Mirzə Cəlilin
nigarançılığı...
Mirzə Cəlil qədər bu dünyada nigaran
yaşayıb, nigaran köçən varmı görən?! Bəlkə də
heç yoxdur? Olmayacaq da...
Mirzə
Cəlil (Molla Nəsrəddin) heç bir zaman ürəkdən
"gülməyib". Nəsrində bol-bol
gülüş axtarmaq dərinliklərdə boğulub əl-qol
atan adamın zarafat etdiyini sanmaq kimi bir şeydir. Buna bir
nəsr oyunu - bədii-estetik rəng, rəqs edən hüzn,
ritm kimi kimi baxmamız gərəkdir! Yazıçının
dili də bu oyuna tabe edilib. Məlum
olduğu kimi, gülüşdə bir tezlik, hərəkətlilik,
mütəhərriklik vardır. Mirzə Cəlil
nəsri gülüş kimi axıb-gedir və nə zaman
bitdiyindən xəbərin olmur. Onun bir
çox hekayələrinin "ardını" səhifənin
o biri üzündə axtarmalı olmuşam. Düşünmüşəm ki, bitməyib hələ.
"Qurbanəli bəy", "Komsulun arvadı",
"Ucuzluq", "Proletar şairi", "İki ər",
"Nigarançılıq" belə nəsr nümunələrindəndir.
Sonuncudan başlayaq. Tiflisin "İslamiyyə"
mehmanxanasının üçüncü nömrəsinə
düşən altı müsafirin və onları pusan polis məmurunun
nigarançılığından bəhs edir hekayə. Yazıçı onların mənsub olduqları
ictimai zümrə haqqında bir-iki kəlmə deməklə
kifayətlənir. Məşədi Heydər
bəzzazdır. (Parça, arşınmalı satan tacir). İkinci müsafir
"ayaq üstə alış-veriş edən" Məşədi
Qulamhüseyndir. Ücüncü müsafir özgə
nömrələrdə yer olmadığından əvvəlki
iki müsafirin razılığı ilə nömrəyə
qəbul olunan maarifpərvər Məşədi Məmmədbağır
və nəhayət, üçüncünün
görüşünə gələn "...xeyli məlumatlı və
qeyrətli bir cavan" olan Mirzə Rza, "rus dərsi oxumuş şair və
ədib" Həsən bəy Gəncəli və onlardan
sonra təşrif buyuran müəllim Mirzə Məmmədqulu.
Yəni, bütün zamanlarda rastlaşa biləcəyimiz
xarakterik bir olay. Bir-birini dərindən
tanımayan altı nəfər bir yerə
yığışsa, nədən danışarlar? Heç bir kəlmə kəsməmək
ağlabatan deyildir. Birbaşa siyasi söhbətə
keçmək absurddur. Yalnız ailə-məişət
qayğılarından söhbər salmaqla ünsiyyətə
körpü atmaq olar. Belə də olur.
Maraqlı orasındadır ki, söhbəti
otağa sonuncu daxil olan Mirzə Məmmədqulu
başlayır. O, öz həmşəhərlilərinə
- Məşədi Heydər və Məşədi Qulamhüseynə
üzünü tutub uşağı
Sadığın naxoşluğu ilə bağlı
nigarançılığını dilə gətirir. Bu barədə xəbərləri
olub-olmadıqlarını soruşur. Hər
ikisi bu işdən xəbərləri olmadıqlarını
bildirir. Söhbət əsnasında
otağın qapısı yavaşca aralanır. Paltarını dəyişmiş polis məmuru
olduğu heç kəsin ağlına gəlmir və buna əhəmiyyət
də vermirlər.
Diqqətli
oxucu hadisələrin
sonrakı gedişini təxmin edə bilər. Hekayənin
"hərəkət" modeli hazırdır. Altı
nəfərin altısı da eyni psixoloji "təpki"nin altına düşüb. Yazıçı
dahiyanə bir ustalıqla elə bir psixoloji atmosfer yaradır
ki, onun təsirindən heç kəs çıxa bilmir.
Əvvəla, altı nəfərin
altısı da ailələrindən uzaqda - qərib yerdədirlər.
Mirzə Məmmədqulunun
nigarançılığı onlara da sirayət edir.
İstər-istəməz vaxtilə onlarda
nigarançılıq doğuran əhvalatlar
altşüurlarında "hərəkətə" gəlir,
tədricən gücə, qüdrətə dolur və
qarşısıalınmaz bir sel kimi axıb "dili" zəbt
edir. Zəbt olunan dil isə zəbt olunan mətn deməkdir. Sanki hekayənin ərazisi müəlifin "nəzarəti"ndən
çıxır və hekayə özü-özünü
yazır, müəllif isə yalnız seyrçi
rolundadır. Nə qədər təbii və heyrətamiz
bir üsul! Mirzə Cəlilin əksər hekayələri
belədir.
Yazıçı Allah deyildir. O, hadisələrin təbii
axarına dəyməməlidir. Qoy hər
şey olduğu kimi axıb getsin. Sonsuzluğacan.
Amma oxucu sonsuzluğacan gözləyə bilməz.
Məhz belə situasiyada yazıçı peyda
olur. O, hadisələrin əyin-başına əl gəzdirir,
ölçür-biçir, yeri gələndə budayır,
kəsir və sonda mətn bədirlənir.
""Nigarançılıq" hekayəsində təhkiyə
vəziyyətə uyğun dəyişir, bədii mətnin
bütün atributları çox sadə (primitiv, yox!) şəkildə
üzə çıxır. Dahi rus yazıçısı
L.N.Tolstoy 1908-ci ildə özündən xeyli gənc olan
L.N.Andreyevə yazırdı: "Məncə,
yazıçı ondan gecə-gündüz əl çəkməyən,
onu düşünməyə vadar edən fikirləri
yazmalıdır. Şöhrətə və
pula hərislik isə mətnin səmimi və bədii cəhətdən
yüksək olmasına mane olur. Bundan
çəkinmək lazımdır. İkincisi
isə, guya indiki dövrün yazıçılarının
oxucuya orijinal, qeyri-adi fikir çatdırmaq, təəccübləndirmək
istəməsidir. Bu, dözülməz
haldır və sadəlikdən uzaqdır. Sadəliksə gözəlliyin əsasıdır".
Mirzə Cəlil yalnız onu narahat edən məsələləri
qələmə alırdı. Özü də sadədən
də sadə bir halətdə! Dahilik elə
budur.
Zaman ardıcıllığı baxımından hekayəyə
ən "gec" daxil olan Mirzə Məmmədquludur. Situasiyanı
da, söhbətin sonrakı gedişatını da o, müəyyən
edir. Yazıçının
aşırı dərəcədə dəqiqliyi burada da
öz sözünü deyir. Mirzə Məmmədqulu
otağa nigarançılıqla yüklənmiş halda
girir. Bir qədər də hövlnak.
Ona görə də söhbəti
açmağa daha çox onun haqqı vardır. Sonra
Şirvanlı Məşədi Məmmədbağır
danışır: "Mirzə, mən indi bilirəm ki, sən
nə çəkibsən, çünki mənim də
başıma gəlib. Doğrudan da bu
nigarançılıq yaman şeydir". Və o, yeddi-səkkiz ay bundan əvvəl
başına gələn hadisəni danışmağa
başlayır. Söhbət bitəndən sonra şair
və ədib Həsən bəy Gəncəli
üç-dörd il bundan öncə
nigarançılığı necə
yaşadığını söyləyir. "Bu
heyndə nömrənin qapısı genə bir qədər
açıldı və genə örtüldü və lakin
ordakılar etina eləmədilər". Ardınca
Məşədi Heydər başlayır söhbətə.
Məlum olur ki, onu nigarançılığı sürəklilik
baxımından dostlarınkından bir az
da çox çəkib. O da sözünü belə
qurtarır: "Bu nigarançılıqdan dünyada çətin
şey yoxmuş". Axşamdan dörd saat
keçəndən sonra qonaqlardan üçü xudahafisləşib
gedir. Gedənlər yolbuyu, qalanlar da otaqda
nigarançılğın çox pis şey olması haqda
düşünürlər. "Təğyiri-libas"
olan polis məmuru da bu "millətpərəst"lərin
bir nömrəyə toplaşıb hansı siyasi məsələni
müzakirə etdiklərini başa düşmədiyi
üçün çox nigaran olur. "Paltarını
dəyişib camaat içində dolanan" dövlət məmuru
mətndə cəmi iki dəfə görünür.
Onun nigarançılığını da başa
düşmək olar...
Hekayə
gözlənilməz (və həm də gözlənilən)
bir sonluqla bitir: "Həqiqətən, dünyada bu
nigarançılıqdan da pis şey yoxdur". Oxucu heyrət
içərisində donub qalır: Bəs ardı harada
qaldı? Və özü özündən sormağa məcbur
olur: 1. Hekayənin
başlıca qayəsi nədir və güdükçülərin
bol olduğu bir məmləkətdə yaşamağın
çətinliyi nədədir? 2. Bizim hisslərimizlə
(iç-otaq-mikroaləm) tanımadığımız, lakin
dışı (makroaləmi) təmsil edənlərin hissləri
arasındakı bu mistik bənzəyişin sirri nədədir?
3. Niyə sadə bir əhvalat üzərində qurulan və
ya oyunu xatırladan Mirzə Cəlil hekayələri
zamanın sınırlarını aşıb bizə və
bizdən də ötüb məchul zamanlara keçə bilir?
Birinci sualdan başlayaq. XIX əsrin sonu, XX əsrin əvvəlləri
dünyada, xüsusən, Rusiyada gedən proseslər Azərbaycandan da yan keçmədi.
Milli məfkurənin getdikcə möhkəmlənib
genişlənməsi milli istiqlala doğru aparırdı.
Hekayənin yazıldığı 1916-cı il
"neft və milyonlar səltənəti"
üçün ən ağır sınaq dövrü idi.
Çar Rusiyası Bakının əldən
çıxmaması üçün arsenalında olan bütün
iyrənc üsullara əl atırdı. Milli
özünüdərk yolunda çarpışan, istiqlal
düşüncəsi bəlli olan ziyalıların qarabaqara
izlənilməsi bu üsullar içərisində ön
sırada dururdu. Cəlil Məmmədquluzadənin
də hər bir addımı izlənilirdi. Çarizm "milli" güdükçülər
nəsli də yetişdirmişdi. Onların bəziləri
rus ordusu sıralarında, bəziləri də Qori Müəllimlər
seminariyasında "hazırlanmışdı". Belə bir ağır tarixi şəraitdə ədəbi-bədii,
ictimai-siyasi fəaliyyətlə məşğul olmaq əsl
fədakarlıq idi. Mirzə Cəlil, onun məsləkdaşları
- mollanəsrəddinçilər və fyuzatçılar
Cümhuriyyət şüurunu təbliğ etmək yolunda
bütün çətinliklərə sinə gərirdilər.
Cümhiriyyətin qurulmasından bir il
öncə yazılmış "Cümhuriyyət"
(Respublika) məqaləsində ədib yazırdı:
"(Borcumuz) Vətəndaşlar! ... Avropa aləmindən və
mətbuatından az-çox xəbərdar olanların borcudur
ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir
onları bir yerə cəm edib, belə-belə məsələlərdən
(Cümhuriyyətin nə olduğundan - M.Qaraxanoğlu)
söhbət açsın...". (Cəlil
Məmmədquluzadə. Əsərləri, dörd cilddə,
IV cild, Bakı - 2004, səh: 190-193)
"Nigarançılıq" hekayəsi də bu
dövrün ictimai-siyasi mənzərəsini
canlandırır. Statistik rəqəmlə ifadə etsək,
mətndə cəmi yeddi nəfərin
nigarançılığı təsvir edilib. Amma bu yeddini bütünlüklə bütöv
epoxaya şamil etmək olar. Toplumun
bütün təbəqələri nigarandır. Mirzə Cəlil də o yeddi nəfərin içərisindədir.
Əlahəzrət Faktın özü də
bunu deyir. Yazıçının 1916-cı ildə
Tiflisdən Həmidə xanıma yazdığı məktubunda
oxuyuruq: "Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün
icazə almışam. Jurnal işləri
ilə əlaqədar Bakıya gedəcəyəm. Orada "İslamiyyə" mehmanxanasına
düşəcəyəm. Oradansa hara gedəcəyimi
hələ bilmirəm. Ələkbər və
uşaqlar necədir?". (Cəlil Məmmədquluzadə.
Əsərləri dörd cilddə, IV cild, Bakı - 2004, səh:
322). Sözün
bitdiyi yerdir. Burdan o yana yol yoxdur. Mətn
yol vermir...
Keçək ikinci suala. Yaxşı ki, hisslərimizin
xəritəsi mövcud deyidir. Əgər
belə bir xəritə olsaydı, imkanımız
çatıncaya qədər o xəritədən uzağa
qaçardıq. Soruda qeyd olunduğu kimi, hekayədə şərti
olaraq iki - mikro və makroaləm təsvir edilib. Birincinin (otaqdakıların - mikroaləmin) ikincidən
(dövləti təmsil edən güdükçüdən
- makroaləmdən) xəbəri yoxdur. Amma
gözəgörünməyən bir sirli bağ onları
bir-birinə bağlayır. Bu,
nigarançılıq hissidir. Əgər bu hissi
interpretasiya etsək, fərqli iki qatla raslaşacağıq:
Eyni bir arealda, eyni bir zaman içərisində yaşanan
nigarançılıq hissi eyni olmaya bilər. Otaqdakılar
mikroaləmi təmsil etsələr də, onların
yaşadıqları nigarançılıq hissi daha bəşəridir.
Amma paltarını dəyişib onları
güdən güdükçü makroaləmi təmsil etsə
belə kiçikdir, xırdadır, miskin bir zavallıdır.
Nigarançılıq hissi güdükçünün qəlbini
deşir. Amma otaqdakılar bu bəşəri
duyğunu paylaşdıqlarına görə yüngülləşib
bir-birindən rahat ayrılırlar. Hekayənin
sonundakı "Həqiqətən, dünyada bu
nigarançılıqdan da pis şey yoxdur" cümləsi
də onlardan daha çox güdükçüyə aiddir.
Mirzə Cəlil dahiyanə bir ədəbi manevrlə
obrazların yerini dəyişir. Obrazların yeri dəyişiləndə
cümlələr də yerini dəyişir və hər dəfə
ayrı bir məna kəsb edirlər. Həmin
cümlələri oxucu yerbəyer etməlidir.
Ədibin nəsr dili heyrətamiz dərəcədə
eyhamla boyanıb. O, güdükçünün simasında mövcud
hakimiyytətə, onun strukturlarına çox ciddi bir-bir
ismarış göndərir: Əvvəla, beş-altı nəfərin
bir yerə toplaşması o demək deyildir ki, həmin adamlar
siyasi fikirlərini bölüşür, dövlət əleyhinə
nəsə bir plan cızırlar. İkincisi, insanın
keçirdiyi eyni hiss mistikcəsinə bir-birinə bənzəsə
də, məkan, tarixi-bəşəri missiya və ictimai təyinatına
görə çox fərqli ola bilir.
Üçüncü suala gəlincə deməliyik ki,
Mirzə Cəlil adi əhvalatların üzərinə
çox sirli bir tül örtür. Ola bilsin ki, (Və belədir!)
mətn birqatlıdır. Süjet eyni xətlə
inkişaf edir. Mövzular da ədəbiyyatın
əbədi mövzuları deyil, həyatımızdan
alınan adi hadisələrdir. Bəs necə
olur ki, bu hekayələr zaman keçdikcə bizə daha
yaxın və doğma olur? Nədir
onların sirri?
Mirzə Cəlil realist sənətkardır. Amma bu realizm
başqa sənətkarların realizminə bənzəməz.
Bu, necə deyərlər, "deformasiyaya"
uğramış realizmdir. Xüsusən,
obrazlara münasibətdə bu deformasiya elementləri parlaq bir
şəkildə özünü göstərir. Götürək, Xudayar bəyi. O, nə fiziksəl,
nə də ruhsal
baxımdan "özü"dür. Elə Məhəmmədhəsən əmi də o
cürdür. Şeyx Nəsrullah, Kefli
İsgəndər, Qurbanəli bəy, Novruzəli də
"özləri deyillər".
Zahirən "başlı-başına
buraxılmış" kiçik mətnlər və
cümlələr, simvolikləşdirilmiş
çoxqatlı ironik təhkiyə tərzi istər-istəməz
eyni hadisəyə müxtəlif yönlərdən
yanaşma tələb edir. "Nigarançılıq"
hekayəsi də belədir. Bu kiçik
hekayənin ərazisinə bir-birindən fərqli dörd əhvalat
"yerləşdirilib". Əhvalatların
başvermə tarixləri də fərqlidir. Amma ruhən bir-birini tuturlar. Əhvalatları
danışan Mirzə Məmmədqulu, Məşədi Məmmədbağır,
Həsən bəy Gəncəli və Məşədi Heydər
həm də öz xarakterlərini ortaya qoyurlar - onların nə
qədər ailəcanlı, alicənab, dost və
qohumcanlı olmaları diqqətdən yayınmır.
Paradoksallıq ondadır ki, onlardan bir az
aralıda - qapının o üzündə tamam fərqli
şeytani bir düşüncənin
daşıyıcısı dayanıb. O da nigarandır. Amma onun nigarançılığı
otaqdakıların nigarançılığına bənzəmir. Bu zavallının
nigarançılığı da özü kimi tənhadır.
Amma əhatə dairəsi və
masştabına görə epoxaldır.
Doğma
xalqının psixologiyasına dərindən bələd olan
ədib nigarançılığa həm də milli
mentalitetdə oturuşan bir hiss - arxetip kimi yanaşır. Rus
və avropalı heç bir zaman getdiyi yerdə ailəsi,
uşaqları, dost və qohumları, bir sözlə,
beş-altı günlüyə ayrıldığı evi, məhəlləsi
üçün bu qədər darıxmaz. Bu hiss ədibin əksər
qəhrəmanlarında qabarıqdır. Naxoş
övrətinə görə nigaran olan Vəli xanı
xatırlatmaq yerinə düşər.
Mirzə Cəlilin özü də ömrü boyu
nigarançılıq içərisində yaşayıb. O, bolşevik-kommunist
rejiminin bizi ideoloji alətə çevirəcəyindən
nigaran idi. Mənsub olduğu xalqın öz
milli-mənəvi dəyərlərini - dilini, mədəni-əxlaqi
tamlığını və ədəbiyyatını (Təkcə
Mirzə Fətəliyə görə
nigarançılığı yetər!) qoruya bilib bilməyəcəyindən
nigaran idi. O, qədim ehtişamı dağılan
bütöv Azərbaycana görə nigaran idi:
"- Haradır Azərbaycan? - Azərbaycanın çox hissəsi
İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən;
qalan hissələri isə Gilandan tutub qədim Rusiya hökuməti
ilə Osmanlı hökuməti daxilindədir..." ("Azərbaycan"
məqaləsi)
"İstiqlal
ədəbiyyatının sərkərdəsi" (İsa Həbibbəyli)
Zeynəbləri, Məhəmmədhəsən əmiləri,
Novruzəliləri, Kefli İsgəndərləri, Fatma
xalaları, Gülbaharları... bizə
nigarançılıqla əmanət qoyub gedib...
Nigarançılığın
necə möhtəşəm bir hiss olduğunu hələ
indi-indi anlayıram. Bu gün bizə məhz
Mirzə Cəlil nigarançılığı
lazımdır. "Doğrudan, bu
nigarançılıq yaman şeydir".
Mehman
Qaraxanoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 13
oktyabr.- S.30.