Həsən Məmmədovun etirafı  

 

Əgər hər hansı bir xalqın kino sənəti həm də onun milli xüsusiyyətlərinin, mentalitetinin ekran obrazları ilə ifadəsidirsə, bu baxımdan mədəniyyətimizin ən parlaq şəxsiyyətlərindən biri, heç şübhəsiz ki, Həsən Məmmədovdur. Həsən Məmmədov Azərbaycan kinosuna Azərbaycan kişisinin daxili aləmini, mental özəlliklərini, tarixin müxtəlif zaman kəsikləri üçün  xarekterik  mənəvi-psixoloji xüsusiyyətlərini  gətirən istedad sahiblərindəndir. Onun böyük ilhamla yaratdığı Murad ("Bir Cənub şəhərində"), Əsgər ("Arşın mal alan"), Bəxtiyar ("Yeddi oğul istərəm"), Abbasqulu bəy ("Axırıncı aşırım"), Oqtay ("Gün keçdi") kimi obrazlar  milli kino sənətimizin qızıl fonduna daxil olmuşdur.

Həsən Məmədovun ən uğurlu ekran qəhrəmanları düşünüb-daşınan, həyata təkcə soyuq ağlın yox, həm də hisslərin, duyğuların prizmasından baxmağı bacaran mürəkkəb insanlardır. Lakin onların bədii dəyəri və sanbalı yalnız xislətlərindəki mürəkkəbliklə bağlı deyil. Məsələ burasındadır ki, Həsən Məmmədov çəkildiyi filmlərdə bir aktyor kimi öz yaradıcılıq missiyasını təqdim etdiyi obrazların daha çox psixoloji yozumunda axtarmış, onların bədii tamlığına daxili dünyaları ilə zahiri keyfiyyətlərinin vəhdəti fonunda nail olmuşdur. Bu mənada həmkarım Akif  Əlinin "Həsən Məmmədov Azərbaycan kinosuna intellektual oyun tərzi gətirmişdir" fikri ilə razılaşmamaq olmur.

Həsən Məmmədov çətin, bəzən çıxılmaz vəziyyətə düşən, seçim qarşısında qalan insanların mənəvi-psixoloji təbəddülatlarını ekranda  ifadəli mimika ilə, jestlərlə təbii şəkildə əks etdirməyi ən yaxşı şəkildə bacaran aktyorlardan idi. Murad məhlənin davranış etiketinə ğörə öz "kişiliyini" sübut etmək üçün  qan tökməlidir -  amma daxilindən gələn səs ona başqa şey deyir; Əsgər evlənmək istəyir - lakin dövrün əxlaq normalarına zidd olaraq görüb-bəyəndiyi qıza qovuşmaq arzusundadır; Bəxtiyar Gəray bəyin düşmənidir,  ona qarşı mübarizə aparır - amma bu mübarizənin astar üzü - faciəsi də ona yad deyil; Abbasqulu bəy çörək, haqq-salam dostu Kərbalayı İsmayıla qarşı əks cəbhədə döyüşür - amma dostuna qarşı mübarızəni həm də dostu uğrunda mübarızə kimi başa düşür, onu xilas etməyə çalışır... Və aktyor bu ziddiyyətlərdən, əksliklərdən doğan situasiyaların dramatizmini daha çox daxili yaşantılar üzərində qurulmuş oyun tərzi ilə əks etdirir. Çxılmazlıq məngənəsində əzab çəkən Muradın gözlərinin dibinə çökmüş kədər, Gəray bəyin gələcək qələbənin üverturası olan öldürücü qəhqəhələrinin təsirindən sarsılan Bəxtiyarın məşhur daxili monoloqu, dostunu xilas edə bilməyən Abbasqulu bəyin daxili əzabları ekranda məhz Həsən Məmmədovun ifadəli oyun tərzi ilə reallaşırdı.

Həsən Məmmədov 50-dən çox filmdə çəkilmişdi. Bu, Azərbaycanda çox az aktyora nəsib olan yaradıcılıq qismətidir. Aktyorun həmin filmlərdəki işini geniş təhlilə cəlb etmək, heç şübhəsiz ki, bir qəzet yazısının çərçivəsinə sığmır. Lakin Həsən Məmmədov istedadının bəhrəsi olan elə obrazlar var ki, onları xatırlamamaq, sadəcə, mümkün deyil. Çünki bu qəhrəmanlar təkcə onun  yaradıcılıq qələbəsi deyil, həm də ümumən Azərbaycan mədəniyyətinin uğuru, milli sənət faktıdır.

Məsələn, kinomuzda Həsən Məmmədova qədər də inqilabçı-bolşevik obrazları yaradılmışdı ("Səhər", "Bakılılar", "Ulduzlar sönmür", "26 Bakı komissarı" və s. filmləri xatırlayaq) və bu obrazlar standart ölçülərin qəlibindən çıxıbmış kimi bir-birinin təkrarından başqa bir şey deyildi. Onların heç birində milli ruh, insani başlanğıc duyulmurdu, hamısı robort kimi eyni cür düşünür, plakat, şüarçılıq ritorikası ilə eyni cür danışırdı. Həsən Məmmədov 1970-ci ildə yaratdığı Bəxtiyar obrazı ilə bu tip qəhrəmanların ekran yozumunda yeni bir mərhələnin əsasını qoydu. Bəxtiyarı öz sələflərindən fərqləndirən əsas cəhət onun yalnız ehkama çevrilmiş şüarlarla yox, həm də ürəyinin hökmü ilə düşünüb-daşınmasında, komsomolçuların inqilabi mübarizə adı altında törətdikləri qanlı-qadalı hadisələrin əsl mahiyyətini dərk etmək istəyində idi. Gəray bəyin ölümünün milli faciə olduğunu dərk edən Bəxtiyarın xarakterində yaranan dərin psixoloji qat Azərbaycanın kuno mədəniyyətində yeni hadisəyə çevrildi. Və təsadüfi deyil ki, aktyor uzun müddət ürəyində gəzdirdiyi bir sirri bu filmin çəkilişlərindən 23 il sonra  mənimlə söhbətlərinin birində axır ki, dilə gətirdi: "Mən Bəxtiyar kimi Gəray bəyin ölümünə heyifsilənirdim, çünki elə əvvəldən onun məğrurluğuna, əyilməzliyinə hörmət edirdim".

Fikrimizcə, Həsən Məmmədov yaradıcılığının zirvəsi olan Abbasqulu bəy obrazında aktyor təkrarsız sənət möcüzəsi yaratmışdır. Milli mentalitetimizdə kişilik anlayışına xas olan bütün  mənəvi (və tarixi) keyfiyyətlər bu obrazda böyük ustalıqla ümumiləşdirilmiş və bənzərsiz aktyor oyunu ilə gerçəkləşdirilmişdir. Elə buna görədir ki, zaman bu obrazın bədii bütövlüyünə zərrə qədər də xələl gətirə bilməmişdir. Obrazın mahiyyəti bütün süjet boyu təzadlı qütblərin toqquşmasında açılır. Abbasqulu bəy əməl fəaliyyətinin strateji yönünə görə - bolşevik, ruhuna, mənəviyyatına, davranış etiketinə görə isə -bəydir. Aktyor obrazı səciyyələndirən xüsusiyyətləri məhz bu əksliklərin vəhdətində tapmış, onların toqquşmasından yaranan effekti axıra qədər qoruyub saxlaya bilmişdir.

Abbasqulu bəy Həsən Məmmədovun ifasında heç şübhəsiz ki, faciəvi bir obraz idi. Tamaşaçı sövq-təbii hiss edirdi ki, inqilabi ideallarla milli ruhu, yaddaşı barışdırmaq istəyi bu böyük şəxsiyyəti gec-tez bolşevik terrorunun  qurbanına çevirəcək. Bu, Həsən Məmmədovun ifadəli oyun tərzinin məntiqindən doğan bədii (və tarixi) həqiqət idi.

Həsən Məmmədovun yaratdığı yeni tipli ekran obrazlarından biri də "Gün keçdi" filmindəki Oqtaydır. Film iki gəncin taleyindən, vəslə yetməyən məhəbbətindən bəhs edir. Bütün süjet boyu bu iki personaj - Oqtay və Əsmər həyatın mənası, daxili azadlıq, xoşbətlik barədə danışır, fikir mübadıləsi edirlər. Lakin bir mətn kimi film  yalnız bu söhbətlərlə - personajların birbaşa nitqi ilə məhdudlaşmır. Çünki onlarin mövcud olduqları məkan yalnız içində hərəkət etdikləri gerçəklik deyil, həm də nə vaxsa daxili aləmlərində yaratdıqları, sonra itirdikləri və indi axtardıqları məkandır. Oqtay üçün bu məkan mövcudluq perspektivləri təhlükəyə məruz qalmış İçərişəhərdir. Oqtayın nəzərində İçərişəhər yalnız fiziki reallıq deyil, həm də daşların yaddaşına hopmuş insan hənirtiləridir, insan nəfəsıdır, uşaqlıq və gənclık illərinin unudulmaz xatirələri və nəhayət, böyük Bakının iç dünyasıdır. Həsən Məmmədov bütün film boyu həm də özünün iç dünyası ilə dialoqa girən öz qəhrəmanının xarakterindəki mürəkkəb nüansları ifadəli oyun tərzi ilə canlandırır, Oqtayı tamaşaçılara sevdirə bilir.

Həsən Məmmədov yaradıcılığının ən müdrik dövründə aramızdan getdi. Keçid dövründəki sənət süstlüyü onu bezdirmişdi, əməlli-başlı yormuşdu. Həmişə iş başında olan aktyorun sənət ab-havası olmayan mühitdə - vakuumda yaşamağa heyi qalmamışdı. O bu boşluğa sığışmadı, onun çərçivələrini qıraraq quş kimi uçub getdi...

...Amma Azərbaycanın sənət tarixində əbədi yaşayacaq...

 

Əlisəfdər HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.7.