Marafondan qələbə xəbəri

 

Ürəyimin səsi qoşulub saata nəsə bəstələyirlər birlikdə,

Hərdən qonşumun qışqırığı qırıq-qırıq edir simfoniyamı.

Yalnızlıq belə bir şeydi

Sinəmi döyüb sevgi

Qapımı vurub duz istəsən

Tapılmaz heç biri...

 

Qaçıram, tənhalıqdan, qaçıram...

Ölmədiyimin xəbərini çatdırıram sabahıma

Qaçıram tənhalıqdan qaçıram

Marafondan qələbə xəbəri gətirən əsgər kimi...

 

Gömgöy divar kağızında dəniz,

Dənizdə gəmi

Gəmidə qızıl saçlarını dalğalara yastıq etmək istəyən qız,

qağayılar qoşulub mənə

Gedirik...

Gedərik...

 

Ayrılığın paytaxtında sərgərdan

 

Sən məni anlamazsan, gözəl gözlüm,

Sonluğu olmayan kitabam sənə.

Mən sual kimi sualam indi,

cavab kimi cavabam sənə.

Sümüyünə düşməyən küskün havayam

Baxıb anlamadığın hansısa şəkiləm

Rənglə, boyayla yox,

Ümidsizliklə çəkilmiş şəkil

 

Bənd olur insan bəzən anlamadığı adama,

Sən məni sevsən özündən çıxa bilməzsən.

Qorxu filmindən bir kadrdır həyatım,

Gəlib yetişdiyimiz bu yolun hər tərəfi ayrılığa aparır.

Mən sərgərdan qalmağa öyrəşmişəm

ayrılıqların paytaxtında

Sən məni unut, gözəl gözlüm

Necə ki, yuxularını unudursan,

Necə ki unudursan hər yox olanı.

 

gecənin bu saatında...

 

Yəqin küçələrə xalça kimi sərilmiş səssizlikdən hiss edirsən,

Ya sabahı bilinməyən xəstələr,

Ya da həyatı iyirmi dörd saata sığmayanlar oyaqdı indi.

 

Üstünə ört yorğanı

Elə bil ki, atanın evə cibi dolu gələn günlərindən

                                   yapışıb həyatına qaytarırsan

İtlərin hürüşməsinə qarışan bütün səsləri sənindi

Küçələrinə ölüm qaranlığı çəkilmiş küçənin

Bir-birinə qarışmış budaqlar

Ölümü salamlayan dəli qadının qarışıq saçlarına bənzəyir.

Küçənin zülmət üzünə ləkə kimi düşən

Günəş rəngi işıq

İntihar edir işıq dirəyindən.

 

Pəncərənin önündə ard-arda canlanır keçmişin

Atanın intiharı,

Ananın dəli olması...

 

gecənin bu saatında

Ulduz kimi bir bədən sürüşür göy üzündən.

 

Ac mərmilər

 

Dodağından qaçan təbəssümünü

Əliylə gizlədirdi

Kədərli görünürdü tökülən dişlərindən qalan boşluqlar.

Ən çox da güləndə

Qaranlıq məzarı xatırladırdı

Bəlkə qədər gözəl hissləri sözə çevrilmədən ölmüşdü orda.

Gözlərində gəzdirirdi

Müharibə illərinin güllələrlə deşik-deşik olmuş xatirələrini

Pencəyinin bir qolu ondan xəbərsiz

Tuturdu adamlardan,

Tuturdu ağaclardan.

Küləkdən yapışırdı,

Hərdən-hərdən sınıq bir xəyal tapıb,

Hərdən solmuş diləkdən yapışırdı.

 

Bəlkə ən çox onun bədəninə yaraşırdı güllə izləri,

Günün hər saatında

Həyəcan siqnalı vardı həyatında.

Sanki indi

Yenə güllələr atılacaq,

Yenə bir neçə saat əvvəl birlikdə yemək yediyi adam

Ac mərmilərə qonaqlıq verəcək bədənində.

 

Malik Atilay

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.15.