Azərbaycan nümayəndə heyəti "Çingiz Aytmatov
və müasir
dövrün çağırışları" - İssık-Kul Forumunda
Dünya
şöhrətli qırğız
yazıçısı Çingiz
Aytmatovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar ədibin vətəni Qırğızıstanda
keçirilmiş tədbirlərdə
ölkəmizi Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəylinin rəhbərlik
etdiyi nümayəndə
heyəti təmsil etmişdir.
Bu münasibətdə keçirilmiş III İssık-Kul
Forumunda 25 ölkədən
gəlmiş 157 nümayəndə
iştirak etmişdir. İssık-Kul
Forumunda Azərbaycan və Qırğızıstandan
başqa Rusiya, Çin Xalq Respublikası, Türkiyə,
Hindistan, Monqolustan, Tatarıstan, Qazaxıstan,
Almaniya, Belarus, İsrail,
Cənubi Koreya, Latviya, Moldova, Tacikistan, Ukrayna, Türkmənistan, Özbəkistan və Pakistandan 157 nəfər tanınmış yazıçı
və şair, elm xadimləri və ilk dəfə 32 il bundan əvvəl Çingiz Aytmatovun rəhbərliyilə keçirilmiş
birinci forumun iştirakçısı olan
ziyalılar iştirak
və çıxışlar
etmişlər.
Üçüncü İssık-Kul Forumunun təntənəli açılışında
Qırğızıstan Respublikasının
Prezidenti Sooronbay Jeenbekov geniş nitq söyləmişdir. Baş nazirin müavini Altınay Omurbekovun moderatorluğu ilə keçən təntənəli
açılış mərasimində
bir sıra beynəlxalq təşkilatların
rəhbərləri - MDB ölkələrinin Dövlətlərarası
Humanitar Fondunun müşaviri Aleksandr Qonçarov, YUNESKO-nun nümayəndəsi
Krista Pikat, TÜRKSOY Beynəlxalq
Təşkilatının Baş
Katibi Düsen Kaseinov, Rusiya Federasiyası Dövlət
Dumasının deputatı
İvan Belekov və Tatarıstan Respublikası baş nazirinin müavini Leyla Farzeeva təmsil etdikləri qurumlar və ölkələr adından çıxış
edərək təbrik
sözü söyləmiş,
Çingiz Aytmatov sənətinin milli və bəşəri dəyərlərindən, müasirlik
imkanlarından bəhs
etmişlər.
Azərbaycan nümayəndə heyəti
adından çıxış
edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli yazıçı
və böyük mütəffəkir Çingiz
Aytmatovu dünya ədəbiyyatında yeni
ədəbiyyat standartları
yaratmış və qırğız ədəbiyyatının
əfsanəsinə çevrilmiş
qüdrətli sənətkar
adlandırmışdır. Azərbaycanlı natiq xalqımızın
ümummilli lideri Heydər Əliyevin Çingiz Aytmatov haqqındakı "Dünya
ədəbiyyatı xəzinəsinə
gözəl əsərlər
bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın,
həm də bütün türk dünyasının fəxridir"
- sözlərini III İssık-Kul
Forumunun iştirakçılarına
çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin görkəmli yazıçı
Çingiz Aytmatovu
"Dostluq" ordeni ilə təltif etməsi xalqımızın
və ölkəmizin
ona bəslədiyi böyük məhəbbətin
və yüksək qiymətin ifadəsi kimi qiymətləndirilmişdir.
Akademik İsa Həbibbəylinin nitqində
Çingiz Aytmatovun Azərbaycanın görkəmli
ədəbiyyat və
mədəniyyət xadimlərindən
Qara Qarayev, Rəsul Rza, İmran Qasımov, Bəxtiyar Vahabzadə, Anar, Şahmar Əkbərzadə, Hüseynbala
Mirələmovla şəxsi
və yaradıcılıq
əlaqələrindən, dostluq münasibətlərindən
geniş söz açmış, bu əlaqələrin müasir
əhəmiyyətini xüsusi
olaraq vurğulamışdır.
Eyni zamanda, Çingiz Aytmatovun əsərlərinin
tədqiqi, nəşri
və tərcüməsi
məsələlərindən də geniş bəhs edilmişdir.
Azərbaycan nümayəndə heyətinin
üzvləri - Dövlət
İdarəçilik Akademiyasının
professoru, "Simurq"
Assosiasiyasının rəhbəri
Fuad Məmmədov
"Çingiz Aytmatov
və zamanın çağırışlarına kulturoloji cavab", AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru, gənc aytmatovşünas Mehman Həsənli "Çingiz
Aytmatovun əsərlərində
xaos xəbərdarlığı
və sülhə çağırış konsepsiyası"
mövzularında elmi
məruzələrlə çıxış
etmişlər.
Akademik İsa Həbibəylinin aytmatovşünas
alimlərlə - akademik
Abdıldacan Əkmətəliyev
və müxbir üzv Orxanakun İbrahimovla (Qırğızıstan),
Ramazan Qorxmaz və Orxan Söyləməzlə (Türkiyə),
Murat Auezovla (Qazaxıstan),
Çen Qonlan (Çin) və başqaları ilə görüşləri zamanı
Çingiz Aytmatovun irsinin öyrənilməsi
və təbliği məsələləri ilə
yanaşı, ədəbiyyatşünaslıq
elminin aktual problemlərindən və qarşılıqlı
əlaqələrdən söz
açılmışdır. Qırğızıstan Elmlər
Akademiyasının müxbir
üzvü Osmanakun İbrahimovun Moskvada "Molodaya qvardiya" nəşriyyatında
rus dilində
"JZL" seriyasından nəşr edilmiş "Çingiz Aytmatov" kitabının
Azərbaycan dilinə
tərcüməsi və
nəşri barədə
razılaşma olmuşdur.
III İssık-Kul Forumunda iştirak edən Azərbaycan nümayəndə
heyəti adından Çingiz Aytmatovun ev muzeyinə, Qırğızıstan Respublika
Kitabxanasına, böyük
yazıçının ailə
üzvlərinə və
tədbir iştirakçıları
olan görkəmli yazıçılara və
alimlərə Azərbaycanda
böyük sənətkar
haqqında nəşr
edilmiş kitablar, qəzet və jurnallar təqdim olunmuşdur. Akademik İsa Həbibbəyli Azərbaycan, rus və ingilis dilərində Bakıda
nəşr olunmuş
"Çingiz Aytmatov
haqqında söz"
kitabı maraqla qarşılanmışdır.
Azərbaycan nümayəndə heyəti
III İssık-Kul Forumunun
iştirakçıları ilə birlikdə Çingiz Aytmatovun dəfn olunduğu Ata Beyit tarixi-memorial kompleksə çələnğqoyma
mərasimində iştirak
etmiş, görkəmli
yazıçının ev muzeyini ziyarət etmişlər.
Eyni zamanda, Azərbaycan nümayəndə
heyətinin üzvləri
Monqolustan Respublikasının
eks-prezidenti Nambarın
Enxbayarın ölkəsindəki
Qırğız gölündən
gətirdiyi suyun İssık-Kul gölünə
tökülməsi mərasimində
də iştirak etmişlər.
Sonda İssık-Kulda
forum iştirakçılarına Çingiz Aytmatovun həyatı və əsərləri əsasında
hazırlanmış ədəbi-bədii
gecə təqdim olunmuşdur.
Ədəbiyyat qəzeti.- 2018.-
13 oktyabr.- S.25.