Edqar Po
Lenor
Sağlığında daha çox tənqidçi kimi tanınan Edqar Allan Po
(1809-1849) iyirmi illik yaradıcılığı dövründə
iki roman, iki poema, bir pyes,
yetmişə yaxın
hekayə, əlliyə
yaxın şeir və çox sayda məqalə yazıb. "Lenor"
Ponun üç ən məşhur şeirindən biridir.
O biri şeirlər kimi ("Quzğun" və "Annabel Li" şeirləri)
bunda da gənc qızın ölümündən bəhs
edilir. Şeirin ilkin versiyası
1831-ci ildə "Pean"
adıyla çap olunmuşdu. Müəllif sonralar şeiri bir neçə dəfə (ehtimallara görə səkkiz dəfə) işləyib,
nəticədə, 1843-cü ildə "Lenor" adıyla yazılıb, axırıncı versiyası
isə 1845-ci ilin fevralında çap olunub (şeir ilkin versiyadan o qədər fərqlənir
ki, çox vaxt kitablarına iki müstəqil şeir kimi salınır). Ponun alman
şair Qotfrid Bürqerin "Lenora" balladasından
təsirləndiyi də
istisna deyil (Po bir neçə essesində bu ballada haqda yazıb).
Ancaq ədəbiyyatdan
qazandığı üçün
maddi çətinlik çəkən və alkoqol asılılığı
ucbatından çətinliyi
daha da çoxalan
Po, bu şeir üçün 10 dollar qonorar
almışdı... Edqar
Ponun araşdırmaçılarından
olan professor Tomas Ollayv
Mabbott yazır: "Zənnimcə, heç bir şeiri Ponu bu qədər
çətinliyə salmamışdı".
Dünya
poeziyasının incilərindən
olan bu şeiri
dilimizə çevirməyə
cəhd etdim. Çətin olsa da, tərcümədən
həzz aldım. Sizin də oxuyanda
həzz alacağınız
ümidilə...
Qovuşdu əbədiyyətə müqəddəs ruh! Düşüb sındı qızıl
badə1.
Zəng
çalınsın! Aidin Stiks2 çayında
üzür azad ruh hazırda.
Və sən, Qay de Vir3! Nə üçün ağlamırsan?
Ya indi ağla, ya
heç vaxt!
Görürsən! Sevdiyin Lenor qara tabutda uzanıb yatır rahat.
Matəm
nəğməsi çalınsın,
matəm duası oxunsun! Yaxın gəlin!
Matəm duası himn olsun, gün görməyib bütün
gənc ölənlər
üçün.
Gözəl Lenor ikiqat ölmüş
sayılır, belə
gənc öldüyü
üçün.
"Yalançılar! Sərvət
üçün yaltaqlanıb
hörmət edirdiniz ona,
Amma nifrət
edirdiniz onun əyilməzliyinə, qüruruna.
Və ürəkdən sevindiniz
sevgilimi görüb ölüm yatağında,
Həsədli baxışlarınız, böhtan deyən dilləriniz bu çağında
Xəstəliyə saldı onu, ölüb getdi gözlərimin qabağında".
Peccavimus4;
belə deyil! Ölülər səhv edə bilməz, düşün bir az.
Matəm
duası oxunsun, dalğalansın, qoy ucalsın avaz-avaz,
Yayılsın ərşi-əlaya, göyüzünə,
düz Tanrının
dərgahına.
Şirin Lenor qanadlanıb uçub getdi, Ümid yoldaş oldu ona.
Arvadın olacaqdı o yaşasaydı,
qalıb indi xatirəsi.
Bax qızılı
saçlarına, parıldayır
saçında həyat
şöləsi.
Saç canlıdır, amma gözəl gözlərinə
çökübdür ölüm
kölgəsi.
"Çəkilin! Gözəl
mələyim orda qalmaz, yeraltını yarıb çıxar,
Cəhənnəmdən keçib gedər, uzaqlaşar, Cənnətdə
yerini tapar.
Məskunlaşar öz yerində, Yaradanın qızıl taxtının yanında.
Onun ruhu azad oldu dünyanın
lənətəgəlmiş zindanından.
Zənglər də çalınmasın,
sussun əbədi, matəm saxlamayacağam.
Qəlbim
işıqla doludur, sevinclidir, ümidlidir, tapıb aram.
Lenorun xatirəsinə
şən nəğmələr
oxuyuram".
İzahlar:
1 - Qızıl badənin sınmağı - məcazi
mənada ölümə
işarədir
2 - Stiks çayı - Yunan mifologiyasında, Aidin yeraltı
səltənətində axan
çaylardan biri
3 - Qay de Vir - Lenorun
sevgilisi
4 - Peccavimus - Tövbə etmək (latınca)
Tərcümə etdi:
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2018.-
13 oktyabr.- S.5