Sevgi
xalçası
Hekayə
Qırmızı nömrəli
qara maşın kəndin qapısından girəndə kəndlilər
toz dumanına təəccüblənmədilər. Yalnız
gözlərini maşının qırmızı nömrəsinə
dikdilər. Dağ kəndinin məktəblisi
maşının qarşı hissəsində dalğalanan
kiçikölçülü bayrağı görüb
"Polşa, Polşa" qışqırdı. Yol kənarındakı
yabanı üzümdən düzəldilən talvarın
altında uzanan, hərdən ayran qurtuldadan kişi
naməlum səsə başını qaldırıb qara
maşının sürücüsünün verdiyi sualı
cavablandırdı: "Xuramanın evi yaxındadır,
yaşıl qapıdır".
Sürücü kəndlilərin
"yaxındadır" kəlməsini çox yaxın
bildi. Amma bilmirdi ki, "yaxındadır" kəlməsi
2-3 kilometrə hesablanır. Xuraman kəndin
ən yaxşı xalça ustası idi. Səhər
tezdən dağ çayının sahilinə getmişdi.
Yunu hissə-hissə böyük daşın
üstünə qoyur, üzərinə soyuq su tökür,
ağır ağacla döyəcləyirdi. Su tam axana qədər alnındakı təri silir,
yerdə qalan yunları daşın üstünə sərirdi.
Yuyulmuş yun quruyandan sonra ağacdan
hazırlanan nazik budaqla çırpacaq, zəhmətlə
yoğrulan əlləri ilə didəcəkdi ki, tikanı,
pıtrağı təmizlənsin. Qızı
isə yun darağı ilə darayacaqdı. Hələliksə on doqquz yaşlı qızına
ipləri bitkilərin qaynadığı qazanlara
salmasını tapşırmışdı. Sürücü qapını döyəndə
qız odunun tüstüsündən gözünü
ovxalaya-ovxalaya "gəlin" - deyə səsləndi.
Sürücü, tərcüməçi və
çəmənliyə sürtünəndə
yaşıllaşan parlaq tuflili yaşlı səfir həyətə
girdilər. Qız anasının dağ
çayının sahilində olduğunu deyib iri qazanların
altındakı kösövləri kənara itələdi ki,
su zəif qaynasın. Çünki
qonaqlara çaydan-çörəkdən verməli idi.
Tərcüməçi oğlan yalnız
çay içəcəklərini dedi. O vaxta qədərsə
səfir eynəyini taxıb çəmənliyə sərilən,
hanadan yenicə çıxan xalçalara baxdı. Qız həyətdəki stola çaydan-konfetdən
düzüb uzun budaqla qazanları qarışdırmağa irəlilədi.
Gün gah çıxır, gah
batdığından asiman qızın gözləri kimi kədərli
görünürdü. Gavalı mürəbbəsindən
dadan səfir dodağını marçıldadıb tərcüməçiyə
nəsə dedi. Tərcüməçi
gülümsədi, qıza səsləndi ki, qonaq mürəbbəni
tərifləyir, reseptini yazıb ona verməsini istəyir ki,
qızı bişirsin. Qız da gülümsəyib dedi
ki, mürəbbənin dadlı çıxması
üçün bu dağların əhatəsində
yetişən gavalı ilə bişirilməlidir, gedəndə
bir səbət yığıb pay verər. Səfir
qıza yaxınlaşıb etdiklərinə diqqətlə nəzər
salır, qazanları iyləyib tərcüməçiyə
dalbadal suallar verirdi. Tərcüməçi
də onu inandırırdı ki, qazanlardakı rənglər
bu yurdun bitkilərindən, çiçəklərindən
alınır. Xalçaçı
Xuramanın gəlib çıxmaması qonaqları
darıxdırdı. Gəlişlərinin
məramını açmazdan əvvəl səfir
sürücüyə maşından xalçanı gətirməsini
istədi. Sürücü xalçanı
çəmənliyə sərəndə həyət darvazası
açıldı, yunlarla dolu meşin kisəni arxasınca
çəkən ucaboy, qaraşın qadın içəri
girdi. Ardınca da kəndin ağsaqqal və
ağbirçəkləri içəri girdilər. Bir azdan kənd sovetinin sədri, üstəlik, səfirin
kəndə gəlişindən xəbər tutan rayon rəhbərliyinin
nümayəndələri xalça toxuyan qadının həyətinə
daxil oldular. Səfirin gəlişin məramını
belə qələbəlikdə açıqlamağı
ürəyincə olmadı. Tərcüməçi
narahatlığa su çilədi: "Buralarda qonağı
çox adamın qarşılaması adəti qədimdən
qalıb". Səfir eynəyini
çıxarıb pencəyinin düyməsini bağlamaqla,
adamların qarşısında ayaq üstə dayanıb
çıxışına başlamaqla yüksək mədəniyyətə
sahib olmasını nümayiş etdirdi. Kəndlilərin
çörək kəsmək təklifinə ac
olmadıqlarını dedilər. Səfirin
öz dilindəki çıxışını tərcüməçi
oğlan nöqtəsinə qədər çevirirdi ki,
adamlarda aydınlıq yaransın.
- Toxunan xalçalara bir də baxanda əmin
oldum ki, qadınlarınız səmanın maviliyini, meşələrin
yaşıllığını, dağ yamaclarının
sıx kölgəsini, qarlı zirvələrin bəyazlığını
incəliklə əks etdiriblər. Sizin
xalçalardan zövq alıram, - deyə gülümsədi.
Tərcüməçi onun əsintili səslə
dediyi növbəti sözlərini belə tərcümə
etdi.
- Cənab səfir maraqlanır ki, bu
xalçanı kim toxuyub?
Xuraman qızını
göstərdi.
- Cənab səfir xalçanı
evinin qonaq otağındakı divardan asıbmış. Əl işi olduğunu qonaqlarına deyərək həmişə
fəxr edib ki, Xəzərin sahilindəki ölkədə belə
nəfis xalçalar toxunur. Hətta
xalçaçılıq üzrə mütəxəssis
dostu Boleslav da xalçanın naxışlarına,
toxunuşda istifadə edilən təbii materiallara baxaraq heyrətini
gizlətməyib.
Səfir xalçaya
yaxınlaşıb sol tərəfdəki ucunu əlinə
alaraq sözünə davam etdi.
- Ancaq cənab səfirin dostu Boleslav
xalçanın bu hissəsindəki qəribə toxunuşa dəfələrlə
baxıb, lupasını arxaya-qabağa edərək fikrə
gedib. Çeçələ barmağın ucu
boyda olan bu yerə böyüdücü eynəklə siz də
baxın. Adamlar qalxıb o hissəyə səfirin
təqdim etdiyi böyüdücü eynək arxasından
baxdılar. Xalçada saçları
dalğalanan qızla bir oğlanın üzbəüz
dayandığı, ancaq əllərinin bir-birinə
çatmadığı toxunmuşdu. Adamlar
təəccüb və heyrətlə qıza baxdılar.
- Cənab səfir bu sirri
açmağı xahiş edir. Bilmək istəyir
ki, bu yurdun xalçalarında dərdləri, sevincləri
toxumaq çoxdanmı mövcuddur?
Kəndlilər dedilər ki,
hələ qədimdən xalçaçılar, nəinki
şəxsi sevinc və kədərlərini, dövrün
hadisələrini də xalçalara toxuyublar.
Arada fasilə yarandı. Xuraman qəzəblə
qızına baxırdı. Gözünün
qabağında durmasını arzulamayıb qonaqların
çayını təzələməyi tapşırdı.
Ananın qızına hirsi səfirin
gözündən yayınmadı. Qızı
getməyə qoymadı. Nə baş
verdiyini ananın anlatmasını istədi. Kəndlilər dinmədilər. Bəziləri
başlarını aşağı saldı. Xalçaçı qadın bunu ailə sirri kimi
açmağa lüzum görməyəndə, səfir acizanə
baxışla israr etdi.
- Cənab səfir deyir ki, sizin xalqda
qonaq anlayışı müqəddəsdir. O, bu sirri səfirə
deyil, sanki yaşlı, həm də neçə yüz
kilometr yol gəlib qapınızı açan qonağa
söyləmənizi istəyir. O, çox rica edir. Bir xahişi də bundan ibarətdir ki, bu gənc
qıza hirslə baxılmasın.
Xalçaçı Xuraman səfirin
son ricasına dodağını qaçırsa da,
gülüşü üzündə dondu. Kəndlilər
də danışmasını istədilər. Hərçənd, əhvalatı son nöqtəsinə
qədər gözəl bilirdilər. Xuraman
başını aşağı salıb danışdı:
- Üç ev
aralıda Hikmət adlı oğlan qalır. Neçə
ildir ki, qızımı sevir. Bu
sözümə görə böyüklər də məni
bağışlasın. İki dəfə
elçi gəliblər. Ancaq buna razı
olmuram. Səbəb də budur ki,
oğlanın gələcəkdə yeganə
qızımı saxlayacağına inanmıram. Çünki işləmir, əlinə pul
düşəndə də bədxərclik edir,
dostlarını başına yığıb qonaqlıq verir.
- Cənab səfir bilmək istəyir
ki, qız oğlanı sevirmi?
Qız anasının yeni
xalça toxunuşu üçün gətirdiyi yunları
çəmənliyə yayıb bir-birindən ayıranda
qonağın son sualını eşidib səksəndi. Çünki
yaşlı adamların yanında "mən də onu sevirəm"
cavabını verməyə çətinlik çəkəcəkdi.
Aradakı həya pərdəsi buna imkan vermirdi.
Səfir qızı adamların arasına
çağırdı. Tərcüməçinin
sualından qızın yanağı allandı. O,
sualını yenidən təkrarlayanda qız başı ilə
sevdiyini işarə etdi. Səfir onun
danışmasını istədi. Ağsaqqallar
qızın uzaqlaşmaq cəhdindən "qonaqdan
ayıbdır" pıçıldamaqla çəkindirdilər.
Qız daha da qızardı. Anasının
niyə xalçada belə toxunuş etdiyi danlağını
tərcüməçi əcnəbi dilə çevirmədi.
Eləcə, səfirə dedi ki, anası qızını
danışmamasına görə danlayır. Yaşlı
səfir gülümsəyib danışması
üçün yenə ricaedici gözlərlə qıza
baxdı. Uzun qara saçlarının
üzünə tökülməməsi üçün
alnına bağladığı çalmasını
sıxıb bərkidən qız gözlərini yerə dikməklə
danışdı.
- Oğlan məni istəyir, mən də
onu. Evdəkilər məni ona vermirlər.
Yazıq mənə görə evlənmir.
Tərcüməçi bu
sözləri səfirə çevirəndə qonağın
alnı dartıldı. Öz dilində nəsə
pıçıldadığı da tərcümə edildi.
- Cənab səfir soruşur ki,
qız özünü onunla xoşbəxt sanırmı?
Qız başı ilə təsdiqlədi.
- Əgər ailə həyatı
qursalar, oğlanı işləməyə təhrik edə
biləcəkmi? Onun ailəni dolandıracağına əmindirmi?
Qız yenə
dolub-boşalan görkəm aldı.
- O, bütün həyatını məndə
görür. Məni istəməyənə qədər
işləyirdi. Ailəmiz məni ona verməyəndən
sonra əli hər işdən soyudu. Günlərlə
o təpəliyə qalxıb həyətimizə
baxırdı. Tez-tez anamdan həyətdə nəsə
iş görməyi xahiş edirdim. Bəhanə
edirdim ki, havam çatışmır. O da nəsə
tapşıranda həyətdə çox ləngiyirdim ki,
oğlan məni görə bilsin.
Xuraman qalxıb "mən
qızımı ona verməyəcəyəm" deyib durdu. Səfir deyilənləri
tərcüməsiz də anladı. Ağsaqqallar
qadının inadına göz ağartdılar. Yaşlı qonaq eynəyini
çıxarıb-taxmaqla narahatlığını ifadə
edirdi. Həyətdə gəzişib
oturanları nigaran qoydu. Yenidən
qayıtdı. Gözləri
qızarmışdı. Asta
danışığına tərcüməçi də təsirləndi.
- Bıqdoş şəhərində gənc qızla tanış olanda 17 yaşım vardı. Müharibə təzə bitdiyindən faşistlərdən qalma nişanların təmizlənməsi işinə baxırdıq. Həmin qızla yük maşınında kəndlərə gedər, idarə binalarının zirzəmilərində, ya önünə vurulan bayraqları, gerbləri qoparıb maşına yükləyərdik. Qıza o qədər alışmışdım ki...
Səfir doluxsunmasını gizlətmək üçün hərdən gülümsəyirdi. Ancaq bu gülümsəməyə kədər hopmuşdu.
- Bir gün qız məni evlərinə apardı. Acdığımı qarnımın qurultusundan duymuşdu. Anasının masaya qızılgül əksli süfrə sərməsini, gil qabda qaynadılmış süd gətirməsini, o südün ağzımın kənarından axmasına qızın doyunca gülməsini həmişə xatırlayıram. Ancaq...
Səfirin səsində əsintilik duyulanda tərcüməçi əcnəbi dildə ürək-dirək verdi. Kəndlilər də bunu hiss etdilər.
- Ancaq qonşudakı oğlanın içəri girib qızın anasına yad oğlana yemək verməyə görə acıqlanmasından sonra südə doğradığım çörək tikələrindən biri boğazımda qaldı. Oğlan bir də bu evə gəlməyimi qadağan etdi. Qız onunla ailə qurmağa məcbur idi. Çünki oğlan onları müharibə vaxtı ac qoymamışdı. Kişisiz ailənin vəziyyətinin pisləşdiyini görən qonşu oğlan əlinə düşəndən onları yedirtmişdi. O gündən qızla daha yük maşınının arxasında gülə-gülə kəndlərə getmədik. Daha onu görmədim. Bilirsiz, həyatı gözəlləşdirən sevgidir. Hər kəsilən istəklər insanı ilbiz kimi içinə yığır. Kəsməyin bu gənc qızın istəyini. Əgər qız özünü onunla xoşbəxt sanırsa, qırmayın onu. İstərdim ki, sizdən aldğım xalçada bir oğlan və qız əl-ələ tutsunlar. Xuraman xanım, siz mənə elə xalça toxuyarsınızmı? - deyə qoca səfirin üzündəki gülümsəmədən ətrafa toplananlar mütəəssir qaldılar. Zillənən baxışlardan gözlərini qaçırmağa çalışan qadın çox düşündü. Gah qoca səfirə, gah bir kənarda ağaca söykənən qızına baxdı. Tərcüməçi onun pıçıltısını səfirə söylədi:
- Oğlanın ailəsinə xəbər yollayın ki, elçi gələ bilərlər. Ancaq bir şərtim var. Oğlan qızımı yaxşı saxlamasa, şikayətə səfirin üstünə gedəcəyəm.
Gülüşlər səfirin
də ürəyini açdı. İki aydan sonra gəldiyi
toyda da sevindi, təzə xalçasını da apardı. O
xalçanı ki, qızla oğlan əl-ələ tutub məsum
baxışlarla gülümsəyirdilər.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.2.