Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Alber Kamyunun
"Yad" əsəri əsasında çəkilmiş
eyniadlı filmi təqdim edirik. Film 1967-ci ildə böyük
italyan rejissoru Lukino Viskonti tərəfindən lentə
alınıb.
Ümumilikdə,
Kamyunun dörd əsəri ekranlaşdırılıb. Argentinalı
rejissor Luis Puensonun "Taun" romanı əsasında
ekranlaşdırdığı eyniadlı filmdə (1992) hadisələr
Latın Amerikasının şəhərlərindən birində
1990-cı illərdə baş verir.
2011-ci ildə
italyan rejissoru Amelio Canni onun "İlk adam"
romanını eyni adla çəkib.
Və nəhayət,
Kamyunun "Qonaq" hekayəsinin motivləri əsasında
fransız rejissoru David Elhoffen "Adamlardan uzaqda" (2014)
adlı filmi lentə alıb.
Lakin
adını çəkdiyim filmlərin heç biri
kinematoqrafik özəlliyi, kino dili, nəql texnikası,
mövzuya yanaşması ilə seçilmir. Bu, çox
güman ki, Kamyunun bədii modellər təklif etməsindən
çox, fəlsəfi fikir daşıyıcısı
olmasından qaynaqlanır. Ona görə Kamyu kinematoqrafiyada az
müraciət olunan müəlliflərdən biridir.
"Yad"
filmi də Viskontinin yaradıcılığında xüsusi yer
tutmur, hətta onun zəif əsəridir...
Viskontinin
yaradıcılığı bir neçə mərhələyə
bölünür. İtalyan
neorealizminin yaradıcılarından olan rejissorun "Mübtəlalıq" (1943),
"Torpaq titrəyir" (1948) filmlərində
aşağı təbəqədən olan insanların sosial
problemləri, ağır yaşayışı, yaşamaq
uğrunda mücadiləsi təsvir olunur.
Amma
Viskonti müharibədən sonrakı fəaliyyətində
neorealizmin çərçivələrindən
çıxır. Çünki onun düşüncə
spekteri o qədər geniş idi ki, sadəcə eyni estetikada,
eyni yanaşmayla işləməsi mümkün deyildi.
Neorealist filmlərində o, dekorasiyalardan imtina edərək,
çılpaq naturada real adamları, onların məişətini,
sosial problemlərini bəzəksiz-düzəksiz ekrana
köçürürdü. Sonrakı əsərlərində
("Rokko və onun qardaşları") neorealist
estetikanın əlamətləri qalsa da, əsas motiv əyalətdən
böyük şəhərə köçən, meqapolisin
qanunları ilə ayaqlaşamağa çalışan,
yaşam dəyərləri dəyişən, özgələşən
fərdin problemləri, mənəvi böhran, ailə
bağlarının qırılmasıdır.
Yaxud,
"Leopard" (1962) kinoepopeyasında Siciliya
krallığının dağılması fonunda, rejissor
özünün dediyi kimi
"bir insanın və bir cəmiyyətin hekayətini
danışmaq, süqutu qəhrəmanın şüururun
prizmasından göstərmək" istəyib.
"Tanrıların
məhvi" (1969) Almaniyada nasizmin qurulması bir sülalənin
konfliktində araşdırılır.
Visktoni
son illərdəki yaradıclığında bir növ Avropa
mədəniyyətinin, mənəvi dəyərlərinin
qürubunu kino məkanda obrazlaşdırır.
Onun
ekzistensializmin bədii manifestlərindən sayılan
"Yad" romanını lentə alması 1967-ci ilə təsadüf
edir. Həmin ərəfədə Fransada sosial böhran
yetişirdi, az sonra sol dünyagörüşü təmsil
edən tələbələrin etiraz aksiyaları
başlayacaqdı, bundan başqa fransız Yeni Dalğası
çərçivəsində cəmiyyətdəki
doqmaları dağıdan, siyasi-ictimai-sosial-fəlsəfi
motivlərin fərqli interpretasiyada yer aldığı kult
filmlər çəkilirdi.
Sol
dünyagörüşü təmsil edən Viskontinin
"Yad" filmi də hər şeydən əvvəl siyasi
sistemin, cəmiyyətin sərt qaydalarına, köhnəlmiş
əxlaqi, sosial normalara qarşıydı. "Yad"ın qəhrəmanı
Mersonun riyakar adətləri qəbul etməməsi, toplumda
ümumi qəbul olunmuş saxta dəyərlərə
vecsizliyi, Tanrıya inanmaması, absolyut azadlığa can
atması Viskontinin dünyagörüşünə uyğun
idi.
Film
romanın maksimal dərəcədə dəqiq təsviridir.
Hadisələr
1930-cu illər Əlcəzairdə baş verir. Kontor xidmətçisi
işləmiş Merso bir ərəbi öldürdüyü
üçün həbs olunur. Əhvalatı qəhrəman
kadrarxası filmboyu nəql edir. Bir neçə epizoddan ibarət
olan filmin ilk səhnələrində Merso anasının dəfninə
gedir. Onun dəfndə soyuqqanlığı, ağlamaması
ordakıları təəəcübləndirir. Ertəsi gün isə o, xoşuna
gələn qadın - Mariylə dənizdə dincəlir,
kinoteatrda birgə komediyaya baxırlar. O, qonşusu, cinayət əməlləri
olan Raymonla dostluq edir, onunla birlikdə dəniz kənarına
dincəlməyə gedir. Və burada təsadüf
üzündən bir ərəbi öldürür. Son epizodda
isə məhkəmə onu qətlə və anasının
dəfnində sarsılmadığına görə edama məhkum
edir.
Viskonti təhkiyəsində
neorealizmin müəyyən elementlərindən yararlanır.
Filmin böyük hissəsi Əlcəzairdə lentə
alınıb. 1962-ci ildə
Fransanın əsarətindən qurtulan Əlcəzairin yoxsul,
sadə küçələri, müxtəlif epizodlarda əsas
personajlarla birlikdə real adamların yer alması,
ayrı-ayrı fraqmenlərdə yerli əhalinin
yaşayışının, çətin güzəranının
təsviri neorealist estetikadadır. Viskonti yoxsul, boz şəhər
mənzərələrinin təsvirindən eyni zamanda Mersonun
ekzistensial duyğularının fon gücləndiricisi kimi
istifadə edir.
Özəlliklə,
müəllif iki ifadə vasitəsinə üstünlük
verir: tər və məkanların həbsxana interyerinə
uyğun qurulması.
Personajlar,
xüsusən də qəhrəman tez-tez tərləyir.
Onun tərləməsinə səbəb
sadəcə bürkü deyil. Viskontinin yozumunda tərləmə
insanın daxili vəziyyətini ifadə edir: qorxusunu, həyəcanını,
utancaqlığını, sıxılmasını,
narahatlığını və s.
Bu mənada Mersonun ekzistensial sıxıntısı,
dünyaya özgələşməsi tərdə maddiləşir.
Və onun mənəvi narahatlığı,
sıxıntısı fiziki səviyyədə təzahür
edir.
Viskonti az
qala bütün məkanları həbsxana interyerində qurur
və ya o atmosferi yaradır. Kafelər, ofis, mənzillər- hər
yer mümkün qədər minimalist dekorasiya ilə işlənib
və kameranın fokusunu dəmir barmaqlıqlara bənzər
müxtəlif əşyaların nöqtəsindən qurub.
Mersonun
kiçik, yoxsul mənzilində nəzərə çarpan
daha çox qəfəsə oxşayan iri
çarpayıdır. Onun oyanması, saata baxması, siqaret
götürməsi, pəncərədən baxması
çarpayının, stulun və balkonun qəfəsəbənzər
hörmələri arxasında göstərilir.
Anasının
tabutu qoyulan məkanın barmaqlığabənzər
tavanına kamera xüsusi vurğu edir. Yaxud Mersonun mənzilinə gedərkən,
alaqaranlıq, dar bloka kiçik pəncərədən
düşən zəif işıq, kameranın onu dəmir məhəccər
arxasından izləməsi və onun sıxıntılı
ruh halı həbsxana mühitini xatırladır.
Çünki ondan ötrü dunya həbsxanadır və o,
burada özünü məhbus kimi hiss edir.
Küçələr,
dəniz, qumsallıq belə qəsdən
sıxılmış, daralmış rakursdan göstərilir,
məkanlar soyuq, solğun rənglərlə həll olunur. Hətta
Günəş solğun, depressiv əhvalda təsvir edilir.
Viskonti əlindən gələn hər şeyi edir ki, hər
detal, hər mizan depressivliyi, faciəviliyi ifadə etsin.
Sıxılmış,
sanki dünyadan təcrid olunan görüntülər,
solğun, soyuq rənglər, məkanların
lokallığı, bozluğu qəhrəmanın iç
dünyasının, ətrafa autik münasibətinin
vizuallaşmasıdır. Onu sevən Mariyə, işinə,
özünə, həyatına
yadlığının ifadəsidir. Çünki
dünya onun üçün bu təsvirlər qədər
bozdur, soyuqdur, məzmunsuzdur.
Mari ilə
həbsxanadakı görüşündən sonra, növbəti
kadrda qağayının dənizdən uçuşu, Pyero
Piççoninin apokaliptik ovqatlı musiqisi ilə
müşayiət olunur. Bu, Mersonun taleyinə metafordur. Fərdin
azadlıq istəyinin nə qədər təhlükəli nəticə
ala biləcəyini eyhamlaşdırır.
Məhkəmə
səhnəsi şərti, mübaliğəli işlənib.
Əsərə uyğun olaraq Viskonti də qəhrəmanın
müdafiəsi üçün hüquqi baxımdan heş
bir şərait yaratmır. Çünki sırf hüquqi cəhətdən
Mersonun müdafiəsi üçün əsaslar vardı.
Misalçün, ona bıçaq çəkən ərəbi
öldürməsi özünümüdafiəydi. Və ya
istinin təsiri, ərəbin biçağına düşən
günəş şüalarının gözünə
sancılması, spirtli içki səbəbindən
özünə nəzarəti itirməsi, affekt halına gəlməsi
psixoloji baxımdan izah olunandır. Hətta anasının dəfnində
sarsılmadığını belə vəkil asanlıqla müxtəlif
psixoloji durumlarla əsaslandıra bilər.
Amma
tamamilə aydındır ki, məhkəmə səhnəsi
hüquqi baxımdan yox, Kamyunun absurdizm fəlsəfi
düşüncəsi çərçivəsində
işlənilib. Ona görə Kamyu qəhərmanının
linçlənməsi üçün
çalışır, ona özünümüdafiə
imkanı vermir, həyatın insan iradəsindən kənar, təsadüflər
zəncirindən asılı oldğunu təsdiqləməyə
çalışır. Viskonti də buna sadiq qalır.
Merso
rolunu Marçello Mastroyanni ifa edir. Viskonti bu rolu, soyuq, sərt
naturasına görə Alen Delona həvalə etmək istəmişdi.
Ancaq müəyyən səbəblərdən Delon layihəyə
qatıla bilməmişdi. Mastroyanninin ifasındakı Merso
ziddiyyətli alınıb: emosional, soyuq, isti, vecsiz,
gözüqıpıq, cəsarətli. Mari rolunun
ifaçısı Anna Karina bu filmə çəkiləndə,
artıq, fransız kinosunda Yeni Dalğa cərəyanına
aid ekran əsərləri sayəsində məşhurlaşmışdı.
Ümumən,
Viskonti filmdə romandan daha fərqli, individual yanaşma ortaya
qoymayıb, sadəcə, romandakı atmosferi verib. Yeri gəlmişkən,
Viskonti əsəri olduğu kimi çəkmək niyyətində
omayıb, o, kompozisiyanı dəyişmək istəyib, hətta
fərqli ssenari də yazılıbmış. Ancaq Kamyunun
arvadının təkidi ilə bədii mətn demək olar
ki, olduğu kimi saxlanılıb və dəyişikliyə
izn verilməyib.
Türk
rejissoru Zeki Demirkubuzun "Yazğı" (2001) filmi də
"Yad" əsəri əsasında çəkilib.
Rejissor filmdə hadisələri türk toplumuna gətirir.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 13
oktyabr.- S.20.