Əgər qadınlar qocalırsa...

 

Gözəl bir müharibə elegiyasına balaca bir düzəliş edirəm: Öldürməyin, ay əclaflar, sizi sevən qadınları.

 

- Bəs siz eşitmisiniz ki, Venesiyada fransızlardan ibarət bir kompaniya bütün mövsüm ərzində Balzak personajlarını yamsılamaq üçün özlərini onların adlarıyla çağırıblar?

- Mən eşitmişəm. Eşitmək nədir e. Hələ bir şahid olmuşam. Çünki "romanların qəhrəmanları dirilir öz yaradıcılarını lənətləyirlər". Çünki ədəbiyyat həyatdan da qəribədir. Çünki "həyat sənəti daha çox təqlid edir, nəinki sənət həyatı". Çünki Edqar Po həyatı ədəbiyyatdan üstün tutanların acığına deyirdi: "Həyat gerçəkliyi fantastikadan, bədii mətndən daha təsirlidir". Ancaq onun əksini öz mətnləri ilə sübüt edirdi. Ki, bədii mətnin reallığı mifik, mistik, fantastik, magikromantik elementləri ilə daha cazibədardır. Burda yaşamaq üçün daha əlverişli və komfortlu şərait mövcuddur.

Hər bir bədii mətn öz estetik reallığını ifadə edir. Müsyö de Balzak ictimai məzmunlu gerçəkliyi yaradır. Edqar Alan Po cənabları fantastik, mistik reallığı. Hər bir sənətkar özündən əvvəlkini tamamlayır. Başqasının görmədiyi bir həqiqət kəşf edilir. Balzak Ponu, Po Balzakı oxucuların gözündən salmır. Balzak real həyata, Po alternativ yaşama yaxındır. Tənqidçilər, ədəbiyyat adamları oxucuların rəyləri sadəcə bir iddiadır. Ancaq bu iddia konservativ, radikal deyildir. Başqa fikir düşüncələrlə toqquşmağa ya onu qəbul etməyə uyğun hazır mühit var bədii mətnlərdə.

Ədəbiyyat heç vaxt həyatı təqlid etmir. Həyatın ölümün acığına alternativ bir mövcudluq dünyası yaradır. Həyatın ədəbiyyatı təqlid etməsi isə çoxdur. Olur belə şeylər. Andre Moruanın "Balzakın günahı ucbatından" hekayəsində Lekadye adlı gənc bir oğlan nazir Trelivanın övladlarına tarix, ədəbiyyat latın dilindən dərs deyir. Müəllimlik imtahanına hazırlaşan cavan oğlan üçün əla fürsətdir. Nazir onun gələcək karyerasında xüsusi rol oynaya bilər. Ancaq Lekadye evin xanımı Terezaya aşiq olur. Tereza onun "keçmiş aşiqləri" haqqında gəzən şayiələr Lekadyeni ürəkləndirir. Lekadye 39 yaşlı Terezanı oxuduğu ədəbi əsərlərin qəhrəmanları kimi təsəvvür edir. Bədii əsərlərdə olduğu kimi xəyallar qurur. Sevgilisinin qulağına həzin nəğmələr pıçıldayır. Tereza isə yaraşıqlı, intellektual əsl sənət bilicisi olan Lekadyeyə məhəl qoymur. Lekadyenin sevgi etirafı Tereza tərəfindən qəzəb nifrətlə qarşılanır. Trelivanların malikanəsini qorxu içində tərk etməkdə olan Lekadye Balzakın "Atılmış qadın" hekayəsini xatırlayır. Hekayənin qəhrəmanı da Lekadye kimi  ilk cəhdində etirazla qarşılaşır. İkinci dəfə qəti romantik addımlar eşq macərasını başladır. Lekadye eynilə Balzakın qəhrəmanı kimi edir. Bir küncdə sakit pərişan vəziyyətdə dayanan Tereza razılıq əlaməti olaraq əlini uzadır. "Bir şirin öpüşlə başlayır" yasaq sevgi əhvalatı. Lekadyenin ədəbi arzuları reallaşır. Lekadyenin Terezaya baxışı, öpüşü nəvazişləri ədəbi qəhrəmanların uğurlu eşq macəralarındakı situasiyalarla kəsişir. O, həmin andan etibarən oxumağın başını buraxır. Çünki oxuduqlarını tətbiq etmək zamanıdır. Artıq nazirin arvadını öz məşuqəsinə çevirir. Bədii mətnlərdən öyrəndiklərini yamsılayır. Onları təqlid etməyin kefini çəkir. Ta ki, nazir Trelivan  hər şeydən xəbər tutanadək.

Nazir Lekadyeni yanına çağırıb deyir ki, Terezanı da götür get Parisdən. Vəzifəmə görə boşana bilmərəm. Ancaq səni bir əyalətdə işə düzəldərəm. Orda yaşayarsız. Lekadye Tereza ilə keçirəcəkləri ehtiraslı günlərin xəyalını qurur. Ehtiras bədənini bürüyür... İyirmi il sonra Tereza ölür. Lekadye  yaşına görə tez qocalır. Saçları çallaşır. Çünki yaşadıqları müddət ərzində Tereza hər gün sürətlə qocalıb əldən düşürdü. Axı Tereza Lekadyeni sevmirdi. Ərini özünə bağlamaq üçün Lekadyeyə razılıq vermişdi. Ancaq bu vəziyyət nazir Trelivan üçün göydəndüşmə olur. Çünki Terezadan xilas olmağın yolunu tapır. Tereza isə sevdiyi ərindən uşaqlarından ayrı olduğu illər ərzində qocalır, çirkinləşir ölür. Əgər bir qadın qocalırsa, sevgisizdir. Əgər gözəl bir qadın çirkinləşirsə, duyğuları öləziyib. Əgər bir ana tamam əldən düşürsə, övladını itirib, ya da ondan ayrıdır, ayırıblar. Əgər bir insan sevgidən ölürsə, bu artıq nadir hadisədir. Əgər ədəbiyyat həyatı təqlid edirsə, heç kəşf etmir. Həyat ədəbiyyatı təqlid edirsə məhzun, faciəli bir sevgi yaşansa da, neçə-neçə evlərdə, şəhərlərdə ölkələrdə qocalan, gözəlliyini itirən qadınların mövcudluq problemi tədqiq edilir. Həyatın bilinməyən, qaranlıq bir tərəfi aşkarlanır. Əslində, insanın tək dərdinin təbii şəkildə qocalmaq, xəstəlik vaxtlı ölüm ola biləcəyi bir daha... bir daha riyazi dəqiqlik səviyyəsində müəyyən edilir. Ancaq başa düşməmək, empatiyasız münasibətlər eqoist bir həyat mübarizəsi yaradıb. Nazir Trelivan da vəzifə məşuqələri ilə öz "həyat mübarizəsindədir". Yenə ümid sənətə, ədəbiyyata qalır. Həmişə bu fikirdəyəm ki, yoxsa kimdən, nədən əlac umardıq axı. Morua sübut edir ki, ədəbiyyat mürəkkəb hadisədir. Hər dəfə yeni bir söz demək mümkündür. Fərqli olmaq da. Riyaziyyat ən dəqiq elmdir, insanın müxtəlif problemlərini həll etmək üçün zəruri sahədir. Ədəbiyyat ondan da dəqiqdir. ona daha çox möhtacıq.

Beləliklə, əgər qadın qocalır çirkinləşirsə, dünya yaşam öz həyəcanını itirir. Yer kürəsinin cazibə qüvvəsi yoxa çıxır sanki. Yaşamaq üçün səbəb qalmır. Gözəl bir müharibə elegiyasına balaca bir düzəliş edirəm: Öldürməyin, ay əclaflar, sizi sevən qadınları.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.9.