Kədərin şəkli
Yorulmaq növbəti bir səhərin
və ya gecənin gəlməsini gözləməkdi.
Ümidsizliksə heç birinin olmadığını düşünmək.
Bəzən ümidlər bizi
yorur,
Bəzən də biz, arzuları intihara sürükləyirik.
Bir də,
...əslində kədərin
yeganə şəkli
bizə göstərdikləri
klon yox,
Luver eşqiylə doğulub
Ucuz pivələrlə
kafe divarlarından asılan qadındı.
Radioda sevilməyən akademik musiqi
kasıb sevgilərinin
reytiqinə bərabərdi.
Toplananların yerini dəyişdikdə
doğrudanmı cəm dəyişmir?!
Şübhə hər zaman etibarını itirmiş uşaq deyil,
şübhə bəzən
də
illər öncə
valideynini itirən kövrək qocadı.
"Bəzən"lərin sayı
az olmasa
da
hesaba gəlmiyəcək
qədər deyil.
Hesaba gəlməksə işin
axırına çıxmaq
ya da işinə hesab qatmaqdır.
Yəni
nə az,
nə çox -
aldığın sığal
qədər
sevgi verməkdi, torpaq misalı.
Qəlbi qırılmış pəncərələr
Nigar İsmayılqızının əziz
xatirəsinə
Sən ey pəncəsiylə qanadlanıb,
məchuldan əl uzadan dost,
gərək tələsməyəydin.
Çinarları saxladığın kimi
heç olmasa
ayaqlarının birini saxlayardın.
Axı
o günəş
hələ dəyməmişdi,
gülümsəməmişdi.
Xəbərin varmı,
özündən əvvəl
qəlbini qırdın
pəncərələrin.
İçinə düşmüş adamlar
həyata
içinə düşmüş
pəncərələrdən baxacaq?!
Xəbərin varmı,
sadəcə baxacaq...
Gəlinlik donlu yağış
da,
qar da yolunu
yenə buralardan salacaq;
Bir baxışla pəncərə
olmuş insanlar
onları nə qarşılayacaq,
nə də yola salacaq...
...və
beləcə dünya
çərçivəsiz pəncərəylə
dolacaq,
amma
daşmayacaq...
Dua
Əfv buyur,
mən sən olmaq istəmirəm.
Rica edirəm, məni
özünə oxşatma.
Axı insanam;
bir az torpaq, su
və sairə.
Yaxud da
mən yaradılanam səndən fərqli...
Bir sözlə, təklik
mənim yox,
sənin bacardığın
işdi.
Yaşamaq sözü
bəlkə də hardasa
inanmaq mənasına gəlir.
Bilmirəm.
Bax, mən
qar adamın xatirlərə dönmədiyi,
ümidin inasanla əylənmədiyi
və həmin o bəlkənin olduğu yerdə
adam kimi,
sadəcə, adam kimi
yəni, sənin yaratdığın kimi
ölmək istəyirəm!
Yorğun körpülər
Hər nə qədər zəhərli olsa belə
Sonra siqaret yandırdım
Qaranlıqlar tənha qalmasın
deyə
Fəqət, bu bir məsum
istəyiymiş, sən
demə.
Sən demə, qaranlıqlar çoxdan quruyub qan içində
körpülər isə yorulub yellənmir daha intihar ipində.
Mən isə bir sonsuzluq
qədər gecikmişəm...
Torpaqların boyu damlalardan,
güzgülərin təmizliyi
isə ona baxan
tanrılardan asılıdı.
Əvvələr cansız olsa belə,
birinci şəkillər,
sonra çərçivələr
gəlirdilər.
İndi doğum evlərində uşaq yox, çərçivələr bələyirlər.
Bilirsiniz, dünənin ədəbi
tərcüməsi xatirədir.
Xatirələr isə şirin
olsa belə səhvlərə bənzəyir
-
Hər zaman kədərlidi.
Demokratlar,
meritokratlar,
texnokratlar, aristokratlar
-
hamınız sırayla
gecikmisiniz.
Çün Günəşə gedən
yol qarışqa olmaqdan keçirdi.
Sizsə
ayaqlarınızdan üz
çevirmişdiniz
hərçənd, ayaqlarınız
hər dəfə ilk
sizə baxırdı.
Dadaist şeir
Bir sarışın qadın,
bir qaradinməz
piano,
bir də mən.
Heç
birinnən...
Yəni,
nə pianonu düz-əməlli dindirdim
-
hərçənd, unutsam da adını -
nə də o qadını...
Doğrusu,
sarışını uydurdum,
pianomsa əzəldən
olmayıb.
Deyirlər,
zəncilərin orda da bəxti gətirməyib
yenə bəyazlar qalib gəlib...
Fuad Cəfərli
Ədəbiyyat qəzeti.- 2018.-
13 oktyabr.- S.3.