Hələ ki, həyatla heç-heçəyəm - 6:6...

 

Əyyub Qiyasın müsahibi Azərbaycan və Rusiya kinorejissoru Oleq Səfərəliyevdir

 

Oleq Səfərəliyev: Azərbaycan və Rusiya kinorejissoru. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix və Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində, Sergey Solovyovun emalatxanasında təhsil alıb. "Murad-Sad" adlı diplom işini 1987-ci ildə çəkib və elə o vaxtdan "Mosfilm"ə dəvət olunub. Daha sonra "Mosfilm"də "Birbaşa yayım" (1989), "Savva Morozov" (2008), "Petrovka 38" (2009), "Məni tap" (2010) bədii filmlərinə, Rusiya telekanalının sifarişilə 24 seriyalı "Növbətçi mələk-2", 16 seriyalı "Qadınlar və başqa bəlalar" tele-filmlərinə quruluş verib. Prodüser kimi bir neçə film və serial çəkib.

 

Moskvada olarkən bir gün əvvəl zəngləşib onunla Rusiya Kinematoqrafçılar İttifaqında görüşməyi planlaşdırdıq. Pəncərələrin o tayında Moskvanın bu il üçün bəlkə də sonuncu günəşli yay günlərindən biri ömrünü başa vururdu. Hərəmiz qarşımıza bir fincan çay qoyub söhbətə xatirələrdən başladıq. Onunla sonuncu dəfə 25 il əvvəl Bakıda görüşmüşdüm...

İki cür peşəkar rejissor var. Ya sən Trüffo yolu ilə, ya da Berqman yolu ilə getməlisən. Rusiyada isə, məsələn, Şukşin və Tarkovski kimi.

- Bu bölgü ilə nə demək istəyirsən?

- Demək istəyirəm ki, birincisi torpaq adamı, xalq adamı olanlardır. Qəlbi təmiz, fikri aydın... İkincisi isə yüksək səviyyəli, intellektual, mədəni. İncəsənətin bütün növlərində böyük biliyə malik olanlar. Ya sən yüksək səviyyəli mədəniyyət adamısan, ya da xalq arasından çıxmış sadə adam. Və əgər sən xalq arasından çıxmısansa, gərək xalqdan çəkəsən, yaradıcılığını xalqa həsr edəsən. Necə ki, Şukşin çəkdi. Hamımız bilirik ki, Şukşin kosmosdan film çəkmədi, "Solyaris", "Güzgü" kimi filmlər onun yaradıcılığından uzaq idi. Ya da əksinə, əgər sən Tarkovskisənsə, kolxoz haqqında film çəkə bilməzsən. Bax, bir də ortalıqda qalanlar olur, elələri üçün nə çəkməyin - kolxozdan, ya da kosmosdan - əhəmiyyəti yoxdur. Onların çəkdikləri onsuz da çox yaşamır, elə əsərlər tez unudulub gedir. Bəxtin gətirər, çəkdiyin film yubiley vaxtına təsadüf edər, nəsə bir hadisə ilə bağlı ani diqqət çəkər və sən bu işə görə müəyyən mükafat ala, ani şöhrət qazana bilərsən, amma əmin edirəm səni, bir müddət sonra həmin film də, onu çəkən də unudulub gedəcək. Gəl xatırlayaq da, sovet dövründə Lenin haqqında, kolxoz haqqında, qabaqcıl fəhlələr haqqında yüzlərlə film çəkilmişdi, ideoloji filmlər... Sovet ekranının qəhrəmanları. Zərbəçilər. Hanı o filmlər? O filmlərə indi kim baxa bilər?

- Sadəcə, retro kimi arada baxmaq olur. O dövrün ab-havasına köklənmək üçün mən hərdən elə filmlərə baxıram. Zavod və kolxoz haqqında filmlərə.

- Əlbəttə, son dərəcə maraqlı sovet kinoları var. Bilirsənmi, hansı Azərbaycan filmləri prokata liderlik edib?

- "Arşın mal alan"?

- Yox. "Arşın mal alan"a 16,2 milyon tamaşaçı baxıb. Bizim çempionlar "İstintaq davam edir"di (28,2 mil.). "Uzaq sahillərdə" (27,5 mil.), "Ögey ana" (21,8 mil.) və "Dağlarda döyüş" (21,5 mil.) filmləridir. Onların hər biri çox peşəkar filmlərdir. Təəssüf ki, indi elə filmlər çəkilmir.

- Məsələn, "Böyük dayaq"da maraqlı xarakterlər var. "Görüş"də rəngarəng aktyor oyunları var - Əlağa Ağayev. Mənim aləmimdə həmin filmdə Əlağa Ağayev xarakteri bir neçə planda verə bilib. Amma boş filmlər, mənasız filmlər də çoxdur.

- Təbii. Ümumiyyətlə, bizim aktyor məktəbimiz çox yüksək səviyyədə idi. Amma dediyin o boş filmlər ki var, bəzən onları da məcbur olub peşəkarlar, səviyyəli film yarada bilən adamlar çəkirdilər. İllərlə film almır, həvəsdən düşür, sonra nə gəldi çəkməyə məcbur olurdular. Bizdə Əlisəttar Atakişiyev, Həsən Seyidbəyli, Kamil Rüstəmbəyov, Rasim Ocaqov kimi rejissorlar olub. Onlar Azərbaycan kinosunda böyük işlər görüblər.

- Məsələn, mənim aləmimdə Həsən Seyidbəylinin "Bizim Cəbiş müəllim" filmi bütün parametrləri ilə ən yüksək səviyyəli filmlərdəndir. Bu yaxınlarda maraq üçün Əjdər İbrahimovun "26 Bakı komissarları" filminə baxdım. Maraqla baxdım.

-  Bəli, "26 Bakı komissarları" klassik filmlərdəndir. "Ulduzlar sönmür" filmini də unutmaq olmaz. Orada İsmayıl Osmanlı Hacı Zeynalabdin Tağıyev obrazını çox gözəl yaradıb. 80-ci illərin axırlarında Əjdər İbrahimovla "Mosfilm"də qarşılaşırdım, tez-tez söhbət edirdik. Yeri gəlmişkən, gələn ilin aprelində onun 100 illik yubileyi olacaq. Ümumiyyətlə, bizim dahi sənətkarlarımızı yaddan çıxarmaq olmaz.

- Sənin haqqında düşünəndə, sənin işlərini xatırlayanda məni həmişə bu sual maraqlandırıb: Pedoqoji İnstitutun tarix fakültəsini bitirən, 10 il Salyanda müəllim işləyən Oleq Səfərəliyev necə oldu ki, birdən-birə kinorejissor olmağa qərar verdi? Və birdən-birə Markiz de Sad mövzusuna müraciət etdi?

- Yox, elə deməzdim, birdən-birə heç nə olmur axı (gülür). Birdən-birə heç yağış da yağmır. "Murad-Sad"ın mövzusu Fransa inqilabıdır, sən özün baş rolu oynamısan, filmdə bunu özün icazə almaq üçün görüşdüyün məmura deyirsən.

- Hə, xatırlayıram. Mənim üçün çox maraqlıdır, nə üçün məhz Fransa inqilabı, nədən Markiz de Sad? Və bildiyimə görə, o ekran işi tammetrajlı film qədər çəkilmişdi. Sonra baxanda gördüm, çəkildiyim çox yerlər ekranda yox idi.

- Nə deyim sənə... Sadəcə, tələbə filmi olduğuna görə xeyli vaxtı keçmiş kinoplyonka ayrılmışdı bizə. 2 min metr film keyfiyyətsiz alındı.

- Həəə... demək, səbəb bu imiş.

- Tammetrajlı filmdən cəmi 25 dəqiqəlik qısametrajlı film çıxsa da, qırmızı diplom almağa bəs etdi (gülümsəyir).

- Aydındır. Qayıdaq suala? Nə üçün Markiz de Sad?

- O vaxt sən cavan oğlan idin də, yenidənqurma məsələsini, ölkədə gedən dəyişiklikləri görə bilməzdin. Markiz de Sad tarixdə çox iyrənc fiqur olub, o, məni maraqlandırmırdı. Film ondan bəhs etmir, film yenidənqurmaya həsr olunub. Filmə bir də diqqətlə bax, sən ürəyində böyük arzular olan rejissoru canlandırmısan orada.

- Mən o vaxt bu dəyişiklikləri tələbə kimi hiss edirdim, kino işçisi kimi yox. Filmi isə hər dəfə sevə-sevə izləyirəm, çünki 30 il geri qayıdıram ona baxanda.

- Ola bilər, amma əminəm, sən o dəyişikliklərin ciddiliyini hiss eləməmisən o vaxt. Amma biz başa düşürdük ki, artıq hər şey dağılır. Qarşıda bizi böyük dəyişikliklər gözləyir. Bu bir. İkincisi, unutma ki, mən həm də tarixçiyəm. Tarixi o vaxt da yaxşı bilirdim, indinin özündə də yaxşı bilirəm. Tarixdə maraqlı şəxsiyyətlər çoxdur və onlar haqqında düşünmək, onların obrazlarını müqayisə eləmək maraqlıdır. Ümumiyyətlə götürsək, rejissor sənəti həm də adamdan tədqiqatçılıq tələb edir. Elə bilirsən, yenidənqurma vaxtı böyük Fransa inqilabında olan şəxsiyyətlərin analoqu yox idi? Axtarsaq, Markiz de Sadı da tapa bilərik, Maratı da...

- Şarlottanı da...

- Bəli... Şarlotta da! Elə adamlar indi də var. Bütün cəmiyyətlərdə. Az adam öldürüldü yenidənqurma vaxtı? Neçə-neçə bankiri, iş adamını, siyasət adamını qətlə yetirdilər. Jurnalist öldürdülər. Mən də oturub fikirləşdim və baxdım ki, bu yenidənqurma ölkənin altını üstünə çevirəcək. Rejissorun da işi ondan ibarətdir ki, hadisələri qabaqlaya bilsin.  

- Bu, mənim üçün gözlənilməz və maraqlı cavab oldu. Və səhv eləmirəmsə, "Murad-Sad"dan sonra "Birbaşa yayım"ı çəkdin.

- Bəli.  "Murad-Sad"  Londonda keçirilən tələbə kinematoqrafçıların festivalında böyük tamaşaçı marağına səbəb oldu və diplom işindən dərhal sonra "Mosfilm"in dəvətilə mənə tammetrajlı film tapşırdılar. Bu film də yenidənqurmaya və SSRİ-nin süqutuna həsr olunmuşdu.

- Sonra da bir ara başın seriallara, prodüser işinə qarışdı...

- Bilirsən, əgər özünün çəkmək imkanın yoxdursa, başqalarına kömək edirsən. Mən 10 il "Avrasiya-film"in baş direktoru olmuşam. Bəzən sənədli filmlər, kliplər, reklam çarxları çəkmişəm. Üç il "Rossiya" kanalında hüquq verilişi hazırlamışam və təbii ki, həmişə bir gün doğma vətənimdə film çəkməyi arzulamışam.

- Bəs niyə çəkmirsən?

- Dəvət eləmirlər. Orada mənsiz də çoxlu rejissor var. Mənim müraciətlərim, layihələrim onları maraqlandırmır, amma hər şeyin öz vaxtı var.

- Buna görə də Moskvada qalıb serial çəkməyə başladın? Bildiyim qədərilə, çəkdiyin seriallar kifayət qədər reytinqli olub. Necə fikirləşirsən, seriala ciddi sənət işi kimi baxmaq olarmı?

- Mənim üçün fərqi yoxdur. Mən bütövlükdə öz işimə ciddi yanaşıram. Elə hadisə var ki, onu 2 saata, eləsi də var 12 saata demək olur. Mən sənə onlarla serial adı çəkə bilərəm, onların hamısı yüksək səviyyəli sənət nümunəsidir və böyük rejissorların işləridir.

- Sən onlara ciddi sənət nümunəsi kimi baxırsan? Amma mən bizdə çəkilən serialların əksəriyyətinə sabun köpüyü kimi baxıram. Ssenariləri kim gəldi yazır, kim gəldi rejissorluq edir. Təbii, bir neçəsini çıxmaq şərtilə.

- Mən baxsam da, baxmasam da elədir, onlar böyük işlərdir. O ki qaldı sənin yanaşmana, mən nə deyə bilərəm. Ola bilsin, sənin də öz ciddi arqumentlərin var.

- Maraqlı yanaşmadır.

- Rusiyanın özündə çəkilən seriallar var ki, onların özü də yüksək səviyyəli yaradıcılıq faktıdır. Məsələn, "Təxliyyə", "Xoş hava", "Kül", "İdiot", "Master və Marqarita", "Doktor Jivaqo" kimi serialların adını çəkə bilərəm. Məsələn, bəzən gecə yuxum gəlmir, deyirəm, bir 10-15 dəqiqə baxım sonra yataram və bir də görürəm ki, səhər açılır. Çünki ayrılmaq olmur.

- Məncə, serialın prinsipi də odur ki, tamaşaçını növbəti seriyaya qədər intizarda saxlaya bilsin. Tamaşaçı fikri ilə ssenari üst-üstə düşsə, tamaşaçı hadisələri qabaqlasa, o zaman baxmayacaq o filmə.

- Ya da elə qəhrəman, elə xarakter tapmalısan ki, onu tamaşaçıya özünə güzgüdə baxırmış kimi təqdim edə biləsən. O, həmin qəhrəmanın simasında özünü görə bilsin, özünə hesabat versin: filan işdə mən də belə eləməliydim, ya da, mən də belə eləyəcəyəm.

- Mənə elə gəlir ki, serial eyni zamanda bir neçə mesaj verə bilər. Bədii filmdə mesaj konkret olur. Bir süjet xətti olur, bir dramaturgiya olur...

- Yox, mən elə deməzdim. Filmlər də müxtəlifdir. Çoxşaxəli süjet xətti olan filmlər də var. Özün də yaxşı bilirsən ki, istənilən film, istənilən ədəbiyyat nümunəsi həyatı əks etdirməlidir. İstənilən cəmiyyətdə qatil də var, qətl də, sevgi də, xəyanət də... Film bu xarakterləri ifadə etməlidir. Tamaşaçı öz qəhrəmanlarına baxmalıdır, tamaşaçıya yalan göstərmək olmaz. Amma hər şeyi də rəngsiz, boyasız şəkildə təqdim etmək düz deyil. Çünki hər bir obraz eyni zamanda yaradıcı təfəkkürün məhsuludur. Bir obraz bir neçə insanın müştərək xarakterini birləşdirə bilər.  Bu gün bu xarakter var, sabah olmayacaq. Bu gün bu küçə var, sabah olmayacaq. Mənim filmimdə çəkilən küçələr, həyətlər artıq yoxdur... Məsələn, 1987-ci ildə "Murad-Sad"ı çəkdiyimiz həyət də indi yoxdur. Filmlər, kino həm də bu baxımdan əhəmiyyətlidir.

- Sevindirici faktdır, sənin filmin Berlin, Monreal, İstanbul, Rio de Janeyro kinofestivallarında uğurla nümayiş olundu. Məndə olan məlumatlara görə, həmin film 30-a yaxın kinofestivala dəvət alıb. Ən mötəbər kinofestivallarda uğurla nümayiş olunub.

- Bəli, elədir. Berlində 3 nümayiş nəzərdə tutulmuşdu, amma tamaşaçıların xahişi ilə əlavə 2 nümayiş də təşkil olundu.

- Oleq, sən bir neçə sənədli filmdə də işləmisən.

- Dedim axı, mənim üçün janr fərqi yoxdur. Əgər sən peşəkarsansa, öz işinin mahiyyətini bilməlisən. Elə fikir var ki, onu bədii filmin, eləsi var serialın, eləsi də var sənədli filmin estetikası ilə verirsən. Əsas odur ki, sən iş görürsən, tamaşaçıda çəkdiyin işə baxmağa maraq yarada bilirsən. Öz fikrini ifadə edib tamaşaçıya çatdırırsan. Mən teatrda da tamaşa qurmuşam. Bilirsən, indi elə bir dövrdür ki, hər şey sifarişdən asılıdır. Sən bir iş görmüsən və artıq səni tanıyırlar. İşinə bələd olan prodüser sənə etibar edir. Ona məhz sənin yanaşman maraqlıdır. Çünki arxayındır, bilir ki, sənin işin onun üçün problem yaratmaz, söhbət həm kommersiya, həm də sənət problemlərindən gedir.

- Yəni bir yaradıcı adam kimi sən öz işini planla görə bilirsən, ya yox? Məsələn, bir bədii film çəkmək istəyirəm, sonra bir sənədli film var beynimdə və s.

- Mən sənə deyəcəm plan necədir. Bax, düz 10 ildir ki, Xocalı faciəsi ilə bağlı bədii film çəkmək arzusundayam. Daha sonra M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyası əsasında musiqili film çəkmək istəyirəm. Bu, mənim planımdır, amma mən həm də peşəkaram və müəyyən sifarişlərlə işləyirəm. Bütün bunlar bir yaradıcı adam kimi mənim işimdir, lakin bir daha təkrar edirəm, mən, sadəcə, rejissoram, hər şeydən əvvəl biliyimi, bacarığımı öz vətənim üçün sərf etmək istəyirəm. Məmnuniyyətlə Azərbaycanda film çəkməyə gedərəm, amma niyə mənim təkliflərimi bəyənmirlər, başa düşmürəm. Bütün dünyada idman filmləri böyük uğur qazanır. Mən Azərbaycan futbolunun əfsanələrindən biri olan Anatoli Banişevskinin 60 və 70 illik yubileyilə əlaqədar film çəkmək üçün müraciət etdim. Bilirsənmi, onun son dərəcə maraqlı, faciəvi həyatı olub? 4 il əvvəl Şəki televiziyası məni yeni il proqramı çəkməyə dəvət etdi. İlin sonuna 1 ay qalmış məni Moskvadan Şəkiyə, "Region Tv"-yə çağırıb dedilər ki, istəyirik bu işi sən görəsən. 3 gecə yatmayıb, nə çəkəcəyimi yəqin etdim. Rayon yeri idi, müəyyən çətinliklər olsa da, öz işimi sevə-sevə bitirdim. Dəvət də çox ürəyimcə oldu. Düz 1 ay vətən havası ilə nəfəs aldım. Fürsətdən istifadə edib dəvətə görə onlara təşəkkür edirəm. Çünki vətəndə işləmək mənim üçün sevincdir.

- Səninlə bu müsahibəyə hazırlaşarkən baxdım. 2 seriyalı maraqlı, baxımlı musiqili telefilm alınıb. Bizim məşhur simalarla yanaşı, o kadrlarda əfsanəvi Vaxtanq Kikabidzeni görmək də xoşdur. Əsasən, Şəki dramasının aktyorlarını çəkmisən. Məncə,  alınıb. Başqa bir sualım var sənə. Bu gün bizdə qəribə bir mənzərə yaranıb, dəxli olmayan adamlar kino çəkir, bunu başa düşmək olur, amma saçını kinoda ağardan, kinonu bilən adamlar da rejissorluq sevdasına düşür, hətta texniki işçilər, maliyyəçilər də filmlər çəkir, buna necə baxırsan?

- Eyzenşteyndən soruşurlar ki, kim kino çəkə bilər? Deyir hər kəs, amma biri 5 il öyrənməli olacaq, bir başqası 50 il.

- Maraqlı cavabdır. Yaxşı, bəs indi planda nə var? Nə iş görürsən?

- Əvvəla, yaradıcılıq davam edir. Son bir neçə ildə sifarişlə ssenarilərin peşəkar analizi ilə məşğul oluram. Yəni hazır ssenariləri göndərirlər, çatışmazlıqları düzəldirəm, dramaturgiyanı qururam, əlavələr və ixtisarlar edirəm. Eyni zamanda bayaq dediyim kimi, günlərin bir günü Azərbaycanda Xocalı faciəsi haqqında film, "Lənkəran xanının vəziri" komediyası əsasında musiqili film çəkəcəyim günü gözləyirəm. İnanıram ki, ən yaxşı işimi doğma Azərbaycanda, doğma insanların əhatəsində işləyəcəyəm. Çünki, hələ hər şey irəlidədir. Hələ ki, həyatla heç-heçəyəm - 6:6.   

 

Rusiya Kinematoqrafçılar İttifaqından çıxıb bir müddət Moskvanın hay-küylü küçələri ilə gəzişdik. Məni "Belorusskaya" metro-stansiyasından yola salan Oleqlə vidalaşarkən gözlərini qıyıb özünəxas tərzdə gülümsündü: "Mən heç-heçə ilə barışan adam deyiləm, qalib gələcəyimə əminəm. Hələlik..."

Oktyabrın 13-də həmyerlimiz, tanınmış kinorejissor Oleq Səfərəliyevin 66 yaşı tamam olacaq. Fürsətdən istifadə edib "Ədəbiyyat qəzeti"nin kollektivi adından onu ad günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı və yaradcılıq uğurları arzulayırıq.  

 

Müsahibə xüsusi olaraq

"Ədəbiyyat qəzeti" üçün alınıb.

 

Söhbətləşdi: Əyyub Qiyas

17.09.2018. Moskva

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.26-27.