Bakirə otaqların üz tutduğu adamlardısa tənhalıq

 

 

Bakirə otaqların üz tutduğu adamlardısa tənhalıq,

bütün qovuşanlar ayrılmağı bacarmayanlardı...

Çünki hələ hamı ölür,

hələ

fəsillərin çöl tərəfidi həyat...

 

...Əllərinin bətnindən hər gün ölü doğuluram

islanmış ağaclara balıqlar aldandıqca.

Daha qorxma,

tək adamlar qarımaz ki, dostum,

çək gözlərini saatdan,

bax, qollarına bükülən küçələrə...

 

...Sən demə,

bağışlamaq da xəyanət imiş,

qadın olmaq da,

elə azadlıq da...

Qəbirlər diş çıxartdı görüş yerimizdə

Axı şəkillərimizin arxasından başladı uzaqlar...

 

..Bağışla,

bağışla qara paltarlı kibrit dənələrini!

İndi sənə qədər kim varsa - itgin payızdı...

...Səndən o yana bir qanad göy üzü yox,

tərk etməyə vətən ,

gecələməyə bir kirayə adam da...

 

Emil RASİMOĞLU

 

Ədəbiyyat qəzeti. - 2018.- 20 oktyabr.- S.13.