Şəffaf - gizli şeir-
dən sonra
Rənglər silsiləsi
Mən, bu bir üzündən o bir üzü görünən Şəffaf Şəhərin Dəli Sükutuyam...
İnsanlarının bu üzündən əl uzadanda o üzündə ovuclarıma anqappaq kəpənəklər qonur...
***
Dalıb getmək istəyirəm Şəffaf Şəhərin şərqisini dinləyə-dinləyə - "Saçların da baş qoyub uyumaq istəyərlər"...
Ovuclarımı qoşalaşdırıb günəş işığından süzülən göz yaşlarının altına tuturam, ovuclarımdakı baxışlarıma zillənir və gülümsəyirəm. Bir dəli parıltı əks edir ovuclarımdakı sonsuzluqdan. Sözlər misralara çevrilir zamansızlığın o tayından, həqiqətin, yalanın düşünülüb qəlbimizi titrədən heyrəti fonunda duyğulara qanad açan boşluğunda içimin dərinliyində müəllifinin qeyb olduğu dolaşıqlığında özünü öldürüb bir gün bir dağ başında zühur edəcəyi günə dualar yollayan bir şeir asta-asta dolanır başıma... Bir şeir süzülür ovuclarıma, dua edən əllərimə təsəllini tərk etmiş inam qüvvəsiylə - Nə varsa olmayan odur...
Vaxtdır...
Barmaqlarımı aralayıb ovuclarımdakı gizli şeirin bölünmüş misralarını Yer Üzünə səpələyirəm... Tapın, yığın, adamına qaytarın şeiri...
***
Şəffaf şəhərin gecə qaranlığında, ulduz işığında küləklənən səsini dinləyirəm... Qatdan-qata otaqlar içində insan taleləri... Yuxuda, düşüncədə, ayrılıqda. Bir-birinin qoynunda, beşikdə, yataqda, pəncərə qarşısında... Uzaqlardan bir üfüq görünür, bir də üfüqü kəsib keçən düşüncələrin sədası. Yumulmuş göz qapaqları arasında əriyib gedən zamanın qoca tövşəmələri əlçim-əlçim bulud kimi səpələnir üfüqün qolları boyunca...
"Çiyinlərim yer olar"- söyləmişdi Şəffaf Yalın Adamın sevgisi...
***
- Sən sevmə,- dedi qarı - sənin sevgin fəlakət olacaq...
Cavan ağacın gövdəsinə söykənib dayaqlanan kötüyün üstündə oturub əlindəki çubuqla torpağın üstündə qırıq-qırıq xətlər çəkirdi qarı... Elə gözünü o xətlərdən ayırmadan dedi, nə əlini saxladı, nə başını qaldırdı, sanki dediklərini də o qıza deyil, çəkdiyi xətlərin dərinliyinə pıçıldadı: "Sən sevmə!"
Qırıq-qırıq xətlər "gup" eləyib dünyanın dərinliyinə bir cırmaq atdı. O dərinlikdən bir hava qalxdı, hansı simə toxunduğu bilinməyən barmaqların tərpənişi ovcunda bir-biriylə kəsişməyən xətlər cızdı qızın...
- Dünyada heç bir kişinin çiyinləri sənin sevginə yer olmağa dözməz. Sən sevmə!...
...Dünyanın dərinliyindən bir su fışqırdı. Əvvəl bulanıq-bulanıq. Sonra duru-duru... Axdıqca duruldu, axdıqca dincəldi... Axdıqca göy üzünə boylanıb qarının çəkdiyi cızığı özünə çay yatağı elədi...
***
Günlərin bir günü örtüyünü çəkib üstündən salar dünya. Adına həqiqət - yalan deyilən heç nə qalmaz əbədi ölüm yolçuluğunun addımlarında. Bədənini soyununub olmayan şəhərlərin salınmamış yollarını tutar. İnsanların insan, divarların divar, qapıların qapı olduğunu unutduğu müqəddəs əfsanənin içinə dalıb şeir boyda əbədiyyətə qovuşar bir səs...
"İçindəki duyğular soyunmaq istəyərlər"...
Soyunarlar...
Soyunarlar..
Soyunarlar...
Səs, əlini toxundurar örtüyü çəkilib atılmış qəlbinin üstünə. Gizildəyər gizlinlərdə bir əsinti. "Azadlıq!"- bir ruh havalanar kainatın çıxış nöqtəsinə doğru... Ayaqları yerdən üzülər, əlləri dayaqdan... Daha bundan sonrası yoxdur, olmaz, ola bilməz... Qaytarıb o örtüyü üstünə çəkməz Şəffaf Şəhərin ruhu...
***
Mən, bu üzündən o biri üzü görünən Şəffaf Şəhərin gizli gecə qonağıyam...
Düşüb gedərəm qaranlığının içinə... Başımı qaldırıb pəncərələrə boylanmaram - orda nə olduğu görünər, ayağımın altına baxmaram - ayağımın altındakı boşluqdan başqa bir şey deyil, əlimə əl axtarmaram, yanıma qulaq yoldaşı - Kimsə yoxdur bu tərk edilmiş aləmdə ... Qoxusunu çəkərəm ciyərlərimə şəffaflığın, duaların anqappaq qanadları soldan gələr toxunar, sağdan gələr toxunar... Qırıq-qırıq kəlmələrin sızıltısını duyaram. İçindən bir həsrət qopar Şəffaf Şəhərin ürəyinin, pəncərə şüşələrinə dəyib qayıdar. Yerində su damcılarının izi qalar...
"İki adam bir olar"...
***
"Mənə gəlmək istəsən səs kimi gəl, səs kimi"...
Nədir sənə gəlmək, Şəffaf Şəhər? Nədir bu heyrət? Nədir bu
uçuş? Hardasan sən?
Mən səni harda qoyub gəldim,
mən səni harda gözlərimin qarşısında ən
səssiz-sədasız halınla
tapdım...
Hardadır bu şəffaflığın
sirri? Cavabında,
əlimi köksümə
qoyuram... Şəffaf Şəhərin
o üzündən sinəsinə
çırpılan yumruqların
səsini eşidir bir gizli şeir...
Şəhərin şəffaf arakəsmələrində
oynaşan al-əlvan şarların uçuşunu
izləmək üçün
günəşin doğuşunu
gözləməkdəyəm...
Yuxusunun
içində bir körpə hıçqırığı
duyuram... Dəniz ləpələri kimi göy qübbəsindən
süd yolunun ənginliyinə havalanır.
Əlimi
bətnimə qoyuram, başımı aşağı
salıram. Soruşuram:
- Niyə ağlayırsan?..
***
..."Məndən get nəfəs
kimi,
Mənə dön nəfəs
kimi"...
Sükut...
sükut...sükut...Nə deyilibsə deyilməyib, nə bilinibsə bilinməyib...
Nə oxunubsa oxunmayıb, nə yaşanıbsa şəffaf
şüşə qaba
salınıb qapısız
daş qəfəsin içində gizlədilib... Əlini o qapısız daş qəfəsə uzadıb
alma ağacından şəffaf
şüşə qabda
can dərdin, ey Sevgili!... Çırp onu yerə, qoy canım Şəffaf Şəhərin
ruhları arasına
dağılsın. Səhər
oyanıb ruh dənlənən
anqappaq quşlar yuxularımdan qanadlanıb duman kimi yayılsın xəyallarımın yaşıl
bağçalarında... Sonra torpaqdan göyə dartın, mənə
yet...
***
"Eyyyy, mən deyirəm ki, mən"...
Sonsuz çöllərə tuturam
üzümü:
- Eeeeyyy..... eeeeyyyyy... eeeyyyy....
"O duyğu eşq olar ki,
O duyğu yasaq olar"...
Biləklərimdə barmaq izləri sıxışıb
qalmayıb... Orda zəncir düyünləri
də yoxdur... Sirrimi heç kimə demək istəyən Dostun dərin quyusunundan bir ağac pöhrələnib-
Mən ana olmuşam... Baharda yaşıllaşan, payızda
sarılaşan, mənim
kimi üşüyən,
yarpaqları mənim kimi pıçıldaşan,
budaqları dua edən qadın əlləri üzü yuxarı açılan bütün
ağacları mən
doğmuşam...
...- Mən hardan olmuşam?..
Anası
bəlli o qızın,
atası bəlli... Amma yoox... Nəsə
elə deyil axı, dincəlmir, sakitləşmir, içindən
bir kişi bətni onu özünü duyduğu qapını aramağa çağırır...
Bezdi qarı, bir gün qup-quru barmaqlarını qızın
kövrək barmaqlarına
düyünləyib onu
geniş bağın
bir küncündəki
nəhəng palıd
ağacının hüzuruna
apardı:
- Budur, sən bu palıd ağacının
koğuşundan çıxmısan...
Qız
ilk dəfə başını
palıdın gövdəsi
boyu qaldırıb səmaya baxdı, sonra onu qucaqladı...
Qulağını kələ-kötür
üzünə söykəyib
dedi:
- Sənə qarışmağa
gələcəyəm...- Sonra
ağacı kəsdilər...
***
Başımı bu üzündən
o üzü görünən
Şəffaf Şəhərin
sinəsinə qoyub bir içim yuxu dadmaq istəyirəm...
Olmurmu?
Olur.
Hər şey yuxudadır. Hər yer yuxudadır,
hamı yuxudadır...
Tanrı, günəşi
oyatmamışdan əvvəl
ucsuz-bucaqsız Göy
Çöllərindən bir
dəstə şehli çöl çiçəyi
dərib gətirib, Şəffaf Şəhərin
üstündə köksünə
sıxıb, qoxlayır...
Əvvəl şeh damcıları qopub düşür üzüaşağı
şəhərin canının
üstünə, sonra
çiçəklərin rəngləri, sonra Tanrı çiçək
dəstəsini sevincindən
havalanan uşaq kimi öz başının
üstündən göyə
atır... Qayıdıb
başından aşağı
axır çiçəklər,əvvəl çiyinlərinə,
sonra qollarına, sonra enir... enir...
enir... Şəffaf Şəhərin təmizliyinə
səpələnir... Tanrının
çiçəkləri yuxusundan
oyanıb güzgülərdən
özlərinə baxırlar...
***
Mən,
bu bir üzündən
o biri üzü görünən Şəffaf
Dünyanın Gizli Aşiqiyəm... Açılan səhərin genişliyində
gecəylə vidalaşıram.
Yuxarıya doğru qalxan pilləkənlərin
kənarında başımı
Tanrının dizləri
üstünə qoyub
eyni evə - Kəsilmiş Ağacımın
sərgərdan nəfəsinə
qayıdıram...
"Uyumasaq da olar"...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2018.-
20 oktyabr.- S.9.