Eşq

 

Ece Təməlqızının

ən çox sevdiyi sevgi şeiri

 

İndi sən qalxıb gedəcəksən.

Get.

Gözlərin qalacaqmı?

Onlar da gedəcəklər.

Getsinlər.

Halbuki

bilirsən

            mən sənin gözlərinsiz

yaşaya bilmərəm...

Bir olan

            Allah şahiddi ki,

                        yuxudan pis durmamışdıq -

xoşbəxt idik,

eşq daşırdı gözlərimizdən.

Bir quş

            qonmuşdu barmaqlarıma,

                      uzun-uzun türkü söyləmişdi,

bir eşq gəlmişdi

            bir daha getməmişdi,

qeyb olmuşdu

            dünənki,

                        srağagünkü

                                    yoxsulluğumuz,

sanki heç olmamış kimi...

İndi sən qalxıb gedəcəksən

Get.

Gözlərin qalacaqmı?

Onlar da gedəcəklər.

Getsinlər

Halbuki

            bilirsən

                        mən sənin gözlərinsiz

yaşaya bilmərəm...

İndi

           açsam pəncərəni,

                        gözləsəm, 

sən gəlsən,

heç bir şey soruşmasam,

heç bir şey söyləməsəm,

sussam,

sussan,

sussaq.

Sükutun anlatdıqlarını

            dinləsək,

arxa-arxaya otursaq,

hönkür-hönkür ağlasaq,

soruşmasaq bir-birimizdən

            səbəbini,

sarılsam,

sarılsan,

sarılsaq.

            yenə heç danışmasaq,

amma anlasaq,

vardı yəni,

olsa,

           olardı yəni,

xəyal-məyal,

xəyal-məyal...

 

Tərcümə etdi:  Dilsuz

 

Camal SÜRƏYYA

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.17.