Əvvəl-axır yazılanlar...
Ədəbi esselər
İstərsən yaz, istərsən poz, istərsən
heç yazma.
İlk cümləni onsuz da unutmusan...
***
Ədəbiyyatda söz və fikir zadəganları. Mövzu
kasadlığından ah-zar edənlər bu barədə
düşündülərmi?!
Füzuli,
Cavid, Hadı, Məmməd Araz, Vaqif Səmədoğlu, Vaqif
Bayatlı, Ramiz Rövşən... eyni ədəbi şəcərənin
söz və fikir zadəganlarıdır. Onları
mənən birləşdirən nöqtələri, sözləri,
misraları ayırd eləmək, əslində, ədəbiyyatın
şah damarlarından birini müəyyən etməkdir.
***
Mənim şairlərimdən biri də Çingiz
Əlioğludur. Sözə, misraya, cümləyə Çingizdə
olan diqqət və həssaslığın bu qədərini
mən az adamda görmüşəm. Onun özü - boyu-buxunu, qəddi-qaməti ilə
öz şeirlərinə bənzəmir. Çingiz
öz boy-buxunu ilə nə qədər gözləniləndirsə,
şeirləri bir o qədər gözlənilməzdir.
***
Eldar Baxış yanımızda olanda qədrini elə də
bilmədik. Zaman keçdi. Bizmi belə
ağıllandıq və daha həssas, daha mülayim, daha mərhəmətli
olduq, yoxsa o, bir daha heç nə yazmaya-yazmaya hansısa
gözəgörünməz enerji ilə dolmağa
başladı?!
***
Ədəbiyyat da həyat kimi təsadüflərin
üzərində qurulur. Kortasarın bir hekayəsi
heç cür yadımdan çıxmır. Parisə gedən maşının yolunu tıxac bərk
bağlayıb. Hərəkət donub
qalıb. Cərgə-cərgə
bir-birinin yanında dayanmış maşın
sürücüləri bir-birilə ünsiyyət qurur,
söhbət edirlər. Maşınlar
yanaşı cərgələrdə yer alıb. Bu qarışıqlığın içində
iki nəfər bir-birini bu dünyada bəlkə də
"tapır". Hər şey ilk
baxışdan başlayır. Kişi və qadın hiss
edirlər ki, bir-birini sevə bilərlər, həyatlarını
bir-birinə həsr edə bilərlər. Və
onlar talelərində bir-biri üçün var imişlər.
Talelərindəki bu mövcudluq həyatlarında
da qarşılarına çıxır. Bu,
həmişə belə olmur. Maşın
tıxacında isə bu baş verir.
Amma bir müddətdən sonra tıxac
açılır, sürücülər cəld öz yerlərini
tutur, maşınlar tez-tələsik hərəkətə gəlir,
müxtəlif cərgələrin düzəni pozulur,
hansısa daha tez, hansısa daha gec Parisə doğru
şütüməyə başlayır.
Əlbəttə ki, onlar bir-biri üçün itirlər. Acı bir
sonluq. Taleyində olan həyatında yenə
də olmur.
***
Okean
fırtınasından sonra ayrı-ayrı yolçu gəmilərinin
hərəsi bir adacığa düşdüyü kimi vaxtilə
dost olmuş adamlar da indi pərən-pərən kimidilər.
Onların yenidən bir-birinin yanında yer
alması və qətiyyətlə son varış nöqtəsinə
doğru "üzməsi" inandırıcı deyil.
Amma mənim qulağıma hələ də Bakı
çayxanalarından səslər gəlir - mübahisə edən,
qızğınlıqla bir-birini nəyə isə
inandırmağa çalışan, bir-birini sevən və
bir-birinə nifrət edən doğma səslər...
***
Ya epos tarixi izləyir, ya da tarix eposu izləyir. Bu izləmə
prosesi şəxslər müstəvisindən hətta şəxslər
arasındakı münasibətlər müstəvisinə də
keçə bilir. Epik variant epik qəhrəmanların
bir-birilə münasibəti üzərində qurulur. Belə bir epik varianta "Salur Qazan - Burla xatun -
Şöklü Məlik" münasibətlərini aid etmək
olar. Real tarixdə bu variant bizə
"Şah İsmayıl - Bəhruzə xanım - Sultan Səlim"
münasibətlərinin ekvivalenti kimi görünür.
Bu hala biz belə də deyə bilərik: əslində, epos
tarixi rafinə edir. Və yaxud epos tarixi rafinə
üsuludur.
***
Qədim
adətlərdən biri də budur: tayfanın itkin, ya da əsir
düşüb ölü sayılan bir üzvü geri
qayıtdıqda o zaman onu təzədən
"doğuluş" ritualından keçirmək
lazımdır. Ancaq bundan sonra onu yenidən qəbul
edə bilirlər. Çünki kimsə
ölü sayılırdısa o artıq qəbilə
çevrəsindən kənara çıxmış kimidir.
"Doğuluş" ritualı isə ondan
ibarət idi ki, bir qadın güya bu adamı yenidən
"doğmalı"dır. Geri qayıdan adam ya bu qadının köynəyindən
keçirdi, ya da bu qadınla hər hansı münasibətlər
kələfinə daxil olurdu. Adam bu şəkildə
qəbilə çevrəsinə yenidən daxil edilmiş
sayılırdı.
"Kitabi-Dədə Qorqud" dastanına da bu qədim
ritualın reliktini özündə saxlayan epik abidə kimi
baxa bilərik.
Beyrəyin əsirlikdən gözlənilməz
qayıdışını xatırlayaq. Və
öz nişanlısının toyunda iştirak edən qəhrəman
Qazan Xana ən vacib arzusunu bildirir - qadınların yanına
getmək arzusunu. Ətrafdakılardan
müsəlmançılıq pərdəsinə
bürünmüş yüngülvari etiraz nidaları səslənsə
də, Qazan buna razılıq verir və bununla qədim
ritualı qorumuş olur.
Beyrəyin arzusunun üst və alt qatı var. Üst
qatda o öz nişanlısını görmək istəyir. Alt qatda isə
Beyrək özünün qadınlar yanında yenidən
doğuluşunu təmin etmək niyyətindədir.
Beləliklə, bizim Dastan üst və alt qatların bəzən
gözügörünən, aşkar, bəzən də
gözəgörünməz, gizli şəkildə birləşməsindən
ibarət anaxronik bir mətndir. Üst qatı ilə
yaxın real keçmişə, alt qatı ilə isə uzaq
mifoloji keçmişə bağlıdır.
***
Vaqif Bayatlı özünün şair
şəxsiyyətilə şair
yaradıcılığını ideal şəkildə birləşdirə
bilmiş ustad sənətkardır. Belə bir adam
bu gün necə olub ki, vardır?! Belələrini
biz, adətən, ədəbiyyat dərsliklərindən
tanıyırıq. Belələri, adətən,
nə zamansa yaşayırlar, bu gün yaşamırlar. Ya o bizim gözümüzə görünür, ya
da biz onun. Şair elə belə də yazır:
Dənizin
ortasında bir xəyal
Ya o bizim
gözümüzə görünür,
Ya biz onun.
Vaqif
Bayatlı - dənizin ortasında xəyala dönmüş
şair.
***
Çingiz Abdullayevi televiziyada seyr etməkdən, dinləməkdən
daha gözəl heç nə yoxdur. O, ədəbiyyatdan
danışsın, sən də qulaq asasan. Bu adam
yelpazə kimi açılır: ona xas dərin intellektdən
tutmuş çoxbilmişcəsinə (açıq desək,
hiyləgərcəsinə) təvazökarlıq pərdəsinə
bürünmüş təvazökarsızlığa qədər
bu yelpazə açılır, örtülür.
Bir tərəfdən
də xoşbəxt adamdır: Azərbaycan dilini artıq tum
kimi çırtlayır. Onunçün nə
hal şəkilçiləri var, nə də fonetik
qanunauyğunluqlar. Doğru da edir. Mən həmişə belə
düşünmüşəm ki, ciddi məsələlərdən
danışırsansa dil burada mövzunu önə
buraxmalıdır, bu cür söhbətlərdə əsas
olan fikri çatdırmaqdır. Bu belədirsə,
hətta Çingizə də dözmək olar. Bu isə onun timsalında belədir. Çingizin danışdıqları o qədər
maraqlı olur ki, dil pintiliklərini unudursan, onlara fikir vermirsən.
Hə,
bir də mənə elə gəlir Çingiz sidq-ürəklə
inanır ki, həm haqqında danışdığı (daha
doğrusu, adlarını çəkdiyi) bütün klassiklər
- Nizami, Füzuli, Cavid, Mirzə Cəlil, Sabir və
başqaları, həm də bütün yaxın
keçmişdə həyatını dəyişmiş Səməd
Vurğun, Mehdi Hüseyn, S.Rəhimov, Süleyman Rüstəm,
İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Cabir
Novruz və başqaları bu gün də Azərbaycan
Yazıçılar İttifaqının üzvləridir,
Çingiz özü də onların "ən cavan"
katibi.
Yazıçı olmağın əzabından
danışan xoşbəxt - Çingiz Abdullayev. O, həqiqətən,
xoşbəxtdir. Mən özüm Minskdə
Linqvistik Universitetdə olarkən bunun şahidi oldum.
Universitetin rektoru, professor Baranova biləndə ki, biz
Çingizlə tanışıq, əvvəlcə mənə
şübhəylə baxdı, sonra telefonla Çingizə zəng
edib onların danışığını "təşkil
edən"dən sonra qadın az qaldı sevincindən
bayılsın. Mənə də ancaq "əlim
ağzımda" bu ikisi qədər xoşbəxt olmaq
qaldı.
Çingiz
Abdullayev - Azərbaycan mədəniyyətinin yelpazə kimi
bir sonucundan (nəhənglikdən) o biri sonucuna - (körpəliyə)
qədər açıla bilən Qulliveri - Sviftin
uydurması. Mənim dostum!
***
Homer təkcə
şair və ya şəxsiyyət deyil. Homer,
böyük mədəniyyətşünas Viko demişkən,
həm də prinsipdir. Ona görə də
onun yaşı bilinmir. O, müxtəlif dövrləri
birləşdirir.
Dədə Qorqud da bir dövrə aid deyil. Doğrudur,
Dastanda yazılır ki, o, Rəsul Əleyhüssəlam
zamanına yaxın anadan olmuşdur. Bu isə
eramızın 7-ci əsrinə təsadüf edir. Amma Dastanın bəzi boylarında Dədə Qorqud
mifoloji keçmişə aid hadisələrin
iştirakçısı kimi çıxış edir.
Məsələn, elə təkcə "Basat
Təpəgözü öldürdüyü" boyu
xatırlamaq olar. Mifoloji obraz olan Təpəgözlə
Dədə Qorqudun münasibəti həmin boyun əsas xətlərindən
biridir. Hətta əlamətdar olan odur ki, bu boyda Dədə
Qorqud digərlərində olan kimi ancaq əvvəldə və
axırda özünü göstərmir; o süjetin
içində bir səfir kimi, əlaqəçi kimi, sakral,
mifoloji aləmlə, real aləm arasında əlaqə yaradan
"demurq" kimi kifayət qədər dinamik bir obraza
çevrilir.
Mifoloji tarixlə real tarixi yenə də Dədə
Qorqud birləşdirir. Şəxsiyyət, əlbəttə, belə
uzaq məsafələrdə "işləyə" bilməz,
bunu ancaq prinsip edə bilər. Məhz buna
görə Dədə Qorqud, əslində, Oğuz elinin bir
prinsipidir.
***
"Yarımçıq əlyazma" romanının
xaricdəki nəşrləri ilə bağlı mən nəşriyyat
redaktorlarından məktublar alırdım. Əksər məktublarda
romandakı bəzi sözlərin xarici dillərdəki ekvivalentini
öyrənmək istəyi var idi. Məsələn,
"qopuz", "ozan" kimi sözlərin tərcüməsini
deyil, ulduzcuq qoyub səhifənin altında mənasını
geniş şərh edəcəkdilər.
Amerikan naşiri bu sözlərin sırasına
"Günortac" sözünü də
salmışdı. Dastanda bu söz bir dəfə keçir.
"Babam yerin sorar olsan - Günortac", deyə
qəhrəmanlardan biri onu tanımaq istəyən başqa
birisinə cavab verir.
Bu söz öz daxili mənasına və səslənişinə
görə çox xoşuma gəlirdi. Mən
Günortacı "elə bir məkan ki, gün həmişə
başının üstündə durur" kimi qəbul
edirdim. Və romanda bu ad altında xanlar
xanı Bayındır xanın iqamətgahı təsvir
edilirdi; hadisələrin böyük əksəriyyəti məhz
Günortacda baş verirdi.
Amerikalı naşirə isə belə yazdım. "Günortac
- qədim oğuzların paytaxtıdır. Xərabəlikləri indi də Ermənistan
Respublikasının ərazisində yerləşir".
Bu izahat elə belə də Amerikada ingilis dilində mətnə
daxil edildi.
***
Ədəbiyyatı sevmək - ədəbiyyatla məşğul
olmaq üçün çox azdır. Bundan əlavə
də nələrisə etmək lazımdır. Məsələn,
ən vacib şərtlərdən biri budur: ən qatı bədxahını
bağışlamalısan. Bu, əslində,
"sim-sim" sözü kimi bir işarədir. Bacardınsa, o zaman ədəbiyyat qapıları
üzünə taybatay açılacaq. Və
sən içəri keçə biləcəksən.
Arxanda gözləri ehtirasdan qıpqırmızı qızarmış
bədxahının dodağına ilişib qalmış
acı, istehzalı və qalib təbəssüm, irəlidə
cavabı olmayan suallar və suala dönə bilməyən
cavablar... Nə üçün gəldin, sən
burada nə axtarırsan? Səni burada gözləyən
yox idi: sənin gedən yerin "sim-sim"i söyləməzdən
əvvəlki məkandır. Acı və
istehzalı, qalib və qəzəbli təbəssümlərin
yanında. Duruxma. Duruxdunsa,
deməli, sən heç nə anlamamısan. Çünki hər şeyi anlayandan sonra
bağışlaya bilərsən. Səndə
isə belə olmadı. Sən anlamadan əvvəl
bağışladın.
***
Sosializm
realizmi bizə nə verdi?
Sosrealizm
zahiri təntənəsi və daxili fəlakəti olan bir ədəbi
proses, dramatik bir dövrün estetik eybəcərliyi idi. Yaza-yaza öz yazdığının hamıdan əvvəl
özün senzoru olursansa, bu, normal hal deyil. Sosrealizm çərçivəsində hər
şeydən əvvəl azadlıq yox idi, daha dəqiq desək,
mənən azadlıq, yazı azadlığı yox idi.
Bu eybəcər durumu hərəkətə gətirən
mexanizmlər isə var idi. Onlardan birini, bəlkə
də ən əsasını "bütləşdirmə"
mexanizmi adlandıra bilərik.
"Bütləşdirmə" təkcə tarixi
şəxsləri nəzərdə tutmurdu. "Bütləşdirmə"
mexanizmi ədəbi qəhrəmanlardan tutmuş (Dədə
Qorqudu, Koroğlunu, Qaçaq Nəbini yada salaq), yazı tərzinə,
yazarın sintaksisinə qədər çox şeyi əhatə
edirdi. Cümlə konstruksiyaları
bütləşirdi. Bu o deməkdir ki,
bütün cümlələr özlərinin "kanon"
variantlarında peyda olurdular. Onlarda
informasiya vardı, həyat isə yox idi, energiya yox idi. Bu sintaktik rejimə alışanlar üçün
indi də cümləni "büt" variantından
çıxmış görmək cənnətdən
qovulmuş şeytanı görmək kimidir. Belə hala dözə bilmirlər və gözlərinə
hər yerdə dil qüsurları görünür. Bu zaman onlar qətiyyətlə dilin korlanması
halının keşiyində sadiq dil polisləri kimi
durmağa başlayırlar.
Məncə,
ədəbi mətn "bütləşmə"nin hər hansı bir təzahüründən
taundan qaçan kimi qaçmalıdır.
"Sosializm
realizmi bizə nə verdi?" sualına
qayıtsaq, belə deyə bilərik: bu bizə bütləşdirmədən
qaçanların yeni mətn dilini, yeni estetikasını
verdi.
Elə bir ədəbi-bədii dünyanın yolunu
göstərdi ki, orada iki üstəgəl iki dörd eləmir.
05.10.2018
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2018.- 13
oktyabr.- S.4-5.