəllifin) fərqli bir leksik və sintaktik "sistem" təklif etməsi dilin aşınmasına gətirib çıxarda bilər. Vaxtilə Azərbaycan nəsrində folklor elementlərinin güclənməsi, dialektizmlərə meyil, sintaksisin danışıq təcrübəsinə uyğunlaşdırılması, yazı dilinin "radio dili"nə uyğunlaşdırılmasına cəhd uzun müddət standart ölçülərə sıxışdırılmış dilin "azadlığa" can atmasından  irəli gəlirdi. Ancaq bu, tendensiyaya çevrilə bilmədi və bilməzdi, bədii nəsrin dili öz azadlığına daha geniş fəzada qovuşdu, daha təmkinli sistemə üstünlük verdi.

Dil elementlərinin mozaikliyi, eləcə də yerinə düşməyən təfərrüatlar təhkiyənin bütövlüyünə də mənfi təsir göstərməkdədir. Hekayədə "suyu" "normadan" artıq qatılmış məsələlərdən biri də "qəbrin içinə yağış yağanda yeddi ölü düşəcəyi" ilə bağlı inancla əlaqədar ölümlərin statistik təfərrüatına varılmasıdır. Hilalın yadına nə vaxtsa kənddə qəbirə yağış yağandan sona altı ölü düşdüyü gəlir. Hilalın uşaqlıq dostu Sənanın dəfni zamanı qəbirə yağış düşəndən sonra da bu hal təkrarlanır və altı adam birdən ölür (və Hilal düşünür ki, yeddinci  ölü onun özü ola bilər). Hilal körpə ikən ölmüş qızlarını xatırlayır. Bu cür ölü saylarının təfərrüatına varmaq hekayəyə ağırlıq gətirir. Belə düşünürəm ki, bunun əvəzində, "...digər xoşbəxtkliklərin" də canlandırılması, əyaniləşdirilməsi mətndə tarazlığı, tənasübü təmin edə bilərdi...   

Bunu da vurğulamaq yerinə düşər ki, "Ədəbiyyat qəzeti"nin Həmid Piriyevin hekayəsini müzakirəyə çıxarması müsbət və lazımlı hadisədir: bu addımın atılması istedadlı bir gəncin yaradıcılığının gündəmə gətirilməsi, ictimaiyyətə açılması üçün faydalı başlanğıcdır.

Həmid Piriyevə isə yazmaqla yanaşı, həm də "pozmağı", yazdıqlarının üzərində səbir və inadkarlıqla işləməyi tövsiyə edərdim...

 

Məti Osmanoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.10.