Bir qorxunc oyunda ortaya çıxar şeir
Bu, mənim Qaradağa (Çernoqoriyaya, Monteneqroya) ikinci gedişim olacaqdı. Səksəninci illərin əvvəllərində SSRİ Yazıçılar İttifaqı Xarici Əlaqələr şöbəsinin xəttilə getdiyim zaman, elə indi də qeyri-ixtiyari fikrimin qocalıq alatoranında Aşıq Ələsgərin bir bəndi sağa-sola gedişlər etməyində idi. Bu misralar aşığın 1956-cı ildə çap olunan yaşılüzlü kitabından hafizəmə ömürlük pərçimlənmiş misralardı:
Necoldu Serbiya, Çernoqoriya?!
Əl-ayaq altında itdi İtalya.
German bir
bom atdı, qan oldu dərya,
Qırıldı,
dünyada insan qalmadı...
Təbii
ki, ilk oxuduğum vaxtlarda zamanın amansız diktəsindən
yoğrulmuş bu misralardakı ölkə adlarından mənə
yalnız İtaliya, ya da, hardasa, Serbiya tanış
gələ bilərdi. Çernoqoriya (Qaradağ), German
(Almaniya) adları isə... Ölümsüz aşıq
Birinci Dünya müharibəsi zamanı Avropada, xüsusilə
də, Balkanlarda baş verən amansız hadisələri cəmi dörd
misraya beləcə sığışdıra bilmişdi.
Səksəninci illərin əvvəllərində gəldiyim
bu yerlər hələ Yuqoslaviya adlanırdı. Və biz Özbəkistandan,
Qazaxıstandan, Gürcüstandan, Ukraynadan, sözüm ona,
Ermənistandan olan, altı nəfərdən oluşan
yazıçı "desant qrupu" Yuqoslaviyanın
üç respublikasında -
Bosniya və Herseqovinada, Qaradağda və Serbiyada
olmalıydıq. Zaman başqa zamandı.
Yuqoslaviyanın da Tito adlı öz Stalini vardı... Stalinqradlar olduğu kimi, Titoqradlar da olmalıydı.
Qaradağın başkəndi də
Podqoriça yox, Titoqrad adlanırdı. Bosniya və
Herseqovinanın paytaxtı Sarayevodan - bəlkə dünyanın ən
uzun tunellərindən keçən dəmiryol ilə Titoqrada
gələcəkdik. Ondakı Titoqrad, indiki Podqoriça
dağlarla əhatə olunub. Sanki yeri, göyü yaradan kişi bu yerlərin insanlarına rəhm edib əlinin
mayasıyla bir sıra zirvələri yerləbir edib və beləcə,
uca dağların arasında sehrli, insanların yaşaya biləcəyi
bir vadi yaradıb. Podqoriça adı da bu vadidə
yerləşən şəhərə elə-belə verilməyib
ki?
Uzun illərin və hətta rejimlərin arxasında
qalan o ilk səfərdən unudulmaq istəməyən hadisələrdən
bəzilərini də yeri gəldiyindən xatırlayıb
unudulmamasını istədim. İlk səfərimizdə əvvəlcədən
hazırlıq görüldüyündən yerli qəzet və
jurnallarda şəkillərimiz,
haqqımızda qısa məlumatlar və Qaradağ dilinə
tərcümə edilmiş şeirlərimiz yer
almışdı. Səfər boyu hər yerdə
çox yüksək səviyyədə
qarşılanırdıq. Onda yaz
Qaradağ dağlarına yenicə gəlməyə
başlamışdı. Gecəni
şirincə bir dağ qəsəbəsində qalacaqdıq,
ağacların, yenicə çiçəkləriylə gələn
yaza xoş gəldin deyən zamanıydı. Səhər aprelin dördünə
açılacaqdı. Amma
gözümüzü açanda yenicə çiçəkləməyə
başlayan ağacların üstünə qar
yağdığını görüb çaşıb
qalacaqdıq, qar işığı gün
işığına qarışmışdı. Təəccübümüzü görən tərcüməçimiz
gülüb bura Qaradağdı, onun təbiətindən hər
şey gözləmək olar, deyəcəkdi. Əslində, Qaradağ dili slavyan dil qrupuna aid
olduğundan danışılanları tərcüməçisiz
də anlamış olacaqdıq. Qarlı yolların təmizlənmədiyinə
təəccüblə baxanda tərcüməçimiz
zarafatından da qalmayacaqdı - qaradağlılar yaxşı
dolanırlar, bir az tənbəl olmasalar,
daha da yaxşı dolanardılar, - deyəcəkdi. Bizi XIX əsrin ən önəmli Qaradağ
şairi Petar II Petroviç Njeqoşun adını
daşıyan zirvəyə aparacaqdılar ("Njeqoş zirvəsi"
şeirim də orada yaranmağa başlayacaqdı).
Aşağıda Adriatik dənizi, onun dünya şöhrətli
Kotor körfəzi, yuxarıda başdan papaq salan dağlar...
Amma heyif o gözəllikdən.
Dedim axı, qrupumuzda, sözüm ona, Metakse adlı bir erməni
qadın da vardı. Səfər bələdçimiz
hər abidənin, kilsənin önündə geniş məlumat
verir və hər yeri işğal etsələr də, türklər
bu yerləri ala bilməmişdilər deyirdi. Erməni xisləti burada da ortaya
çıxacaqdı. Metakse bu deyilənlərdən
zövq alır və gizli-aşkar şəkildə bələdçiyə
mənim türk olduğumu fısıldayırdı. Yəqin
ki, bu abırsız qadın kişi
olsaydı, əlimdən xata çıxacaqdı. Nümayəndə
heyətinin rəhbəri Ukraynanın önəmli şairlərindən
olan və ədəbiyyatımızın yaxın dostu
İvan Draç idi və İvan Draç Metaksenin
atmacalarından cana doyduğumu və bu
canadoymuşluğun da sonunda bir xata çıxara biləcəyimi
hiss edib Metaksenin ağzını yummağa
çalışacaqdı (əslində, o həyasız
qadına cavab vermişdim, amma yox, bu cavab, sadəcə,
sözlə veriləcək cavab olmamalı idi...). Axşamı doğru Njeqoş zirvəsinin
yamaclarında yerləşən mübarək bir qəsəbədə,
indi təəssüf ki, adını, soyadını
unutduğum yaşlı bir arxitektorun qonağı
olacaqdıq. Ziyafət-görüş
beşmərtəbəli villanın pəncərələri
Kotor körfəzinə açılan sonuncu mərtəbəsində
təşkil olunmuşdu. Nə gizlədim,
bu erməni qadının canfəşanlığı, ikidəbir
dolaylı da olsa, mənə sataşmaları və mənim də
bu erməni həyasızlığına layiqincə ürək
soyudan cavab verməməyim qanımı qaraltmışdı.
Çox geniş, bərəkətli süfrə
açılmışdı. Sovetlər dönəminin əksər
məclislərində olduğu kimi, bu məclisin
tamadalığını ələ alan
gürcü yazıçı Arçil Sakauridən
başqası deyildi. Müxtəlif
sağlıqlar deyir, anekdotlar söyləyir, dil-boğaza
qoymur, məclisi şənləndirirdi. Həqiqət
budur ki, əvvəlki vərdişlərimin əksinə, bəlkə
də məclisin ən passiv və sakit
iştirakçısı məndim. Məclisin bir yerində
ev sahibi, yaşlı arxitektor
üzünü mənə tutub - bəs bizim azərbaycanlı
dostumuz niyə bir sağlıq demir, - deyəcəkdi. Gözləmədiyim
bu qəfil çağırış məni diksindirəcək,
bir az da, sözüm ona, erməni
qadının acığına İ.Şıxlının
bir hekayəsindən yadımda qalan bir məsəli
sağlıq kimi deməyə başlayacaqdım. Yəqin
oxucularımız xatırlamış olar o məsəli:
Dünya dünya olmamışdan öncə torpaq, su, od, hava yol gedirmiş, vicdan da onlara qoşulur,
deyirlər ki, dünya işidi, birdən bir-birimizi itirsək,
necə tapışacağıq? Hər kəs öz
variantını söyləyir; su - harda yaşıllıq
görsəniz, məni orda axtarın, od - hardan tüstü
çıxsa, bilin ki, mən ordayam, hava - qardaşlar, siz mənsiz
mövcud ola bilməzsiniz, siz hardasınızsa, mən də
ordyam, - deyir. Sonunda torpaq - məni də itirə bilməzsiniz,
çünki hamınız mənim üstümdə qərar
tutacaqsınız, o zaman vicdan sakit-sakit dilə gəlmiş:
dostlar, özünüzün dediyiniz kimi, siz itirsəniz də,
bir-birinizi tapacaqsınız, çalışın, məni
itirməyin, itirdinizmi bir daha tapa bilməzsiniz, içək
dünya malına görə vicdanını itirməyənlərin
- vicdanın sağlığına, - deyəcəkdim. Yaşlı arxitektorun üzü işıqlanacaq və
"bravo" - deyib sağılığımla bağlı
xoş sözlər söyləyəcəkdi. İş
bununla da bitməyəcəkdi, aradan bir müddət
keçdikdən sonra evin xanımı işdən
qayıdacaqdı, ağsaqqal arxitektor qadınını
qonaqlara təqdim etməklə qalmayacaq, üzünü mənə
tutub - yaşlıyam, hafizəm elə də yerində deyil,
qoy azərbaycanlı dostumuz o sağlığı - tostu
qadınımın yanında bir də təkrar etsin, birimiz
unutsaq da, o birimiz unutmayaq, - deyəcəkdi.
Sağlığı yenidən təkrar edəcəkdim.
İş bununla da bitməyəcəkdi, axşama doğru
yaşlı arxitektorun gəlini də işdən dönəcəkdi
və bu dəfə də arxitektor sağlığı təkrar
etməyimi ikinci dəfə də məndən xahiş edəcəkdi.
Əlbəttə, mən ev sahibinin arzusunu gəlinin iştirakilə
yenidən təkrar etməli olacaqdım. Bu təklifi eşidən
məclisin tamadası, gürcü Arçil Sakauri - mən
bir sağlığın üç dəfə təkrarladıldığını
görmədim, yoxsa Qafqazda tost birinciliyini azərbaycanlılar
gürcülərdən geri alır, - deyib məclisi şənləndirəcəkdi...
Əlbəttə, erməni virusunun
yoluxdurmağa çalışıldığı bir məclisdə
bu mənim uğurum deyildi, Azərbaycan sözünün,
dünyagörüşünün, İsmayıl
Şıxlı dühasının uğuru idi.
O
zamankı Qaradağla bugünkü müstəqil
Qaradağı müqayisə etmək doğru olmaz.
Bugünkü Qaradağ, hardasa, inşaat
meydançasını xatırladır. Kiçik
(Hələlik, əlbəttə) təyyarə meydanından
Podqoritçaya uzanan yolların hər tərəfində
yenidənqurma işlərinin sürətlə getdiyini
görmək sevindiricidir. Azadlıq bir
başqa şeydir, görünür, hətta azad olan daş
belə çiçəkləyir. Budəfəki səfərimin
səbəbi,
Qaradağda təşkil
olunan Dünya şeir festivalına dəvət edilməyimlə
bağlı idi. Festival Rumıniya və Qaradağ Mədəniyyət
və Turizm nazirliklərinin, eləcə də
mərkəzi ofisi Rumıniyanın Krayova şəhərində
yerləşən Beynəlxalq Mixail Eminesku və
Qaradağ Dukla Elm və Sənət Akademiyaları tərəfindən
dünya ədəbiyyatının önəmli klassikləri
arasında yer alan rumın Eminesku və qaradağlı Petar II
Petroviç Njeqoşun şərəfinə təşkil
olunmuşdu. Yeri gəlmişkən onu deyim ki, bu festival
Qaradağda bir ilkdi və hər il
keçiriləcəyi nəzərdə tutulur. Festivalda Yeni
Zellandiya, İrlandiya, İtaliya, Ukrayna, Türkiyə, Moldova,
Macarıstan, Albaniya və Kosovodan gələn şairlər
iştirak edirdilər. İştirakçıların demək
olar ki, hamısı əvvəlki şeir festivallarında tanış olduğum sənətkarlardı.
Festivalın əsas fikir atası Qaradağ ədəbiyyatının canlı klassiki Dukla Elm və Sənət
Akademiyasının prezidenti,
akademik Sreten Petroviçlə ilk görüşümüz
Podqoriçanın mərkəzində, Hilton otelində
olacaqdı. Sonradan öyrənəcəkdim ki, "Tanrı
bilər", "Biz dörd nəfər idik" və
"Unutduğun yerdəyəm" şeirlərimi də
Qaradağ dilinə Sreten Petroviç tərcümə
edibmiş. Yüksək səviyyədə
keçən bu görüşdən sonra məni xoş bir
təsadüfün gözlədiyindən də xəbərsizdim.
Bayıra çıxanda görüşdə
iştirak edən xanımlardan biri mənə
yaxınlaşıb əlinin işarəsilə qarşı
tərəfdəki parkı göstərəcək və -
orda sizin böyük şairiniz Hüseyn Cavidin büstü
var, - deyəcəkdi. Və beləcə,
özümü qarşıdakı parka çatdıracaq və
o böyük sənətkarın ruhu qarşısında səcdədə
bulunacaqdım. Böyük şairin adına
layiq olmasa da, orda - Balkanlarda belə bir büstün olması,
həm də H.Cavid kimi tale şairinin büstünün
olması qədərin nələrə qadir olduğunun bir
ayrı sübutudur.
Oxucularla ilk görüşlərimiz Podqoriçadan
başlayacaq, sonra ölkənin başqa şəhərlərində
davam edəcəkdi. Xüsusilə, Qaradağın ilk paytaxtı XIX Petar II
Petroviç Njeqoşun vətəni Çətinədə,
sonra Bar, Budva və Ulcinjeyə və Adriatik dənizi Kotor
körfəzi sahil şəhərlərində keçirilən
həyəcanlı görüşlər unudulmazdı.
Bizə iki rahat mikroavtobus ayrılmışdı, sərt
eniş-yoxuşlu dolanbac dağ yollarını bu
çağdaş mikroavtobuslarla keçmək elə də
problem yaratmırdı. Macar şairi Atilla isə Slovakiyadan festivala öz
maşını ilə gəlmişdi... Çətinədən
Budvaya enən yollar elə Çətinə adı kimi
çətin yollardı. Atilla, nədənsə,
şairlər içindən məni özünə yol
yoldaşı seçib maşınına dəvət edəcəkdi.
Maşında rahat olacağını
düşünüb razılaşacaqdım. Atilla ilə Rumıniyada keçirilən şeir
festivalından tanışdım, amma, doğrusu, sonralar bir
çox şeir şölənlərində birlikdə
iştirak etsək də, özündənrazı kimi
görünən bu macar oğlu ilə (nə də olsa,
Atilla adını daşıyır axı!)
tanışlığımız dostluğa çevrilməyəcəkdi.
Və, beləcə, ümumi dəstədən
ayrılıb yola düşəcəkdik. Atilla
maşının naviqatorunu işə salacaqdı. Amma başa düşdüyüm qədərilə
naviqatorun (naviqatordakı bələdçi macar dilində məlumat
verirdi) göstərdiyi yönə doğru yox, Atilla
maşını dar meşə yoluna salacaqdı, neçə
dəfə ölümlə burun-buruna gəldiyimizi və
ayaqlarımı vərdişdən gələn bir
davranışla əyləcə basdığımı
saysam, sayılmazdı. Amma sükan
Atillanın əlində, əyləc isə ayaqlarının
altında idi. Nə isə, əsas briqadadan -
mikroavtobuslarda olanlardan hardasa saat yarım əvvəl bu təhlükəli yollardan
sağ-salamat mənzil
başına çatacaqdıq. Qardaşını
tanıyırsanmı, sualına yoldaş olmamışam,
cavabını bilməyən yoxdu. Atilla ilə
dostluğumuz o çətin yollarda başlayacaqdı. Macar-türk oğlunun şeirlərini Azərbaycan
oxucularına çatdırmaq istəyi də, beləcə, o
dolanbac yollarda oyanacaqdı.
Macar şairi, yazıçısı, tənqidçi,
naşir Atilla F.Balaj 15 yanvar 1954-cü ildə
Transilvaniyanın Tırqu Mureş şəhərində
doğulmuş, 1973-1977-ci illərdə Alba Yuliya İlahiyyat
kollecini, 1982-ci ildə isə Buxarest Unversitetinin Ədəbi tənqid
və kitabxanaçılıq fakültəsini
tamamlamışdır. 1990-cı ildən Slovakiya
Respublikasında yaşayır. 1990-1991-ci illər arasında
"Nar" qəzetinin baş redaktoru olmuş və eyni
zamanda slovak radiosunda proqramlar
hazırlamışdır (1990-1995). 1994-cü
ildən AB-ART nəşriyyatını yaratmış və
indiyə qədər də həmin nəşriyyatın
direktorudur. Atilla F.Balaj eyni zamanda Slovakiyada
çap olunan "Szaryrös K" ədəbi
jurnalının baş redaktorudur. Ədəbiyyat
dünyasındakı başarılarına görə bir
çox beynəlxalq ədəbi mükafatlara (Madech, Lucian
Blaga, Arghezi, Eminescu) layiq görülmüşdür. Slovak, macar, rumın Yazıçılar birliklərinin
üzvü, macar PEN Klubunun vitse-prezidentidir. Şeir və
hekayələri
ingilis, Rumıniya, çex, slovak, sloven, türk,
serb, makedon, alban, ispan, Portuqaliya, hind, İsveç və
fransız dillərinə tərcümə edilmişdir.
Məmməd İSMAYIL
Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.24.