Kitab içində kitab
yazan adam
Eyvanda
məhəccərə dirsəklənib
siqaret tüstülədirdim.
Ay göydə dayanmış
saat kəfkirinə bənzəyirdi. Telefonuma gələn zəng
məni xəyal aləmindən ayırdı.
Akif Cabbarlı idi - "Həyat etüdləri"ni yazan kişi.
"Düş həyətə,
bir az dərdləşək".
O, hər axşam bizə müşahidə
sənətindən "mühazirə"
oxuyur; bu "mühazirələr"in mayasında
satirik ruh, güclü sarkazm var. O, yumoruna içindəki işıqdan da əlavə edir, ona görə ondan heç kəs incimir. Yazdığı mətnlərdə
elə aktual, sarsıdıcı mətləblərdən
bəhs edir ki, sanasan, bu
kişi hər gün Mirzə Cəlillə, Əbdürrəhim bəy
Haqverdiyevlə oturub-durub,
danışıb-dərdləşib. O, televiziya jurnalistidir, buna görə qələmi də ətrafdakıları olduğu
kimi göstərir. Onun yazılarında televiziyadan
nişanələr qalıb
və bu, təbiidir.
Optik illüziya
kimi görünən
həqiqətlər onun
mətnlərində şəffaflaşır. Akif Cabbarlının mənə
bağışladığı kitablarını oxuyanda az qala,
hər səhifədə
hekayəyə çevrilməyə
can atan təsbit və ibarələrə rast gəlirdim. Alleqorik novellalarında plandankənar
kəşflər diqqətimi
çəkdi. Sözsüz ki, bu mətnlər
güclü müşahidələrin
nəticəsi kimi meydana çıxıb.
Bir vacib məqamı da qeyd edim, sonra
axşam gəzintilərinə
keçid alaq. Akif müəllim
kiməsə iradını
yumşaq tərzdə
bildirir, amma bu yumşaqlıq çox güclü zərbə effekti verir. Onun yazı tərzi
də eynən bu cürdür. Jül Renar yazırdı
ki, "aydın üslub ədəbiyyatçının
nəzakətidir". Akif Cabbarlının nəzakəti
isə ifşaedicidir.
Satirik yazıları haqqında bu qədər. Onun publisistikasında milli ruhun cazibəsi
hiss olunur, detalları
ümumiləşdirərək stilizə etmək və sonda bitkin
mətn ortaya qoymaq onun yaradıcılığının
spesifik xüsusiyyətidir.
Axşam gəzintilərindən söz
düşmüşkən, küləkli havalarda hamı həyətdə sakit guşə axtarır ki, ora yığışıb
söhbətləşsin. Akif müəllim
sanki sözün külək tutmayan yeridir, rahatlıq tapmaq üçün onun yanında dayanmaq istəyənlər
çoxdur. Bu sətirləri
yazarkən türk yazıçısı Zülfi
Livanelinin digər böyük türk yazıçısı Yaşar
Kamal haqqında dediyi fikirləri xatırladım: "Yaşar
Kamalın çevrəsində
əsən, sanki bədəninin ayrılmaz parçası
olan, getdiyi hər yerə, girdiyi hər məkana onunla birgə doğulubmuş kimi fərqində olmadan daşıdığı
bir rüzgar vardı". Hər kəsi öz təsiri altına alan
bir rüzgardı bu. Akif müəllimin xarakterində də bu rüzgarın xəfifliyi hiss olunur; zahirən sakit, mülayim görünsə
də içi fırtınalarla doludur. Yaradıcılıq da məhz bu iç
fırtınalarından doğulur.
Akif müəllim
təmiz adını zamanın dəyişən
küləklərindən ürəyi
kimi qoruyub. O, həlim,
kövrək adamdır,
dəfələrlə onu
əlini ürəyinin
üstünə qoyub
başqalarının halına
yanan görmüşəm.
Başqasının dərd-sərini öz qayğısı kimi yaşayıb, hamıya imkanı çatdığı qədər
kömək etməyə
çalışıb. Bu, kökdən gələn
bir keyfiyyətdir; onun ömür yolunda işıqlı adamlar çox olub, indi o da
bu işıq estafetini yeni gələn nəslin yoluna ötürür.
Yuxarıda üslubdan bəhs etdik. Akif müəllim sadə
və aydın üslubda yazır. Amma rus yazıçısı
Viktor Yerofeyev yazır
ki, üslub elə nəyisə fasiləsiz olaraq üyüdüb-tökməkdən, hər fikri danışıq dilində
verməkdən ibarət
deyil, çalışmalısan
ki, bu üyüdüb-tökdüyünü
kağız da götürsün. Söz Yer
kürəsi kimi öz daimi oxu
ətrafında fırlanır,
sözün öz daimi oxundan çıxmasına
imkan vermək olmaz. Bu oxun
adı emosiyadır.
Hiss və emosiyalar sözü həmişə
diri saxlayır, davamlı olaraq məna rüşeymlərini
inkişaf etdirir. Akif müəllimin kiçik hekayələri böyük
mətləblərdən bəhs
edir. Yazmağın ən çətin
yolu da elə
fikri qısa, lakonik şəkildə ifadə etməkdən keçir. Onun "Həyat etüdləri"
bir az da
teatral elementlərlə
zəngindir, müxtəlif
ovqatlar fraqmental şəkildə bu yazılarda bədiiləşir.
Bu tipli mətnlər
zaman ötdükcə
folklora çevrilir.
Onun "Quzu",
"Bu günün sabahı
da var", "Sahibsiz və çarəsiz itlərin gecə söhbəti"
hekayə-pritçaları əxlaqi-tərbiyəvi səciyyə
daşıyan təmsil
janrıyla səsləşir.
Müəllif insanlara xas olan naqis cəhətləri
heyvanların diliylə
oxucuya çatdırır.
Bu kiçik yazılar
yeni dövrün təşxisləridir.
Akif müəllim
həm də gözəl məclis adamıdır. Xoş təbiəti, həlim
xisləti, incə yumoru, turşməzə zarafatları iştirakçısı
olduğu məclisə
dad-duz qatır. Kimsə cızığından çıxanda
"diplomatik" gedişlərlə
həmin adamı zərərsizləşdirəcək, kimsə kimdənsə küsübsə yaxud dalaşmaq həddinə çatıbsa, Akif müəllimin sözü
aradakı çəpəri
götürəcək.
Çex yazıçısı Milan Kunderanın
təbirincə desək,
"zarafatların qürub
çağını" yaşadığımız bir
zamanda insanları zarafatla müalicə və həm də tərbiyə etmək müşküldən
müşkül. Köhnə kişilərin zarafatları
gənclər üçün
ekzotika kimi görünə bilər,
meqapolisin yetişdirdiyi
gənclər indi rep üslubunda bir-birləriylə
"alay" edirlər.
Bu gün ədəbiyyatda,
sənətin müxtəlif
sahələrində üslub
problemi yaşanır.
Üslub
insanın özüdür,
insanlar mümkün qədər özlərini
içlərinin dərinliklərində
gizlədirlər, üzdə
görünən onun
özü olmur, bu da natamamlıq
kompleksindən doğan
xüsusiyyətdir. Akif müəllimin
"Həyat etüdləri"ndəki
təhkiyəsi hər
cür butaforiyadan uzaqdır. O, həyata
bəzək vuran yazarlardan deyil. Yalın, çılpaq təsvirlər
reallığın qaçılmazlığını
yadımıza salır.
Bir az
da islah ümidilə yazılıb
bu yazılar, satirik-yumoristik novellalarda gülüşqarışıq bir ağrı da var. Həyət etüdləri isə bir ayrı aləmdir.
Bu yerdə ağsaqqal jurnalistimiz Çingiz Sadıqovun replikasından
bir ricət kimi istifadə edək: "Pa atonnan!"
Düşündüm ki, bu yazını
necə yekunlaşdırmaq
olar? Eyvana çıxıb
növbəti siqareti alışdıranda artıq
Ay yerini Günəşə
vermişdi... Balaca bir
yazıda Ay batdı, Gün doğdu. Həyat davam edir, Akif
müəllim. Borxes kainatı
kitabxana kimi təsəvvür edirdi.
Biz də bir
kitabın içindəyik
və kitab içində kitab yazırıq.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.-
13 oktyabr.- S.21.