Mənə bir şərqi söylə

 

Camal Sürəyyanın ən çox sevdiyi sevgi şeiri

 

Səsindən ötrü qəribsədim,

olar, danış -

bir gül açsın

            keçmişin bağrında!

Zülmət içindəyəm,

            qapqara qaralmışam,

gəl,

            bu gün gəl,

göy mavisindən,

dəniz mavisindən

            mənə bir şərqi söylə!

İçimdə

            bir şey qımıldanır,

yorğunam,

            yuxusuzam -

                       gözlərim qan çanağı,

baxsana

            haldayam -

                        dəli-divanə...

Həm yaralı,

            həm çarəsiz,

                       həm ümidsizəm,

mənə bir şərqi söylə.

Yağış ol - yağ üstümə,

günəş ol - isit,

yar qaranlığı işıqlar kimi,

al,

            götür məni uzaqlara,

                        lap uzaqlara,

səsin

            axsın içimdən

                        irmaqlar kimi!

Mənə bir şərqi söylə -

bir-birinə qat

            bütün rəngləri,

içindən

            buram-buram

                        bir turuncu gətir,

                                    ötən yazdan.

səsin

            axsın içimdən

                        irmaqlar kimi!

Mənə bir şərqi söylə -

astadan,

            ağappaq səslə,

qar

            necə həzin-həzin yağarsa,

                        elə.

Budur,

            zülmət içindəyəm,

                        qapqara qaralmışam

                                    halım ağlamalı,

gəl,

            indi gəl,

                        hüzünlü səsinlə

                              mənə bir şərqi söylə...

 

Tərcümə etdi:  Dilsuz

 

Ümid Yaşar OĞUZCAN

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.16-17.