Mən dəli küləkdim, mən dəli tufan…
Mən dəli küləkdim, mən dəli tufan,
Sovurdum küçədən-küçəyə
səni.
Sevdim dırnağından saçına
qədər,
Ağladım sabahdan gecəyə səni.
Mən uşaq deyildim, onda bilirdim
Min dəfə günaha
batır kişilər.
Sadiq qadınları cəzalandırır,
Aşiq qadınları atır kişilər.
Sinəm
dar ağacı, həbs düşərgəsi,
Bitdi əsarətin,
bəraət gəldi.
Vaxtında canını qurtara
bildin,
Yaxşı ki, ardımca "səadət" gəldi.
Kəsdir
saçlarını bu
axşamçağı,
Tulla səkilərə
son tumarımı.
Mən payız qadınam, xəzan qadınam,
Get, yaşa ömrünün
ilk baharını.
Mən yalançı qadın, gözündən gülən,
Adamı özümə bağlamağım
var.
Bunu heç kim
bilmir, sən ki, bilirsən,
Gedəndə dalınca ağlamağım
var.
Yaxşı ki, yuxudan ayıla bildin,
Bu mələk qadının
qolları zəncir...
Bəlkə də gözündən
düşmə səbəbim,
Mənim zəhlətökən sədaqətimdir.
Əhatə dairən mənim
qollarım,
Bağışla, ürəyim bu ahla sevmir.
Gəl,
öpüm alnından,
get və xatırla;
Səni
mənim qədər
Allah da sevmir!
Mən sənin cavan ömrünə
Tufanla, yağışla
gəldim.
İki damla göz yaşıyla,
Bir ilıq
baxışla gəldim.
Mənsiz
rahat, dinc ömrünü,
Uşaq
tək nadinc ömrünü...
Kim qarğıdı gənc ömrünü -
Başına qarğışla gəldim.
Aşiqlik qəşəng yaraşır,
Ömrünə min rəng yaraşır.
Sənə gül-çələng yaraşır,
Ətəyimdə daşla gəldim.
Yazım
iki sətir, gedim,
Ürəyimi götür, gedim.
Dur ömründən ötür
gedim,
Bağışla, bağışla... gəldim...
Hərə birisini qəlbinə
salır,
Hərə birisini qəlbindən atır.
Bu qız da bu
tində ətir paylamır,
Növbəti ayrılıq jetonu satır.
Hamı
başlığında "Vüsal" yazılan,
Ayrılıq filminin ardına baxır.
Atadan, baladan, yardan ayrılan,
Baxır,
ayrılığın dadına
baxır...
Küçələr, döngələr
hamsı xatirə,
Adamlar itirə-itirə
gəlir.
Bu qoca kişidən bir addım öndə,
O qızdan arxada xatirə gəlir.
Bəlkə də bu qızın pambıq əllərin,
Sıxan
sonuncu kəs sıxır, İlahi!
O gedən oğlanın baxışlarından,
Min ildi tənhalıq baxır, İlahi!
Eynidir baxışlar, cismlər,
canlar,
Geridə qoyduğu viranələri.
Gələnin dilində eyni yalanlar,
Gedənin eynidir bəhanələri.
Bu qız niyə
gözəlləşib?
Görənlər əlifi çaşır.
Yanağından bahar öpür,
Saçlarında qış dolaşır.
Anlayıb ki, görüş
yeri,
Ayrılıq yeri kimidir.
Kişilərin məhəbbəti,
Kəpənək ömrü kimidir.
Elə geyinir bəzənir,
Ömrün yazına tələsir.
Bütün ayrılıqlar da
bu
Zalım qızına tələsir.
Bu dünyanın həsrətləri,
Onun telindən
öpüblər.
Ayrılıb gedənlər hamısı
Əvvəl əlindən öpüblər.
İki damla göz yaşını,
Dünyaya satıb gediblər.
Bu qız niyə
gözəlləşib? -
Onu da atıb gediblər.
***
Dedin,
"En!", endim yerə,
Mələk kimi, İlahi!
Məni
qəmə bürüdün,
Bələk kimi, İlahi!
Ömür nə qısa yoldu,
Ol dediklərin
oldu.
Nə istədimsə, qaldı
Dilək
kimi, İlahi!
Hansı sahilə atdın?
Hansı cahilə satdın?
Məni
niyə yaratdın
Bəzək kimi, İlahi?
Mən səni ellərçün
sevməmişdim ki,
Mən səni
sevmişdim ömrüm-günümçün.
Əzizim,
növbəti doğum
günümdə,
Bir gözəl
ayrılıq aldın
mənimçün.
Elə ayrılıq ki, hər gün böyüyür,
Sığmır şəhərimin küçələrinə.
Elə ayrılıq ki, ulduza dönüb,
Səpilir Bakının gecələrinə.
Qatla barmağını, ikibir,
üçbir,
Həsrətli günlərin sayı eynidir.
Başını götürüb qaçdığın
yerin,
Ulduzu eynidir, Ayı eynidir.
Aldatma özünü, xoşbəxt
deyilsən,
Yenə də o qəmli baxışdı, həmin.
Vallah buralar da heç
dəyişməyib,
Külək də həmindi, yağış da həmin.
Məni
ayrılıqla qorxudan
həyat,
Mən nə alınlardan öpüb getmişəm.
Saçımın qarasın, günümün
ağın,
Uzanan yollara səpib getmişəm.
Qızım üçün
Dağlar
aşdım, illər
keçdim,
Arzum üçün,
arzum üçün.
İlahi,
özünü danla
Mənim alın yazım üçün.
Kimi sözümdən söz seçdi,
Kimi qəlbimdən
su içdi.
Kimi bir ömürdən keçdi,
Mənim bircə sözüm üçün.
Taleyimə girməyənlər,
Qədir-qiymət bilməyənlər,
Ürəyimi görməyənlər
Öldü qaşım-gözüm üçün.
Çox
arzumu boğdum, ana,
Yollardan
göz yığdım,
ana,
Məni niyə doğdun, ana?
Qızım üçün?
Qızım üçün!!!
Vəfa MÜRSƏLQIZI
Ədəbiyyat qəzeti.- 2018.-
20 oktyabr.- S.3.