Cəhənnəmdə üşüyürəm...

 

hekayə

 

O səslərin içində hərdən özünü unudurdu. Hərdən elə özünə qapanırdı ki, daha o səslərin zil-bəmini eşitmirdi. Onun işlədiyi vaxt səs ilə zamanın arasında keçirdi və özünü zaman içində itirirdi. Bəlkə də keçmişi onu bu hala salmışdı. Sağ gözünü neçə dəfə əməliyyat etdirmişdi, amma ağrısını çəkməyinə baxmayaraq yenə o lupanı gözündən çıxarmaq istəmirdi. Su götürmək məqsədilə ayağa durub kiçik soyuducuya sarı gedəndə, hərdənbir batareya ayağı altında qalır, əyilib onu götürür və füləyib cibinə qoyurdu. Günorta yeməyini unudan günləri çox olurdu, axşam olanda yadına düşürdü ki, səhərdən yemək də yeməyib. Ola bilsin, keçmişinə görə bu əhvalat baş verirdi.

İyirmi beş il bundan öncə işindən istefa verib peşəsiylə vidalaşdı. 119 nömrəli polis idarəsinin detektivi işləmişdi. Hələ də dostları ilə söhbət edəndə, detektiv işlədiyi günlərin xatirələrindən danışardı. O, 1989-cü ilin məşhur cinayətkarı, ölkədə törətdiyi cinayətləri, silsilə qətlləri üç il qəzetlərin manşeti və xəbərlərin başlığından silinməyən şəxsin həbsinə nail ola bilmişdi. Həmin il qatilin həbs edilməsi ona böyük uğur qazandırdı və prezident tərəfindən mükafata layiq görüldü. Artıq xəbərlərin qəhrəmanına çevrilmişdi. Hamı onu böyük mübaliğəylə yad edirdi. İş o yerə çatmışdı ki, xalq onu gələcəyin proqnoz verəni hesab edirdi. Bir sözlə, adam zamanın supermeninə çevrilmişdi.

O, işindən istefa verən günü xəbərlərdə "19 qadını öldürən qatilin detektivi işindən istefa verdi" yazıldı. BBC kanalına müsahibə verəndə çox maraqlı söhbətləri olmuşdu.

"Həyatda hamının səhvi və günahları olur, sizdən soruşsam ki, həyatınızda hansı günah işi görmüsüz, nə deyərdiz? Ya, məsələn, bir cinayət işiniz varmı ki, qanun ona yol vermir?" - deyə müxbir soruşmuşdu.

- Mən heç zaman etirafdan qorxmamışam. Sirləri saxlayan insanlar ən qorxaq və təhlükəli adamlardır. Başqa sözlə, qorxaq insanlar cinayətləri yaradanlardır. Məsələn, intihar edən şəxslər haqda təsəvvürümü sizə söyləsəm, mənim gəldiyim qənaətə görə onlar başqa insanlardan daha çox ölümdən qorxurlar.

Rahat yaşamaqdan ötrü sirləri bir-birinin üstünə qalamaq lazım deyil. Biz düşünəndə görürük ki, bizim sirlərimiz həyatımızda baş verən ən adi hadisələrdi, sadəcə, biz həddindən artıq onu gözümüzdə böyüdüb içimizdə saxlamaqla dünyamızı məhdudlaşdırırıq.

Qaldı ki, etirafa: mənim 9 yaşım olanda tarix müəllimim sinifdə həmişə saatını çıxarıb masanın üstünə qoyardı. O saatın bağları qızıl rəngindəydi və üstündə ikibaşlı qartal şəkli həkk olunmuşdu. Mən o saatın qızıl olub-olmadığının fərqində deyildim, heç fikrimə də gətirmirdim ki, qızıl ola bilər. Sadəcə, o ikibaşlı qartalı düşünürdüm... Nə isə qartalın ikibaşlı olması mənim xəyal dünyamda başqa görünürdü. O qeyri-təbii bir heyvanı xatırladırdı. Sinifdə tənəffüs zamanı müəllim çölə çıxanda onu oğurlayıb şalvarımın içində gizlətdim, - deyib sonra ucadan güldü.

- Bu iş üçün heç özünüzü qınadınızmı?

- Yox! Qətiyyən! Mən uşaq idim və bəzi işlərə görə qanun uşaqlara onların yaşıyla bağlı yol verir. Mənim o saatı almağa pulum yoxuydu. Zamanı bilmək üçün pul ödəmək lazım deyil deyə düşünürdüm. Bəlkə də heç onu oğurlamazdım, amma həmin tarix müəllimim əsəbi və ağzıxarab birisi idi. Neçə dəfə mənə əl qaldırmışdı, uşaqların yanında üstümə çımxırmışdı. O, məndən bir qatil yaratmaq istəyirdi, çünki həqiqətən hərəkətləriylə məni nifrətə vadar edirdi. Yəni təhqir etmək onun peşəsiydi. Saatı oğurlayanda tənha vicdanım ağrımamışdı, üstəlik, ürəyimdə arvadını da söymüşdüm...

 

***

 

Oturacağa söykənərək masanın arxasında gözünə lupanı taxıb çay içə-içə bir saatı yoxlayırdı. Qol saatını üzüqoylu masaya uzadıb içindəki pozuntunu axtarırdı.

Sinə cibindən siqaretini çıxarıb dodaqları arasına yerləşdirdi. Yandırıb bir qullab vurdu və saatın üstünə fülədi.

Polis işinə marağı olduğuna baxmayaraq saatsazlığa çox bağlı bir insan idi. Ona görə də iyirmi beş il öncə istefa verib saatçı dükanı açdı.

Bəzən müştərilərin təmirə gətirdiyi saatdan xoşlanıb onu öz qoluna taxaraq gözəlliyini yoxlayırdı.

 

***

 

İki il öncə həmin saatını oğurladığı tarix müəllimi dükanına girəndə elə diksinmişdi ki, onun salamını titrək səsi ilə almışdı. Müəllimin qocaldığına baxmayaraq o yenə keçmiş günləri xatırlayıb onun əsəbi olduğundan qorxurdu. İçində keçmişdəki həmin həyəcan və iztirab canlanırdı. Müəllimin simasından o hirs, əsəb çəkilməmişdi. Səsi də elə həmin səs idi. Gur və acı... səsiylə qamçılayırdı insanın qulağını...

Müəllim saatını təmirə gətirmişdi, amma öz keçmiş tələbəsini tanımamışdı. Saatsaz keçmişdəki hissləri içində daşıyaraq özünü təqdim etmişdi. "Bir zaman mən sizin tələbəniz olmuşam, xatırlayırsızmı?" - deyə soruşmuşdu. Müəllim tarixin cəllad diktatorları kimi qaşlarını düyünləyib "Hə... lap yaxşı. Al bu saata bax!" - somsoyuq bir ədayla cavab vermişdi. Həqiqətən də tarix dərsi kimi yalan və doğruların mübarizəsi olan bir fənn kimi rəhmsiz görünürdü. Tarixin yalanları ondan şəfqətsiz, acıdil bir adam düzəltmişdi.

Saatsaz eyni hissləri keçirmişdi: "Həmin günə qayıtsaydım, yenə saatını oğurlayacaqdım".

...Siqaretini söndürdü. Saat isə cərrahiyyə stolunda uzanmış xəstə kimi həkimin əlində çarəsiz qalmışdı. Amma, nəhayət, saatın problemini tapıb işə saldı və sonra onu divara sancılmış mıxdan asdı.

 

***

 

Başında fransız papağı, səliqəli kostyum geymiş qoca bir kişi qapını açıb dükana daxil oldu. Üstünə Parisin məşhur ətirlərindən vurmuşdu, üzərində kiçik güllər yonulmuş qəhvəyi rəngli çəlik vardı əlində. Salam deyəndən sonra əlləri titrəyə-titrəyə pencəyinin cibindən qəzetə bükülmüş saatı çıxarıb ustanın masası üstünə qoydu. Saatın şüşəsi qırıq və əqrəbsiz idi. Gözlərini ustanın gözünə dikdi: "oğul... buna bir şüşə, bir dənə də batareya lazımdı. Dünən gecə mətbəxdə əlimdən düşdü yerə, qırıldı. Götür bax! Nə zaman deyirsən, gəlim götürüm?" - dedi.

Usta tez lupanı sağ gözünə yerləşdirib gözünü sıxdı. Sonra diqqətlə üstünə baxdı. Bir azca qurdalandı.

- Yaxşı, baxaram. Bəs bunun əqrəbləri üstünüzdədimi?

- Yoo. Əqrəbləri yoxdu. Yəni itibdi.

- Həə... onda əqrəb tapıb qoşaram üstünə! Narahat olma!

- Yox! Əqrəb-zad lazım deyil mənə! Təkcə batareya və şüşəsi olsa, yetərlidi. Elə belə işləsin istəyirəm.

- Necə yəni?!. Əqrəbsiz saat olarmı? Heç qorxma... çox bahalı bir şey deyil!

- Yox, bahalı və ya ucuz olduğunu demirəm... Əqrəbləri lazım deyil mənə! Onsuz da 8 ildir əqrəbləri dolanmırdı. Lazım deyil! Təkcə şüşəsi və batareyası olsun! Səsi gəlsə, bəsdir!

- Yaxşı... oldu! Necə məsləhətdi.

Usta lupanı gözünə taxıb bir daha saatı gözünə yaxınlaşdırdı. Sonra gözündən lupanı çıxarıb: - bu saatın ortası qızıldı. Satmaq niyyətində olsaz, bunun puluna yaxşı İsveçrə saatlarım var. Onları sizə göstərə bilərəm! - dedi.

- Yox eee... Nə danışırsan?! Mənə bu saat lazımdı.

- Oldu! O zaman sabah günorta gəlin, saatı götürün.

Ağsaqqal ləngiyərək çəliyini yerə basa-basa dükandan xaric oldu.

Saatsaz tez lupanı gözünə yerləşdirdi və saatın üstündəki barmaq izlərinə diqqətlə baxdı. İzlər hədsiz dərəcədə böyük, cizgilər isə qalın idi. Özlüyündə "bu, kişi barmaq izləridi" - deyə mızıldandı.

Saatın içindəki pozuntunu tapmaq üçün dərhal şruplarını açdı, diqqətlə təmirə başladı. Amma bu saatın sirri onu olduqca gərgin hisslərə tərəf sürüyürdü. Düşüncələr qıraqdan üstünə yürüyür, onu rahatsız edirdi.

"Bu saatın səsi kişinin nəyinə lazımdı? Bəlkə də oğurluq maldı?!! Yox... ola bilməz! Oğurluq mal olsaydı, dərhal satmağa çalışardı."

Saatın batareyasını, həm də şüşəsini dəyişdi, pozuntularını isə təmir etdi. Əqrəbsiz saatı qulağına tutdu ki, düz işləməyinə əmin olsun. Qəribə bir səsi var idi. Yumulub açılan, döyünən bir insan ürəyi kimi çırpınırdı. Bura qədər minlərlə saatı təmir eləmişdi, səslərinə diqqət yetirmişdi. Amma nəsə bu saatın səsi ona çox fərqli gəlirdi. Bu qəribəlik ustanın halını daha da həyəcanlandırırdı.

Bir kiçik kağızın üstünə kişinin adını yazıb, saatın üstünə yapışdırdı, onu divardakı mıxdan asdı.

"Bu saat kimin ola bilər? Əqrəbsiz saatı kim qoluna bağlayar?!"

İllər sonra bu peşədə belə qəribə halın şahidi olması ustanın fikirlərini təşvişə doğru sürükləyirdi. Həmçinin, ağsaqqalın normal ağıla malik olduğunu görmüşdü, ona görə içindəki axtarış hissi ona qalib gəlirdi. Bu qədər saatın içində arxasındakı divardan təkcə ağsaqqalın saatının səsini eşidirdi. Qulaqları başqa saatlara kar olmuşdu. Arxasına dönüb divardan saatı götürdü. Səsini eşitməsin və onu dayandırsın deyə, içindəki batareyanı açdı və təzədən onu divardan asdı.

 

***

 

- Həyat yoldaşınızla aranız necədir? Onudamı həmişə sorğu-suala tutursuz?

- Mənim həyat yoldaşım İsrail vətəndaşıydı. O, mənə görə öz ölkəsindən bura gəlmişdi. Xoşbəxt bir həyatımız var idi. Hələ bir uşağımızın olmasını düşünürdük. Amma peşəm onu məndən ayırdı.

- Açıqlaya bilərsinizmi?

- Bir gün bankların birindən oğurluq olanda mən əməliyyatın komandiri idim. Silahlı oğru bu prosesdə iki bank işçisini öldürməyə məcbur olmuşdu. O, heç cür təslim olmaq istəmirdi. Başqalarını ölümdən qurtarmaq üçün və onun dirənişi nəticəsində məcbur olaraq bu işi bitirmək istədim. Atəş hökmünü verməyə qərar verdim, onu iki güllə ilə xilas etdilər. Təəssüf ki, yoldaşım məni bu işə görə bağışlamadı. Onun gözündə mən qatil sayılırdım, çünki yerlisinin ölümünə fərman vermişdim. Elə həmin günü də məndən ayrıldı.

 

***

 

Əqrəbsiz saatın ucbatından yenə yeməyi unutmuşdu. Gərgin halətiylə əlini alnına qoyub düşünürdü. "O qoca kişini bu saatla bağlı sorğu-suala tutacam" - deyib bu sözü daxilində təkrarlayırdı.

İşi olmayan zamanlar, darıxmaq sorağına gələn dəqiqələr dərhal rəfini açır, yoldaşının şəklini çıxarıb baxırdı. Yoldaşından ayrıldığına baxmayaraq sanki ondan nələrsə, hansısa izlər qalmışdı ki, heç cür silinib getmək bilmirdi. Şəklinə baxmaqla təskinlik tapırdı. Ona qarşı olan sevgisi hərdən elə üstünə yürüyürdü ki, həqiqətən də özünü o oğrunun qatili hesab edirdi. Hərdən də həmin oğrunu məzardan çıxarıb yenidən güllələmək istəyirdi, çünki oğru onun sevdiyi qadını əlindən almışdı. Bu paradoksal hissiyyat ruhunu yeyirdi. Elə buna görə də sonunda dözə bilməyib öz ilkin işindən istefa verməyə məcbur qalmışdı.

Paradoks dolu dünyamızda ikiliklər insanı özündən ayırır. Bu ikiliklərin birisi sənin sol qolundan və o birisi sağ qolundan, zaman zolağı isə iki tərəfdən dartır, o zamanacan ki, insan iki yerə bölünür. Həqiqəti söyləyən şəxs də hardasa nahaqdır. Amma xarab saat da gün ərzində bir dəfə vaxtı düz göstərir.

Səhər erkən dükanın qapısını qeyri-adi bir iztirabla açıb içəriyə daxil oldu. Divardakı saatlara həminki diqqətlə bir-bir baxıb sanki onların nəbzini yoxladı. Dükanın divarları zaman daşıyıcısı kimi səhərlər daha şən görünürdü. Bəlli olurdu ki, gecə divarları da yora bilirmiş. Mağazada olan saatlar bir-birinə baxıb bir ordunun əsgərləri kimi səs-səsə vermişdilər. Diqqətlə qulaq asan şəxs bu səsləri eşidəndə özünü İngiltərənin bir böyük orkestr konsertində hiss edərdi. Fərqli-fərqli səslər zaman daşıyıcılarından qulağa çatırdı. Xüsusən, saat 12 olan zamanlar, saatlar eyni vaxtda özlərindən ətrafa xor şəklində səs yayırdılar. Hətta mağazanın qarşısından keçən şəxslər belə, o səsə diqqətlərini yönəldirdilər və bir anda vitrinin qarşısında dayanır, saat ordusunun orkestrini dinləyirdilər. Sanki bu dükanın önündən zaman paradı keçirdi.

İş masasına tərəf gedəndə ayağı altında yenə bir kiçik batareya qaldığını hiss etdi. Bir an dayandı. Əslində, çox çalışırdı ki, o kiçik mərciyə oxşar batareya masasından yerə düşməsin, amma istəmədən hərdən bu iş baş verirdi. Batareyalar saatların döyünən ürəkləriydi. İnsanların batareyaları görən hardadır? Nədir? Ürəkmi? İstedadmı?

Səhər-səhər evdən çıxarkən qapı çıxışında xanım ona tərəf yüyürdü və saatçıya üz tutaraq "yenə tez gedirsən işə, yuxuya qalmışam, səsini eşitməmişəm, bağışla! Yoxsa səhər yeməyini bərabər yeyərdik" - dedi. Saatsazın gözündə sevgi duyğusu dalğalanaraq "olsun, canım, səssizdən yedim ki, yuxudan oyanmayasan" - dedi və sonra xanıma yaxınlaşdı ki...

Bir saatın xoşagəlməz zəngi onu bu xəyaldan diksindirdi. Tez rəfi açıb xanımın şəklini çıxardı. Şəkli əlində tutub öpdü.

Qocanı intizarla gözləyirdi. Səhər yeməyini yeməmişdi, günorta da aclıq heç yadına düşmədi. Saatın qüsurlu yerini həll edib, masanın üstünə qoymuşdu. Əlini çənəsinə qoyub saata baxırdı. Hərdən qulağını saata yaxınlaşdırır, qızıl saatın çırpıntılı səsini dinləyirdi. Bu səs onu sehrləmişdi. Özünü Parisin köhnə küçələrində, böyük saat meydanında, zaman tunelində itirmişdi. Yağış sonrası günəşli bir gündə əlini alnına tutub gözlərini izdiham içində saat meydanındakı böyük saata dikmişdi, ətrafındakı insanlar yox olmağa başlayırdı. Bir-bir... təkbətək gedirdilər... səssizləşirdi hər şey. Saatın səsi eşidilirdi təkcə. Tıq...tıq...tıq...tıq...

Qapı açıldı, səsi onu Parisdən ayırıb yenə həmin dükana qaytardı. Başını qaldırıb qapıya tərəf baxdı. Qan-tər içindəydi. Qapıdan həmin kişi girdi içəriyə. Həmin gözlədiyi adam. Qoca kişi masanın o tərəfində dayanıb "saatım hazırdımı?" - dedi. Cibindən bir qəzet səhifəsi çıxarıb masanın üstünə sərdi.

Saatsaz ağsaqqalı gördüyü anda dili dolaşaraq "Bəli... bəliii... hazırdı" - dedi. Masanın üstündən saatı götürdü, titrəyərək kişiyə vermək istədi: "qulağınıza tərəf tutun! Dinləyin... işləyir! Tam istədiyiniz kimi işləyir! Şüşəsi də, səsi də düzəlib" - dedi.

Kişi "Oldu! Zəhmət haqqınızı deyin!" - deyib əlini saata tərəf uzadıb saatı götürmək istəyəndə saatsaz əlini saatın üstünə qoydu. Ciddi simasıyla "nə üçün bu saatı əqrəbsiz istəyirsiz? Niyə bunu satmadız?" - deyə soruşdu.

Kişi təəccüblənərək matı-qutu qurudu. Bir azdan özünə gəlib asta səslə: "Bu saat yadigardı, onunçün..." - dedi.

"Bu, cavab olmadı, atam! Əqrəbsiz saatın işləməsi nə deməkdir?"

Ağsaqqal əsəbi halətiylə "sənə dəxli olan bir məsələ deyil! İşivi görmüsən, sağ ol! İndi isə zəhmət haqqını al və soruşma!"

Saatsazın simasında iztirab at oynadırdı: "O zaman mən bu məchul fikirdən ölərəm. Mütləq mənə danışmalısan! Çox xahiş eləyirəm!"

"Zəhmət haqqını deyirsən, yoxsa saatımı götürüb gedim?"

Saatsazın səbir kasası daşmışdı, hirsli-hirsli qapıya tərəf cumub onu arxa tərəfdən qıfılladı. Səsini ucaldıb: - "Bu məsələni mənə deməsən, burdan çıxmağa icazə vermərəm!" - dedi.

Qoca kişi çıxılmaz vəziyyətdəydi, əlləri əsə-əsə kətili çəkib oturdu və üzgünlüyünü oturmaqla ört-basdır etmək istədi. Saatsaz da öz davranışından narahat olub kişiyə yaxınlaşdı və çömbəltmə şəklində yerə oturdu. Ağsaqqala üz tutub "atam, mən vaxtıykən detektiv işləmişəm, ona görə öz əlimdə deyil! İnanıram ki, məni başa düşəcəksiniz" - dedi.

Ağsaqqal o saat: - Tanıyıram səni! - dedi.

Saatsaz məsələni soruşmadan - Lütfən bu saatın sirrini danışın, - dedi.

Kişi bir az duruxub sonra papağını başından götürdü. Həyəcandan nə edəcəyini bilmirdi. Sonunda çarəsiz olaraq saatın sirrini açmağa məcbur oldu.

- Gənc yaşlarımda bir xanımı sevdim. On bir il bir evdə yaşadıq. Evlənib toy etmədən. O qədər sevərək yaşayırdıq ki, bu 11 ilin necə keçdiyini bilməmişdik. Sevdiyim feminist xarakterliydi. Onun düşüncəsi sayəsində biz heç zaman nikaha girmədik. Onun fikrinə görə evlənməyi sənəd müəyyən etmirdi. Onun fərqli olmağından çox xoşlanırdım. O deyirdi, fərqli olmağından qorxma, oxşarlıqdan qorx! Özünə bənzər bir adamı kəşf etsən, o zaman bil ki, sən özünü yaşamamısan, - deyirdi. Sevgi bir kağıza bir imzayla sığmırdı onun nəzərində. Onun mənə qarşı sevgisi hədsiz dərəcədəydi, amma heç zaman bir feminist qadın olaraq ideologiyasından əl çəkmirdi. Onun bu xarakteri məni də incitmirdi. Onun gözündə cinsiyyət deyilən bir şey yoxuydu. Bax, bu saat elə o xanımındı. Bu saat həmişə onun qolunda olardı. Mən zamanı onun qolundan hiss edirdim. Mənim gecə-gündüzümü onun qolundakı saat bəlli edirdi. Hətta bu saat o yatanda belə qolundan çıxmırdı. Yataqda olarkən onun sol qolu həmişə başımın altında olardı. Bu saatın səsi bir sevgi nəğməsi kimi məni yuxuya aparırdı. Mən bu saatın uşağıyam, saatsaz!!! Bunun səsiylə yatıb-dururam!

Bu hadisə saatsaza elə maraqlı gəlmişdi ki, sükutunu pozub tələsərək... "necə oldu bəs? Bu saatın əqrəbləri niyə yoxdu?" - deyə soruşdu.

- Bu saat bir dəfə əlimdən yerə düşdü, şüşəsi və əqrəbləri qırıldı, amma onun səsinə öyrəşdiyimə görə onu qolundan çıxarmırdı. Mənə təkcə o əqrəbsiz saatın səsi lazım idi. O saat əqrəbsiz olandan sonra günlərim gündən-günə çətinləşdi və sevdiyim qadın xərçəng oldu. Zaman getdikcə bizi ayrı salmağa məcbur edirdi. "Hər şeyin bitmə zamanı var" demək istəyirdi. Bir gecə həmin qadının qolu başımın altındaydı və saatın səsiylə yuxuya getmişdim. O gecə saatın səsi çox fərqliydi. Yuxuda gördüm ki, bir cəhənnəmdə üşüyürəm, ətrafımda insanlar alov kimi üstümə gəlirdilər və cəhənnəmin şərq tərəfində bir yumruq boyda buza çevrilmişdim. Alov adamlar içində əriyirdim zərrə-zərrə. Odların içində üşüyürdüm. Cəhənnəmdə üşüyürdüm. Yuxudan duranda dünyanın rəngi dəyişmişdi və mən yataq içində titrəyirdim. Başımın altındakı xanımın qolu Sibirdəki bir dəmir parçası kimi bumbuz idi. Saat səsi birinci dəfə və fərqli olaraq insanın ürəyi kimi zəif çırpınırdı, sanki dayanmaq istəyirdi. Qalxıb qadının üzünə baxdım ki, bənizi ağappaq olub. Onu neçə dəfə səslədim, silkələdim. Amma daha yuxudan oyanmadı. Məni yuxulara aparan qadın həmin gecənin yuxularına getdi. O, dünyasını dəyişəndən sonra özümü, insanları zaman və məkan arasında bir qurma kukla kimi hiss edirəm. Bu zaman arasında hamı kimi yemək yeyirik, addımlayırıq, sevirik, müharibəyə gedirik, savaşırıq, ölürük...

Saatsazın tüpürcəyi ağzında qurumuşdu, udquna da bilmirdi. Ayağa qalxıb saatı masanın üstündən götürdü, saatı qəzetin arasına büküb qoca kişiyə verdi. Ağsaqqal nə qədər zəhmət haqqını ödəməyə israr etdisə, saatsaz ondan pul götürmədi. Kişi saatı büzüşmüş qəzetdə alıb pencəyinin cibinə qoydu, səssiz şəkildə dükandan xaric oldu. Daha dükandakı saatların səsi gəlmirdi. Sanki hamısının dili tutulub lal olmuşdu. Saatsaz bir-bir saatları divardan endirib masanın üstünə qoyurdu. Vitrindəki saatları yığıb-yığışdırırdı...

 

Ümid Nəccari

 

Ədəbiyyat qəzeti.-2018.- 13 oktyabr.- S.8-9.