Gizir
hekayə
Əlimdəki balaca söyüd budağıyla torpaqda müxtəlif şəkillər
çəkməyə çalışıram,
yaxşı alınmır. Yenə çəkirəm,
yenə alınmır,
amma çəkməkdən
doymuram, çünki
bu dəqiqə bundan yaxşı məşğuliyyət yoxdu.
Boş-boş oturmuşuq. Üç yüzə yaxın əsgər. "Maladoy tabordu" bura. Təxminən saat on birə
qədər andiçməni
məşq edirik, gün qızan kimi salırlar bizi söyüdlərin altına, yemək vaxtını gözləyə-gözləyə
otururuq. Nə qədər
oturmaq olar?! Qasımzadənin fit səsini
eşidəndə hamının
üzü gülür.
Fıştırığıyla elə yaxşı mahnılar ifa edir ki... Bəzən özünü
naza qoyur, yalvarırıq ki, Qasımzadə, noolar, bir mahnı çal, "Sarı gəlin"dən-zaddan, gör
neynirsən. Axırda razılaşıb
güldürməmək üçün
bizə son tapşırıqlarını
verib başlayır başqa bir mahnını ifa eləməyə. Əsgər
üçün bundan
gözəl nə ola bilər...
Hamı xəyala dalır, hamı uzaqlardadı. Mən hardayam
görəsən?! Birdən
fıştırıq səsi
kəsilir, hamı qayıdır: "Nə oldu, nə tez
dayandın?" - deyə soruşuruq. "Yoruldum" - deyir.
"Çaynı"ya
getsəydik siqaret alardıq - deyir kimsə, fikir vermirəm, çünki çəkən deyiləm.
Hərbi hissəyə
təzə gələndə
elə bilirdim bir-iki günlük qonağam, sabah,
ya da birisigün
çıxıb gedəcəm
evə, ona görə də hələ hər şey maraqlı gəlirdi, darıxmırdım.
Amma bir neçə gün keçəndən
sonra darıxmalar başladı. İllah
da bu söyüdlükdə
boş-boş oturanda adam daha
çox darıxır.
Bir kitab da yoxdu
oxumağa.
Gələn gün axşamtərəfi
rütbəsini bilmədiyim
bir zabit - hələ rütbələri
bilmirdim onda - bizi düzüb balaca bir çıxış
elədi ki, heç kəs narahat olmasın, burda heç kimi döymürlər, heç kimi söymürlər, hamı
gecə rahat yatsın. Təbii, inananlar da oldu, inanmayanlar da. Mən onsuz da heç
narahat deyildim, çünki kimisə döysəydilər iri, canlı əsgərləri
döymək istəyərdilər
hər halda, mənə yaxın durmazdılar, çox cılızam, əlli beş kiloyam
cəmi. Elə də oldu, səhər saat altıdakı "qalx"
komandasına kimi rahat yatdım. Sabahısı gün bizi bölüklərə böldülər,
mən on beşinci bölüyə düşdüm.
Amma hələ bölük nədi, manqa, tağım, tabur, briqada nədi, bilmirəm. Bircə onu düşünürəm
ki, görəsən nə vaxt yatacağıq
bir də, yuxum tökülür...
İndi təxminən iyirmi gün keçib gəlişimizdən, amma
mənə elə gəlir ki, bir əsrdi bu söyüdlükdə
oturub əlimdəki söyüd budağıyla
torpağın üstündə
şəkil çəkməyə
çalışıram.
***
Bölük komandirimizin rütbəsi kapitandı, soyadı Vəliyevdi. Bölüyümüzün baş çavuşunun
da soyadı Vəliyevdi, gizir Vəliyev. O biri əsgərləri bilmirəm,
mən kapitan Vəliyevdən çox gizir Vəliyevdən qorxuram. Bir qışqırmağı var, deyirsən görəsən bu səs bu arıq
adamdan çıxır?!
Bir neçə gün əlində tutduğu uzun bir çubuqla
gəzdi, sonra kapitan Vəliyevin dediyi "Vəliyev, o çubuğu yox elə!" komandasından
sonra bir də çubuğu görmədik.
Bir neçə dəfə o
çubuqla əsgərləri
astadan da olsa vurduğu olmuşdu və deyəsən həmin hadisələri komandirə
deyənlər də olmuşdu.
***
Adımız üstümüzdədi - "maladoy"uq. Mayora "brat" deyən də var, komandirə "müəllim" deyən
də. Ciddi sözümdü. Sıra düzülüşündə əsgərlərdən birinin
"müəllim, icazə
olar ayaqyoluna gedim?" deməyinə necə gülmüşdüksə
kapitan Vəliyevin
"uşaq bağçasıdı
elə bil" deməsi və yağlı bir söyüş yapışdırması
hamıya ləzzət
eləmişdi.
Bir dəfə də səhər yeməyindən
sonra sıra baxışında hardansa
ilk dəfə gördüyümüz
bir mayor gəlmişdi
və bir-bir bütün əsgərlərin
sir-sifətini, üst-başını
yoxlayırdı. Kimin qarşısında dururdusa həmin əsgər özünü
təqdim edirdi. Məsələn, belə:
"Cənab
mayor, beşinci tabur,
on beşinci bölük,
birinci tağım, üçüncü manqa,
əsgər Filankəsov!".
Gəlib sağımdan
ikinci əsgərə
çatdı və həmin əsgər özünü təqdim edəndə çaşdı:
"Cənab tabur, beşinci mayor, on beşinci bölük, üçüncü tağım,
ikinci manqa, əsgər Filankəsov!".
Ciddi görkəminə
baxanda "bu adam yəqin,
gülə bilmir"
kimi düşünə
biləcəyin mayordan
bir pıqqıltı
çıxdı, gəl
görəsən...
Adımız üstümüzdədi
- "maladoy"...
Amma darıxdırıcı da
olsa günlər keçir. Necə olmalıydı ki,
guya?! Əsgərlikdi
də, kurorta gəlməmişik ki...
Hələ bizə
nəzarət edən
"qoca" əsgərlərin
belə deməsi adamı daha çox yandırır:
"Uy daa, siz təxris
olunana qədər uçan maşınlar icad olunar!"
Yaxşı ki, mən ali
təhsilliyəm, bu söz məni çox yandırmır.
Gizir Vəliyev bizə göz verib işıq vermir. Əsgərlərdən kimi dindirsən deyir ki, "mülkidə bunu görsəm, tikə-tikə
eləyəcəm". Heç kəsin ondan xoşu gəlmir, sifətindən də nə vaxt baxsan
zəhrimar tökülür.
Elə bil bu adam söyüş söymək
üçün yaradılıb.
Kapitan Vəliyev amma qızıl kimi adamdı. Düzdü, onun da üzü gülmür, amma yəqin elə hərbçilər
belə olurlar, gülmürlər yəni.
Zəhrimarla zəhmi artıq
ayırd edə bilirik, nə olsun ki, "maladoy"uq.
Maxelər isə ayrı aləmdilər: içlərində söyüş
qazananlar da var, dua qazananlar
da. Birincilərdən daha çoxdu
nədənsə. Eləsi var
ki, özünü hakimi-mütləq sayır.
"Nə özünü
dartırsan?" - fikri çoxumuzun beynində fırlanır.
***
İki aya yaxın vaxt keçib, öyrəşmişik daha. Əsgər Musayevlə
dostlaşmışıq. Düzdü, çox eşitmişəm ki, əsgərlikdə dost olmur,
tərxis olunana qədər olur əsgərlikdəki dostluq,
amma inanmıram. Bəlkə də elədi, nə bilim, onu zaman göstərər.
Hələ ki, dostluğumuz
pis getmir, söhbətimiz tutur.
O da ali
təhsillidi, boş vaxtlarda oxuduğumuz kitablardan danışırıq,
maraqlı söhbət
alınır. Vaxt tez keçir sanki.
Abbaszadəylə də, həmçinin, söhbətimiz alınır,
kinoşünasdı, kinolardan
və kitablardan danışırıq. Qafarlı
da yaxşı oğlandı, həm də yerlimdi, az da olsa onunla da
söhbət edirəm.
Vaxt keçir də...
Gün saymamaq olmur. Nə qədər desəm də gün saymayacam, alınmır, adam istər-istəməz
hesablamalı olur.
***
Musayevin telefonunu
tutmuşdu gizir Vəliyev, beş
manat alıb qaytardı özünə.
"Bir də
alsam qaytarmayacam
ha!" - deyib. "Qaytararsan, beşliyi
görəndə balasını
görən ata kimi sevinirsən, niyə qaytarmırsan ki?"- bu
da Musayevin gəldiyi qənaətdi. Məncə,
düz deyir.
Üstündən iki gün keçəndən
sonra gizir Vəliyev Musayevə söydü, bu da, gözünə dönüm, eləmədi
tənbəllik, dedi ki, sən kişiliyini
beş manata
satdın o gün, hansı kişilikdən dəm vurursan?
Bunu heç deyərlər? Musayevin qolundan tutub apardı düz tabur komandiri mayor Şıxəliyevin otağına. Mayor Şıxəliyev Musayevə heç nə deməyib otaqda, deyib ki, ağıllı oğlana oxşayırsan, get qulluğuvu elə, bir də belə şeylərlə qabağıma çıxma.
Mayor Şıxəliyev demişkən, ondan danışmadım heç. Tabur komandirimizdi. Otuz səkkiz yaşı var, amma rahat-rahat əlli beş-altmış yaş vermək olar. Hərbi adamı qocaldır, bəli. Qoca görünməyinə baxmayaraq turnikdə bir hərəkətlər edir ki, üç yüz nəfər əsgərdən heç kəs onun etdiklərini təkrarlaya bilmir. Qaçışda da heç kəs onu ötə bilmir. Deyilənə görə, kəşfiyyatçı olduğu vaxtlarda ermənilər başına çoxlu pul qoyublarmış. İnandırıcıdı, ola bilər.
Bir-iki dəfə kitab oxuyub bizə. Çox əsgərə sıxıcı gəlir, mənə ləzzət edir.
***
Üstündən dörd il keçib bütün bunların.
Bu dəqiqə televizorda dedilər ki, ötən gecə cəbhədə baş verən atışmada bir gizir şəhid olub, bu dediklərimi də elə ona görə xatırladım.
Bizim gizirdi yəqin - Vəliyev. Adı, soyadı eynidi. Şəklini göstərsəydilər daha yaxşı olardı, göstərmədilər. İnternetə baxmaq lazımdı, şəkli yayılar bir azdan.
Onun olduğuna inana bilmirəm. Şəhid olub e!
Şəhid olmağı ona yaraşdırmaq olmur axı. Yəqin, başqasıdı, o deyil.
Xəbər saytlarına
girmək üçün telefonu
götürürəm. Görəsən, odu?! Nə bilim vallah...
FURQAN
Ədəbiyyat qəzeti.-
2018.- 20 oktyabr.- S.13.