Tədqiqatçısını gözləyən
nüsxə -
"Dədə
Qorqud kitabı" Vatikan nüsxəsi, Xan nəşriyyatı,
2018-ci il Abidəni transliterasiya edən,
ön söz, qeydlər və şərhlərin müəllifi:
Filologiya elmləri doktoru, professor Tərlan Quliyev
Türk dünyası
tarixinin içində Azərbaycan xalqının tarixi ən
sirli, ən mübhəm tarixlərdən biridir. Bu mübhəmliyin
sirri, bizcə, ümumiyyətlə türk tarixinin, o cümlədən
Azərbaycan tarixinin çox qədim dövrlərə
dayanmasındadır. Maraqlıdır ki, bu tarixi bəzən
min, iki min il ilə məhdudlaşdırmaq
istəyirlər. Onda da bu tarix heç nə demir, sirlərinin
üstünü açmır. Bu mənada
türkün tarixi və onun içində Azərbaycan tarixi
min illərə dayanır, söykənir. Bu faktı sübut etməyin ən bariz yolu isə,
bizcə, ilk növbədə böyük Mahmud
Kaşğarinin "Divanü lüğat-it-türk" əsərindən
keçir. Bəzi "tədqiqatçıların"
dediyi kimi, əgər "Dədə Qorqud
kitabı"nın qədimliyinə göz yumub, onun hardasa
XII-XVI əsrləri ehtiva etdiyini, ən yaxşı halda isə
VII əsrdən sonra yarandığını qəbul etsək
belə, Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" əsəri haqqında belə fərziyyələrə,
gümanlara düşməyə yer yoxdur. Çünki
"Divanü lüğat-it-türk"ün üzərində
yazılma tarixi mövcuddur: Mahmud Kaşğari bu əsəri
XI əsrin II yarısında, daha dəqiq şəkildə
desək, 1072-1074-cü illər arasında qələmə
almışdır. Və bu əsərlə tanış
olanda türk dilinin nəhəngliyi qarşısında
özünü itirirsən: həmin andaca
düşünürsən və istər-istəməz
görürsən ki, bu kitabda olan dil faktları, leksik vahidlər,
nümunələr elə bir nəhəng bütövdən,
elə bir dildən qopmuş
nümunələr, qəlpələrdir ki, bu dil arxada min-iki
min ili deyil, bir neçə minillikləri qoymuşdur. Və elə həmin
andaca başqa düşüncələrə də
dalırsan: düşünürsən ki, bu dili
daşıyan xalq və xalqlar bir xalq kimi dünən,
srağagün formalaşa bilməzdi. Onlar da ən
qədim zamanlarda, tarixin bizə sirrini açmadığı
dövrlərdə bir xalq kimi formalaşmış və nəinki
formalaşmış, hətta dünyanın ən mədəni,
ən inkişaf etmiş xalqlarından biri olmuş, öz
dövrünün, öz zamanının ən sivil
normaları çərçivəsində yaşayıb, həyat
sürmüşlər. Bu mənada, biz əgər Mahmud
Kaşğarinin "Divanü lüğat-it-türk" əsərindən türk xalqlarının həyat tərzi,
düşüncəsi, məişəti, sevgisi,
dünyagörüşü haqqında ayrı-ayrı leksik kəlmələr
vasitəsilə informasiyalar alıb, bu xalqların həyatını
gözümüz önündə xəyali olaraq
canlandırırıqsa, "Dədə Qorqud"
dastanında belə canlandırmaya ehtiyac yoxdur. Çünki
"Dədə Qorqud kitabı" bizim Mahmud Kaşğarini
oxuyarkən əldə etdiyimiz təsəvvürləri
bilavasitə, birbaşa şəkildə gözlərimiz
qarşısında canlandırır. Və
"Dədə Qorqud kitabı"nda biz Mahmud
Kaşğarinin bizə təqdim etmək istədiyi bir
Oğuz tayfasının, elinin, xalqının, dövlətinin
həyatını, məişətini bilavasitə gözlərimiz
qarşısında görürük. Başqa
sözlə desək, əslində "Dədə Qorqud
kitabı" Mahmud Kaşğarinin nəzəri şəkildə
dediklərinin sübutudur.
Bəs onda "Dədə
Qorqud kitabı" özündə hansı oğuzları,
oğuzların həyatının, tarixinin hansı
dövrünü, hansı xalqı, hansı dili ehtiva edir? Bizcə, ən azından bu
suallara cavab almaq üçün Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası, Humanitar elmlər
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Tərlan Quliyevin 2018-ci ildə nəşr etdirdiyi "Dədə
Qorqud kitabı"nın Vatikan nüsxəsi ilə daha
yaxından tanış olmağa dəyər. Belə ki,
professor Tərlan Quliyev Azərbaycan filologiyası, elmi, mədəniyyəti
qarşısında böyük bir missiyanı yerinə
yetirmiş, ilk dəfə olaraq "Dədə Qorqud
kitabı"nın Vatikan nüsxəsini əski əlifbadan
müasir əlifbaya çevirmiş, elm aləminə məlum
olduğu 1952-ci ildən - yəni 66 ildən sonra
"Kitab"ın bu nüsxəsini oxuculara, Azərbaycan
xalqına təqdim etmişdir.
Bildiyimiz kimi, elm aləminə hələlik
"Dədə Qorqud kitabı"nın
iki nüsxəsi məlumdur: Drezden və Vatikan nüsxələri.
Drezden nüsxəsi hələ 1938-ci ildən Həmid
Araslı tərəfindən dövrünün əlifbalarına
çevrilərək 1938, 1962, 1978-ci illərdə çap
olunmuşdur. Daha sonra bu nüsxəni Samət
Əlizadə Fərhad Zeynalovla birlikdə və Şamil Cəmşirov
da ayrıca olaraq nəşr etdirmişlər. Lakin bəzi
"alimlərin" küncdə-bucaqda
dedikləri kimi, Vatikan nüsxəsinin bütövlükdə
mətni "mütəxəssislərə" məlum olsa
da geniş oxucu kütləsinə, Azərbaycan xalqına və
hətta bəzi qorqudşünaslara, folklorla məşğul
olan alimlərə belə məlum deyildi. Çünki Drezden
nüsxəsini çapa hazırlayarkən Vatikan nüsxəsindən
istifadə edən, yuxarıda adıçəkilən
mütəxəssislərin hamısı dünyasını dəyişmiş
və əslində Vatikan nüsxəsi ilə məşğul
olan çox az sayda mütəxəssis
qalmışdır. Bu mənada, həqiqətən də
professor Tərlan Quliyev böyük bir iş
görmüş, "Dədə Qorqud"un bu nüsxəsini
təkcə bir-iki mütəxəssisin istifadəsində
qalması ilə
razılaşmamış, onu xalqın malına
çevirmişdir. Doğrudan da elm aləminə
cəmi iki nüsxəsi məlum olan bu nəhəng abidənin
hər iki nüsxəsinin oxucuların, xalqın və nəhayət,
elmi ictimaiyyətin ixtiyarına verilməsi olduqca vacib idi.
Başqa xalqlar mənəviyyatları
haqqında ən kiçik vərəqi belə şüara
çevirdikləri halda, biz bu nəhənglikdə nüsxəmizə
biganə qalmışdıq. Və ən
maraqlısı isə odur ki, bəzilərimiz hələ də
bu nüsxənin əhəmiyyətini anlamır, onun dəyərini
aşağı salmaq istəyirlər...
Ümumiyyətlə, "Dədə
Qorqud kitabı"nı əski əlifbadan
müasir əlifbaya çevirmək olduqca həm çətin,
həm də məsuliyyətli işdir. Çətindir
ən azından ona görə ki, "Kitab"da əksini
tapmış bir çox leksik vahidlər artıq arxaikləşmiş
və günümüz üçün anlaşılmaz
sözlərə çevrilmişdir. Eyni
zamanda, məsuliyyətlidir ona görə ki, hər kəlmənin
oxunuşu dilimizin, təfəkkürümüzün,
xalqımızın tarixi ilə bağlıdır.
Düşünürəm, bəlkə elə buna görədir
ki, bu sahə ilə məşğul olan "mütəxəssislər"
bu vaxta qədər bu nüsxə ilə maraqlanmamış,
onu müasir əlifbaya çevirməyə cəhd göstərməmişlər...
Bu gün professor Tərlan Quliyevin də
gərgin əməyinin nəticəsi olaraq "Dədə
Qorqud kitabı"nın hər iki
nüsxəsinin tam mətni əlimizdədir. Bu
gün biz bu "Kitab" haqqında daha geniş
düşünüb, daha ətraflı danışa bilərik.
Ən azından, hər iki nüsxəni tutuşdurmaqla bəzi
sirli məqamları daha da aydınlaşdıra bilər,
üslubi baxımdan hər iki nüsxənin oxşar və fərqli
cəhətlərini öyrənməklə "Kitab"in
yaradıcısının, katibinin istedad səviyyəsini, ən
nəhayət isə dilimizin zənginliyinin şahidi ola bilərik.
Bu mənada, Vatikan nüsxəsini oxuyandan sonra
bir məsələ bütün çılpaqlığı
ilə görünür. Belə ki, Tərlan Quliyevin də
doğru olaraq dediyi kimi bu
nüsxələri köçürən katiblərin,
yazıya alan müəlliflərin əməklərinin nəticələri
olan gördüyümüz üslub fərqləri, onların
yanlışlıqlarının
deyil, əksinə, şüurlu şəkildə
göstərmək istədikləri dil rəngarəngliklərinin
nəticəsi kimi qəbul olunmalıdır.
Professor Tərlan Quliyev çap
etdirdiyi kitabda təkcə Vatikan nüsxəsinin
transliterasiyasını oxuculara təqdim etməklə kifayətlənməmiş,
kitabın sonunda Vatikan nüsxəsinin əlyazmasının
faksimelesini də nəşr etdirmiş, eyni zamanda, bu nüsxəyə
geniş ön söz, qeydlər və şərhlər də
yazmışdır.
Kitabın 70 səhifədən artıq həcmə malik olan "Ədəbiyyatımızın və tariximizin bir parçası" adlı ön sözü olduqca maraqlıdır. Maraqlıdır ona görə ki, burada olan fikirlər demək olar ki, tamamilə yenidir. Və eyni zamanda, "Dədə Qorqud kitabı"nın Vatikan nüsxəsinə ön söz kimi yazılmasına baxmayaraq, bütövlükdə "Dədə Qorqud kitabı" haqqında olan düşüncələrdir və bu, abidəyə başqa əksər tədqiqatlarda rast gəldiyimiz kimi fraqmental deyil, konseptual baxışdır. Yeniliyi isə ondan ibarətdir ki, professor Tərlan Quliyev bütövlükdə "Dədə Qorqud kitabı"na Alban dövlətinin təşəkkül dövrünün abidəsi kimi baxaraq, abidədə Qalın Oğuz dövlətinin inkişaf edərək Alban dövlətinə keçdiyi dövrün təsvir olunduğu ideyasını irəli sürür. Doğrudur, "Dədə Qorqud kitabı"nın Alban dövrü ilə səsləşdiyi haqda tezislərə professor Tərlan Quliyevdən də əvvəl bəzi tədqiqatçıların əsərlərində təsadüf olunsa da bu fikirlər fraqmental səviyyədən uzağa getməmiş, ancaq professor Tərlan Quliyevin tədqiqatları ilə konseptual şəklə düşmüşdür. Bu konsepsiya isə bu gün - dilimizə, tariximizə, xalqımızın formalaşma tarixinə, bütövlükdə "Dədə Qorqud kitabı"nın tarixinə başqa yanaşmaların olduğu bir vaxtda olduqca aktualdır. Başqa yanaşma dedikdə isə, əslində, son vaxtlar ara-sıra "Azərbaycan xalqı indiki Azərbaycan coğrafiyasında qədim zamanlardan yaşamır və bu ərazilərə XI-XII əsrlərdə Səlcuq oğuzları ilə birlikdə Orta Asiyadan gəlib. Azərbaycan dili XIV-XV əsrlərdə təşəkkül tapmağa başlayıb. Azərbaycan xalqı XVI əsrdə formalaşıb" kimi səslənən fikirlər nəzərdə tutulur. Qeyd edək ki, professor Tərlan Quliyev "Ön söz"də "Dədə Qorqud kitab"ından gətirilən sitatlarla bu fikirlərin əsassız olduğunu göstərmiş, "Dədə Qorqud kitab"ının nümunəsində Azərbaycan xalqının Azərbaycan coğrafiyasında qədim zamanlardan yaşadığı, xalqımızın və dilimizin isə ən qədim zamanlarda formalaşdığı fikrini sübut etmişdir. Belə ki, biz də professor Tərlan Quliyevin fikirlərinə dəstək olaraq, onun ön sözdə qısa şəkildə deyib keçdiyi, lakin digər qorqudşünasların əsərlərindən bizə yaxşı tanış olan və bu günlərdə internet səhifələrində verilən bilgiyə görə artıq əlyazmasının PDF-i ölkəyə gətirilən XIII-XIV əsr müəllifi Dəvadarinin "Dürər it-tican" əsərini yada salmaqla, bu əsərdə "Dədə Qorqud" haqqında bəhs edildiyini bir daha xatırlatmaq istəyirik. Belə ki, adıçəkilən əsərində Dəvadari hələ VIII-IX əsrlərdə fars dilindən ərəb dilinə, təqribən VI-VII əsrlərdə isə türk dilindən fars dilinə çevrilmiş "Dədə Qorqud" boyları ilə səsləşən bir kitab haqqında məlumat verərək, bəzi boyların məzmunu haqda xeyli bəhs edir. Bu mənada, bu məlumat da bir daha sübut edir ki, "Dədə Qorqud kitabı" bəzi tədqiqatçıların dediyi kimi XIV-XVI əsrlərin məhsulu olmayıb, hələ ən qədim zamanlarda kitab şəklində olmuş və dünənin məhsulu deyil. Orada təsvir olunan dil və xalq da olduqca qədimdir. Bu mənada, professor Tərlan Quliyevin "Dədə Qorqud kitabı"nın qədimliyi ilə bağlı gəldiyi nəticələrin dəqiqliyi və elmiliyi Dəvadari və başqa Orta əsrlər müəlliflərinin əsərləri ilə bir daha təsdiq olunur.
Beləliklə, Vatikan nüsxəsinin özü qədər maraqlı olan ön söz haqqında bəlkə də bu qədər danışıb keçmək kifayət edərdi. Lakin biz ön sözdə söhbət açılan iki məsələyə də öz münasibətimizi bildirmək istəyirik. Belə ki, bunlardan biri professor Tərlan Quliyev tərəfindən dastan coğrafiyasında erməni toponiminə təsadüf edilməməsi, digər məsələ isə İç oğuz və Taş oğuz məsələləridir. Doğrudur, dastanda erməni məsələsinin olub-olmamasına elmi ədəbiyyatda ara-sıra toxunulmuş və bu barədə fraqmental şəkildə müxtəlif mülahizələr irəli sürülmüşdür. Lakin qeyd edək ki, Azərbaycanın tarixi və müasir ərazisinin ayrılmaz bir parçası olan Qarabağın taleyi həll olan bugünkü günlərdə professor Tərlan Quliyev doğru olaraq bu məsələni bir daha qaldırmış, Azərbaycan xalqının, Azərbaycan coğrafiyasnın, Azərbaycan tarixinin ən qədim dövrlərindən bəhs edən bu əsərdə heç bir erməni toponiminin, antroponiminin təsadüf edilmədiyini söyləməklə, həqiqətən də bu coğrafiyada ermənilərin yaşamadığını bir daha sübut etmişdir. Bizcə, elə bununla bağlı olan ikinci məsələ də Azərbaycan xalqının tarixini, tarixi coğrafiyasını öyrənmək baxımından az əhəmiyyət kəsb etmir. Belə ki, dastanda təsvir olunan İç oğuz və Taş oğuzun koordinatlarını müəyyən etmək qorqudşünaslıqda adətən bir ənənə halını aldığından, professor Tərlan Quliyev də bu məsələyə öz münasibətini bildirmiş və dastana əsaslanaraq İç oğuzun və Taş oğuzun koordinatlarını təyin edərkən İç oğuzun başdan-başa müasir Ermənistan - Qərbi Azərbaycan və Naxçıvan torpaqları, Taş oğuzun isə bütövlükdə müasir Qarabağ torpaqları olduğunu göstərmişdir. Bu mənada, professor Tərlan Quliyev mənfur qonşularımızın ərazi iddialarının həllində "Dədə Qorqud kitabı"nın mühüm rol oynadığını, tarixi bir dəlil olduğunu sübut etmişdir.
Beləliklə, bu dəyərli
kitab haqqında çox danışmaq olar. Lakin biz bu
kitabı oxuculara təqdim etməklə, bu kitabın dəyərli
tərəflərini onların ixtiyarına verir, özlərinin
bu barədə rəy bildirməsini vacib sayırıq.
Tariyel Məmmədov
Ədəbiyyat qəzeti.-
2018.- 20 oktyabr.- S.12.