Günəş yatmağa gedəndə...
hekayə
Kəndin
ayağındakı qərib ev payız gələndə
düşmənə təslim olmaq istəməyən əliyalın
döyüşçüyə bənzəyirdi. Birmərtəbəli,
alçaq evin sol tərəfindəki şüşəsiz pəncərəyə
vurulmuş köhnə qəzet külək əsdikcə təslimiyyət
bayrağı kimi yellənirdi. Sağ tərəfində
sıra ilə ərik, gilas, alça, gavalı
ağacları əkilmişdi. Ağaclardan hərlənə-fırlana
qopub tökülən yarpaqlar torpağın sinəsinə
çürümək üçün töküldüklərindən
xəbərsiz idilər sanki...
Mustafa
kişi oturmuşdu qapıda, əsadan yapışdığı
əlinin üstünü dayaq eləmişdi çənəsinə,
xəyala dalmışdı. Hərdənbir külək
şiddətləndikcə ərik ağacının
budaqları dəyirdi evin
köhnə kirəmit damına, diksindirirdi onu. Havanın
soyumağa başlamasıyla qonşuları Həmid və
İsrafil də nərdlərini, damalarını, dominolarını
götürüb çəkilmişdilər öz isti
yuvalarına. Soyuyan hava sanki insanların da arasına sərinlik
gətirmişdi.
Arvadı
Zahidə şəhərə, sonbeşiyi Aybənizin evinə
qonaq gedəndən tənhalığı bir az da
artmışdı onun. Ağıryana, dindirməsən, dinməyən
bir qadın idi Zahidə. Mustafa ilə bir-birlərini sevərək
evlənmişdilər. Atası əvvəlcə elçilərə
"yox" desə də, qızını sevən
oğlanın inadkarlığı qarşısında
"ağ bayraq" qaldırmalı olmuşdu. Bu
inadkarlığın səbəbi o idi ki, Mustafagil bu rayonda qərib
idi. Sonralar kürəkəninin
mərd xüsusiyyətlərini gördükdə ata,
qızının səhv etmədiyini
anlamışdı...
Zahidə
Aybənizgilə gedəndən hər gün
çıxıb otururdu qapıda, ömür-gün
yoldaşının gələcəyi yollara baxa-baxa həyatını
vərəqləyirdi Mustafa kişi. Bir də iri tut
ağacının altındakı boş skamyaya baxanda
darıxırdı.
Qonşuları Həmidlə İsrafilin boş skamyada
görünən yerlərində yaşıl, sarı,
qızılı yarpaqlar küləyin uğultusuna rəqs
edirdilər. Bu da Mustafa kişini lap çox
darıxdırırdı. Zarafat deyil, illərin sərt
sınaqlarından alnıaçıq, üzüağ
çıxmış dostlar idi onlar. İndi ürək
ağrısı İsrafili yıxmışdı
yorğan-döşəyə, Həmidin isə oğlu
Bakıya köçəndən bir ayağı şəhərdə
idi.
Mustafa Həmid
və İsrafillə xəstəxanada tanış
olmuşdu... O vaxt gənc Mustafa Kənd Təsərrüfatı
İnstitutunu təzə bitirmişdi. Aqronom kimi pambıq sahələrinə
baş çəkib evinə gedirdi. Atasının neçə
il pul yığaraq aldığı ağ rəngli
"jiquli" ilə rayonun girəcəyindəki yol ilə
keçərkən bir az aralıda yerdə uzanmış bir
adamın ilan kimi qıvrıldığını
gördü. Tez əyləci basıb maşını
saxladı. Düşüb həmin tərəfə getdi. Al
qan içində zarıyan təxminən 60-65
yaşlarında bir kişi idi. O, tez kişini qucağına
alıb maşının arxa oturacağına uzatdı. Həyəcandan
əli, ayağı əssə də, özünü
toplayıb sürətlə maşını rayon xəstəxanasına
sürdü. Xəstəni reanimasiyaya yerləşdirdilər.
Mustafa xəstənin vəziyyətini öyrənmək
üçün əməliyyat otağının
qarşısında saatlarla gözlədi. Bir meydan dolusu adam
yığılıb gəlmişdi xəstəxanaya. Mustafa xəstəxananın
həyətində skamyada oturub siqaret çəkirdi. Bu zaman
cavan bir oğlan ona yaxınlaşıb soruşdu:
- Mənim
atamı xəstəxanaya siz gətirmisiniz?
Mustafa
ayağa qalxdı.
- Mən
gətirmişəm.
Oğlan
onun boynunu qucaqlayıb dedi:
- Sən
mənim atamı yenidən həyata qaytardın. Bu gündən
olduq qardaş.
Adının
Həmid olduğunu deyən oğlan Mustafa ilə həmin
gün lazım olan iynə-dərmanları almaq
üçün birlikdə apteklərə baş çəkdilər.
Mustafa Həmidi tək buraxmadı. Atası Səməndər
yaxşılaşıb xəstəxanadan evə buraxılana
kimi hər gün onun ziyarətinə gəlir, əlindən
gələn köməyi əsirgəmirdi.
Səməndər,
onu vurub qaçan sürücünün
maşınının nömrəsini yadında
saxladığı üçün həmin
sürücünü həbs etdilər. Səməndərin
övladları, qohum-əqrəbası onun xilaskarı olan
Mustafa ilə heç vaxt münasibəti kəsmədilər...
İsrafil Həmidin dostu idi. O, Mustafanı elə Səməndər
kişi xəstəxanada olarkən onu ziyarətə gələndə
görmüş və dostlaşmışdılar. Sonralar bu
üç dost eyni məhlədə yanaşı torpaq sahəsi
alıb ev tikdirmiş və qonşu olmuşdular.
Dostlarının
boş qalmış yerlərinə baxanda köks ötürən
Mustafa kişinin təsəllisi bu idi ki, bu səssizlik, tənhalıq
müvəqqətidir. Bir azdan arvadı Zahidə də gələcək
qızının evindən, yay da dönəcək geri,
qonşular da qayıdacaq tut ağacının altındakı
yerlərinə. Beləcə, o da tənhalıqla
vidalaşacaq...
Haqsızlıq
dolu illəri yorub yola salmış Mustafa kişi uzaqlarda
solğun çiçək kimi təravətini,
şuxluğunu itirmiş payız günəşinə
baxırdı... Zahidə qızıgilə gedəndən hər
gün çıxıb otururdu qapıda, ömür-gün
yoldaşının gələcəyi yollara baxa-baxa həyatını
vərəqləyirdi.
Gəlib
keçən illərin özü ilə apara bilmədiyi xatirələr
var idi. Gözlərinin qabağına gələn üzlər
arasında tanıdıqları da vardı, nə vaxtsa
tanıyıb unutduqları da. Dizləri taqətdən
düşsə də yaddaşı hələ ki möhkəm
idi Mustafa kişinin. Otuz ilə yaxın vaxt keçmişdi o
zamandan. Hər şeyi dəyişdirən illər ondan da yan
keçməmişdi. Qocalmışdı. Yaman
qocalmışdı...
Sovetlər
birliyi təzə dağılmışdı onda. Bir
Allahın bəndəsi bazarda meyvə-tərəvəz,
pal-paltar, öz həyətinin, bağının məhsulunu
satmağı man bilmirdi. Dolanmaq lazımıydı.
Çörək aslanın ağzındaydı. İnsanlar səhərdən
axşama qədər özlərini oda-közə vururdular
ki, həmin çörək axşam süfrələrində
olsun. Coğrafiya müəllimi Sahibin dərsdən sonra qəssablıq
eləməsi daha lağa qoyulmurdu. Sahib müəllim
Avstraliyanın təbiətindən, Cənubi Amerikanın
coğrafi mövqeyindən, Everest zirvəsindən
danışdığı vaxt kiminsə sinif
qapısını döyüb "Sahib müəllim, sizdə
qarın-bağırsaq, içalat var?" deməsini
şagirdlər təəccüblə
qarşılamırdılar daha. Vaxtilə vəzifədə
olanlar, imkanlılar geri yanına qara gün üçün
beşdən-üçdən atmamışdısa, əzab-əziyyətə
məhkum idi.
Getdikcə
bir az da şiddətlənən külək uzaqlardan Mustafa
kişinin burnuna yanmış yağ qoxusu gətirdi. Bu qoxu
Qırlı Eyvazı xatırlatdı ona. Bazarda
piştaxtaların altına tökülmüş, bir yerə
yığılmış tullantı kartofları gətirib
evdə pirojki bişirtdirib satan Qırlı Eyvaz qəpik-qəpik
yığdığı pullarla böyük biznes qurmuşdu.
O vaxt günün altında çarıq-çürük
kartof dənləməkdən qapqara qaralıb qır rəngdə
olduğu üçün uzun boylu, arıq Eyvaza Qırlı ayamasını
vermişdilər. Çətinliklə qazandığı
üçün qəpiyinin qədrini bilmişdi Eyvaz. Nə
bir adama əl tutmuşdu, nə də kiminsə ac
qarnını doyurmuşdu. Qırlı Eyvaza Eyvaz müəllim
deyirdilər artıq.
Vəzifədə
olmasına baxmayaraq çox sadə bir insan idi Mustafa kişi.
Daim camaat arasında olar, el-obanın xeyir-şərindən
qalmazdı. Elçi getdiyi qapıdan kor-peşman
qayıtdığı olmamışdı. Əgər
elçiliyə o gəlmişdisə, vəssalam-şirinçay
içilməliydi. Təbii, o da hər adamın
qapısına ayaq basmazdı...
Uzaqlardan
gələn küləyə qarışıb Mustafa
kişinin qulağına doldu bu səs: "Vartaaan!" 13
yaşına çatsa da yoxsulluq üzündən sünnət
olunmamışdı Mütəllimin kiçik oğlu Əvəz.
Sinif yoldaşları ona "Vartan" deyərək lağ
edirdilər. Məktəbə getməkdən imtina etmişdi
Əvəz. Sinif rəhbəri dəfələrlə
ata-anasına sifariş göndərsə və səbəbi
bilmək üçün evlərinə getsə də Əvəz
iki ayağını bir başmağa dirəyib məktəbə
getməyəcəyini, uşaqların onu cırnatmaq
üçün verdiyi Vartan adından
utandığını demişdi. Günlərin birində məktəbin
qarşısından keçdikdə bir dəstə oğlan
uşağının öz həmyaşıdları olan
başqa bir oğlana bu cür deyib
qışqırmasının, gülüş hədəfi
olan oğlanın isə ağlaya-ağlaya ordan
qaçmasının şahidi oldu Mustafa müəllim.
Maşını tez sürüb ağlayan uşağa
çatmasını istədi sürücüdən.
Sürücü siqnal verərək uşağı səslədi.
Uşaq maşından düşən Mustafa müəllimi
görəndə qorxu qarışmış heyrətdən
ağzı ayaqqabısının ağzı kimi
açıq qaldı. Mustafa müəllim maşından
düşüb ona yaxınlaşdı:
- Nə
olub, oğlum?
Uşaq
hıçqırdı:
- Sinif
yoldaşlarım mənə Vartan deyirlər.
- Niyə?
Uşaq
özünü tox tutmağa çalışsa da
bacarmadı, ağladı.
- Kişi
də ağlayarmı? Özünü ələ al, mən də
sənin əmin. De görüm, niyə ağlayırsan?
Amma bu
sözlər də kara gəlmədi. Uşaq
ağlamağının səbəbini demədi ki, demədi.
Mustafa müəllim cibindən dəsmal çıxarıb
onun gözlərinin yaşını sildi. Atasının
adını, evlərinin yerini soruşdu sonra. Qamış
çəpərin qarşısındakı ev çiy kərpicdən
hörülmüşdü. Maşın səsinə
bayıra çıxan ev sahibi Mütəllim Mustafa müəllimi
görəndə sevincindən karıxdı. O boyda vəzifə
sahibinin onun daxmasına gəlişi gözlənilməz idi.
Tez köynəyinin yuxarıda açıq qalmış iki
düyməsini də düymələdi. Salam verdi
çaş-baş halda. Bu həyəcanı aradan
qaldırmağa çalışdı Mustafa müəllim:
- Yaman
ağlağan oğlun var ha. Bu gün-sabah əsgər gedəcək,
vətəni qoruyacaq, hələ də ağlayır.
Nə deyəcəyini
bilmədi Mütəllim.
- Hə,
bir az elədir, - dedi dili topuq vura-vura. Səsə Mütəllimin
arvadı Sürəyya, yanında iki balaca qızı
çıxdı çölə. Gələn adamın yad
kişi olduğunu görüb quru xına rəngində olan
baş örtüyünün bir qanadını ağzına
tərəf apardı Sürəyya...Qızlardan bir az
böyük olanı gedib evdən stul gətirdi.
Mustafa
müəllim dünən şahidi olduğu hadisəni
danışdı, uşağın niyə
ağladığını soruşdu.
- Nə
bilim, ay Mustafa müəllim, on iki yaşına çatıb,
hələ kiçik toyunu eləməmişik,
tay-tuşları bunu başına qaxınc edir,
"Vartan" deyirlər, ona görə bir az utanır, - dedi
Mütəllim.
Həmin
həftə Mütəllimin oğlu Əvəzi müsəlman
etdirdi Mustafa müəllim. Üstəlik, evini tikdirmək
üçün daş almasına da köməklik göstərdi.
Yağış
kəsmiş, günəş doğmuşdu. Əvəz daha
ağlamırdı...
Mustafa
müəllimin xeyirxah əməllərini saymaqla bitərmi?
Bitməz, əlbəttə, bitməz... Neçə
imkansız gəncə toy eləmiş, müalicəyə, əməliyyata
ehtiyacı olan neçə xəstənin şəfa
tapması üçün varını əsirgəməmişdi...
İllər
zamanın yollarında dağlar, ağaclar, çəmənlər,
göllər, dənizlər kimi geridə qalmışdı.
Günlər, aylar, ötür, qarşıdakı mənzərələr
dəyişir, heç bir maneəyə, qadağya baxmayaraq
zaman öz yoluna davam edirdi. Başqa bir dövr gəlmişdi.
Əsr biznes əsri idi. Dövrün nəbzini tutanlarla o nəbzin
necə vurduğuna fikir verməyənlər arasında yer ilə
göy, dağ ilə dərə qədər fərq
yaranmışdı. Tərsinə dönmüşdü fələyin
çərxi. Borca düşmüş, borcunu qaytarmaq
üçün iyirmi hektar ərazini icarə edib taxıl əkmişdi
Mustafa müəllim. Ona daha "Mustafa müəllim"
demirdilər...
Qızıl-qırmızı
bir iyun ayıydı. Gün yuxarıdan qartal kimi hücum
çəkib adamın beyninə işləyir, əllərini,
sir-sifətini yandırıb qaysar edirdi. Qapısında bir
daşın üstündə oturub borcunun arxasınca gələn
adamlara baxırdı Mustafa kişi. Vəzifədə
olduğu vaxtlarda onun qapısında bir tikə çörək
üçün quyruq bulayan, ac qarınlarını
doyurduğu həmin kəslər indi taxılı
daşımaq üçün növbəyə
durmuşdular. Əsər-əlamət qalmamışdı
Mustafa müəllimdən. Sahibi olduğu super marketin fəhlələrinə
belə bir əmr vermişdi bir vaxtlar siqareti dənə-dənə
satan Məmmədyar:
- Bir az cəld
olun! Mustafa kişi, dur bunlara kömək elə də, nə
oturmusan, görmürsən tələsirik?! İstehza ilə
Məmmədyarın yekə cəmdəyinə, daz
başına, boğazından uzunqulaq quyruğu kimi sallanan
qalstukuna baxıb bir zamanlar onun
qapısında bir qarın yemək üçün necə
yaltaqlanmağını, o, əyləşsin deyə
qaçıb maşının qapısını
açmasını, hər kəlməsində "Qadan
alım, ay Mustafa müəllim, sənə gələn dərd,
bəla mənə gəlsin" deməsini
xatırlamışdı Mustafa kişi... Kövrəlmişdi...
"Dağıl səni, dünya" demişdi fikirli-fikirli...
Qapısında
böyük bir dağa bənzəyən taxıl azaldıqca
Mustafa kişinin ümidi də azalmışdı. Öləzimişdi
gözlərində yanan çıraq. Axşama yaxın
borclular həmin "dağı"
"şümlamışdılar".
İndi
payız günəşinin solan çöhrəsinə
baxa-baxa o vaxt qapısında iri bir daşın üstündə
oturmasını xatırladı. O vaxtkı kimi gözləri
uzaqlara dikilmişdi yenə... İnsanların fürsətcil,
girəvəçil, çörəyi dizinin üstündə
olmasını, nadanlığını
düşünürdü.
Bir it
hürdü hardasa. Başqa itlər onun səsinə səs
verdi. Bir az da uzaqlardan çaqqalların səsi
qarışdı ilərin hürüşməsinə...
Mustafa kişi taxılı daşımağa, borc verdikləri
pulun faizini, faizinin faizini aparmağa gələn
borclularını xatırladı... Yadındaydı,
baxışlarının son dayanacağı olan ovcundakı
3-4 qızılı sünbül dənəsinə
baxmış, fikrə getmişdi onda... Alnında
puçurlayan tər damcıları, gözündən axan
bir damla son ümid və ovcuna sığınmış
"borc" zərrələri düşmüşdü
yadına... Beyninə saplanmış bu sualın
cavabını çox illər
düşünmüşdü: "Görəsən
balalarım nə yeyəcək?"
Onun
baxışları yenə uzaqlara zillənmişdi-o uzaqlara
ki, orda taxıldan bir dağ ucalmış və o dağı
bir günün içində
"şumlamışdı" borclular...
Uzaqlarda
istisi, işığı öləziyərək
dağların arxasında gizlənməyə
hazırlaşan günəşə baxırdı Mustafa
kişi. Günəş yatmağa gedirdi... Yavaş-yavaş o
da günəş kimi yır-yığış edib çəkildi
evinə. Həyat yoldaşı gələnə qədər
evdə onu tənhalıq qarşılayacaq, qulaq
yoldaşı televizor olacaqdı... Onun dadı-tamı dəyişməyən
həyatına bir də səhər tezdən qonaq gələcəkdi
günəş. Yenə yarpaqları küləyin bir
toxunuşuyla tökülən ağaclara, üşüyən
günəşə baxacaq, əlinin üstünü çənəsinə
dayaq edərək xəyala dalacaqdı...
Xuraman
Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2018.- 13
oktyabr.- S.23.