Yazıçı və mütəfəkkir bütün zamanlardan irəlidə

 

Qırğızıstanda ən populyar və ən çoxtirajlı (45 min tiraja qədər) "Veçerniy Bişkek" qəzetində Hidayətin "Yazıçı və mütəfəkkir - bütün zamanlardan irəlidə" sərlövhəli məqaləsi dərc olunub. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığının əsas xüsusiyyətlərindən, Azərbaycanda onun yerindən, müəlliflə görüşlərindən bəhs edən məqalə Qırğızıstanda çox maraqla qarşılanıb. Yazını bütövlüklə oxucularımıza təqdim edirik.

Ötən XX əsr cahan müharibələri, inqilablar, repressiyalar, soyqırımlarla yanaşı, həm də yeni görkəmli alimlərin, yazıçıların və mütəfəkkirlərin dünyaya gəlişilə müşayiət olunurdu. Həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxri olan Çingiz Aytmatov kimi.

Çingiz Aytmatov çağdaş dünya miqyasında ədəbi azmandır. O, bütün əsərlərində fəlsəfi, mənəvi və insan problemlərinə toxunurdu.

Qırğız xalqı dünyaya unikal fenomenal yazıçı və mütəfəkkir bəxş etdi. Çingiz Aytmatovun əsərləri dünya ədəbiyyatının qızıl fonduna daxil oldu.

 Yazıçı və humanist Çingiz Aytmatovun təşəbbüsü ilə 1986-cı ilin oktyabrında yaradılan Beynəlxalq İssık-Kul Forumu görkəmli insanları bir araya gətirir.

Böyük əminliklə deyilə bilər - Çingiz Aytmatov ilk forumdan başlayaraq Qırğızıstanı dünyaya tanıtdı. Bu mənada Beynəlxalq Forumun dəyəri əvəzolunmazdır. Azərbaycan həmişə bu forumların işində fəal iştirak edib. Bu il həmin forumda nüfuzlu nümayəndə heyəti - AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, tarix elmləri doktoru, professor, mədəniyyətşünas Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov iştirak etdi. Qırğız xalqına, Qırğızıstan Respublikasının rəhbərliyinə Çingiz Aytmatov təməlini qoyduğu ənənələrə sadiq qaldıqları, ən əsası - onun ruhunu və düşüncələrini qoruduqları üçün xüsusi təşəkkürümü bildirirəm.

Çingiz Aytmatov mənim uşaqlıq və gənclik dövrümün yazıçısıdır, ən çox sevdiyim qələm sahiblərindən biridir. "Cəmilə", "İlk müəllim", "Qırmızı yaylıqlı qovağım mənim" - bu əsərləri məktəbin son siniflərində və universitetin ilk kurslarında oxusam da onları bütün detalları ilə xatırlayıram. Mən onu yalnız sevməmişəm, həm də onunla fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, qardaş qırğız xalqının belə bir fikir sahibi var. Onu da deyim: Qırğızıstan və Rusiyadan sonra Çingiz Aytmatovun əsərləri ən çox Azərbaycanda tərcümə olunub, çap edilib.

Tale elə gətirdi ki, mən onunla 1982, ya da 1983-cü ildə İrəvanda tanış oldum, iki-üç dəfə ikilikdə, bir neçə dəfə çoxluqda görüşlərimiz oldu, xeyli söhbət etdik. Həyat yoldaşı Mariya xanım və balaca Şirinlə gəlmişdi. Yazıçılar İttifaqının akt zalında - ictimaiyyətlə keçirilən görüşündə də iştirak etmişəm. İttifaqın İrəvan yaxınlığında səfalı bir yerdə yaradıcılıq evi vardı, sonra Çingiz Aytmatovu ora istirahətə apardıq. Adını ermənicəyə tərcümə edib "Caxkacor" qoysalar da çoxu qədim, əsl adını - elə "Dərəçiçək" deyirdi.

İrəvanda bizim təklikdə söhbətlərimizdə mən ona erməni şovinizmindən danışdım və bu, onun üçün yeni məlumatlar idi. Dediklərimin hamısını diqqətlə, səbirlə dinlədi.

Çingiz Dərəçiçəkdə dincələndə elə oldu ki, mən təcili olaraq SSRİ Mədəniyyət Nazirliyinin kollegiya iclasına - Moskvaya getdim və başqa görüşlərim də olduğu üçün səfərim çox çəkdi. Mən qayıdanacan Çingiz Torekul oğlu Moskvaya dönmüşdü.

İllər keçəndən sonra biz Moskvada da görüşdük. Dedi: "Səni tez-tez xatırlayıram", onda artıq Bakıda "Gənclik" nəşriyyatının baş redaktoru işləyirdim.

Bakıya köçdükdən  sonra onun povestlərindən ibarət irihəcmli kitabını bizim nəşrlər evində çap etdirdik. Moskvaya telefon açdım, danışdıq, müqavilə ona göndərildi, imzalayıb Bakıya qaytardı.

Keçmiş SSRİ-nin dağılması ərəfəsində yenidən Moskvada görüşdük. Artıq Ermənistanın bizə müharibəsi başlamışdı, o özü vəziyyət barədə maraqla soruşdu, biz Qarabağ məsələsindən geniş danışdıq. O mənə dedi ki, neçə illər əvvəl İrəvanda görüşəndə mənə erməni millətçiliyindən danışmışdın və çox dərin bir fikrə getdi. Çingizin bu sualına cavab verəndə illər öncə İrəvanda ona bu barədə nə danışdığımızı xatırlamırdım, - o, yadıma saldı.

Mən çox təəssüf edirəm ki, Çingiz Aytmatov sonuncu dəfə Bakıya gələndə mən xaricdə idim, əlbəttə, məni soruşmuşdu, görüşmək istəmişdi. Bişkekdə işə başlayandan bir az sonra Qırğızıstan Yazıçılar Birliyinin rəhbərliyi və bir qrup görkəmli yazıçısı ilə "Ata Beyit"ə gedib  Çingiz Aytmatovun məzarını ziyarət etdim. Məzarın önündə ehtiramla baş əydikcə yanındakı Repressiya Qurbanları Muzeyinin tükürpərdici eksponatlarına baxdıqca, dəhşətli informasiyaları oxuduqca, şərhedici əməkdaşın kədərli səsini, qəmli sözlərini dinlədikcə çox mətləb barədə düşündüm. Azərbaycan xalq poeziyasında belə misralar var: "Dünya bir pəncərədir - hər gələn baxar, gedər..." - Hamı gəlir, gedir... Böyüklər əbədiyyətə qovuşurlar.

Biz tez-tez görüşməsək də, münasibətlərimiz səmimi idi. Yaşda məndən on altı il böyük olsa da ona, sadəcə, "Çingiz" deyə müraciət edirdim. İlk öncə nə üçün belə müraciət etdiyimin izahını da vermişdim: "Sizə Çingiz ağa, Çingiz mırza, ya Çingiz Torekuloğlu - deyə müraciət etsəm, nəhəngliyinizi, "statusunuzu" kiçiltmiş olaram. O Çingiz tarixin fəthlər Çingiziydi, siz onun tarixdəki obrazını ədəbiyyatda yaradırsınız, beləliklə, dünya ədəbiyyatının Çingizisiniz".

Gülə-gülə deyirdi: "Mənə elə-belə də müraciət et, belə xoşuma gəlir".

Çingiz Aytmatovu, demək olar, bütün dünya oxuyur, tanıyır, sevir. Ancaq onun Qırğızıstandan sonra ən çox dəyərləndirildiyi, sevildiyi ölkə Azərbaycandır. Azərbaycanı yaxşı tanıyan, Çingizi çox sevən qırğız qardaş-bacılar mənə deyirlər: "Biz Çingizi oxumağı və dəyərləndirməyi sizdən oyrənməliyik". Mən deyirəm: "Bizi çox böyütməyin, Çingizə olan səmimi sevgimizin üstünə çox qoymayın". Deyirlər: "Heç nəyi böyütmürük, üstünə heç nə qoymuruq". (Qırğız dostlar məndən inciməsinlər, dediklərim qırğız dostların sözləridir).

Çingiz Aytmatovun 50 illik yubileyindən bəri bütün yubileyləri Azərbaycanda geniş şəkildə və yüksək səviyyədə qeyd olunub. Xatırlayıram: yazıçının 50 illiyi münasibətilə təntənəli tədbirdə iştirak etmək üçün Azərbaycan Yazıçılar Birliyinin sədri, nasir və dramaturq, Çingiz Aytmatovun dostu İmran Qasımov Qırğızıstan paytaxtına getdi. Bakıya döndükdən sonra mənimlə Çingizin çox səmimi xatirələri ilə bölüşdü. Yeri gəlmişkən, Bakıda Çingizin çoxlu dostu var idi: yazıçılar Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Anar, Elçin, Sabir Rüstəmxanlı, Şahmar Əkbərzadə, Vilayət Rüstəmzadə, Adil Cəmil, Hüseynbala Mirələmov... rəssam Toğrul Nərimanbəyov...

Azərbaycanda Çingiz Aytmatov haqqında çoxsaylı əsərlər toplusu, monoqrafiyalar dərc olunmuş, onun əsərləri mövzusunda elmlər namizədi və elmlər doktoru dissertasiyaları müdafiə edilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Çingiz Aytmatovu həm yazıçı, həm də ziyalı şəxsiyyət kimi yüksək dəyərləndirirdi.

Heydər Əlirzaoğlu, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi böyük bir ölkənin mədəniyyət, səhiyyə, təhsil, elm və digər bu kimi mühüm sahələrinə nəzarət edirdi. O keçirdiyi islahatlarla və bu sahələrdə gördüyü nəhəng işlərlə SSRİ ziyalılarının hörmətini və sevgisini qazandı. Çingiz Aytmatov da daxil olmaqla bütün istedadlı yaradıcı insanları dəstəkləyirdi, tez-tez onlarla görüşürdü, çoxlu problemlərini həll edirdi, onlara qayğı göstərirdi və onları əsassız tənqiddən qoruyurdu.

Ulu öndər deyirdi: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir".

Aradan illər ötəndən sonra Azərbaycan Respublikasının Prezidenti olanda onun tapşırığı ilə böyük yazıçının doğumunun 75 illiyinin Azərbaycanda qeyd olunması üçün hazırlığa başlanıldı. Milli Akademik Dram Teatrında  Muxtar Şaxanovla birlikdə həmmüəllifi olduğu "Sokratın anım gecəsi" pyesinin səhnə həlli üzərində iş başladı. Tamaşa hazırlandı. Yubiley payız aylarında keçiriləcəkdi.

...Aprel ayında ulu öndər xəstələndi...

...Dekabrın 12-də - Çingiz Aytmatovun doğum günündə əbədiyyətə qovuşdu.

Yubiley beş il sonraya, 2008-ci ilə - yazıçının 80 illiyinə qaldı və yüksək səviyyədə keçirildi. Prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Torekul oğlu  "Dostluq" ordeni ilə təltif edildi. Bu orden "Dostluq" ordeninin ilki - 1 saylısı idi.

Ölkə Prezidentimizin tapşırığı ilə ölməz söz ustadının 85 illiyi Azərbaycanda yüksək səviyyədə, geniş qeyd olundu. Və bu yubiley Qırğızıstan və Azərbaycan istisna olmaqla, dünyanın heç yerində belə yüksək səviyyədə qeyd edilməmişdir.

Öncə "Veçerniy Bişkek" qəzetində bildirilən kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbirlərə çoxdan başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Misirin tanınmış alimləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, TÜRKSOY-un prezidenti və digərlərinin iştirakı ilə qarşıdan gələn yubileylə əlaqədar geniş beynəlxalq konfrans keçirildi. Tədbir iştirakçılarına Azerbaycan Milli Elmlər Akademiyasında nəşr edilən Ç.Aytmatova həsr olunmuş "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının xüsusi sayını təqdim etdilər.

Akademik İsa Həbibbəyli qeyd etdi ki, Azərbaycan xalqının böyük dostu Ç.Aytmatov dünyanın ən böyük yazıçılarından biridir və yalnız qırğız xalqı deyil, bütün türk xalqları onunla fəxr edir.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov: "Türk dünyası əvvəlcə mənəvi dünyadır! Bu güclənən hərəkatı böyük qırğız yazıçısı Çingiz Aytmatov yaradıcılığı uğurla təsdiqlədi".

Azərbaycan Milli Kitabxanasında kitab və fotoşəkillər sərgisi açılmışdır.

Akademik Milli Dram Teatrında "Əsrə bərabər gün" romanının motivləri əsasında "Manqurt" adlı tamaşanın premyerası keçirildi.

Bakıda Qırğızıstanın səhnə ustalarının ifasında  tezliklə "Cəmilə" tamaşası nümayiş olunacaq və s.

Yubileyin əsas tədbiri dekabr ayında Qırğızıstan nümayəndə heyətinin iştirakı ilə keçiriləcək.

Azərbaycan tamaşaçısına Çingiz Aytmatovun əsərlərinin əsasında səhnəyə qoyulmuş pyeslər  çoxdan məlumdur. Artıq 70-ci illərdə Akademik Milli Dram Teatrının səhnəsində "Ana tarla", "Əlvida, Gülsarı" tamaşaları böyük uğurla səhnələşdirildi.

Ölkəmizin Prezidenti Zati-aliləri cənab İlham Əliyev demişdir: "... Doxsan illiyini yalnız Qırğızıstan deyil, Azərbaycanda da qeyd edən görkəmli yazıçı, publisist və ictimai xadim Çingiz Aytmatov dünya ədəbiyyatının xəzinəsinə nadir və qiymətli yaradıcılığı ilə böyük töhfələr vermişdir.

Çingiz Aytmatov Azərbaycanın dostu idi, həmişə ölkəmizi dəstəkləyirdi. Təsadüfi deyil ki, o, Azərbaycanda təsis edilmiş "Dostluq" ordeninin ilk sahibidir".

...Hələ gənclik illərimdə yazdığım, indiyənəcən də sevdiyim, həyatda isə görmədiyim ustadıma həsr etdiyim "Səməd Vurğun qitəsi" şeirindən misralar düşdü yadıma:

 

...Gördüm orda

                        dahilərin taleləri

insanlığın öz yoludur, həyatıdır,

Kitabını varaqlaya-varaqlaya

                        mən bir daha inandım ki -

                        ən çətin janr bayatıdır!!!

Gördüm orda

istiqbalın duyğuları qanad açıb

                                    qatar-qatar,

Gördüm, ustad,

yerlə göyün arasında

Vurğun adlı bir qitə var!

 

 

Dünyada belə bir qitə də var - Çingiz qitəsi.

Yerlə göyün arasında - zamandan uca.

 

Hidayət

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.6-7.