Sözün Lənkəran ətri
Nostalji poema
Salam, yaşıl gözlü yaşıl şəhərim,
Yenə
yazdı,
yenə bu yazın ürəyimi yaşıl-yaşıl yazdı,
yaddaşı üşüyən
küçələrdə yaddaşım azdı...
Gəncliyimin ətrini qoxlamaq istəyirəm.
Ömrün küləyi uzaqlara
aparır
arzumun əli uzanmış qoxunu...
Yaddaşımda yer yoxdu dəfn edim
bu yamyaşıl qorxunu...
Şeirimin unudulmuş misrasıdır
bu xiffət qoxulu küçə...
Dəmirağac yarpaqları
xəfif-xəfif yelpikləyir
ürəyi getmiş
xatirələrin üzünü...
Daha yoxdu Cəlalın çayxanası
çoxdan solub gəlin xatirələrin xınası...
Sözlərim hürkə-hürkə boylanır misralardan
Qabağımda şair Vaqif Hüseynovun
həsrətiylə
buğlanır
bir stəkan çay...
Burda edam olunmuş
ağaclara
salavat çəkirəm,
sonra həsrətimin
üstündən asfalt
çəkirəm...
gözlərimdən
damcılayır
bir misra Tərlan,
bir misra Nurəddin,
bir misra Cavidan
və bir cümlə Qafar Cəfərli...
Xəyalım uzaqlarda
baxışlarım Lənkəran
yağışının
göz
yaşını silir astaca...
***
Xatirə
Xatun beyti kimi
xatirə
küçələrinə su səpir
roman-roman
Məmmədhüseyn,
sonet-sonet Şəkər
Aslan,
sərbəst-sərbəst İltifat
Saleh...
qəzəl-qəzəl Mirhaşim,
Mirsalam...
Bu yamyaşıl misranın ətrini qoxla,
nəfəsi tanı
-
"Ay qonşu, bu evin yiyəsi hanı?"
Torpağın yaz pıçıltısı
diksindirir məni,
Bu şəhər ruhunda gəzdirir
Camal Yusifzadəni...
Burda küçələrə dağılmış
misralarımın içindən
gülümsəyir
qərib-qərib Baloğlan
Cəlil,
zindan-zindan Tofiq Həsənli,
əruz-əruz Oqtay Zəka,
ziya-ziya Ziyafət Əkbərli
və
fəsil-fəsil Əli Nasir...
Burnumda
yaşıllığın aprel qoxusu,
Yaddaşımın küçələrinə
qar yağır
üşüm-üşüm, narın-narın,
könlümü isidir kövrək misraları
nakam
Anarın...
Yəqin
bu bahar oğlunun boyunu oxşamağa
sukmuk əlləri çiçəkləyər Həbib
Səfərin...
Allahım,
Məmməd Həbibin göz yaşlarına
"Lənkəran" şeirinin
misralarını sərin...
Bu
yaşıl şəhərin söz köynəyini
terset-terset bəzədi
Elşad Səfərli...
Yadımdadı, hər səhər
dənizin könlünü
almağa tələsərdi
Nadir Müzəffər
-
qəzəl dolu bir ürək,
qaya kimi sərt, uşaq kimi
kövrək...
Xatirələrin
əlindən tutub gedirəm
dənizə sarı,
bax bu küçələrin birində
şeirindən tanımışdım
Vəliyev Etibarı...
Şükür hələ də
yerindədir dostluğu, etibarı...
Xəbərin
oldumu,
dostum
Əzizxanlı Qardaşxan? -
Xan evindən bir misra uzaq
qətl edilmiş ağacların
göz yaşı muzeyində gördüm
Qızılbaş Əlisa Nicatı...
Qara
asfaltın qaranlığında
kişnəyirdi
fələyin atı...
Bir köynək sevindim,
nə yaxşı
Bir Füzuli beytindən su içib
İdrakın şahmatı...
Demə
unutdum Xanəhməd Nahidi...
Bir özgə aləm idi
bu yaşıl şəhərdə gəncliyin
ləzzəti, dadı...
heç unutmaq olarmı,
"yanmış budaq üstə oxuyan"
Ağamir Cavadı...
Hələ də ağaclardan
boylanır
Hacıməmmədin yaşıl təbəssümü...
Nə yaxşı Əliməmmədin
ürəyi
"Məşəl"ə
dönüb,
içində
hələ də yaşayır söz
mövsümü...
və nə yaxşı işıqlanır
vəfadarlığın küçələri...
Nə yaxşı Elxan Sovulunun
misralarında qımışır
naringi, mandarin qoxulu
Lənkəran gecələri...
***
Radio
dalğalarında
ilk misralarımın gülümsədiyi
günün
güneyindən boylanır
Mirhafiz Bahadır doğmalığı...
Yadımdadı,
Sərraf
Talibin "Qaynaqçı
qız" şeirinin
istisi vurmuşdu məni
ocaq-ocaq, tonqal-tonqal...
Könlün çəksə, bu
yaşıl şəhərin
mətbuat
tarixini
Azad Zülaloğludan xəbər
al...
Bu yaşıl şəhərin
ürəyinin başında
söz bayrağı kimi dalğalanırdı
Şəkər Aslanın
"Leninçi" -
"Lənkəran" qəzeti...
Yaddaşına misra-misra daş atıram zamanın.
Adını diksindirirəm Kamal
Rəhmanın...
"Lənkəran"ın
sözü bu imzalarla
açmışdı
qanad:
Qüdrət Qüdrət, Etibar
Əhəd,
Xudaverdi Cavad...
Sözə ürəyini verib,
qələm-qələm olmuş
qələmlər...
hələ də üşüyür saralmış
qəzet
səhifələrində
yaşıllığını qoruyan kəlmələr...
və daha nələr... nələr...
Rənglərlə
danışan
Adil Əsədlinin
"Naxış"ında
naxış-naxış azadlıq
nəğmələrini
xalça-xalça toxuyardıq...
Həyatı böyük
Azərbaycan eşqiylə
oxuyardıq...
Dopdolu söz boxçasıydı
Dədə Qorqud səbatlı
Səfər müəllim...
Elm yollarında cürətlə
addımlayan
Yədulla
Ağazadə,
Ömür ağacından
vaxtsız yıxılan
Gülməmməd Məmmədzadə...
neçə-neçə dostlar vardı... duyğulu və sadə...
daha kimlər... kimlər...
mühəndislər,
həkimlər...
Adını çəkməsəm, misralarıma
kölgə
salar tarixin ahı,
unutmaq olarmı,
bu torpaqda söz ağacı kimi bitən
şeirləri limon qoxulu Vəlişahı...
***
Üzü
"Vağzal"a sarı başını tutub
gedən
küçələrdə
hələ də asfaltı cırmaqlayır
ümidimin
hıçqırıqları...
Mən unutmadım,
Allah da unutmasın
3.10.1996-cı
il təvəllüdlü
şeirimin
göz yaşlarını...
bax, yenə neçə illər
öncə
göz yaşlarımın
saxı sınmasın
deyə
kədərimi ütüləyən
küçə
bir
qarasaçlı şairin ağrısına
ağacların pıçıltısını
sərən küçə...
bir ürəyin əzab dolu
harayını
sükutuyla dərən küçə,
adamlardan vəfalı,
adama
üzünü döndərən küçə,
Allah kimi hamını bir gözdə görən küçə...
küçə... küçə...
küçə...
sən - küçə,
mən - küçə,
o - küçə
və
bir də misralarımdan utanmadan
misralarımın haqqını
yeyənlərin küçəsi...
Ağrılarım
hələ də
təzə-tər qalıb
bu küçələrdə,
mənim kimi talesiz birinə
Tanrı əmanətitək...
Hələ
də kirpiklərimə çırpır özünü
o gün Allahın insafını
daşa
basan misralarım:
İndi mən
özüm
sənə sarı
yüyürən bir
küçəyəm,
üstümə dağılıb
mənim kimi talesiz
şairlərin
hıçqırıq dolu misraları...
***
Yaşıl
gözlu şəhərim,
sənli xatirələr
heç vaxt enməz
qüruba,
sənin yaddaşının,
sənin qəlbinin
iki kövrək
misrasıdır -
Xan nəvəsi Ağa Mirhaşım,
Xan gəlini
xanım Dilruba.
60-ci illərdən
bəri,
ruhunda
söz sehri.
Yaşar
Rzayev - Lənkəranın
Folkneri...
Hirkan qoruğu bacımdır,
Bəlləbur qalası qardaşım...
İnsaf
ağacından yıxılmaz
yaddaşım;
Bu yaşıl şəhərin
gözəlliyini, ağrısını
naringi ətriylə,
limon qoxusuyla hopdurur sözə,
yazıçı Hacı
Hafiz Mirzə...
Yaşıl gözlü şəhərim,
sənin yaşıllığına
atılan daşlar
xəcalət təritək
qalıb tarixin
yaddaşında...
Həzinin heykəli qeyrət
bayrağıdır
sənin
torpağında, sənin daşında.
***
Hər
gün əzan səsiylə
alnını ovuşdurur
bu yaşıl şəhərin
ovcundakı bazar.
Burda
üzü qibləyə durmuş dükanlar
Allaha
and içir hər
gün manat dilində...
Bir dəllək
dükanında namaz qılan cavanın
üzünün işığına
salavat çəkdim,
məscidin xətrinə
dəyməsin...
Səni
sevmək pulsuzdu, Allahım,
pulsuzdu...
Səni
xatırlatdım, xəcalətdən
bir tacirin
əlində pul susdu...
Yaşıllığı
sevən şəhərim,
yaşıllığına
vurulub hamı,
yaşıl-yaşıl əskinaslarından
tanıyır səni
qürbət qoxulu adamlar,
küçə-küçə keçdi
səndən yuxulu
adamlar,
qorxulu adamlar...
Sən isə yaşıllığı
sevdin
peyğəmbər ətrinə
bələnib deyə...
Bu ətrinlə vurdular səni,
bu ətrinlə vuruldular sənə...
Sən cənnət quşunun
dimdiyindən düşən
yamyaşıl
bərəkət çöpüsən...
Kimisinə əzab dolu yaşıl zəhər,
Kimisinə arzulara uzanan körpüsən...
Baxıram bir üzündə
-
Dəmirağacı kimi qoca bir adam,
bir üzündə
-
Xəzərin sahilində yaşıl
bələkdə
uyuyan
körpəsən...
Görəsən, göz yaşıyla
dəstəmaz alanların
namazına
niyə kölgə salır minarələrin
fəryadı...
Burda ki, hər ocaqda
bərəkət təknəsidir
Allahın adı...
Mənim
yamyaşıl şəhərim,
yaşıl namazım...
İzn ver, sənin iman işığında
bir misra yazım...
Balayar Sadiq
Ədəbiyyat qəzeti.- 2018.-
13 oktyabr.- S.31.