Və dağlardan gələn səda...

 

Asiya xalqları ədəbiyyatı

 

Xalid Hüseyni hər romanında Əfqanıstan gerçəkliklərini anladır, o həqiqətləri ki, Əfqanıstandan çox-çox uzaqlarda yaşayan xalqların hamısı heç də burada gedən müharibənin mahiyyətini bütünlüklə dərk etmir, orada baş verən ictimai-siyasi, hərbi, etnik proseslərin dərininə gedə bilmir. Yazıçının təsvir etdiyi bu gerçəkliklər o qədər ağır, sərt və həyatidir ki, oxucu çox zaman bu ağırlığın altında əzilsə də, həqiqətləri qəbul etməli olur. İstedadlı təhkiyəçi hər romanında Əfqanıstan həyatının tanınmayan tərəflərinə işıq tutur, hadisələrə müxtəlif yönlərdən baxır. Yazıçı bədii təfəkkürünün ikinci özəlliyi əsərdəki hadisələri bir-birinə bağlayan ideyadır. "Və dağlardan səda gəldi" romanı da belədir; təhkiyəçi hadisələri nağıl üslubunda danışır. Ötən əsrin 50-ci illərindən başlayan Əfqanıstan həyatını ancaq bu üslubla anlatmaq mümkün olardı. Əsərin əvvəlində danışılan nağılla buradakı hadisələrin ideyasının üst-üstə düşməsi yazıçı bədii texnologiyası və üslubundan doğur. Yazıçı ondan nağıl istəyənlərə nağıl təqdim edir. Nağıl ataları tərəfindən gələcək həyatları nağıllaşan və nağıllardakı həyatla eyniləşən qardaş-bacı Abdulla ilə Pəriyə danışılır. Atalarının nağılında Meydan Səbz adlanan balaca bir kənddə yaşayan Baba Əyyubun ailəsinin taleyindən bəhs edilir. Burada həyatın, dolanışığın nə qədər çətin olmasına rəğmən, Baba Əyyubun ailəsi özünü çox xoşbəxt hesab edirdi. Lakin bu xoşbəxtlik çox uzun sürmür. Bir gün bu kəndə yeriyəndə yer titrəyən Div gəlir. Hər kəs Divin nə üçün gəldiyini yaxşı bilirdi. İldə bir dəfə Div hər hansı bir kəndə gələr, hansısa bir evin yanında dayanar və qapını döyərdi. Bu isə o demək idi, uşaqlardan biri bu evdən getməlidir. Div ailənin bir uşağını alıb torbaya qoyar və gedərdi. O uşağı bir də görən olmazdı. Div bu dəfə Baba Əyyubun evinin yanında dayanır. Demək ki, Baba Əyyub könüllü olaraq ya övladlarından birindən keçməli, ya da beşini də verməli idi. Dan atana qədər ailə bir qərara gəlməli idi. Bu vaxta qədər Baba Əyyub arvadı ilə çox fikirləşib, götür-qoy etsələr də, bir yana çıxa bilmirlər. Onlar övladlarından birini seçməkdə çətinlik çəkirlər. Nəhayət səhərə yaxın çöp atmalı, evin ən kiçiyi Qeysi Divə "hədiyyə" etməli olurlar. O Qeysi ki cəmi bir neçə gün əvvəl Baba Əyyub onsuz heç cür yaşayacağını güman etmirdi, hər yerə onu özü ilə aparmalı olurdu. Yazıçı bununla demək istəyir ki, insan bəzən əlini xilas etmək üçün bir barmağından keçməli olur. Əsərin əsas ideyası da məhz bu fikrin üzərində qurulur.

Div Qeysi alıb aparır, ancaq Əyyub ailəsi ona qırx gün yas saxlayır. Həmin vaxtdan kəndə quraqlıq gəlir, quyuların suyu quruyur, körpələr acından və susuzluqdan ölür. Əgər Qeys kənddə qalacaqdısa aclıqdan ölən uşaqlardan biri ola bilərdi. Ancaq Baba Əyyub heç cür özünə gələ bilmir, Qeysi yadından çıxarmır. Nəhayət bir gün Divin məkanına getməyi qərara alır. Nağıllardakı kimi uzun yol gedir, dağlar, dərələr, təpələr aşır, nəhayət, Divin məkanına gəlib yetişir. Bu, ağılsızlıq olsa da, Baba Əyyub bunu etməyə məhkum idi. Div Baba Əyyubu sınaqlardan çıxarır, onunla döyüşməyə-ölməyə, ya da öldürməyə gələn adamı gözlənilmədən qalanın içinə alır, nə üçün gəldiyini soruşur. Baba Əyyub məqsədini bildirdikdə,  Div onunla şərt kəsir: mən sənə oğlun Qeysi göstərəcəm, ancaq aparmaq qərarını özün verəcəksən. Verdiyin qərar bir daha dəyişməyəcək və ikinci dəfə sənə bu iltifat göstərilməyəcək. Baba Əyyub şüşə arxasından uşaqlarla oynayan oğlu Qeysi görür. Görür ki, oğlu Qeys böyüyüb, çox yaxşıdır, şad-xürrəm uşaqlarla oynayır, yeməyi, içməyi, geyimi, hər şey ideal şəkildədir. Kənddə heç bir uşaq bu şəkildə bəslənmir və böyümür. Meydan Səbzdəki həyatla buranı müqayisə edir. Nəhayət ikinci dəfə seçim qarşısında qalan ata Qeysi aparmamaq qərarına gəlir. Div ondan gəldiyi qərarı eşidəndə "Sən yaxşı atasan",-qənaətini bildirir. Belə çıxırdı ki, divin ildə bir dəfə kəndlərə gedib uşaqları valideynlərindən ayırıb gətirməsi qəddarlıq yox, xeyirxahlıqdır, yaxud, bunlar elə eyni rəngin çalarlarıdır. Baba Əyyub kor-peşman kəndə qayıtmalı olur. Divlə razılaşmaya görə burda gördüklərini heç kimə danışmamalıydı. Qaladan çıxarkən Divin verdiyi mayeni içdikdən sonra isə heç nə xatırlamır. Bundan sonra Səbz Meydana göylərdən yağış tökülür, bu kənd bir daha quraqlıq üzü görmür. Baba Əyyub isə heç nəyi xatırlamadan uzun ömür yaşayır...

Nağıldakı həyat gerçək Əfqanıstanda davam edir. Hadisələr yazıçı təxəyyülünün məhsulu 1952-ci ilin Şadbağ kəndində Sabur ailəsində başlayır və getdikcə şaxələnir. Yazıçı Sabur ailəsini türkmən ailəsi kimi verir. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birgə yaşayır. Aralarında 8 yaş fərq olan Abdulla bacısını çox sevir, ona qardaşdan çox valideyn olur. Abdulla onun yolunda qurban getməyə belə hazırdır. Bacısının sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından belə keçir. Lakin yoxsulluqdan bu kənddə hər il neçə-neçə uşaq tələf olur. Sabur iş axtarışındadır və bu qışdan necə çıxacağını bilmir. Bir gün Sabur Pərini Kabilə aparmaq qərarına gəlir. İkinci arvadı Pərvanənin qardaşı Nəbi orada varlı bir ailədə sürücülük edirdi. Lakin qardaşı Abdulla onlardan əl çəkmir və Sabur məcbur olub onu da özüylə aparır. Halbuki, Abdulla atasının planına mane ola bilərdi. Onları bir-birindən ayırmaq mümkün deyildi. Kabildə atası Pərini bir varlı ailəyə satır və geri dönürlər. Eynilə nağıldan çıxan nəticə kimi: "Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur".

Xalid Hüseyni hadisələri daha da şaxələndirir, Kabilə, Parisə, San Fransiskoya, yunan adası Timosa gətirir və Sabur ailəsi kontekstində birləşdirir. Əfqanıstanın 60-70-ci illəri, sovet işğalını və bu gününü təsvir edən müəllif bu hadisələr fonunda insan münasibətlərini, gözlənilməz davranışları, insanların etdiyi seçimlərin hansı nəticələrə gətirdiyinin bədii xronikasını verir. Bir sözlə, "Çərpələng uçuran"da olduğu kimi, insan taleləri, müharibənin gətirdiyi ayrılıqlar, ağırlıqlar, çətinliklər, alınan müdrik qərarlar romanın başlıca mövzusunu təşkil edir. Yazıçı Abdulla ilə Pərini bir də ömürlərinin ahıl çağında San Fransiskoda görüşdürür. Onlar ayrılanda Abdulla on, Pəri isə iki yaşında olmuşdu. İndi isə onların hər birinin ailəsi vardı və ahıl çağlarını yaşayırdılar. Hətta Pərinin nəvələri də vardı. Pəri Parisdə yaşayır, professor işləyirdi. Abdulla isə kənddən çoxdan çıxmış, San Fransiskoya yerləşmiş, hətta bir müddət ögey qardaşı İqbala buradan dollarlar göndərmişdir. Uzun müddət San Fransiskoda kafe işlətmişdi. Yeganə qızının adını Pəri qoymuşdu. Uzun illərdən sonra bacısı Pəri öz keçmişini öyrənmiş, həqiqi valideynlərini axtarmışdır. Nəhayət Abdullanın xəbərini San Fransiskodan almışdı. Onlar San Fransiskoda görüşürlər, lakin Abdulla nağıldakı Əyyub Baba kimi heç nə xatırlaya bilmir. Onun yaddaşı itmişdi. Hətta Pərinin iki yaşında qardaşının gecələr ona zümzümə etdiyi "Bir pərişan pəri gördüm, ağac kölgəsi altda. Külək vurdu uçurdu, Bir gecə o pərini" bayatısını eşidərkən nə ona reaksiya verir, nə də mahnının mənasını xatırlayır. Pəri bundan çox məyus olur. Abdullanın qızının adını Pəri qoyması, bacısı Pərinin iki yaşında çox sevdiyi lələyi bir qutuda indiyədək saxlaması onu göstərirdi ki, uzun müddət sevimli bacısının həsrətilə, ona qovuşmaq ümidilə yaşayıb. Lakin bu ümid reallaşdığı zaman Abdulla yaddaşını itirmişdi. Həm nağılda, həm həyatda sonuc eyni olur; Baba Əyyub da, Abdulla da uzun ömür yaşayır, ancaq keçmişdə olub bitənləri; Baba Əyyub oğlu Qeysin, Abdulla bacısı Pərinin olduğunu heç cür xatırlaya bilmirlər. Əslində romanda həm də yaddaşın itməsi məsələsi qoyulur.

Vəhdətilər ailəsi də romandakı hadisələri birləşdirici funksiya daşıyır. Bu ailə Kabilin ən varlı ailələrindəndir. Yazıçı bu ailəni Saburun qaynı Nəbi dayının dili ilə tanıdır. Nəbi hələ gəncliyindən cənab Süleyman Vəhdətinin sürücüsü olmuş, necə deyərlər, bundan sonra evin ən yaxın adamına çevrilmiş və bir daha bu evi tərk etməmişdir. Cənab Vəhdəti varlı olmasına rəğmən, özünü çox sadə aparır, otağına çəkilib öz işi ilə məşğul olar, ya da rəsm çəkərdi. Ayda bir dəfə Nəbiyə maşınla  Şadbağ kəndinə gedib Sabur ailəsinə baş çəkməyə icazə verərdi. Həyat bu şəkildə davam etdiyi bir zamanda Cənab Vəhdəti birdən-birə evlənmək qərarı verir. Tez bir zamanda cəmiyyətdə vulqar qadın kimi ad çıxaran Nila xanımla nişanlanır və toy edir. Ümumiyyətlə, X.Hüseyninin hər romanında demək olar ki, Kabilin varlı ailələri təsvir olunur. Yazıçı bununla cəmiyyətin varlı və kasıb zümrələrinin həyat tərzini, psixologiyasını verməyə çalışır. Tezliklə məlum olur ki, onların evliliyi bədbəxt bir evlilikdir, nadir hallarda yolları kəsişən başqa-başqa adamlardır. Nilanın anası fransız olmuşdu. Özü isə sosyete həyatı sürmüş, indi isə açıq-saçıq geyimi, papiros çəkməsi, içməsi ilə Kabilin diqqət mərkəzinə düşmüşdü. Açıq görünürdü ki, Cənab Vəhdətinin anasının ondan xoşu gəlmir. Nəbi düşünür ki, bu ailənin bədbəxtliyini ancaq evə körpə uşağın gəlməsi düzəldə bilər. Nilanın ana olması mümkün deyildi, gərək kənardan uşaq götürə idi. Saburun iki yaşlı anadan yetim qızı Pərini bu evə gətirmək ideyası da ondan gəlmişdi. Pərinin bu evə gəlişindən sonra bir müddət əsl ailəyə bənzəməyə başlayırlar, eyni vaxtda süfrə arxasına yığışır, ər-arvad Pərini götürüb birgə şəhər gəzintisinə çıxırlar. Nila Pəriyə fransız dilini öyrədir, Vəhdəti isə gəzməyə çıxarırdı. Lakin bu çox davam etmir. Nila kiçik bir sınaqdan keçə bilmir. Cənab Vəhdətinin insult olmasından sonra  hər şey dəyişir. Onun sol tərəfi işləmir, dili söz tutmurdu, ancaq hər şeyi başa düşür və anlayırdı. Cənab Vəhdətiyə köməyin və qayğının olduğu bir zamanda Nila Pərini də götürüb gizlincə Fransaya qaçır. Nila xanım bu qaçışını sonralar bir dərgiyə verdiyi müsahibədə Pərini bu mühitdən qurtarmaq üçün etdiyini bildirirdi. Nəbi ömrünün sonunacan Cənab Vəhdətiyə xidmət etməli olur. Cənab Vəhdəti bütün var-dövlətini Nəbiyə vəsiyyət edir. Nəbi isə bu evi Talibandan sonra Kabilə gəlmiş koalisiya qüvvələrinə pulsuz kirayə verir (Ev Pərinin adına keçdikdən sonra o da eyni hərəkti edir). Bu hadisənin şahidi əfqan tərcüməçi heç cür bu fədakarlığı anlaya bilmir, qoca Nəbi dayını kənara çəkib buradan yaxşı pul qazanmağın mümkün olduğunu söyləyir. Ancaq Nəbi fikrində israr edərək cənab Markosa evinin bir hissəsini pulsuz kirayə verir. O, düşünür ki, əgər bu insanlar Əfqanıstanın gələcəyi üçün çalışırlarsa, onlardan nə üçün pul almalıdır. Nəbi məhz Markos vasitəsilə öyrənir ki, Nila Fransada yaşamış, son qırx ilin ən yaxşı şeir antologiyasında şeirləri çap olunmuş, nəhayət həyatına qəsd etmişdir. Nəbi onun intihar etdiyini eşidəndə heç də təəccüblənmir. Son günlərini yaşayan Nəbi vəsiyyətini Markosa yazıb qoyur. Vəsiyyətinə görə onu Süleyman Vəhdətinin yanında dəfn etməli, Süleymandan ona qalan evi, bütün var dövləti Pəriyə çatmalı idi. İnanırdı ki, internet vasitəsilə Markos Pərini mütləq tapacaqdır. Ümid edirdi ki, Pəri xoşbəxtdir. Ancaq etdiyi hərəkətin (Pərini Vəhdətilər ailəsinə satması) coxsaylı nəticələrini görə bilmədiyini də etiraf edir.

Yazıçı sovet qoşunlarının Əfqanıstanı işğalına da toxunur.  Göstərilir ki, 1980-ci illərdə döyüşlər Əfqanıstanın əsasən kəndlərində getdiyindən Kabil elə də qorxunc görünmürdü. Buna baxmayaraq varlı ailələr yavaş-yavaş Kabili tərk etməli olurdu. Onlardan biri də Bəşiri ailəsi idi. Sovetlərin işğalından sonra onlar ölkədən Pakistana qaçmış, bir il sonra isə Kaliforniyaya yerləşmişdilər.Oğlu İdris bir də Kabilə 2003-cü ildə koalisiya qüvvələrinin Əfqanıstana daxil olması ilə dönür. Onun əmisi oğlu Timur da Kabilə qayıdır. Timur özünü Amerikada "Tim", Əfqanıstanda Timur kimi təqdim edir. Onun bu hərəkətləri əmisoğlu İdrisi ağrıdır. Bəşiri ailəsinin timsalında yazıçı varlı əfqanların ölkəyə münasibətini verməyə çalışır. Bəşiri ailəsinin oğlanları bir də Kabilə 2002-ci ildə Şimal Alyansının Talibanı Kabildən qovub çıxarmasından sonra gəlir. Bu dəfə amerikalılar Əfqanıstana yerləşmişdi. Onlar da yardımsevər QHT-lərin xətti ilə Kabilə gəlmişdilər. Vaxtilə qoyub getdikləri evlərini hüquqi cəhətdən adlarına keçirirlər. Yazıçı Timur obrazı ilə yeni yetişən nəslin psixologiyasını vermək istəmişdir. Timur Nəbinin öz evini QHT-lərə pulsuz kirayə verməsini heç cür başa düşmür, "ya sən pula nifrət edirsən, ya da məndən çox yaxşı adamsan",-deyə tənə edir. Yazıçı Timur obrazı ilə yeni nəsil əfqan mühacirləri göstərmək istəmişdir. Əgər İdris hələ əfqanlığını qoruyub saxlamışsa, Timur özünü əfqan-amerikan kimi aparırdı.

Doxsanıncı illərdə döyüşlər artıq Kabildə gedirdi. Kabil gərgin döyüş meydanına çevrilmişdi: "...bu adamlar sanki analarının qarnından əlində Kalaşnikovla çıxmışdılar, şəhərimiz onların qurbanı oldu. Kabilə hücum elədilər, hamısı vəhşi idi. Özlərinə böyük, dəbdəbəli titullar vermiş, əlləri silahlı vandallar idi". Beləcə, bir vaxtlar sakit, təmiz olan küçələr indi müharibə meydanına çevrilmişdi. Hər tərəfdə raketlərin vıyıltısı eşidilirdi. Süleyman Vəhdətinin evi də bir neçə zədə alır. Lakin Vəhdəti evdən çıxmır, Nəbi də onunla birgə evdə qalmalı olur. Bunun ardınca isə şəhərdə soyğunçuluq baş alıb gedir. Hərbçilər istədiyi evə girib qiymətə gedən hər şeyi-mebelləri, rəsm əsərlərini, türkmən xalçasını, şamdanları, büllur vazaları, heykəlləri-hər şeyi götürüb aparırdılar. Şəhər bir əldən o birinə keçdikcə vəziyyət daha da pisləşirdi. Əhməd şah Məsudun qrupu ilə Gülbəddin Hikmətyarın döyüşü zamanı cəsədlər küçənin ortasında qalmışdı, heç kəs ölüsünü aparmaq istəmirdi.

Yazıçı Talibanın gəlişi ilə bütün bunlara son qoyulduğunu yazır, onları "kəskin ifadəli, saqqallı, sürmə gözlü gənclər" deyə təsvir edir. Lakin onların işinin qocalarla deyil, gənclər və qadınlarla olduğunu bildirir. Nəbi talibançılar haqqında deyir: "Küçədə gedərkən Taliban mənim yanımdan ötüb keçirdi, elə bil mən otlayan inək idim. Özümü anlamaz adam kimi aparıb onların nəzərindən qaçırdım. Nila indi burda olsa, başına nələr gələcəyini düşünüb diksinərdim. Onun qonaqlıqlarda əlində qədəhlə duruşunu, çılpaq qollarını, ayaqlarını düşünəndə mənə elə gəlirdi ki, onu özümdən uydurmuşam". Yazıçı əvvəlki romanında olduğu kimi, burada da Talibanın əfqan xalqının həyatındakı mənfi rolunu bütün reallığı ilə göstərməyə çalışır.

Yazıçı Nila Vəhdətinin Fransa həyatına şair kimi verdiyi müsahibədə geniş yer ayırır. Nila Parisə köçdükdən sonra əvvəlki sosyete həyatını davam etdirir, içməyindən, gəzməyindən qalmır. Oxucu Nilanı bir də qırx dörd yaşında "Paralaks" jurnalına verdiyi müsahibədə tanıyır. Müxbir onu "olduqca cazibədar qadın", "gözəlliyin zirvəsinin artıq arxada qaldığı"nı, bununla belə, "ağıllı naz-qəmzəli gözlərini", "insanın daxilinə nüfuz edən baxışlarını", "açıq-saçıq danışığı" və şeirlərindəki "açıq-saçıqlığı" xüsusi qeyd edir.  Müsahibədən məlum olur ki, anası fransız qızı olub, atası əfqan. Valideynlərinin tanışlıqları Xan sarayında baş tutub. Anası Əmənulla xanla islahatlarla bağlı məşvərət aparmaq üçün Kabilə göndərilmişdir. Nila xanım müxbirin "Deməli özünüzü əfqan hesab etmirsiniz?" sualına "qanındakı cansıxıcı qarışıqdan ayrıldığını" bildirir. Onun fikrincə, əgər Əmənulla xan uğur qazana bilsəydi başqa cür cavab verərdi. Məlum olur ki, Nila xanım bununla Əmənulla xanın ölkənin idarə edilməsindəki uğurun qarşısının alınmasını nəzərdə tuturmuş. Belə ki, Əmənulla xan "yuxudan oyanıb ölkəni dəyişmək barədə planını elan edir", əfqanları "bağırda-bağırda ziyalı bir xalqa" çevirəcəyini, çadra məsələsinə, çoxarvadlılığa son qoyacağını, "qadınlar örtünmədiyinə deyil, örtündüyünə görə həbs ediləcəklərini" bəyan etmişdi. Bu fərmana görə, heç kəs evliliyə qadını məcbur edə bilməzdi, başlıq pulu məsələsinə də son qoyulur, hamını təhsil almağa məcbur edirdi. Lakin qəbilə başçıları, mollalar birləşib xana qarşı cihad edir və Xan ölkədən kənarda ölənədək mühacir həyatı yaşamağa məhkum olur. Xandan sonrakı Əfqanıstanın taleyi isə bugün daha reallıqla görünür. Nila özü bu cəmiyyətdə yaşamışdı, yaxşı bilirdi ki, qadının qapalılığı nə deməkdir. Ona görə də Kabildə etdiyi açıq-saçıq hərəkətlərilə buna etiraz edirdi. Yazdığı şeirlər   bu etirazın bir hissəsi idi. Onun Kabildə yazdığı şeirlər əgər "əxlaqsızlıq, mənəviyyatsızlıq" kimi qiymətləndirilib açıq-saçıqlığından dolayı pislənilirdisə, Parisdə bu şeirlər yenilik kimi qələmə verilirdi. Vaxtilə atası onun bu yazdıqlarını "fahişə sayıqlaması" hesab etmişdi.  Nila xanım Fransaya köçməyini bugünkü Əfqanıstanın vəziyyəti ilə bağlayır. O, görürdü ki, Əfqanıstan dəyişir, bu cəmiyyətdə qadının rolu məhdudlaşdırılır. İstəmirdi ki, qızı Pəri Kabildə iradəsi və təbiətinə zidd yaşasın, bütün ömrü boyu əzabkeş, dinməz-söyləməz halda kiminsə qulluğunda duran kədərli qadına çevrilsin. Əslində yazıçı Pərinin simasında Nila xanımın bu arzularının həyata keçdiyini göstərmək istəmişdir. Pəri əgər Əfqanıstanda Şadbağ kəndində, yaxud Kabildə qalsaydı həyatı başqa cür olacaqdı. İndi isə Parisdə yaşayıb, Sarbonna Universitetində riyaziyyat üzrə ali təhsil alıb, özünə karyera qurub, universitetlərin birində professor işləyir, ən əsası isə azad bir cəmiyyətdə yaşayır. Nila xanım qızı haqqında deyir: "Mən ona ağlagələn hər cür azadlıq vermişəm. Mənim qızımın heç nəyə ehtiyacı yoxdur". Nila xanım müxbirə "əgər mən olmasam, onu hansı həyat gözlədiyini bilsəydi...",-deyə ondan narazılığını da gizlətmir. Anasının bu narazılığını Pəri onun ölümündən sonra çıxan jurnalda oxumuş və heç də təəccüblənməmişdi. Anası bunu onun özünə də demişdi: "Özümü səndə görə bilmirəm. Sənin kim olduğun mənə məlum deyil".

Əgər Nila yarı əfqan, yarı fransız kimi Əfqanıstan mühitində təsvir olunursa və bu mühitə etiraz edirsə, Pəri əfqanlı kimi Paris mühitində yaşayır. Yazıçı sanki Nila ilə Pərinin taleyini birləşdirir. Pəri əfqan qızı olmasına baxmayaraq ömrü Parisdə keçdiyindən əfqanca bilmir. Sonralar özünün də etiraf etdiyi kimi, o yalnız sözdə əfqandır. Paris mühitində Nilanın tərbiyəsində böyüyüb, azadlığı istənilən qədər olub, kiminlə gəzməyinə, sevgili olmağına, siqaret çəkməyinə özü qərar verir. Hətta Jülyen əvvəl anası, sonra isə Pəri ilə sevgili olmuşdu. Anasının jurnalın müxbirinə Pəridən narazılığı da bu dövrə düşmüşdü.  Lakin Pərinin əfqan kökü onu yenidən ailə bağına qaytarır. Pəri Jülyendən ayrılır, Eriklə evlənir və ondan üç qız övladı olur. Ərini və ailəsini çox sevir.

"Facebook" hesabı sayəsində Pəri haqqında məlumat toplayan Markos Varvaris Kabildən Pəriyə zəng edir. Nəbinin vəsiyyəti ilə bağlı onu tanış edir. Məlum olur ki, Nila heç də Pərinin anası deyilmiş. Onsuz da Pəridə bəzi şübhələr vardı. Anasından bir dəfə qarnındakı çapığın nədən "üfiqi deyil, şaquli" olduğunu soruşanda "əsas odur ki, səni qarnımdan çıxarmışdılar",-deyə yayğın cavab vermişdi. Nəbinin vəsiyyətini Varvaris telefonda oxuduqdan sonra Pəri hər şeyi xatırlamağa başlayır. Vəsiyyətdə Pərinin qardaşından da yazılırdı.

Yazıçı Şadbağ kəndinin bugününü də təsvir edir. Məlum olur ki, Yeni Şadbağda yeni evlər, villalar, yeni məktəb tikilib. Məktəbin açılışında Babacan çıxış edir. O, vaxtilə ruslara qarşı döyüşüb. İndi isə böyük bir iş adamına çevrilib, məşhurdur. Hamı ona "Komandir" - deyir, iş üçün, kömək üçün müraciət edirlər. Babacan indi cangüdənlə gəzir. Lakin Yeni Şadbağda köhnə şadbağlılar yoxdur. Abdullanın qardaşı İqbal bir müddət Pakistan düşərgəsində yaşamış, düşərgə bağlandıqdan, Talibançılar çıxıb getdikdən sonra geriyə-Şadbağa qayıtmağı qərara alsa da, evinə, torpağına qayıda bilmir. Köhnə Şadbağdan əsər-əlamət belə qalmamışdı. Babacan şadbağlıların evlərini əllərindən alıb, yerlə- yeksan edib. İqbalın evinin yerində villa tikib. Şadbağın sahələri indi nəşə plantasiyaları ilə doludur. Ora yaxınlaşmaq belə mümkün deyil. Babacan müxtəlif yerlərdə etdiyi çıxışlarında Əfqanıstandan danışsa da, ancaq öz şəxsi mənafeyi üçün çalışır.

Romandan çıxan nəticələr çoxdur; yazıçı demək istəyir ki, Əfqanıstan hamımızın anasıdır, xəstədir, uzun müddətdir əziyyət çəkir. Onun sağalması üçün oğullarına, qızlarına ehtiyac var. Ona qulluq lazımdır. Oğulları, qızları isə qaçqın kimi dünyanın hər yerinə səpələniblər...

 

Bədirxan Əhmədli

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.27-28.