Tanıdığımız və tanımadığımız Dağıstan...

 

"Yaxın qonşu uzaq qohumdan irəlidir" - deyirlər.

Ölçülər dəyişilib, uzaqlıq, yaxınlıq anlayışları da əvvəlki mənasını itirib.

Dağıstan yaxın qonşumuz olmaqla, əhalisinin böyük bir hissəsi həm də bizə "qohumdur". Tarixin bir çox qanlı-qadalı yollarında bir yerdə yürümüşük. Arada çaydan, dağdan başqa ayrıc olmayıb. Siyasi xəritələr dəyişilsə, sərhədlər gah Dərbənddən, gah da onun o üz-bu üzündən keçsə də, mənəvi sərhədlər dəyişilməyib. Biz bir dövlətin tərkibində olanda da, olmayanda da din, adət-ənənə, mənəvi dəyərlər, yaşam tərzi bizi eyni doğmalıq çərçivəsində saxlayıb, üstəlik, Rusiyanın işğalına qədər yüzillər boyu Dağıstan ərazisinin böyük bir hissəsi və Azərbaycan bir dövlətin tərkibində olublar. Dağıstan xalqlarının əsas ünsiyyət dili qıpçaq və Azərbaycan türkcəsi olub.

Bu bölgə xalqlarının dostluğu, eyni taleyi paylaşmaları, dar gündə bir-birinə arxa olmaları, daim bir-birlərinə doğru can atmaları, fitnəyə uymadan bir-birinin əlini buraxmamaları, qarışıq ailələr haqqında saysız örnəklər gətirmək, cildlərlə kitab yazmaq olar. Şərqi Qafqaz bu baxımdan dünyanın çox nadir bir yeridir və bu qədər xalqın bütün iddialara, fitnəkarlıqlara baxmayaraq bir arada yaşaya bilməsi ən yüksək sayğıya layiq, möcüzəli bir işdir. Lakin yeni nəsillərdə Avropa, Qərb heyranlığı gücləndikcə, uzaq olanlar daha cazibədar göründüyündən bəzən yaxında olanlara az maraq göstərildiyini də etiraf etməliyik; halbuki, insanlığın, mənəvi ucalığın, mərdlik və kişiliyin elə ölçüləri var ki, onları öz aramızda, qonşuluğumuzda axtarmalıyıq və bu meyarlar nəzərə alınmadan dünyada nəyin yaxşı, nəyin pis, nəyin gərəkli, nəyin gərəksiz olduğunu anlamaq olmaz. Bu düşüncə ilə yanaşanda biz, yaxın qonşularımızı və qohumlarımızı nə dərəcədə tanıdığımızın hesabını aparmalıyıq. Bugünkü Güney Azərbaycanı nə qədər tanıyırıq? Yaxud tarix boyu dünyanın maraq dairəsindən çıxmamış Qafqazı, öz mənbələrimiz və tariximiz müstəvisində incələyən neçə kitabımız, bələdçi qeydlərimiz var?

Haşiyə: Dağıstanda bir dostumuz, eyni mənim kimi, yaxın qonşularımızla az maraqlandığımızı dilə gətirib çox həssas bir mövzuya toxundu. Ermənilərin tarix boyu Azərbaycan türkləri ilə iç-içə yaşamış ləzgilər və başqa azsaylı xalqlar arasında necə işlədiyi, hansı xəyanətkar planlar qurub, arada soyuqluq yaratmaq üçün hansı oyunlardan çıxdıqlarını, vaxtilə "Sadval"a necə yardım etdiklərini xatırladaraq bu prosesin Dağıstanda və Moskvada indi də davam etdiyini bildirdi. Yüzillər boyu yan-yana, iç-içə yaşadığımız və ayrı-seçkiliyimiz olmayan qardaş xalqlarla aramıza şeytanların girməsinə imkan vermək olmaz. Onlar PKK və Azərbaycandan kənarda Talış separatçıları ilə də eyni ssenari üzrə çalışırlar. Bir-birimizi yaxından tanımaq, həm də bu təxribatların qarşısını almaq üçün vacibdir.

Yarım əsr unudulmayan xatirə. Universitetin 4-cü kursunda oxuyanda məni Ufaya, Başqırdıstan Universitetində keçirilən Ümumittifaq tələbə elmi konfransına göndərmişdilər. Azərbaycan poeziyası haqqında məruzə etmişdim. Geri dönərkən cibimdə xırda-para yol xərclərinə yetəcək pulum da vardı. Ancaq Moskvada biletimi qeyd elətdirəndə əlavə ödəniş məsələsi çıxdı ortaya. Elə bil cibimin sonucu qəpiyinə kimi hesablamışdılar. Qatara mindim, lakin qarşıda iki günlük yol var idi. Yataq dəstini, çayı, yeməyi unutmaqdan başqa yol qalmamışdı. Vaqon yeyir-içir, kupelerin açıq qapılarından sağlıqlar yüksəlir... Vaqon bələdçisi təmiz yataq mələfəsi gətirir - imtina, çay gətirir - imtina, qonşularım süfrə açır - bir bəhanə ilə kupedən çıxıram. Ətrafda hamı bakılı, azərbaycanlı, amma bir nəfər də tanıdığım yox. Kupe yoldaşlarım Dağıstandan gənc bir ailədir, Moskvada aspiranturada oxuyurlar, söhbətimiz tutur, dostlaşmışıq. Lakin aclığımı və pulsuzluğumu onlardan da gizlədirəm. İkinci gecə yarıyuxulu onların pıçıltısını eşitdim. Xanım deyir oyadaq, yoldaşı deyir oyatmayaq, qoy yatsın. Mən bu hadisəni eşidirəm, ancaq oyanmaq halında deyiləm. Nə isə. Yenidən yuxuya getdim. Səhər oyananda qonşularımla xudahafizləşə bilmədiyimə görə təəssüfləndim. Ancaq bu zaman gözüm masanın üstündəki kefir şüşəsinə sataşdı. Yanında tələsik, amma nəzakətlə yazılmış bir məktub: "Sabir, biz Mahaçqalada enirik. Tanışlığımıza çox şad olduq. Bu xırda yardımımızdan imtina edəcəyini düşünüb səni oyatmadıq. Bir daha görüşmək arzusuyla"...

Bir şüşə kefir, bir bulka və məktubun altında 3 rubl pul. İki günlük aclıqdan sonra bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Bir manat yatağa, qalan iki manat isə doyunca çay içməyə bəs edir.

Bir daha görüşə bilmədik. Amma bir ömürdür bu xatirə mənimlə yol gəlir və həmişə xəyalımda Dağıstanın gənc və həssas siması kimi yaşayır. Bəzən bir insan və bir ailə öz yurdunu başqalarına bu şəkildə dost edə bilir.

Bir çox dəyərlər var ki, bizim ümumi sərvətimizdir. Bununla fəxr etməli və bir yerdə qorumalıyıq. Dərbənd bu gün Dağıstan şəhəridir. Lakin Azərbaycan tarixinin ədəbiyyat və mədəniyyətinin quruculuq qüdrətinin və yaddaşının ayrılmaz bir parçasıdır. Tarix boyu Quzeylə Güney sərhədinin bir hissəsi bu gün də yaşayan Dərbənd divarları olub. Əfsanəyə görə, bu divarlar Çin səddi kimi dağların başıyla Xəzərdən Qara dənizə kimi uzanırmış. Neçə minlik tariximiz yatır orda. Moskva hökuməti araşdırmadan, dərindən öyrənmədən və ya qəsdən Dərbəndin 2000 illik yubileyini keçirdi. Guya Qara dəniz sahillərində təməlini Yunanlar qoymuş şəhərlər Dərbənddən daha qədimdir. Onda günah yoxdur. Bildikləri bu qədərdir. Bilmirlər ki, Dərbəndin yaşı 2000 il yox 5000 ildir. Ancaq daha öncəki 3000 il Moskvalıq deyil. 2000 il öncənin qədim tarixini biz bilirik və biz qutlamalıyıq. Sizin, bizim söhbətini bir kənara qoyub, başqa xalqlarla bir yerdə şəhərin mədəniyyət abidələrini qorumalıyıq. Dərbənddə Bakı günləri, Bakıda Dərbənd günləri keçirmək, məktəblilərin qarşılıqlı səfərlərini təşkil etmək, Dərbənddəki Azərbaycan türklərinin təhsil və mədəniyyət ocaqlarına qayğı göstərmək, tarixin yadigarlarını qorumaqla Dağıstan hökumətiylə anlaşıb birgə fəaliyyət göstərmək lazımdır.

Azərbaycanda bir parça Dağıstan, Dağıstanda bir parça Azərbaycan varsa, bu, arada körpü rol oynamalıdır. Bu sözünü deyərkən, mən orda yaşayan türkləri, bizdə yaşayan Dağıstan xalqlarını nəzərdə tuturam.

Kitab festivalı. Mahaçqalada "Tarki-tau (dağ adıdır) - 2018" adı altında keçirilən VII Uluslararası Kitab festivalına məni, festivalın əsas təşkilatçısı Marat Hacıyev dəvət etmişdi. Gedəcəyimi Mahaçqaladakı Azərbaycan Milli-Mədəni Muxtariyyəti də bilirdi. Cəmiyyətin sədri Rakif Əzizov demək olar ki, bütün yol boyu bizi nəzarətdə saxladı və qarşımıza çıxdı. Onun istəyilə "Yurmala" adlı balaca, lakin gözəl bir oteldə yerləşdik, bizi festival təşkilatçılarının öhdəsinə buraxmadı.

Moskvada yaşayan köhnə həmkarım, əslən dərbəndli olan tat yazarı Mixayıl Dadaşov da səfərimizdən xəbər tutub və onun adından Fərhad Seyidov yazır, bizi Dərbəndə dəvət edir.

Festivalda kitabların sərgilənməsi və satışı ilə yanaşı, 3 gün ərzində çeşidli müzakirələr keçirilir, yeni kitablar təqdim edilir və müəlliflərin çıxışları dinlənilir. Tərcümə işi və dillərin sözlük problemi ilə bağlı Moskva, Belarus, Quzey Qafqaz alimlərinin və ədəbiyyatçılarının iştirakı ilə keçirilən müzakirələr maraqlı idi. Amma mənim üçün ən dəyərlisi balkar xalq şairi Qurtulanı Salehin (Saleh Qurtiyev) 80 illik yubileyinin qutlanması və onun çevirməsində balkar dilində çıxmış "Kitabi-Dədə Qorqud"un təqdimatı idi. Saleh ömrünün mühüm bir hissəsini tərcümə işinə həsr edib. Puşkinin "Yevgeni Onegin", Şota Rustavelinin "Pələng dərisi geyinmiş pəhləvan" əsərlərini ana dilinə tərcümə edib. Çıxışından bəlli oldu ki, Dədə Qorqud boylarını özəl bir sevgi ilə, heyranlıqla çevirib. Bircə gün də işdən ayrılmayıb. Tərcüməyə başlarkən xəstə olsa da, Dədə Qorquddakı qədim türk ruhu onu sağaldıb. Dastan ona öz ana dilinin də bəzi sirlərini dərk etməkdə yardımçı olub.

Qocaman şair festivala əsərlərinin beş cildliyini də gətirmişdi. Tərcüməyə ayrılmış üçüncü cilddə balkarca mənim də bir silsilə şeirim verilib.

Mən çıxışımda Azərbaycan-Dağıstan ədəbi-mədəni əlaqələrilə yanaşı, Dədə Qorqud boylarının dünya ədəbiyyatındakı yerindən, onun Dağıstanla da bağlı olduğundan, Azərbaycan dilinin Dərbənd dialektinə yaxın bir dildə yazıldığından danışdım. Azərbaycan ədəbiyyatının təbliğindəki xidmətinə görə Saleh Qurtiyevə Dünya Azərbaycanlıları Konqresinin təşəkkür bəlgəsini təqdim etdim, şeir oxudum.

Qafqaz Yazarlar klubu adından mənə klubun fəxrlik üzvü təqdim edildi: "Sizi Qafqaz yazarları arasında daha tez-tez görmək istəyirik" - dedilər.

Həmin gün Saleh Qurtiyevin narahatlığı gözümdən yayınmadı. Səbəbini gizlətmədi. "Nalçikə qayıtmalıyam. Aranı qarışdırıblar, Allah eləməsin, qan düşsün." Açıq deməsə də, kabardinlərlə balkarların münasibətlərinin gərginləşdiyini anladım. Bu, Sovet rejiminin Quzey Qafqaz türklərini parçalamasının, balkarları yerindən-yurdundan qoparıb Qırğızıstana, Qazaxıstana sürgün etməsinin nəticəsidir.

Yazıq şairlər. İnsanların bütün ağrıları və faciələri onların içindən keçir.

Azərbaycanlıların milli mədəni muxtariyyəti. Dağıstanda yerli türklərdən başqa, iş dalınca gələn yerlilərimiz də çoxdur: bazar, restoran, tikinti... Təəssüf ki, çoxu bu səviyyədə çalışır. Amma aralarında tanınmış ziyalılar da var. Məsələn, festivalın keçirildiyi Dağıstan Milli Kitabxanasının direktor müavini və festivalın əsas təşkilatçılarından biri ağdamlı Sara Cəbrayılovadır. Bütün günü diqqəti üstümüzdə idi... Gözəl, ağıllı, təəssübkeş bir qadındır. Yoldaşı Ədliyyə Nazirliyində işləyir.

Azərbaycanlıların milli muxtariyyətinin sədri Rakif Əzizovu çoxdan tanıyıram. DAK-ın fəaliyyətilə bağlı ara-sıra zəngləşirik. 30 ildən çoxdur Mahaçqalada yaşayır. Bütün bu illər ərzində daim Azərbaycanla Dağıstanın mədəni, iqtisadi əlaqələrinin güclənməsinə çalışıb. Bütün tarixi günlərimizi yüksək səviyyədə qeyd etməklə, azərbaycanlıları bir araya gətirməyə çalışır. Cəmiyyətin fəaliyyəti Respublika təşkilatlarının 50-dən çox fəxri fərmanı ilə dəyərləndirilib. Bu yaxınlarda Rakif Əzizov Respublika başçısının fərmanı ilə "Xalqlar dostluğu" ordeninə layiq görülüb. Onu Mahaçqalada ağsaqqal kimi tanıyır və sayğı göstərirlər; Dağıstan hökuməti yanında Millətlərarası iş üzrə şuranın üzvüdür. Bununla belə, qayğıları da başdan aşır. Moskva uzaqdır, məncə, Mahaçqalada Azərbaycan konsulluğunun açılması vacibdir. Çünki Rusiyadan gələn bütün yollar burdan keçir. Çətinliklərin həlli üçün də son ümid yeri buradır. Azərbaycan cəmiyyətinə ən çox müraciət edən, vətənə qayıtmaq istəyən insanlardır. Sovet dövründə gedənlər, qaçqınlar, köçkünlər var. Sənədləri köhnəlib, yenisini ancaq Azərbaycanda ala bilərlər. Hər adamın da Moskvaya getmək, səfirliyə müraciət etmək imkanı yoxdur.

Rakif Əzizov bu adamların bəzilərinin yaşadığı şəraiti və xahişlərini videoya çəkib. Bu videoları ikili duyğu ilə izləyirəm. Vətənə dönmək istəyi anlaşılandır. Hökmən bir yol tapılmalıdır. Yaşa dolmuş kişilərə baxanda başqa fikirlər də keçir ürəyimdən: Məgər bunların hamısı iş dalınca getmişdilər? Axı, ailəsini, ev-eşiyini atıb yad qucaqlarda öz yuvasını unudanlar da var. İndi qocalıb, əldən düşüb, heç kimə lazım olmayanda vətən deyib sızıldayırlar: "Qayıdıb vətəndə ölmək istəyirik." Vətənə ölməyə yox, yaşamağa və yaşatmağa, Vətənin taleyi üçün mübarizə aparmağa qayıdarlar. Öləndən sonra torpaq hər yerdə torpaqdır.

Şeyx Şamili ziyarət. Bu səfərimə "dağları ziyarət" də deyə bilərdim. Ancaq nə fərqi? Dağıstanın ən uca dağı elə Şeyx Şamildir. Bu ad 180 ildən artıqdır qəhrəmanlıq, cəsarət rəmzi kimi yaşayır və dağlarını şöhrətləndirir.

Hara gedirəmsə, məni ucalıqlar, dağların yüksək ruhu çəkir. Bu, qan yaddaşından gəlir.

Mahaçqaladan Şeyx Şamilin son sığınacağı, son səngəri olan Qunibə ən kəsə yol 160 km-dir.

Oteldən tezdən, saat 06:30-da çıxdıq. Abid, Ramazan (ikisi də Zaqatala yetirməsidir), balaca qardaşım Faiq və mən.

Maşını sürən Abid yol boyu danışmaqdan yorulmur. Bəzən emosiyaya qapılıb, əllərini də sükandan çəkir. Ona Muğan yolları ilə getmədiyimizi xatırladıram. Uçurumları və sərt döngələri göstərib, "sən söhbətini saxla Qunibə, indi danışma!" - deyirəm. Bir xeyli susur, sonra yenə dözə bilmir: bəs, bu yollar, çaylar, göllər, ərik bağları, tunellər, su elektrik stansiyası, onun yanındakı yaraşıqlı şəhərcik, süni dəryaçanın çox dadlı balığı, suyun altında qalmış kəndlər və itən abidələr, buranın igid adamları haqqında kim danışsın? İlk dolamalar və Dağıstanın köhnə paytaxtı Buynaksk arxada qalır. Az sonra qarşımızı divar kimi yeni dağ silsiləsi kəsir. Maşınla aşıb keçmək ağlasığmazdır. Ancaq 5 km.lik tunel dik yoxuşları, aşılmaz zirvələri unutdurur. Tuneldən çıxan kimi İmam Şamilin əfsanəvi yurduna - müridlərin və qəhrəmanların dünyasına düşürsən. Burada ilk ziyarətgahimiz - qayalara sığınmış bir məscid, köhnə tikililər və parlaq bir tarixin uçuq yadigarlarıdır. Dağıstanın və Çeçenistanın ilk imamı Qazi Məhəmməd 1830-cu ilin oktyabrında dağlıların özgürlük hərəkatının başında çar orduları ilə qeyri-bərabər savaş sonu burada həlak olmuşdur. Onu yaxınlıqda, Şeyx Şamilin kəndində dəfn etmişlər. Qayaların ətəyində həmin savaşın başqa bir xatirə lövhəsi də var. Gənc Şamil düşməndən yayınarkən qayadan bu lövhənin qoyulduğu yerə atılıb. Qayaya baxıram, heyrətlənirəm. Ən aşağı çıxıntısı belə dayandığımız yerdən çox hündürdədir. Ordan ancaq quş kimi, qartal kimi uçmaq olardı. Və Şamil də uçaraq bura enib...

Yol imamın doğulduğu Qırmı kəndinin yanından keçir. Təəssüf ki, hərbçilər kəndə gedən yolu kəsiblər. Orda vahabilər yuvarlanıb, - deyirlər. Ancaq mənə elə gəlir ki, burda dayananlar vahabilərdən yox, kənddə hələ də diri olan Şamilin ruhundan, bu ruhun yenidən qanadlanıb Dağıstanı tutacağından çəkinirlər. Qırmı kəndinin yanında yol haçalanır. Biri Gürcüstan və Çeçenistana, digəri süni dəryaça boyu Qunibə doğru uzanır. Dağlardakı gözəllik və əzəmət mənə Dağlıq Altay Respublikasını xatırladır.

"Erməni konyakı". Yol boyu söhbətlərimizin içində xırda bir şeytan əsintisi də var. Bu erməni mövzusudur. Abid özünəməxsus bir temperamentlə: "Bəy, İkinci Dünya müharibəsinə qədər "erməni konyakı" deyilən bir şey olub? Yox, olmayıb! Almanlar Qafqaza yaxınlaşanda Moskvanın əmrilə Kızlar konyak zavodu Yerevana köçürülür. Öz nəhəng, çoxillik palıd çəlləkləriylə bir yerdə. Kızlar konyakı beləcə erməni konyakına dönüb."

Dağıstanda yüzə yaxın göl var. Ancaq onların ən böyüklərindən biri sahili boyu getdiyimiz süni dəryaçadır. Şaftalı, ərik bağları arasında, dağlar arasındakı kəndlərdə ilahi bir sakitlik var. Bir baxışla adamın ruhu dincəlir.

Dağıstanla Azərbaycanın yaxınlığını Mahaçqaladan uzaqda, dağların sədd çəkib qoruduğu bu sakit vadilərdə də hiss edirsən, çünki kəndlərin, çayların, dağların, göllərin bir çoxunun adı Azərbaycan türkcəsindədir. Zatən XIX əsrin sonuna kimi Dağıstanın cənubu Azərbaycan türkcəsində, şimalı Qumıq türkcəsində danışırdı. Peterburqla yazışmalar Qumıq dilində aparılırdı. Qaragöysu çayını adlayıb bizim Kəlbəcər yollarını, Xınalıq, Lahıc yollarını xatırladan sərt qayaların arasıyla Qunibə doğru irəliləyirik. Bu dağların arasında Şeyx Şamil tam 25 il Çar ordusunun bütün ümidlərini puça çıxarıb. Sonda millətinin aclıqdan əziyyət çəkdiyini görəndə dözə bilməyib dirənişi dayandırmış, daha doğrusu, xəyanətə əsir düşmüşdür; Qunibə arxa tərəfdən gələn cığırı düşmənə nişan verən bir xain tapılmışdır.

Sankt-Peterburqa Şamilin daxil olduğu günü təsvir edən N.Çernışevski yazır ki, Peterburq hələ heç zaman belə təntənə, şadlıq görməyib. Onu ehtiramla ən dəbdəbəli saraylardan birində yerləşdirmişdilər. Peterburq bayram edirdi ki, hər il 15000 rus əsgəri ölümdən xilas olub. Bunun nə demək olduğunu hesablamaq çətin deyil. Mirzə Kazım bəyin yazdığına görə, Şeyx Şamil yürüşlərə cəmi 10-12 min əsgərlə gedirdi. Ən güclü vaxtında çevrəsində 60000-dən artıq döyüşçü olmayıb. Bu güclə 25 il Çar İmperiyasına qarşı dayanmağının sirri onun imanında və azadlıq eşqində idi. Şeyx Şamil Qafqaz xalqlarının özgürlük ruhunun rəmzidir, Dağıstanın simasıdır.

Qunibi uzaqdan görürəm. Və ürəyim az qala ayağımın altına düşəcək. Ağ Şuşa! Gözəl Şuşa! Unudulmaz Şuşa!

Qunib necə də sənə bənzəyir! Lap əkiz qardaş kimi. Dağların ovcunda, quşqonmaz qayaların başında, dünyadan qopmuş, sanki kimsəsiz, amma bu təkliyində hər şeyi olan! Azad! Bol suyu, gözəl havası, sıx meşəsi, terraslardakı əkin-biçini, bostanları, meyvəsi... İkiniz də tarix boyu düşmənə və zamana meydan oxudunuz! İkiniz də xəyanətə qurban getdiniz. Bu gün Qunib dağ başında gözəl bir şəhərcikdir. Şuşanın da azad günlərini görəcəyik!

Qunibin mərkəzi meydanı da elə Şuşanın mərkəzini xatırladır. Burdan baxanda çayın o üzündə dağların yamaclarında başqa kəndlər də görünür. Ən böyüyünün adı Çoxdur. Şeyx Şamil o kənddə dəfələrlə düşmənin burnunu ovmuşdur.

Meydanda bizi görüb yaxınlaşan adamlarla, Abidin və Ramazanın tanışları ilə söhbət edirik.

Yol bizi yuxarı məhəllələrə aparır. Bir yerdə uçurumun üstündən adlayırıq. Qayalara reyslər vurub üstündən asfalt çəkiblər. Elə bil asma körpü ilə gedirsən. Səfərimiz Şamil köşkündə tamamlanmalıdır. Şəhərdən xeyli yuxarıda, təpənin başında pöhrələnib qalxmış meşənin içində qədim məqbərələri xatırladan tağbəndli tikilinin içində masaya bənzəyən iri bir daş var. Şamil bu daşın üstündə oturub dincəlmiş, son döyüşlərinin planını bu ucalıqdan doğma dağlara baxa-baxa cızmış, göstərişlərini burdan vermişdir. Yəqin sal daşın üstündə oturanda o, dünyanın gəlişini-gedişini, öz xalqının əliylə yaradılmış gözəllikləri və düşmənin xaraba yadigarlarını daha yaxşı görürmüş. Burdan yuxarıda heç bir yaşayış məskəni olmayıb. Ancaq indi şam meşəsinin içində astma xəstəliklərinin müalicəsi üçün sorağı Dağıstana yayılmış bir sanatoriya tikiblər. Maşını yolda saxlayıb, Şamil köşkünə piyada qalxırıq. Yan tərəfdəki lövhədə onun qələbə yürüşlərinin, uğurlu hərbi əməliyyatlarının xronologiyası yazılıb: 1832-ci ildən 1858-ci il avqust ayının 25-nə kimi... Bu xronologiyada biri məğlub olanda başqası gələn rus generallarının adları və məğlubiyyətlə nəticələnən savaşlar qeyd olunub. Ayrıca bir lövhədə Şamilin qunibli naiblərinin adları yazılıb.

Mən də onun oturduğu yerdə otururam. Bilmirəm, Şamil üçün bu daşın üstünə xalıdan, xalçadan bir şey atırmışlar, yoxsa yox? Ancaq daş mənə yaddaşını pozmaq mümkün olmayan sehrli bir güzgü, dünyanın ən güclü bilgisayarı təsiri bağışlayır. Ağ qaya parçası mənə son döyüşdə iki tərəf arasında qaldırılan bayrağı da xatırladır və mənə elə gəlir ki, o bayraq Şeyx Şamil üçün bu daşdan daha ağır imiş... Heç bir söz soruşmadan, sakitcə oturub bu daşa baxsan, onu dinləsən, sənə XIX yüzilin ortalarından bəri dünyanı dolaşan ecazkar mərdlik dastanından parçalar söyləyəcək... Deyəcək ki, vətəni Şamil kimi qoruyarlar! Ona dil uzadanlar gec-tez öz səhvini anlayacaq! Onun üstünə gələnlərin, onu əsir alıb Peterburqa aparanların izi-tozu qalmayacaq, amma bu dağlar durduqca İmam Şamil də yaşayacaq.

Haşiyə: Bir gün Bəxtiyar Vahabzadə söhbətimizi yarımçıq kəsib "sən mənim səhvimi etmə" - dedi. "Sizin səhviniz nədir?" - deyə soruşdum. "Vaxtında məsləhət verənim olsa, mən də Rəsul Həmzətovun yoluyla gedərdim. Əvvəl günah işlətdi, Moskvanın gözünə girmək üçün Şeyx Şamilin əleyhinə yazdı, Kremlin bütün mükafatlarına yiyələndi, Moskvanın əli ilə kitabları bütün dünyaya yayıldı, bundan sonra arxayınlıqla Şamildən üzr istəyərək xalqın qarşısında da öz günahlarını yudu. Mən isə ortaya "Gülüstan" poemasıyla çıxdım. Qabaqcadan bütün yollarımı bağladım. Gərək mən də tərsinə edəydim."

Mən böyük dostumun sözünün arxasını dinləmədən: "Onda siz Bəxtiyar Vahabzadə olmazdınız!" - dedim. Fikrə getdi və bir də o peşmançılığını dilə gətirmədi. Sonra məclislərdə o söhbəti misal çəkər və "tələbəm mənə bir dərs verdi" - deyərdi.

Köşkün alt tərəfindəki yamacda bizim dağlardakı kimi seyrək alma, armud ağacları və bir də saçları küləkdə tel-tel olan bir ağcaqayın ağacı var. Dərənin o üzündə, qarşı yamaclardakı terraslarda balaca evlərin ətrafında, bostanlarda tək-tək qadınlar işləyir. Bu dağlarda kişilərin alın yazısı savaş olduğundan, ev işləri bütünlüklə qadınların çiynindədir. Yanından keçən bir avar qadına "yorulmusan?" sualını verməsən, səndən inciyər. Cır almanın, armudun dadına baxdıq. Mən "bu talada zamanında Şeyx Şamilin yediyi bir Qunib yeməyini dadmadan geri dönmək günahdır!" - dedim; doyunca dağ havası almaq üçün ağcaqayının kölgəsindəki məxmər çəmənlikdə uzandım. Sən demə, uzağa getmək lazım deyilmiş. Yolun kənarında xəmir xörəklərin ustası olan bir xanım yaşayırmış. Bunu yanımızdan keçən yol polisi söyləmişdi. Yarım saatdan sonra yol yoldaşlarım deyə-gülə, əlidolu yaxınlaşıb çəmənlikdə süfrə açdılar. Bu dağlardan onların şərəfinə beş-on kəlmə söz demədən ayrılıb getmək olmazdı. Adamlar eşitməsə də, torpaq, meşə, qayalar, başımızın üstündə qıy vuran qartal, göylər və nəhayət, Şamilin ruhu eşidir...

Uzaqda Qunibdən cənub tərəfdə yüksələn dağların o üzündə, eynilə Dağıstan avarlarının, yəni Şamilin qohumları yaşayır. Dağıstanlılar Zaqatala, Balakən avarlarının, zaxorlarının, ləzgilərinin tarixini yaxşı bilirlər. Sən demə, Azərbaycanda yaşayan Dağıstan xalqlarının bir çoxunun ilk ocaqları bu dağların arasındadır. Neçə-neçə kənd var ki, öz adını Zaqatalaya, Balakənə də köçürüb. Bizimkilərin çoxu Dağıstanda qalmış ilk ocaqlarını yaxşı xatırlayırlar. Vaxtilə mal-qara saxlayan dağlılar qışda Alazan vadisinə enərdilər. Sonra bu yerlərdəki rahatlığı görüb, burda məskunlaşıb qalıblar. Amma nə yaxşı ki, onların çoxu öz gəldikləri yolları və Dağıstandakı ilk ocaqlarını da unutmurlar. Zaqatalada doğulan Abidlə Ramazanı bu dağlara bağlayan Şamilin ruhuyla yanaşı, həm də o ata yurdlarıdır. Günortadan sonra geri qayıtdıq. Dağların havasından, suyundan, möhtəşəm görüntülərindən, qəhrəmanlıq xatirələrindən, ümidlərindən doymadan. İnsan həyatdan da belə ayrılır...

 

25.09 2018

 

Sabir RÜSTƏMXANLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.18-19.