Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə təqdim etdiyimiz
növbəti film italyan yazıçısı Alberto
Moravianın "Nifrət" romanı (1954) əsasında
çəkilmiş eyniadlı filmdir.
Moravianın əsərləri
Vittorio De Sika ("Çoçara"), Bernardo
Bertoluççi ("Konformist") kimi parlaq rejissorlar tərəfindən
ekranlaşdırılıb.
Yazıçının "Nifrət"
romanını isə 1963-cü ildə fransız "Yeni
dalğa"sının yaradıcılarından, kinonun
klassiklərindən biri Jan Lyuk Qodar ekranlaşdırıb. Qodarın bu filmi
reallaşdırmasına razılıq verməsini "yeni
dalğaçı"lar birmənalı
qarşılamır, hətta onu prinsiplərinə xəyanətdə
suçlayanlar da olur. Bu haqda az sonra ətraflı
danışacağıq.
Öncəliklə,
filmin süjeti barədə:
Yazıçı Pol Javal idealistdir, bununla belə, o,
kütləvi detektivlər və ssenarilər yazaraq pul
qazanır. Avropaya gələn amerikalı prodüser Prokoş
Homerin "Odisseya"sının motivləri əsasında
film çəkməyi planlaşdırır. Filmi alman rejissoru Fritz Lanqa həvalə edir. Amma Lanqın yozumu, ciddi sənət filmi çəkmək
istəyi onu qane eləmir. Çünki Prokoş
"Odisseya"nı kütləni
maraqlandıran döyüş filmi kimi görmək istəyir,
çılpaq qadın bədənlərinin çox
olmasını arzulayır. Onu hər şeydən
əvvəl filmdən pul qazanması maraqlandırır.
Ona görə Pola ssenarini yenidən, onun istəklərinə
uyğun yazmağı təklif edir. Pol
arvadı Kamillanı çox sevir və onun arzusunda olduğu
yeni mənzilin pulunu ödəməkdən ötrü
müqaviləni imzalayır.
Çəkiliş heyəti ssenari yazmaq və filmi
çəkmək üçün Kapri adasına yola
düşür.
Prokoşun Kamilladan xoşu gəlir, bunu sezən Pol bunu
görməzdən gəlir. Ərinin ideallarına
xəyanətinə, prodüserlə birlikdə olmasına
şərait yaratmasına görə arvadı ona nifrət
edir.
Kamilla onu tərk edərək Prokoşla Romaya gedir və
yolda onların olduğu avtomobil qəzaya uğrayır. Kamilla və Prokoş
həlak olurlar.
Arzusu teatrda işləyib, dramlar yazmaq olan Pol Kapridən
qayıdır.
Lanq filmi tək çəkir...
İndisə Qodarın filmə görə nədən
tənqid olunmasına qayıdaq.
"Yeni
dalğa"nın meydana gəlməsinin əsas
motivi etiraz idi. Onlar baş qəhrəman kimi ancaq gözəl
qadınları və yaraşıqlı kişiləri
seçən, reallıqdan uzaq, qlamur həyat tərzini
prioritetə çevirən kino kanonlarını rədd edir,
kommersiya filmlərinə önəm verdiyi üçün
yaşlı nəsli tənqid atəşinə tutur, sosial
normalara qarşı çıxır, nəql texnikasında,
kino dilində eksperimentlərə əl atır, ideal gözəlliyə
malik olmayanları əsas qəhrəman kimi seçirdilər.
Onların personajları cəmiyyətə
üsyan edir, özünün xaotik davranışı ilə
ona meydan oxuyurdu.
"Yeni
dalğaçı"ların əsasını qoyduğu
müəllif kino nəzəriyyəsinə görə,
rejissor filmin tam müəllifi, kinoprosesdə həlledici fiqur
olmalı, istehsal zamanı bütün mərhələlərdə
iştirak etməli, filmə kommersiya yox, sənət nümunəsi
kimi yanaşmalıdır. Bununla da onlar kino sənayesini
maddi maraqlara çevirən prodüserlərə qarşı
çıxırdılar.
Məsələ
onda idi ki, "Nifrət" film layihəsini Qodara çəkməyi,
dövrünün iki nəhəng prodüseri italyan Karlo Ponti
və amerikalı Cozef Levin təklif etmişdi. Üstəlik,
onlar 1950-60-cı illərin seks simvolu, kommersiya filmlərində
çəkilən Bricit Bardonun baş rolda oynamasını
şərt kimi qoymuşdular. Şərtlər
Qodarın prinsiplərinə zidd olsa da, o, layihəyə
razılıq verir. Eynilə Pol Javal kimi.
Ancaq nəticə gözlənilməz olur,
çünki filmin böyük prodüser layihəsi
olmasına, şərtlərə baxmayaraq, Qodar prinsiplərinə
burda da sadiq qalır. "Nifrət"i prodüserlərin
müəllifə təzyiqini göstərən tənqidi
film kimi çəkir. Film bitəndən
sonra prodüserlər rejissora Bricit Bardonu çılpaq
çəkmədiyinə görə irad tuturlar. Və Qodar ustaca avantüraya əl atır. O,
Bardonu soyundurur, amma prodüserlərin istədiyi kimi onun
seksuallığını önə çəkmir. Əksinə, açıq səhnəni minimal və
soyuq çəkməklə qadın bədəninin kapitalist
dünyasında əmtəəyə çevrilməsinə
vurğu edir. Film də elə bu epizodla
başlayır. Çarpayıda
çılpaq uzanan Bardonun qəhrəmanı bədəninin
bütün hissələrini sadalayaraq, ərindən
onları sevib-sevmədiyini soruşur. Və
səhnə sanki öz bədənini, gözəlliyini
satışa çıxaran Kamillanın reklam monoloqu
intonasiyasında alınır. Yeri gəlmişkən,
romanda belə bir səhnə mövcud deyil.
Qodar romanın fabulasını, ordakı bir sıra
dialoqları demək olar ki, olduğu kimi saxlayıb. Ancaq Moraviadan
fərqli olaraq, onun ideyasını daha da
qloballaşdırır, prodüser -rejissor
qarşıdurmasına daha geniş, sərt, ironik
baxış bucağından baxır (yəni problemləri
İtaliya kinosu çərçivəsindən
çıxarır), strukturda, obrazlarda özünəməxsus
nəql texnikası ilə uğurlu dəyişikliklər
edir.
Əgər
romanda prodüser Battista əslən argentinalıdırsa,
Qodar onu amerikalı kimi, Prokoş adıyla
təqdim edir. Təbii ki, bu, təsadüf
sayıla bilməzdi. "Yeni dalğaçı"lar
1950-ci illərdə "Cahiers du Cinema" jurnalında Amerika studiyalarının nəhəng
mexanizmini tənqid edir, prodüserlərin hakimiyyəti
altında sənət azadlığı uğrunda mübarizə
aparan Alfred Hiçkok, Orson Uelles və Hovard Houks kimi
rejissorları təbliğ edirdilər.
Romanda
olduğu kimi, Qodarın təqdimatında da üç paralel
xətt var: Pol və Kamillanın münasibətləri,
prodüser-rejissor konflikti və Odisseyin arvadı Penelopa ilə
münasibətlərinin əsas qəhrəmanların həyatına
proyeksiyası.
Qodar hər üç xətdən yararlanır. Amma özəlliklə,
bütün film boyu müasir kino dünyasının problemlərinə
fokuslanır, sənət və kommersiya kinosunun
qarşıdurmasını göstərir və digər filmlərində
olduğu kimi, təhkiyəsini pastişlərlə, sitatlarla,
allüziyalarla mənalandırır, polifonikləşdirir.
Məsələn,
film dünyanın bəlkə də ən nüfuzlu kino tənqidçisi,
fransız Andre Bazenin sitatıyla başlayır: "Kino bizim
dünyaya baxışlarımızı arzularımıza
uyğun gələn baxışlarla əvəz edir".
Bundan
başqa, Danteyə, Brextə, Houksun "Hatari", "Rio
Brava" filmlərinə, yunan miflərinə göndərmələr
edilir, antik yunan ədəbiyyatı, mifləri müzakirə
olunur, amerikalı rejissor Nikolas Reyin adı keçir və s.
Rey də prodüserlərlə anlaşa bilmirdi və
Qodar onun haqqında "Kino Nikolas Reydən
başlayır" - deyirdi.
Romandakı alman rejissoru Reynholdu, Qodar böyük alman
rejissoru Fritç Lanqla əvəzləyir. Əsərdə Rikardo
(filmdə adı Pol Javalla əvəzlənib) onun haqqında
belə düşünür: "Reynhold Pabst (avstriyalı
rejissor) Lanq kimi böyük miqyaslı müəllif
sayılmasa da o, böyük rejissor idi, heç vaxt kommersiya
filmləri çəkmirdi. Onun mübahisəli,
amma müəyyən estetik baxış və prinsipləri
vardı".
Və Qodar filmə real obrazı, özünü oynayan,
alman ekspressionizminin əsas müəlliflərindən birini
Lanqı gətirir. Lanq, eyni zamanda kinoda triller, nuar
janrının yaradıcılarındandır. Nasistlər hakimiyyətə gələndən sonra
Lanqın filmləri ölkədəki reallığı əks
etdirdiyinə görə qadağan olunur. O, tezliklə
ölkəni tərk edərək Amerikaya gedir. Hollivudda
işlədiyi müddətdə Lanqın iri studiyalarla əməkdaşlığı
zamanı, vaxtaşırı yaradıcı konflikti
yaranır, hətta bir müddət o, işsiz də qalır.
Ona görə Qodarın prodüserlə dil tapa
bilməyən rejissor roluna bu taleyi yaşayan Lanqı dəvət
eləməsi təsadüfi deyildi.
Bir kadrda
Kamilla Lanqla tanışlığı zamanı ona Marlen
Ditrixin baş rol aldığı "Bədnam
ranço" vesternini "dahiyanə" adlandıranda,
rejissor soyuqqanlıqla, bir az da ironik tərzdə "Mən
"M" filminə üstünlük verirəm"
cavabını verir. Qodar qısa dialoqda kütləvi və müəllif
kinosunu qarşı-qarşıya qoyur.
Qeyd edim ki, Lanqın "M-şəhər qatili
axtarır" trilleri dünya kinosunun incilərindəndir.
Təsirli
bir epizod daha var: Prokoş Lanqın "Odisseya" ilə
bağlı yozumunu bəyənmir, hərəkətli təsvirlərin,
çılpaq qadın bədənlərinin çox
olmasını tələb edir. Mübahisədən
sonra zalı tərk edən Lanq kadrda tənha təsvir olunur,
məyusluqla siqaret alışdırır. Jorj Deleryunun musiqisi təsvirin dərinliyini, təsir
və məna gücünü artırır.
Ayrı-ayrı epizodlarda Lanqın Hollivud prodüserlərinə
münasibəti sarkastik tərzdə əksini tapır. Prokoş
onları evinə dəvət edəndə Lanq "Mən bu
rəzalətdə iştirakdan imtina edirəm" - deyir.
Yunan tanrılarının təsviri isə
çoxqatlı yozumlara açıqdır. Bəzi
rakurslardan onlar öləri bəndələrin taleyini həll
edən, istehzayla baxan əzəmətli Tanrılardır.
Bəzi rakurslardan isə özlərini tiran
kimi aparan prodüserlərin prototipi təsiri
bağışlayır. Və Prokoşun "Tanrılar
xoşuma gəlir, onların nə hiss etdiyini bilirəm" -
deməsi də buna işarədir.
Qodar Prokoşun simasında sənəti əzən
prodüseri ən neqativ çalarlarda göstərir. Məsələn,
Prokoş hamının gözü önündə, tərcüməçisi
Françeskanın belindən masa kimi istifadə edir və ya
ona kobudluq göstərir.
Dediyim kimi, filmdə Polla Kamillanın münasibətinin
pozulması həm də Odisseylə Penelopanın münasibəti
müstəvisində danışılır.
Lanqın
yozumuna görə, Odisseyin evə uzun illərdən sonra
qayıtmasının səbəbi heç də
yolboyu qarşısına çıxan maneələr deyildi. Onun ləngiməsinin əsasında təhtəlşüurundakı
fikirlər dayanırdı. Çünki
o, gedənə qədər Penelopa ilə artıq münasibəti
pozulmuşdu. Penelopanın çoxlu pərəstişkarı
vardı, ona hədiyyələr gətirilirdi və bunu bilə-bilə
Odissey arvadına onlarla xoş davranmağı məsləhət
görürdü, çünki qalmaqaldan qaçırdı.
Həm də arvadının ona xəyanət
etməyəcəyindən rahat idi. Bu səbəbdən
Penelopa ona nifrət edirdi və Odissey laqeydləşən
arvadına dönmək istəmirdi. Odisseyin
evə qayıtdıqdan sonra onun pərəstişkarlarını
öldürməsi, qisas yox, arvadının sevgisini yenidən
qazanmaq cəhdiydi.
Polla
Kamilla arasında ilk çat arvadını Prokoşun
maşınında onun evinə laqeydcəsinə yola salanda
meydana gəlir. Daha sonra Kapridə o, yenə də
arvadıyla Prokoşun birlikdə olmasına şərait
yaradır. Ərinin məqsədinə
görə belə davranması, eyni zamanda yazıçı
kimi prinsiplərinə xəyanəti qadında nifrət hissi
yaradır. Bir yerdə Pola "Əvvəllər
sən detektiv yazırdın, biz varlı olmasaq da hər
şey yaxşı idi. Kino dünyasına
girəndən sonra dəyişmisən" - deyir.
Qodar prodüserlərin mövqelərindən sui-istifadə
etmək problemini qabardır, onu mənəvi dəyərlər
kontekstində müzakirəyə açıq qoyur. Yeri gəlmişkən,
ötən il Hollivudun nüfuzlu
prodüserlərindən biri Harvi Vaynşteynin məşhur aktrisalara
qarşı seksual zorakılıq cəhdləri ilə
bağlı qalmaqal problemin indi də aktual olduğunu göstərir.
Polla Kamillanın münasibətlərini
aydınlaşdırması səhnəsi təsvir, stilistik
baxımdan, xüsusən yaddaqalandır. Qodar konfliktli
situasiyanı, cütlüyün özgələşmə
anlarını, ünsiyyət böhranını dinamik, dəyişkən
mizanlarla, rəqs manerasında, kameranın rəvan hərəkətiylə,
poetik-tragik intonasiyada verir. Özəlliklə,
ağrını, tənhalığı ifadə edən
musiqi və dinamikləşən mizanlar məhz Qodarın
kinoestetikasına xas - vizual üslub səviyyəsində təzahür
edir.
Mənzildəki pərakəndəlik, interyerdəki
yarıboşluq sıxıcı atmosfer yaradır və ailədəki
böhranı simvollaşdırır.
Prokoş rolunun ifaçısı Cek Pelansın Amerika
döyüş filmlərindəki personajlar kimi ifadəsiz,
donuq üzü obrazın xarakterinə uyğundur.
Mişel
Pikkoli (Pol Javalın ifaçısı) özgüvəni
olmayan, iradəsiz, daim şübhələr içində
çırpınan kişi obrazını
ustalıqla yaradır.
Bricit Bardo ümumən, xüsusi istedadı ilə
seçilməsə də Kamilla onun azsaylı uğurlu
rollarından biridir. Qodar bu obrazı italyan rejissoru Antonionun personajlarına
uyğun işləyib: Kamillanın qapalılığı,
ünsiyyətə açıq olmaması, ekzistensiyası.
Romanda diqqətimi çəkən maraqlı detalı
qeyd etmədən keçə bilmirəm. Prodüser Battista deyir:
"Neorealist filmlər tamaşaçını sıxır,
onlar pessimist, kədərlidirlər. Bundan
başqa, onlar İtaliyanı kasıblar ölkəsi kimi
göstərir".
İtalyan neorealizminin görkəmli simalarından biri
Vittorio De Sika "Umberto D" neorealist filmini çəkəndən
sonra ölkənin Mədəniyyət Nazirliyi ona pessimist film
çəkdiyinə görə irad tutur. Üstəlik
italyan kinotənqidçiləri də ekran əsərini
pessimistliyinə görə amansız tənqid edirlər.
Bundan sonra De Sikanın
yaradıcılığında komediya, melodram yer alır.
"Umberto D" 1952-ci ildə çəkilib, roman isə
1954-cü ildə yazılıb. Görünür,
Moravianın bu problemi romanın əsas xətlərindən
birinə çevirməsinə, De Sikanı tənqidlər də
təsirini göstərib.
...Filmdə Qodar Lanqın assistenti kimi
çıxış edir və bununla da böyük rejissora
ehtiramını bildirir.
"Nifrət" ekran əsəriylə Qodar sübut
etdi ki, o, kompromissiz rejissordur. "Nifrət" həm
də onun nifrətidir.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.14-15.