Əgər qadınlar qocalırsa...
Gözəl bir müharibə elegiyasına balaca bir düzəliş edirəm: Öldürməyin, ay əclaflar, sizi sevən qadınları.
Ülvi BABASOY
- Bəs siz eşitmisiniz
ki, Venesiyada fransızlardan ibarət bir kompaniya bütün
mövsüm ərzində
Balzak personajlarını
yamsılamaq üçün
özlərini onların
adlarıyla çağırıblar?
- Mən eşitmişəm.
Eşitmək nədir e. Hələ
bir şahid də olmuşam. Çünki "romanların qəhrəmanları dirilir
və öz yaradıcılarını lənətləyirlər".
Çünki ədəbiyyat həyatdan
da qəribədir.
Çünki "həyat sənəti
daha çox təqlid edir, nəinki sənət həyatı". Çünki
Edqar Po həyatı ədəbiyyatdan üstün tutanların acığına deyirdi:
"Həyat gerçəkliyi
fantastikadan, bədii mətndən daha təsirlidir". Ancaq onun
əksini öz mətnləri ilə sübüt edirdi. Ki, bədii mətnin reallığı mifik, mistik, fantastik, magik və romantik
elementləri ilə daha cazibədardır.
Burda yaşamaq üçün
daha əlverişli və komfortlu şərait mövcuddur.
Hər bir bədii mətn öz estetik reallığını ifadə
edir. Müsyö de Balzak ictimai
məzmunlu gerçəkliyi
yaradır. Edqar Alan Po cənabları
fantastik, mistik reallığı. Hər bir
sənətkar özündən
əvvəlkini tamamlayır.
Başqasının görmədiyi bir
həqiqət kəşf
edilir. Balzak Ponu, Po Balzakı oxucuların gözündən
salmır. Balzak real həyata, Po alternativ
yaşama yaxındır.
Tənqidçilər, ədəbiyyat adamları
və oxucuların rəyləri sadəcə
bir iddiadır. Ancaq bu iddia konservativ,
radikal deyildir. Başqa fikir və düşüncələrlə
toqquşmağa və
ya onu qəbul
etməyə uyğun
və hazır mühit var bədii mətnlərdə.
Ədəbiyyat heç vaxt həyatı təqlid etmir. Həyatın və ölümün
acığına alternativ
bir mövcudluq dünyası yaradır.
Həyatın ədəbiyyatı təqlid etməsi isə çoxdur. Olur belə şeylər.
Andre Moruanın "Balzakın
günahı ucbatından"
hekayəsində Lekadye
adlı gənc bir oğlan nazir Trelivanın övladlarına tarix, ədəbiyyat və latın dilindən
dərs deyir. Müəllimlik imtahanına hazırlaşan
cavan oğlan üçün əla fürsətdir. Nazir onun
gələcək karyerasında
xüsusi rol oynaya bilər. Ancaq Lekadye evin xanımı
Terezaya aşiq olur. Tereza və onun
"keçmiş aşiqləri"
haqqında gəzən
şayiələr Lekadyeni
ürəkləndirir. Lekadye 39 yaşlı Terezanı oxuduğu ədəbi əsərlərin qəhrəmanları
kimi təsəvvür
edir. Bədii əsərlərdə
olduğu kimi xəyallar qurur. Sevgilisinin
qulağına həzin nəğmələr
pıçıldayır. Tereza isə
yaraşıqlı, intellektual və əsl sənət
bilicisi olan Lekadyeyə məhəl qoymur. Lekadyenin
sevgi etirafı Tereza tərəfindən qəzəb və
nifrətlə qarşılanır. Trelivanların
malikanəsini qorxu içində tərk etməkdə olan
Lekadye Balzakın "Atılmış qadın" hekayəsini
xatırlayır. Hekayənin qəhrəmanı da Lekadye
kimi ilk cəhdində
etirazla qarşılaşır. İkinci dəfə
qəti və romantik addımlar eşq macərasını
başladır. Lekadye də eynilə
Balzakın qəhrəmanı kimi edir. Bir
küncdə sakit və pərişan vəziyyətdə dayanan
Tereza razılıq əlaməti olaraq əlini uzadır.
"Bir şirin öpüşlə
başlayır" yasaq sevgi əhvalatı. Lekadyenin ədəbi arzuları reallaşır.
Lekadyenin Terezaya baxışı,
öpüşü və nəvazişləri ədəbi qəhrəmanların
uğurlu eşq macəralarındakı situasiyalarla kəsişir.
O, həmin andan etibarən oxumağın başını
buraxır. Çünki oxuduqlarını tətbiq
etmək zamanıdır. Artıq nazirin
arvadını öz məşuqəsinə çevirir.
Bədii mətnlərdən öyrəndiklərini
yamsılayır. Onları təqlid etməyin
kefini çəkir. Ta ki, nazir Trelivan hər şeydən xəbər
tutanadək.
Nazir Lekadyeni yanına çağırıb deyir ki, Terezanı da
götür get Parisdən. Vəzifəmə
görə boşana bilmərəm. Ancaq səni
bir əyalətdə işə düzəldərəm.
Orda yaşayarsız. Lekadye
Tereza ilə keçirəcəkləri ehtiraslı günlərin
xəyalını qurur. Ehtiras bədənini
bürüyür... İyirmi il sonra Tereza
ölür. Lekadye
də yaşına görə tez qocalır. Saçları çallaşır. Çünki yaşadıqları müddət ərzində
Tereza hər gün sürətlə qocalıb əldən
düşürdü. Axı Tereza Lekadyeni
sevmirdi. Ərini özünə
bağlamaq üçün Lekadyeyə razılıq vermişdi.
Ancaq bu vəziyyət nazir Trelivan
üçün göydəndüşmə olur. Çünki Terezadan xilas olmağın yolunu
tapır. Tereza isə sevdiyi ərindən
və uşaqlarından ayrı olduğu illər ərzində
qocalır, çirkinləşir və ölür. Əgər bir qadın qocalırsa, sevgisizdir. Əgər gözəl bir qadın çirkinləşirsə,
duyğuları öləziyib. Əgər
bir ana tamam əldən düşürsə,
övladını itirib, ya da ondan ayrıdır,
ayırıblar. Əgər bir insan sevgidən
ölürsə, bu artıq nadir hadisədir. Əgər ədəbiyyat həyatı təqlid
edirsə, heç nə kəşf etmir. Həyat
ədəbiyyatı təqlid edirsə məhzun, faciəli bir
sevgi yaşansa da, neçə-neçə evlərdə,
şəhərlərdə və ölkələrdə
qocalan, gözəlliyini itirən qadınların mövcudluq
problemi tədqiq edilir. Həyatın bilinməyən,
qaranlıq bir tərəfi aşkarlanır. Əslində,
insanın tək dərdinin təbii şəkildə qocalmaq,
xəstəlik və vaxtlı ölüm ola
biləcəyi bir daha... bir daha riyazi dəqiqlik səviyyəsində
müəyyən edilir. Ancaq başa düşməmək,
empatiyasız münasibətlər eqoist bir həyat mübarizəsi
yaradıb. Nazir Trelivan da vəzifə və məşuqələri
ilə öz "həyat mübarizəsindədir". Yenə də ümid sənətə, ədəbiyyata
qalır. Həmişə bu fikirdəyəm
ki, yoxsa kimdən, nədən əlac umardıq axı. Morua sübut edir ki, ədəbiyyat mürəkkəb
hadisədir. Hər dəfə yeni bir
söz demək mümkündür. Fərqli
olmaq da. Riyaziyyat ən dəqiq elmdir,
insanın müxtəlif problemlərini həll etmək
üçün zəruri sahədir. Ədəbiyyat ondan da dəqiqdir.
Və ona daha çox
möhtacıq.
Beləliklə, əgər qadın qocalır və çirkinləşirsə, dünya
və yaşam öz həyəcanını
itirir. Yer kürəsinin cazibə
qüvvəsi yoxa çıxır sanki.
Yaşamaq üçün səbəb qalmır.
Gözəl bir müharibə elegiyasına
balaca bir düzəliş edirəm:
Öldürməyin, ay əclaflar,
sizi sevən qadınları.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.9.