Bozumtul hava, qağayılar saçların...

 

Mən gülə bilmirəm, bilmirəm.

Buludları qərarsız səmanın altında.

Bəli, mən bir az da bədbin adamam.

Amma, amma adam kimi adamam.

Günah məndə deyil.

Misalçün, dünən sevgilimin şəklinə baxırdım,

içim sızladı.

Sevgilimi görmədim.

Küçənin tinində süpürgəçi qadın gördüm.

Söykəndiyi süpürgədən kiçik.

Dünyada söykənəcəyi tək süpürgə.

 

Saçlarına söykənib səni sevmək olar ölüncə,

Toxunma o saçlara, toxunma ölüm gəlincə.

Mən həyata gələn adamların ən sonuncu dərd çəkəni,

Dərdi dəbdən salanıyam,

sevən çoxdu, sevməyən məni.

İndi uzaqlar ən yaxın mənzildi unudulmağa,

İndi yaxınlar ən qorxulu uzaqlıqdı mənimçün.

Qınama, çox şey oldu.

Qınama heç olmadı.

 

***

 

Bütün təsəllilər ən pis söyüş kimi səsləndikdə,

Anlayırsan ki, nəfəsin divarı əridə bilməz.

Əllərin uzaqbaşı səfeh yumruğu olar...

Gözlərin yumulub-açıldıqca

                        qatı duman bürüyər bütün uzaqları.

kağızlar yazılar-bükülər, yazılar-bükülər.

Sətir-sətir için əriyib gedər.

Əriyər tökülər.

Ürəyin sol tərəfini bəyənməz...

Hədər...hədər...hədər...

 

Bozumtul hava, qağayılar saçların...

Günəş gizləndi...

Günəşi istəmirik...

Sadəcə qağayılar qanad çalsın,

Sevgi ritmləri ilə.

Saçlarını sərin meh üz-gözümə dağıtsın,

Sahil boyu bütün addımlar ayrılıqlara meydan oxusun,

Bütün gəlib keçənlər barmaq-barmağa,

nəfəs-nəfəsə.

Gözlərim dənizlə gözlərin arasında lövbər salsın,

əllərin qağayılara saçlarıma qonmaq cəsarəti versin,

Başın köksümə sıxıldıqca fit verən gəmini

                                    bu oyunun hakimi bilək.

Getmə, dayan!

Dəniz vağzalı, qatar vağzalından daha hüznlüdür...

 

***

 

Gecələr  dözülməz olur,

Sənsizliyin qalın kölgəsində.

Ümidlərin ayaq ucunda keşik çəkirəm, adam.

Gecələr bir az da dərin olur,

Gecələr bir az da sükut qışqırır sənsizliyin üstünə,

Saçlarına dəniz mehi toxunsaydı,

Əllərimi köməyə çağırardınmı?

Susuram ən böyük həqiqətin qarşısında,

Susuram səndən uzaqlığın bir küncündə,

Tənha adalar kimiyəm bu soyuq günlərdə,

Gözlərim bir yelkənli gəmi gözləməsə ,

əllərini tutmaq üçün özümdən uzaqlaşıram.

 

***

 

Hansı yerin küləyinə üşüdün,

hansı yerin soyuğu var canında?

Xəyallarım çox da sənə sarılıb,

yazıq ki, mən deyiləm yanında.

 

Düşünürəm hansı işə yarayır

Əllərini isitmirsə nəfəsim.

Sən gələndən, sən hopandan ömrümə

sükutum sənsiz olur, səsim.

 

Sən demişəm, sən deyəcəm hər nəfəs

Bir gün əgər qalmasam da yadında.

Bircə bunu unutmazsan ömürlük,

Mən özümü tapmış idim adında.

 

Bəlkə bir bəhanədir, yalandır,

Gözlərində nəfəs dərib dayanmaq.

Ölüm kimi kabus olur, biləsən,

Gedişinə zərrə qədər inanmaq.

 

Hansı yerin küləyinə üşüdün

hansı yerin soyuğu var canında.

Xəyallarım çox da sənə sarılıb,

yazıq ki, mən deyiləm yanında.

 

O qadını saçlarından yaşamaq istəyirəm

                                    bu payız sükutunda.

O qadını əllərim divanə kimi oxşasın istəyirəm.

Mən həqiqətə təslim olmamışam,

Mən həqiqətə belə üsyankaram.

Vaxtımın çoxunu dalğalara uduzsam da,

Yenə ayağım dənizdən kəsilmir.

Yenə tələsirəm kimsəsizliyimə,

Ömrünü uduzmuş adamların

vaxtı az olur,

Bağışla, sağollaşmalıyıq... dənizi tək qoya bilmərəm.

 

***

 

Ömrümüzü ayaqaltı edənlər,

                        ömrümüzü başdaşı kimi əzizləyəcəklər.

Bircə öldüyümüz günü gözləyin.

Hərəkətsiz gəmilər dənizə yükdür, dost.

Bu dünyada hamı gözlərini Tanrının əllərinə dikib.

Görünməz əlləri daha güclü bilirlər.

Yorğun kölgələrimiz səkilərdə can verir.

Yorğun gözlərimiz şəkillərdə  süst düşüb.

Bircə bulud da yoxdur çəkilək altda susaq...

Bu ömrün qabağında susmamağa səbəb yox...

 

İntiqam YAŞAR

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.7.