İstedadlara meydan vermiş III

“Məmməd Araz Poeziya Günü

 

M.Arazın ifasında lentə alınmış şeirin səsləndirilməsindən sonra Xəzər Universitetinin tələbələri Aytən Əsgərova, Aytac Həsənova, Pinar Məmmədzadə III "Məmməd Araz Poeziya günü"nə həsr olunmuş yekun tədbirini unudulmaz şairin "Yönü bəri baxan dağlar...", "O gözlərə əhsən, əhsən...", "Qartaldan nə sürət istəyirəm mən..." şeirləri ilə başlamaqla ədəbi-bədii gecənin məzmunu barədə əvvəlcədən mesaj verdilər - məclis yığcam, emosional, "sürətli süjetə" malik olacaqdı.

III "Məmməd Araz Poeziya günü" Qazax rayonundan başlamışdı, - bu başlanğıc əksliklərin təbii vəhdəti idi; Qazaxa respublikanın "Qərb qapısı", sənət ocağı mənasında "qəlb qapısı" - deyirlər. Məmməd Araz Şərq qapısından dünyaya doğulmuş qəlb şairidir.

Müəllimlər müəllimi Məmməd Araz Musa Yaqub İsmayıllısında müəllimlərin, məktəblilərin qonağı oldu. Onlara poetik dərs keçdi.

Neftçalada Məmməd Araz poeziyası bir daha "görüşlərin hərarəti"ni özünə qaytardı.

Bakı şəhəri Xətai payonunun "Zəkalar" liseyində ustad şairin poetik zəkası Nəzrin Ağazadə, Əbülfəz Rzazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva və Şəbnəm Haşımlı kimi məktəblilərin ifasında - bir daha özəlliyini göstərdi.

III "Məmməd Araz Poeziya günü" çərçivəsində elan edilmiş şeir müsabiqəsinə 30 rayondan 50-dək müəllif 100-dən çox şeir göndərilmişdi. Filologiya elmləri doktorları Cavanşir Yusifli, Rüstəm Kamal, Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmidən ibarət münsiflər heyəti qalibləri müəyyən etdi.

Şairlərdən Xalid Mahmud I, Mina Rəşid II, İbrahimxəlil III dərəcəli diplomlarla təltifləndilər. Həvəsləndirici yerlərə Ağasəfa və Mayis Səlim layiq görüldü.

"Məmməd Araza yazılmış ən yaxşı şeir" nominasiyasının qalibi isə Əlizadə Nuri oldu.

Mingəçevirdən II sinif şagirdi Ayşən Əhmədovanın müsabiqəyə göndərdiyi "Yuxu" adlı mətni riqqət doğururdu:

Bilirsiniz, uşaqlar,

Yuxumda nə görmüşəm?

Guya Cıdır düzündə

Bir düşmən öldürmüşəm.

Gördüm gəlir üstümə,

Qırdım əyri burnunu.

...Elə bu an, bu zaman,

Ayıldım mən yuxudan.

Demə, gördüklərimin

Hamısı yuxu imiş.

Budur qəlbin arzusu;

Azad etsin vətəni

Azərbaycan ordusu!

...Tədbirin coşqusundan, hətta münsiflər heyətinin təşəkkürnamələrini müvafiq qaydada təqdim etməyi unutduq.

Amma, ən azı, Xəzər Universitetinin Azərbaycan dili ədəbiyyatı departamentinin müdiri, dosent Vurğun Əyyuba tədbirin təşkilində köməyinə görə təşəkkür etməyi unutmaq istəməzdim.

 

Qardaşxan ƏZİZXANLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.7.