Mən heç vaxt böyük
görünmürdüm. Bəzən məni
heç görmürdülər...
"Kürsü"
layihəsinin bugünkü qonağı - yazıçı
Qurban Yaquboğludur
- Siz şeirlə
ədəbiyyata gəlmisiniz. Sonralar isə
yaradıcılığınızda uzunmüddətli fasilə
oldu. Bu nə ilə bağlı idi?
- Bütün sahələrdə
olduğu kimi, ədəbiyyatda da yalnız dahilər özləriylə,
cəmiyyətlə, insanlarla istədikləri kimi
davranmağı bacarırlar, hərçənd onların da
sərhədləri olur.
İnsanın büsbütün səmimi
olması həmişə şübhəlidir, amma
çalışacam bu müsahibədə maksimum səmimi
olum... Deyəsən, mənim bədii mətn
yazmaqda böyük fasilə götürməyimdə belə
bir vədləşmənin də rolu oldu. Yeniyetməlik illərində, rayon qəzetində
çap olunduğum zamanlarda özümə söz verdim ki, əgər
məndə müəyyən istedad varsa,
çalışıb heç vaxt boz, gərəksiz, təsirsiz
şey yazmayım. Ya yaxşı, ya da heç nə... Dəfələrlə bu barədə demişəm,
yazmışam, amma bu söhbət bitməz. Məni ilk çap eləyən, böyük ədəbiyyat
havasına qoşan o zamankı rayon qəzetinin əməkdaşı,
çox istedadlı qələm adamı, şair Zahid
Sarıtorpağın formalaşmağımda, gələcəyimdə
xüsusi rolu oldu. Etiraf edim ki, mən hələ
də onun verdiyi proqramın icraçısıyam.
Bu, çox uzun dövrü əhatə
eləyib, deyilmi? Zahid onda dünyanın ən böyük mədəniyyət,
ədəbiyyat və siyasi mərkəzlərindən biri olan
Moskvada Qorki adına Ədəbiyyat
İnstitutunda təhsil alırdı və onu, ucqar kənd
uşağını dünyayla bağlayan əlahiddə əlaqələndirici,
elçi kimi də dəyərləndirmək olar.
90-cı illərin təlatümlü
dövrlərində, daha heç nəyin kara
gəlmədiyi zamanda cızma-qaralarla görünmək, əlbəttə,
əhdə xilaf çıxmaq sayılardı. Amma
mən onda da xısın-xısın yazmışam.
Bir şeyi də demək istəyirəm,
özünüz şahidsiz, lütfən oxucular da səsimə
şikayət tonu əlavə eləməsinlər. Ola bilsin, bunun nəsə
mistik bir mənası var: mən heç vaxt böyük
görünmürdüm. Bəzən məni heç
görmürdülər...
Orta məktəbi qurtarandan 5-6 il sonra mən artıq vaxtilə əsərlərini
böyük heyranlıqla oxuduğum məşhur
yazıçılarla iş yoldaşıydım. "Xəzər"
jurnalında böyük bir silsilə şeirlərim
getmişdi, amma həyat nədənsə çox sakit tərzdə
ləpələnirdi... Bu yaxınlarda dostum Pərviz
Cəbrayıl mənə bir maraqlı əhvalat
danışdı. Dedi, "Xəzər" jurnalına
şeirlərimi aparmışdım. Baş redaktor Vaqif
Bayatlı qayıtdı ki, sən get Qurban kimi yaz. Mən özümə qarşı belə
münasibəti heç vaxt təsəvvür eləməmişəm.
Nəhayət, 90-larda
yazdığım və özümün razı
qaldığım hekayələrimin adlarını çəkmək
istərdim: "On doqquz", "On səkkizə qədər",
"Tutqun bənövşəyi gün", "Bir
manatlıq qonaqlıq", "Ona çatanda maşın
söndü". Bu hekayələri və
1999-cu ildə dərc olunmuş bir silsilə şeirlərimi (tapa
bilsəm) gələcəkdə kitabıma salmaq istərdim.
- Bir müddət
publisistika ilə də məşğul olmusunuz. Bu, dolanışıq naminə idi, ya həmin
dövrdə şeirin funksionallığı itmişdi?
- Ay, il, gün bəzən
hər şeyi təfərrüatsız ifadə eləyir.
1994-cü il yanvar ayının 24-də dostum Fəxri
Uğurluyla Azərbaycan Bədii Tərcümə Mərkəzininin
orqanı olan "Yol" ədəbiyyat qəzetində
işdən azad edilib "525-ci qəzet"ə gələndə
("Yol"un baş redaktoru Əlisəmid Kür uzun
müddət işsiz qalacaqdı) mən şəxsən
ürəyimdə ədəbiyyatla müvəqqəti ayrılığa
hazırlıq görmüşdüm. Gedirik, az
keçməz, qayıdarıq deyə... Heç
demə, çox uzun çəkəcəkmiş.
Onda dolanışıq da çətindi,
normal maaş az-çox ictimai-siyasi qəzetlərdəydi.
Bir məqamı da qeyd eləyim: ictimai-siyasi hadisələrin
süjeti onda daha cəlbediciydi, adam
özünü məhz belə hadisələrin
yaşantısına sərf eləmək istəyirdi. Boz,
maraqsız, dramı olmayan olaylardan üz çevirmək
normal bir davranışdır, zənnimcə...
1994-cü ilin soyuq yanvarı haqda indi
belə düşünürəm: İstədiyin yerə ya
özün gedərsən, ya səni ora qovarlar. Fərq eləməz,
hansı olur-olsun...
- Nəsr
yazmağa nə zaman başladınız?
- İlk nəsr təcrübəm
90-ların əvvəlinə təsadüf eləyir. "Tutqun-bənövşəyi
gün" adlı janrı tam məlum olmayan, yarıbədii,
yarıpublisistik bir yazıydı. O da bir qəribə
olaydı. Yazdım, amma mətnlərin qıt
vaxtında belə, heç kəs ona yaxın durmadı.
Yazılarımı cırıb atmağa, kənara
qoymağa heç vaxt qızırğalanmamışam.
İt-bata düşən yazılarım da az
deyil. Amma "Ədəbiyyat qəzeti", "Gənclik",
"Ulduz" və "Xəzər" jurnalları
çap eləməyəndə də (nədənsə Vaqif
Bayatlının da xoşuna gəlməmişdi) onu kənara
atmadım. Nəhayət, mən "Xəzər"dən
çıxıb 1992-ci ilin payızında "Yol"da
işə başlayanda (hər ikisi Tərcümə Mərkəzinin
orqanıydı), elə ilk nömrədə Əlisəmid
Kür onu qəzetə verdi.
Məncə, o, yaxşı
hekayədir və sonrakı reaksiyalar da bunu təsdiqlədi. Deməyim odur
ki, bəzən müəllif öz yazdığının
ilk başlanğıcda hiss olunmayan gizli gücünü
naşirdən və oxucudan daha dəqiq bilir. Hərçənd
həmişə yox...
- "Mən yoxam" romanını yazmağa necə
başladınız? Mən bilən,
uzun müddətə yazılan romandır...
- 2008-ci ilin dekabrında, səhv eləmirəmsə,
ayın 27-də uzun müddət içimdə, beynimdə
dövr eləmiş hadisələr toplusunun ilk cümləsini
monitora köçürdüm. Bu, romanın ilk cümləsiydi,
bəlkə də bir insan hadisəsiydi, yazılmasa, yaşamağa
qoymayacaq duyğusuyla hücuma keçən bir hadisə, alov,
ocaq... Genetik mərəz...
Deyilənə görə, mənim
XVIII əsrin ikinci yarısında yaşamış Yaqub
adlı ulu babam həm təriqət əhli olub, həm də
şair. Evimizdə onun hərdən qırıq-qırıq
şeirlərini deyirdilər. Bu barədə
atam danışırdı. Sonra onun
qoyduğu qadağaları sadalayırdı. Həmişə
düşünürdüm, görəsən, babamın
kitabı olsaydı kitabında nə yazardı?..
Hətta mənə elə gəlirdi, onun
yazmalı olduğunu indi uzun illərdən sonra mən
yazmalıyam.
- Bəlkə, o
bizə "daha mən yoxam" deyəcəkdi?
- Bu yaxınlarda XIX-XX əsrlərin
qovuşağında yaşamış Şandor Frentsı
adlı bir macar psixoanalitikin elmə gətirdiyi
"introeksiya" terminiylə rastlaşdım. Bu termin kənardan mənimsənilən obraz, hadisə
və motivləri izahlayır. Zənnimcə,
mənim yazdığım mətndə belə bir
qeyri-şüuri prosesin izləri var. Həm özümü,
həm də yazdıqlarımın izahı üçün
çalışmalara davam edirəm.
Romanın axırına qoyulmuş
tarixdən də bəlli olduğu kimi, yazı prosesi çox
uzun çəkdi - 9 il. Artıq
hər şey geridə qalıb. Tezliklə
bu romandan tamamilə çıxmağa hazırlaşıram.
- Bəzi oxucular
fikirləşirlər ki, romanda pərakəndəlik var və
o, bütöv deyil.
- Əksər müəlliflər
yazdıqlarına reaksiyalarla maraqlanır. Düzü, mən
romanı çapa verəndə ona mümkün münasibətin
iki amplitud nöqtəsi arasında var-gəl edirdim - buna
oxucular tamamilə laqeyd də qala bilərlər, bir dostumun
ümidiylə desəm, roman dünyaya da çıxar. Dünya məndən çox uzaqdır, bu,
heç. Əksər zövqlü
oxucuların fikirləriylə maraqlanıram, deyim ki, "bu
bir heçdir" deyən də var, ona yüksək və
orta qiymət verənlər də. Tənqidçi
İradə Musayevanın, elə sizin özünüzün
yazılarınızı diqqətlə və
açığı, minnətdarlıq duyğusuyla
oxumuşam.
O ki qaldı pərakəndəlik barədə
iradlara... Qoy mən də iradlara irad bildirim.
Mənə elə gəlir, əksər adamlar, dostlarım,
qardaşlarım ənənəvi bir strukturu olan mətnlə
qarşılaşacaqlarını güman edirdilər, məsələn,
Qurban yəqin, uzun bir köşə yazar, oxuyarıq,
xoşumuza gələr-gəlməz, sonranın məsələsidir
- bu kimi...
Bu roman hər halda, məncə,
proqnozları pozan əsərdir. Əyər-əskiyi
var, buna yazılan yazılarda, deyilən fikirlərdə
üstüörtülü, yaxud birbaşa işarələri
yaxşı sezirəm.
Mən
yazdığımın özümə bəlli şifrələrinin
hamısını açmaq istəməzdim. Amma müxtəlif dövrlərdə,
zamanlarda, mətnin öz daxilində, fərqli epizodlarda gəzən
adamların bəzən eyni ad altında, bəzən eyni və
oxşar talelərlə səyahəti necə, diqqətə
çıxmırmı?..
- Romanda dialekt
sözlərdən çox istifadə olunub. Başa
düşülməyən sözlər də var. Ümumiyyətlə
mətndə dialekt sözlərdən bu qədər istifadə
doğrudurmu?
- Bəli, dialekt sözlərdən
bol-bol istifadə olunduğunu heç danmaq mümkün də
deyil, bunun bir özəl səbəbi odur ki, mən romanı
öz anamın dilində, onun işlətdiyi söz və
ifadələrlə yazdım.
Mətndəki ana öz əzablarının
zamanını bildirən bir kəlmə işlədilir, adi
bir sözdü, amma açar sözdü: "Gecəbəgündüz..."
Bu sözü nə həyatımdan, nə də
mətndən poza bilərəm. O biri kəlmələr
də onun kimi.
İkinci məsələ. Fikrimcə,
dialekt sözlərin ədəbi dilimizin zənginləşməsində,
eləcə də söz yaradıcılığında
iştirakı təmin edilməlidir və bunun ən
yaxşı vasitəsi elə ədəbi mətndir.
- Bəzi tənqidçilər
əsərdə həddindən çox obraz olduğunu deyirlər.
Yəni əsərlə müqayisədə
adamların çox olması və ümumiləşdirmələrin
aparılmaması fikrinə münasibətiniz necədir?
- Obrazlar çoxdur, özümə
haqq qazandıran bir əsas arqumentim var. Bu obrazlar romanın
ümumi ruhuna, süjet xəttinə və ideyasına yad
deyil. Hətta ordakı Yad da yad deyil.... Ümumiləşdirməni
isə romanın sonunda Həmidin daxili monoluqunun öhdəsinə
buraxdım.
- Müasir
romançılıq deyəndə nə başa düşürsünüz?
Sizcə, müasir romançılıq nədir?
- Mən müasir
romançılığın nəzəri aspektləri haqda
heç nə deyə bilməyəcəm. Ancaq
zənnimcə, insan və onun hüdudsuzluqları barədə
ətraflı bədii sözə həmişə ehtiyac
olacaq, bunun üçün ən uyğun janr romandır.
- Ədəbi-ictimai
həyatda da görünməyə üstünlük
vermirsiz...
- Tuneldə işləməyi
xoşlayıram. Fikrimcə, yazıçı ya bir az dərində-gizlində, ya da
yuxarıda-ucada olmalıdır. Bu status kənardangəlmə,
bəxşiş kimi verilməli deyil, qazanılmalıdır.
Eyni zamanda Azərbaycan yazıçısının
həmişə ictimai libası da olub - şineli, əbası,
kəfəni, dəst kostyumu. Bu da
faktdır. Yazıçı ətrafın
özünə münasibətinə diqqət eləməkdənsə,
ilk növbədə özünün ətrafa münasibətini
ifadə və idarə eləməlidir.
- Mütaliəniz nə yerdədir? Dünya və Azərbaycan ədəbiyyatından
kimləri oxuyursunuz? Mümkünsə, əsərlərdən
və müəlliflərdən ad çəkərdiniz...
- Mən indi sürətlə, tez-tələsik,
əlimə keçən hər şeyi - marağıma
uyğun gələn əsərləri, kitabları, bəzən
paralel şəkildə oxumağa, 6
günlük iş rejimində mütaliə ilə bərabər
üstəlik, yazmağa, üstəlik də dostlarla,
çox yaxın insanlarla ünsiyyət ehtiyacımı
ödəməyə vaxt tapmaqdan ötrü çaba göstərirəm.
Çoxdan oxuduqlarıma, oxumağa macal tapmadıqlarıma
ilk dəfə, yaxud
təkrar qayıdıram - bu yay Turgenevin
bütün əsas əsərlərini, Puşkinin nəsrini
oxuyub başa vurdum. Yeri gəlmişkən, XIX əsr
rus mütəfəkkirlərini - Çernışevskidən
Belinskiyə qədər tanınmışları tapıb
oxumaq istəyirəm. Yaxud Lev Tolstoyun
"İvan İliçin ölümü" povestinin dua qədər
sıxılmış lakonizmindən ləzzət duya-duya bir
daha oxuyub başa vurdum. Pamuk bir yana, Əhməd
Həmdi Tanpinarın əsərlərinə qovuşub
bayıldım... Zarafatsız. Hazırda
Kafkadayam. "Məhkəmə"ni
qurtaran kimi Joze Saramaqonun "Korluq" romanını
başlamağı planlayıram. Bu ərəfədə
Azərbaycan ədəbiyyatından da xeyli əsəri təkrar
oxudum.
Sonuncu təsirləndiyim Azərbaycan
nasiri gəncdir - Həmid Piriyev. Onun iki nazik
kitabını, deyəsən, qəfil diqqətə
şübhəçi münasibəti fonunda inad göstərib
özündən aldım, oxuyub məmnun oldum.
- 90-cılar nə
etdilər? Onların mətnlərinin spesifik
xüsusiyyətləri nə idi? Və siz
onların içərisində nə edə bildiniz?
- Özümdən
danışdım, öz nəslimdən
danışmağı da sevirəm... Məncə,
90-lar nəslinin nümayəndələrini bir cəhət
eyni taledə birləşdirir - bu, zamanın diktəsinə və
sifarişinə uymaq məcburiyyətidir. 90-cılar
özlərini daha çox publisistikaya verdilər və həmin
dövrün ictimai publisistikası və qəzet
jurnalistikası istedadlı insanlarla daşıb doldu.
Bəzi faktlara baxaq. Fəxri
Uğurlunun daim yaddaşımda olan "Vətənim
adamlar" yazısı mənim əlimdə ixtiyar olsa orta məktəb
dərsliyinə salınar. Yeri gəlmişkən,
Fəxrinin "Tanrı dağları" silsiləsindən
olan hekayələri Azərbaycan ədəbiyyatında silinməz
iz qoyub.
Mənə bəlli olmayan səbəbdən
çox az adam Qulu Ağsəsin "Nabran
novellası" kitabının adını çəkir. Bu çox dəyərli publisistik kitabdır.
Salam Sarvanın o illərdə
yazdığı şeirlərin səs-sədası hələ
də eşidilir. Hərçənd Salamın şəxsi
tryukları bəzən bu şeirlərin təsirini zərbə
alıtında qoyur, amma onun pozulmaz-əbədi misraları -
tapdım o ifadəni - yaddaşalara sanki mismarla
çaxılıb. Səhər Əhmədin
poeziyası və nəsrini maraqla izləməmək
mümkün deyil. Yazacaqları
yazdıqlarından daha güclü olacağına ümid elədiyim
istedadlı və ilhamlı şair Mətləb Ağa da
90-lara aiddir. Az adamın diqqətində
olan daha bir şair var: Dəyanət Osmanlı. Onun
lakonik, yığcam, gərgin misraları qırma kimi səpilir.
Bu yerdə iki mühüm
sual üçün siyahını yarımçıq
saxlayaq. Birincisi, ələ düşmüş fürsət
fonunda həmin dövrün publisistikası nədən daha
qlobal problemlərə müraciət eləmədi, gündəmlə
məşğul oldu, böyük araşdırmalarla, necə
deyərlər, salnamə yarada bilmədi? İkincisi,
ölkədə ədəbiyyat havası niyə
90-cıların yox, sonrakı - 2000-cilər nəslinin
hesabına bərpa olundu? Bu suallara da cavab
axtarmağa dəyər.
Amma tamamilə səmimi
şəkildə düşünürəm ki, 90-cılar
özlərinin kəmiyyət və keyfiyyət
ölçüləriylə sonrakı nəsildən daha irəlidədir. Bir amilsə hələ də
güdükdədir: Zaman, zaman... Deyəsən,
dəyərlərin əyarını müəyyənləşdirən
əsas instansiya həmişə elə odur.
- Bizdə nəsillərarası
intriqanın da öz tarixi var. Nə üçün
özünüzdən sonrakılar haqda heç nə
demirsiz?
- Aqşin Yeniseydən Aqşin Evrenə,
Ayxan Ayvazdan Həmid Piriyevə qədər uzun bir siyahıdan
bəhs eləmək olar. Mən həmişə
onların nədənsə korlana biləcəklərindən
qorxuram. Özü də tamam başqa səbəblərdən.
Məsələn, feysbuk aludəçiliyindən, yaxud publika
sevdasından... Halbuki yazıçı pəhriz
saxlamağı, ən əsası, kənar müdaxiləyə
dirəniş göstərməyi bacarmalıdır.
Söhbətləşdi:
Samirə ƏŞRƏF
Ədəbiyyat
qəzeti.- 2018.- 20 oktyabr.- S.8-9.