Qılman İlkin 96 ilin xatirə insanı  

 

 O, 96 il yaşadı, Azərbaycan yazıçıları arasında misli olmayan bir uzunömürlülüyə imza atdı. Bəlkə, 100 il də yaşayardı, hətta ikinci yüzilliyə də qədəm basardı. Amma düz 96 yaşında xəstəlik ona aman vermədi. Ömrünün sonuna qədər də qələmdən, yazıdan əl çəkmədi.

Xalq yazıçısı Qılman İlkin (Musayev). Bakılı idi, amma özünün dediyinə görə, onun ulu babası XVII əsrdə Dağıstandan - Teymurxanşuradan gəlib. Ulu babası kəndirbazlar dəstəsində meydan qızışdıran olub. Mərdəkana gəliblərmiş, bir dəfə kəndirbəzı əvəz eləyəndə qıçı sınıb, qərara alıb ki, daha Dağıstana qayıtmasın, qalsın Mərdəkanda. Babası İsabala xarrat olub. Ailə altı qardaş, iki bacıdan ibarətdi. Qılman müəllimin böyük qardaşı Qurban Musayev də (1903-1982) yazıçı olub, pyesləri səhnədə oynanılıb.

Mənim bəxtim gətirib ki, Qılman müəllimlə sağlığında bir neçə dəfə görüşmüşəm, "Yeni Azərbaycan" qəzetinə ondan bir müsahibə almışam. Qılman İlkin hardansa eşitmişdi ki, mən çoxlu şeir əzbər bilirəm və elə ilk görüşümüzdə belə bir şərt qoydu ki, ona Müşfiqdən, Səməd Mənsurdan şeirlər deyim, sonra nə istəyirsən soruş, canla-başla cavab verərəm. Mən də heç sıxılmadan onun xahişini yerinə yetirdim. O gündən mən Qılman müəllimin sevimlisinə çevrildim.

O, xatirələrdən yoğrulmuş  bir insan idi desəm, səhv etmərəm. 90 yaşında uşaqlığından tutmuş qocalığına qədər yaddaşında nə yaşayırsa, mənə danışdı.

İbtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb. Bu məktəbdə ona Feyzulla Qasımzadə və Cəfər Rəmzi dərs deyiblər. Tağıyevi necə gördüyündən söz açırdı. Deyirdi ki, Tağıyev hərdən bizim məktəbə də baş çəkirdi, o qədər sadə idi ki, heç deməzdin bu, milyonçudur. Amma ömrünün son illərini əzəbla yaşadı. Nərimanov olmasaydı bolşeviklər onun qocalığına heç baxmazdılar.

Tağıyevin məktəbini bitirəndən sonra vaxtilə "Rüşdiyyə" məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Mərdəkan-Bakı yolu, arada xeyli məsafə var.  Deyirdi ki, Mərdəkandan payi-piyada gəlirmiş Suraxanıya, oradan elektriçkaya minib gəlirmiş məktəbə. Düz beş il beləcə piyada yol gəlib. Qılman müəllim gəzməyi-dolanmağı, piyada yol getməyi çox sevirdi. Bu qədər ömür sürməyinin   bir səbəbini hər gün piyada yol getməyində görürdü. İyirminci illərdə Bakıdakı məktəblərin əksəriyyətində dərs deyən müəllimlər Türkiyədən dəvət olunmuşdular. Dərsliklərin də çoxu türk dərslikləri idi.  Yerli kadrların sayını artırmaq üçün  bəzən orta məktəbin  yuxarı sinfini ixtisar edir, dünən məktəbli kimi partada əyləşənlərin əlinə vəsiqə verib məktəblərə müəllim göndərirdilər. Ona da belə bir "səadət" nəsib oldu - 1929-cu ildə, orta məktəbi qurtarmağına bir il qalmış 15 yaşında ikən  Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndərirlər. Deyirdi ki, məktəb  köhnə bir binada yerləşirdi. Uşaqlar üç cərgədə əyləşmişdilər - hər cərgədə bir sinfin şagirdləri. O, kənd sovetinin sədri işləyən  bir cavan oğlanın evində qalırmış. Həmin illər sinfi mübarizə illəriydi. Sovet hakimiyyəti qurulandan sonra  kəndin varlıları dağlara çəkilmişdilər. Belə oldu ki, Qılman müəllim arada kitab-dəftər almaq üçün Bakıya getməli olur.  Qayıdanda isə gəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oğlanı - kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər.  Nə yaxşı ki, Qılman müəllim orada olmayıb, çünki arada ona da xəbər göndərmişdilər ki, səni də öldürəcəyik, qızlarımızı məktəbə çəkmisən. Dərs ilini başa vurub Bakıya qayıtdı. Ömrünün oğlan çağları başa çatdı. İllər keçəndən sonra Qılman İlkin o kənddə başına gələn əhvalatları "Ömrün oğlan çağları" povestində qələmə aldı.

 Qılman İlkinin xatirə yaddaşında ən maraqlı hadisələr, insanlar otuzuncu illərlə bağlıdır. Müəllimlik fəaliyyətindən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirir, həm də "Gənc işçi" qəzetində  işə düzəlir. O zaman "Gənc işçi" qəzetinin redaksiyası  Elmlər Akademiyası binası ilə üzbəüz  bir binanın 1-ci mərtəbəsində yerləşirdi. EA-nın 1-ci mərtəbəsində isə Proletar Yazıçılar Cəmiyyəti yerləşirdi. O, tez-tez cəmiyyətin iclaslarında iştirak edirdi. Kimləri görürdü? Hansı hadisələrin şahidi olurdu? Cavidi, Əhməd Cavadı, Sanılını tənqid edən ittihamçıları. Səməd Vurğunu - o, çox tezliklə tanındı, sevildi, Süleyman Rüstəmi - Ələmdən nəşəyə keçən əsl proletiar şairini, Mehdi Hüseyni - cavan olsa da bir yazıçı və tənqidçi kimi özünü tanıtdı, Əbülhəsəni - ilk romanını yazmışdı, Əli Vəliyevi - o da kənddən gəlmişdi, amma çox tezliklə ədəbi aləmdə öz yerini tutdu, daha kimləri - Rəsul Rzanı, Abdulla Faruqu, Sabit Rəhmanı... Bunların çoxu ilə dostluq elədi. Amma ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq idi. Müşfiq tez-tez "Gənc işçi" redaksiyasına gəlirdi. Qılman müəllim ondan danışanda həm kövrəlir, həm də qürur hissi keçirirdi. O, Müşfiqi orta məktəb illərindən tanıyırmış. Deyirdi ki, üç barmağını büküb şeir oxuyurdu. Dəfələrlə Müşfiqin öz şeirlərini oxuduğu məclislərdə iştirak edib, heç kim Müşfiq kimi şeir oxuya bilməzdi. Səsinin cazibəsi hamını heyran edirdi. Onu alqışlara qərq edirdilər. Süleyman Rüstəm də çox tanınırdı, çünki proletar şairiydi, əsasən ictimai-siyasi məzmunlu şeirlər oxuyurdu. Amma Müşfiq məhəbbətdən, gözəllikdən şeir oxuyurdu, uşaq kimi xasiyyəti vardı, gözlərinə baxanda ürəyini görərdin. Müşfiq "Gənc işçi" qəzetinə ona görə tez-tez gəlirdi ki, sevdiyi qız - Dilbər hər gün Darülmüəllimatdan çıxıb üzüaşağı gəlirdi. Müşfiq onun gəldiyini görüb EA-nın önündə onu qarşılayırdı.  Dilbər doğrudan da çox gözəl idi. Elə gözəl idi ki, dönüb arxasınca bir də baxırdın. Müşfiq onu çox sevirdi, həm də qısqanırdı. Müşfiqin çılğınlığı, emosionallığı barədə çox yazıblar. O, Sovet hakimiyyətinin düşməni deyildi, elə neçə şeiri var ki, quruluşu tərənnüm edirdi. Amma nöqsanları görən gözü yox idi.  Bir dəfə, APİ-də oxuyanda bizi onun dərs dediyi məktəbə-praktikaya aparmışdılar.  Dərs zamanı  küləyin təsirilə pəncərə açıldı. Müşfiq şagirdlərinin birinə dedi ki: "Get bağla pəncərəni, Sovet hökumətinin düzəltdiyi pəncərə bundan artıq olmaz ki". Onu daha çox ona görə tənqid edirdilər ki, Hüseyn Cavidlə, Əhməd Cavadla dostluq edirdi, onları özünə ustad hesab edirdi. Cavid onu çox sevirdi, ona gələcəyin böyük şairi kimi hörmət edirdi. Bir dəfə Müşfiq hansısa ədəbi məclisdə "Küləklər" şeirini oxudu, hamı əl çaldı. Zala enərkən  Cavid əfəndi onu yanına çağırdı, qulağına nəsə pıçıldadı. Deyirlər ki, Cavid Müşfiqə "Sən "Küləklər"i elə oxudun ki, sanki məni də küləklər apardı" - deyib. Tutulmamışdan bir az əvvəl Azərnəşrə gəldi, güldü, zarafat elədi, sonra da çıxıb getdi. Qılman müəllim deyirdi, mən xoşbəxtəm ki, Müşfiqin əlini sıxmışam, gözlərinin içinə baxmışam, şeirlərini dilindən eşitmişəm, elə olub ki, bir dəfə əlini çiynimə də qoyub. O əlin hərarəti hələ də çiynimdədir.

APİ-dəki tələbəlik illərini də xatırlayır. 1936-cı ildə APİ-ni bitirir. Bu elə illər idi ki, yavaş-yavaş repressiya tufanı əsməyə başlayırdı. İnstitut müəllimləri bir-bir, hiss edilmədən yoxa çıxırdılar, institutun hər bucağında təhlükəsizlik orqanlarının  "fəaliyyəti" hiss olunurdu. İnstitutun partkomu Budaqyan adlı bir erməniydi, o, hətta belə bir şüar da yazıb divara yapışdırmışdı: "Yoldaşını ifşa elə!". Qılman müəllim deyirdi ki, məni də bir neçə dəfə Budaqyanın yanına çağırdılar, səbəbi bu idi ki, Müşfiq tutulmamışdan əvvəl onun uşaq şeirləri haqqında məruzə etmişəm, Əli Nazim zəmanət verib ki, məni aspiranturada saxlasınlar. Əgər Ağəmməd Abdullayev adlı gavan müəllimimiz olmasaydı, mən də ən azı institutdan qovulacaqdım. Üç məzunu - məni, Mirzağa Quluzadəni və Məhərrəm Əlizadəni aspirant kimi institutda saxladılar, biz III-IV kurslara dərs deməliydik. Gecə-gündüz oxuyurdum ki, tələbələrimin yanında pərt olmayım, rus ədəbiyyatından mühazirələr oxuyurdum. İsmayıl Şıxlı, Böyükağa Qasımzadə, Tələt Əyyubov, Əziz Mirəhmədov, Zeynal Cabbarzadə tələbələrim olub.

 Qılman müəllim daha kimləri xatırlayırdı? Müşfiqin yaxın dostu Almaz Yıldırımı, o, 29-cu ildə Əzizbəyov adına kitabxanada ədəbiyyat dərnəyinin rəhbəri idi və cavan Qılman Musayev də o dərnəkdə iştirak edirdi. Seyid Hüseyni xatırlayır - həmişə istedadlı cavanlara qayğısını əsirgəməyən o gözəl insanı. Əli Nazimi xatırlayırdı - institutda ona dərs demişdi, ən sevimli müəllimlərindən biri idi. Çox savadlı ədəbiyyatşünasdı, bədii əsərlərin təhlilində  ona əvəz tapmaq çətindi. Atababa Musaxanlını xatırlayırdı - zahirən çox qəşəng idi, amma onu sevdirən cazibəli nitqi idi. Rəfilini xatırlayırdı - o, rusca çox sərbəst danışırdı, özünü çox təmkinli və soyuqqanlı aparırdı. Azərbaycan ədəbiyyatında sərbəst şeirin ən böyük təbliğatçısı Rəfili idi. Özü də sərbəst şeirlər yazırdı. Amma onun şeirlərində Mayakovskinin, Nazim Hikmətin, Verxarnın, Uitmenin təsiri də vardı. Oxucuların çoxu onu başa düşmürdülər, amma Rəfilinin şeirləri və təbliğatı ədəbi aləmdə xeyli canlanma yaratdı. Rəfili bir yazısında yazmışdı ki, biz üzümüzü Nizamilərə, Füzulilərə, Axundovlara, Cavidlərə deyil, Mayakovskilərə, Verxarnlara, Uitmenlərə tutmalıyıq. Amma çox keçmədən Rəfili sərbəst şeirin daşını atdı, hətta tənqid etdiyi Axundovdan məqalələr yazdı, Nizaminin əsərlərini tədqiq etdi. Rəfili müsavatçı olmuşdu, Gəncədə Müsavat partiyası gənclər özəyinin üzvü idi, amma Müşfiq kimi çılğın olmadığından və "xatalı" adamlarla oturub-durmadığından ona toxunmadılar.

Müharibə illəri. Qılman müəllim deyirdi ki, bir gün Mir Cəfər Bağırov ərəb əlifbasını yaxşı bilən  yazıçı və jurnalistləri  öz yanına çağırdı. Tapşırıq belə idi ki, biz İranda  "Vətən səsi" qəzetini nəşr etməliyik. Bizim 1941-1942 və 1944-1945-ci illərdə  İranda gördüyümüz işlər öz bəhrəsini verdi. Milli şüurun oyanmasında, azərbaycançılıq ruhunun güclənməsində  "Vətən yolu" qəzetindəki fəaliyyətimiz böyük rol oynadı. Qəzetin redaksiyasında təşkil etdiyimiz şairlər məclisi isə Cənubi Azərbaycan şairlərini ruhlandırdı. M.Biriya, Ə.Fitrət, Etimad, Məhzun kimi şairlər  öz şeirlərində təmiz Azərbaycan dilinə üz tutdular.

Qılman İlkin ədəbi yaradıcılığa bir publisist kimi başlayıb, "Ədəbiyyat qəzeti"ndə tənqidi məqalələri dərc edilib. Amma bədii yaradıcılığa 1943-cü ildə - "Yaralı şahin" adlı hekayə ilə gəlib. Sonra Nəcəfbəy Vəzirovun uşaqlıq və ilk gənclik illərindən bəhs edən "Həyat yollarında" (1947) adlı povestini çap etdirib. Əllinci illərin sonlarına qədər onun bir neçə hekayələr kitabı işıq üzü görüb. Onun bir yazıçı kimi məşhurluğu isə "Şimal küləyi" və "Qalada üsyan" romanları ilə başlayıb. "Şimal küləyi"ndə Qılman İlkin Şura inqilabına qədərki Bakını, burada baş verən hadisələri təsvir edirdi və nə gizlədək, bolşeviklərə - yeni quruluşa rəğbəti hiss edilirdi.  Amma elə həmin romanda elə təsirli səhnələr vardı ki, oxucunu sarsıdırdı, xüsusilə, "Yetimin ölümü...", "Qalada üsyan" isə tarixi səpkidə qələmə alınmışdı. Əsərdə 1905-ci ilin yayında "Potyomkin" zirehli gəmisində üsyan qaldıran matrosların aqibətindən söhbət gedir. Onlar bir müddət  Xarkov həbsxanasında saxlanıldıqdan sonra Zaqatalaya göndərilirlər. Yəqin ki, siz görkəmli kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi "Qalada üsyan" filminə baxmısınız. Qılman müəllimin müharibə illərindən söz açan "Dəniz həmişə göy olmur", Bakı dağlılarının həyatından bəhs edən "Dağlı məhəlləsi" povestləri də onun uğurlu nəsr əsərlərindəndir. "Dağlı məhəlləsi" povestini oxuyanlar yaxşı bilir ki, bu povesti ancaq o məhəllənin hər künc-bucağına bələd olan, adamlarının xasiyyətini, əxlaq və davranışını yaxşı bilən bir yazıçı yaza bilər. "Dəniz həmişə göy olmur" povesti isə Qılman müəllimin ən maraqlı, bədiiyyatca ən gözəl əsəridir desəm, səhv etmərəm.  Bu əsərdə təsvir olunan həyat, müharibə illərinin əzablı günləri, oğul və nişanlı yolu gözləyən anaların, qızların obrazları necə də zərif, incə detallarla canlandırılıb.

 Qılman İlkinin bir publisistik romanı var ki, onun qədr-qiymətini hələ bundan sonra da biləcəyik. Bu, "Bakı və bakılılar" əsəridir. Qılman müəllim Bakı həyatını, Bakı mühitini çox yaxşı bilirdi, hətta deyim ki, onun nəsr əsərlərinin də bir qəhrəmanı Bakı idi. Bakı haqqında çoxlu əsərlər yazılıb. Amma Bakını ta qədimdən  çağdaş dövrümüzə (təxminən XX əsrin ortalarına gəlib çıxır) qədər təsvir edən, onun bir şəhər kimi keçdiyi tarixi yolları heç kim Qılman İlkin kimi  canlı, şirəli, hətta deyərdim, emosional şəkildə  təsvir edə bilməyib. "Bakı və bakılılar"da Bakının on dörd əsrlik tarixi vərəqlənir və o vərəqlərin hər birində tarixin müxtəlif dövrlərinin Bakısını görürük. O, Bakı kəndləri, bu kəndlərdə yaşayan əhalinin adət-ənənələri, yaşam tərzi ilə bağlı söhbətlərində oxucuya yeni faktlar, məlumatlar çatdırır, Ramana, Balaxanı, Biləcəri, Qobu, Dərnəgül, Bülbülə, Sabunçu, Binəqədi, Digah, Zabrat, Fatmayı, Novxanı, Saray, Xoca Həsənli, Masazır, Corat, Şağan, Mərdəkan, Buzovna, Pirşağı, Hökməli, Kürdəxanı, Goradil, Zuğulba, Bibiheybət, Keşlə, Əhmədli, Zığ, Hövsan, Türkan, Zirə, Qala, Suraxanı, Binə, Əmircan... bu kəndlərin hər birinin  özünəməxsus "obrazını" yaradır Qılman müəllim.

Qılman İlkin 1974-cü ilə qədər - yəni, pensiyaya çıxana qədər həmişə vəzifə sahibi olub - Azərnəşrdə baş redaktor, "Azərbaycan" jurnalında baş redaktor, Azərnəşrin direktoru. Bütün vəzifələrdə özünü ciddi rəhbər və sadə insan kimi aparıb. Heç vaxt hansısa istedadın yolunu kəsməyib, əksinə, əlindən tutub. "Azərbaycan" jurnalının baş redaktoru işləyəndə istedadlı cavanların ilk şeirlərinin, hekayələrinin işıq üzü görməsində qayğısını əsirgəməyib. Onun baş redaktorluğu ədəbiyyatımızın ikinci intibahı kimi dəyərləndirilən altmışıncı illərin əvvəllərinə təsadüf edir.  Qılman müəllimin baş redaktorluğu ilə imzalanan, nəşr olunan jurnallara  diqqət yetirdim, bir neçə yeniliklə rastlaşdım. Jurnal forma baxımından göz oxşayırdı, içərisində orijinal rəsm əsərlərinin reproduksiyaları ilə qarşılaşdım. Amma ən əsası odur ki, o jurnalda həmin illər ədəbiyyatının bir sıra ən dəyərli əsərləri işıq üzü gördü.

 Qılman müəllim hər bir hərəkətində köhnə kişilərə məxsus qayda-qanunlara əməl edirdi. Oturub-durduğu adamlar da onun kimi təmiz, mənən saf idilər. O, dostluğu sevgi kimi müqəddəs hesab edirdi. Üç əziz, əvəzolunmaz dostu vardı. Qulam Məmmədli, Ənvər Məmmədxanlı və Hüseyn Abbaszadə. Qulam Məmmədli yaşca ondan böyük idi, amma elə dost idilər ki, bu yaş fərqi bilinmirdi.  Qulam Məmmədli ilə  birgə Cənubi Azərbaycanı qarış-qarış gəzmişdilər, iki dəfə Məşəd ziyarətində oldular. Qulam Məmmədli az qala bir institutun işini gördü, neçə cilddə ədəbi salnamələr tərtib etdi. Ənvər Məmmədxanlı ilə dostluğu da otuzuncu illərdən başlamışdı. Qılman müəllim onun istedadını yüksək qiymətləndirirdi, deyirdi ki, Azərbaycan nəsrində lirik üslub onun və İlyas Əfəndiyevin adıyla bağlıdır.  Qılman müəllim deyirdi ki, mən heç bir yazıçının, şairin dəfnində ağlamamışam, göz yaşlarımı saxlamışam, amma Ənvər Məmmədxanlının ölüm xəbərini eşidəndə özümü saxlaya bilmədim. Çünki Ənvər Məmmədxanlı mənim nəzərimdə  fövqəladə insan idi - mərd, xeyirxah, sədaqətli, ağıllı və həm də istedadlı. Ənvər ziyalılığın mücəssəməsi idi. Həyat tərzi köhnə kişiləri xatırladırdı, amma o, başdan-ayağa müasir insan idi.

Qılman müəllim çox həssas insan idi. Amma erməni işğalçılarının törətdiyi cinayətlərdən yaman təsirlənmişdi. "Nifrət"  adlı məqaləsində yazırdı: "Yürüyün, Allah amanında! Allah da sizin tərəfinizdədir. Qoy "Erməni işğalçılarına ölüm!" sözləri sizi  bütün döyüşlərdə müşayiət etsin. İrəli, əsgər övladlarımız, irəli! Zaman artıq öz hökmünü verir. Diqqətlə baxın, üfüqdə də artıq dan sökülür. O əlvan şəfəqlər parlaq qələbəmizdən xəbər verir. Gülgün səhərin açılmasına az qalmışdır".

Qılman İlkin - xalq yazıçısı haqqında söhbəti də elə bu nikbinliklə bitirirəm. Xatirəsi qəlbimizdə yaşayacaq bu köhnə kişinin, böyük yazıçının...

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.10-11.