Dağlar dünyasının əbədi xoşbəxti
Publisistik düşüncələr...
Kəndlər ruhumuzun, yaddaşımızın
yurd yerləri, nəsilbənəsil dədə-babalarımızın
xatirələr məskəni, əzəli milli-mənəvi dəyərlərimizi
qoruyub-saxlayan, yaradıb-yaşadan əbədi həyat
qaynağı, canlı tarix meydanıdır. Kəndlər
etnogenetik tarix yollarının ilkin bir-birinə
bağlayanı, əzəl
cığıraçanıdır. Hansısa yazımda
işlətdiyim bir cümləni bu məqamda bir daha təkrar
edirəm: Şəhər tarix yoluna çıxanda müdrik
bir qoca ilə rastlaşdı, bu, kənd idi...
Bu cümlələri
yaza-yaza müasir müstəqillik dövründə kəndlərimizə
genişmiqyaslı dövlət qayğısı, tarixdə
analoqu olmayan kompleks abadlıq, tikinti-quruculuq işləri
haqqında düşünürəm. "Naxçıvan:
Azadlığın addımları", "Şərqdə
doğan günəş" və başqa sənədli
filmlərin çəkilişləriylə bağlı
Naxçıvan Muxtar Respublikasında olarkən müşahidə
etdiyim strateji bir xəttin - kəndlərdə yüksək
standartlara cavab verən müasir mədəni mərkəzlərin
yaradılması siyasətinin bu gün bütün Azərbaycanda
reallaşması qürur doğurur. Bəli, ölkə
başçısı, cənab Prezidentimiz İlham
Əliyevin müdrik, məqsədyönlü, uzaqgörən
siyasəti, tələbkar, ardıcıl, yaradıcı diqqət
və qayğısı ilə bu gün Azərbaycan kəndləri
həqiqi inkişaf, İntibah dövrünü
yaşayır; yeni-yeni məktəblər, xəstəxanalar,
müxtəlif sosial-mədəniyyət obyektləri tikilir,
indiyə qədər mavi yanacağı
olmayan ucqarlara qaz xətləri çəkilir (Mətbuatımızda
geniş şəkildə işlədilən "kəndlərimiz
qazlaşdırılır" ifadəsi, mən bilən, o qədər
də uğurlu deyil. - S.E.), asfalt yollar salınır, müxtəlif
təyinatlı iş yerləri açılır, təzə
suvarma kanalları şəbəkələriylə istifadəsiz
torpaqlar canlanır, məhsuldar dövriyyəyə qoşulur,
kəndli özünə, az qala yadırğadığı
torpağa qayıdır, pambıqçılıqda,
taxılçılıqda, baramaçılıqda, meyvəçilikdə,
eləcə də digər sahələrdə Azərbaycan kəndi
yenidən öz sözünü deməyə başlayır.
Qəlbimdə şahlıq
taxtı quran bu duyğularla dədə-baba kəndim Surraya
gedirəm. Neçə müddətdir yataq xəstəsi olan
bacım Şəkəri, bu yaxınlarda Kərbəla səfərindən
qayıdan böyük qardaşım Məşədi
Bayramı, eləcə də kənd qəbiristanını,
doğma ruhları ziyarət etmək niyyətindəyəm.
Həyat yoldaşım və
oğlumla birlikdə bacılarım Şəkərlə, Sərvinazla
görüşüb böyük qardaşım,
hamılıqla Qağa dediyimiz Bayramın
görüşünə yollandıq.
Səksən iki yaşlı
qardaşım bizim gələcəyimizi gözləyirmiş,
böyük sevinc, məmnunluq içərisində idi. Kərbəla
səfərindən qeyri-adi bir şövqlə
danışır, müqəddəs məkanda
yaşadığı sirli-sehrli duyğuları bizimlə
bölüşürdü. Son vaxtlar onu
belə hüdudsuz sevinc, şadyanalıq içərisində
görməmişdim.
Söhbətlərinin bir məqamı
məni əməllicə heyrətləndirdi. Danışırdı
ki, avqustun 25-i, gündüz-günortaçağı idi.
Zəvvar yoldaşlarım dükan-bazara
çıxmağı təklif etdilər, dedim ki, siz gedin, mən
istirahət edəcəyəm; onlar gedəndən sonra
yarımqaranlıq otaqda tək-tənha uzanmışdım;
yuxulu, ya oyaq olduğumu kəsdirə bilmədiyim qəribə
anlar idi; qəfildən ağpaltarlı bir nurani qoca peyda oldu,
yaxamdan tutub çəkdi, "Bir ay vaxtın qalıb, bir
ayın tamamında gələcəyəm" - dedi...
Böyük qardaşım Bayram bu
epizodu birnəfəsə danışdı, sirli-sirli gözlərimə
baxdı və qəribə bir sevinc içində
pıçıldadı:
- O hesabla düz iki həftə
vaxtım qalıb...
Mən etiraz etdim:
- Maşallah, səndə heç nə
yoxdur, hələ uzun illər ömür sürəcəksən,
şad-xürrəm yaşayacaqsan.
- Yox, o kişi
yalan deməz, bir ayın tamamında arxamca gələcək,
məni aparacaq...
Və sentyabrın 25-i səhər
bazara gedib ayın-oyun alan,
günortaçağı deyə-gülə çörəyini
yeyib, rahatca namazını qılan Kərbəlayi Bayram bir
göz qırpımında Haqqın rəhmətinə
qovuşub - həmin nurani qocanın dediyi kimi, saatbasaat düz
bir ayın tamamında...
***
El ağsaqqalı olan, kəndin xeyrinə,
şərinə can yandıran 82 yaşlı, səkkiz
oğul atası qardaşım Bayram həmin son
görüşdə Surranın su problemindən də
danışmışdı, demişdi ki, köməyini əsirgəmə.
Əslində, bu yazını da ona görə yazıram...
Niyyətim baş tutdu,
doğmaları ziyarət edib xeyli yüngülləşdim,
amma kənddə eşitdiklərim, gördüklərim,
xüsusilə, Bayramın dedikləri ruhumda yeni bir
ağırlıq yuvasına döndü. Xüsusilə,
içməli su probleminin hələ də həll
olunmaması haqlı narazılıq doğurur və bu məsələ
məni də narahat etdi, düşündürdü.
Bu məqamda kiçik bir
haşiyə çıxmağa ehtiyac duyuram.
Hazırki inzibati ərazi
bölgüsünə görə Şabran şəhərinin
bir məhəlləsi olan Surra kəndi həmişə
içməli su sarıdan korluq çəkib. Təxminən, otuz il əvvəl
mən o vaxtkı "Gənclik" jurnalında, "Ədəbiyyat
və incəsənət" qəzetində bu haqda
yazmış, bir müddət sonra "Mənim
mövqeyim" adlı kitabımda həmin yazıları da
yenidən çap etdirmişdim. O yazılardan bir abzası
olduğu kimi yada salıram:
"Surra kəndinin ən
böyük qayğılarından biri içməli su
sarıdandır. Uzun illərin haqlı şikayətlərinə,
yazışmalarına, söz-söhbətinə baxmayaraq bu
problem hələ də həll edilməmiş qalır.
İndiyə qədər burada qumdan sızan
çay suyundan istifadə edilir, həmin
sızıntı-bulaqlar isə çayın bir-iki metrliyində
yerləşir və çay bir balaca daşanda, eləcə
də yay vaxtı quruyanda camaat içməli su dalınca
rayon mərkəzinə getməyə məcbur olur.
Halbuki, Surranın və ona yaxın ətraf kəndlərin bu
ciddi ehtiyacını ödəmək üçün
yuxarı dağlardakı, xüsusilə, Çinarlar və
Nohurlardakı bol, həm də yüksək keyfiyyətli su mənbəyindən
istifadə olunması o qədər də böyük vəsait,
daimi xərc (nasos, elektrik enerjisi) tələb etmir.
Dağların döşündə, meşələrin
qoynunda çağlayan bol sulu, şəfalı
bulaqları kəmərlər vasitəsilə
aşağı kəndlərə gətirmək minlərlə
ailənin rahatlığı, könül xoşluğu,
xeyir-duası deməkdir. Rayon
partiya komitəsinin yeni rəhbərliyi bu istiqamətdə
ciddi, operativ iş görməli, real çıxış
yolu axtarıb tapmalıdır. Görüşüb
söhbət etdiyim kənd adamları buna ürəkdən əmindirlər.
Onlar problemlərin həll ediləcəyinə inanırlar"
("Ədəbiyyat və incəsənət" qəzeti,
5 may 1989-cu il).
O yazılardan sonra adıçəkilən
bol su mənbəyindən Surra kəndinə xüsusi xətt
çəkilmiş, içməli su problemi demək olar ki, həll
edilmişdir. Lakin az sonra naməlum səbəblərdən
o su xətti dağıdıldı, Surranın su problemi yenidən
gündəmə gəldi. Nəhayət, müstəqillik
dövründə, Şabran şəhərinin su-kanalizasiya
sistemi əsaslı şəkildə yenidən qurularkən
Surra kəndinin (rəsmən Surra məhəlləsinin!)
içməli su problemi də həll olunmağa
başladı, hətta işin müəyyən hissəsi də
görüldü, lakin kiminsə laqeydliyi, işə
yarıtmaz münasibəti üzündən bu xeyirxah əməl
yarımçıq qaldı. Sonra uzunmüddətli
yazışmalar, günahkar axtarmaq, günahı onun-bunun
boynuna yıxmaq başladı. Və Surranın içməli
su problemi növbəti dəfə dalana dirəndi...
Surra əhalisi, dediyim kimi, adətən
Dəvəçiçayın sahil bulaqlarından, yəni
çayın sızıntı sularından istifadə edib. Taxtakörpü
su anbarına gələn bulanlıq Samur suyunun yuxarı
bölgələrdə Dəvəçiçaya
qarışması, beləliklə, kəndin içindən
keçən çayın tam bulanması, lehməyə
dönməsi ənənəvi bulaqları da sıradan
çıxarıb, yararsız vəziyyətə salıb,
dözülməz mənzərə yaradıb.
(Qardaşım Bayramın
yasında kənd ağsaqqalı Əhməd dayı deyirdi
ki, indi hərə özünə ayrıca bir quyu
qazdırıb vəziyyətdən çıxmaq istəyir;
bu, əlbəttə ki, çıxış yolu deyil, problemi
bütövlükdə həll etmək lazımdır, necə
deyərlər, sivil qaydada. - S.E.)
Kənddən keçən
çayın lilli su ilə çirklənməsi, daimi
bulanlıq vəziyyəti bir sıra fəsadlar törədir,
bu yurdun çayla bağlı adət-ənənələrini,
bütövlükdə elat mədəniyyətini zədələyir. Uşaqların, gənclərin
yayda çay nohurlarında çimməsi, qadınların,
qızların dumduru çay suyunda xalça-palaz yuması,
mal-heyvanın təmiz çay suyu içməsi, əhalinin
yüksək keyfiyyətli çay balığına həsrət
qalması, daha nələr, nələr...
Yadıma ötən əsrin səksəninci
illərində Ağdamın Abdal-Gülablı kəndində
məşhur alim, geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov,
o vaxt raykomun birinci katibi olan Sadıq Murtuzayev, rayon həmkarlar
təşkilatının sədri Zeynal Məmmədov və
teleoperator Nəriman Şıxəliyevlə birlikdə
etdiyimiz söhbət düşür. Sadıq
Murtuzayev Abdal-Gülablı kəndində
qurub-yaratdığı qeyri-adi memarlıq kompleksi haqqında
danışır, Xudu Məmmədov bu məkanda təbiət
və insan münasibətlərinin uğurlu ekoloji-estetik həllini
xüsusi vurğulayırdı. "Qoşa qanad"
kitabıyla həm də sənətşünas-estetik kimi məşhurlaşan
Xudu Məmmədov deyirdi ki, hər bir xalq, etnos, hətta
kiçik bir kənd əhalisi belə öz təbiətinə,
yaşadığı coğrafi məkana bənzəyir;
dağlar qoynunda yaşayanlar vüqarlı, əyilməz olur,
çay kənarında yaşayanlar dumduru duyğuları, təmiz
ruhu, coşqun təbiəti ilə seçilir... Və
böyük alimin sözlərini xatırlaya-xatırlaya onun
ad və soyad adaşı, onun kim uca
könül sahibi, üç dəfə Həcc ziyarətinə
gedən dayıoğlum Xudu Məmmədovla Surra
dağları haqqında söhbət edirik, Surranın
çay, içməli su problemlərindən
danışırıq... Bütün bunlar Surranın ənənəvi
həyatını, əmin-arxayın yaşam tərzini,
insan-təbiət eko-estetik harmoniyasını pozur, ümumi
sosial-mənəvi gərginlik, əsəbi ovqat yaradır;
halbuki, bu problemləri aradan qaldırmaq elə də çətin
məsələ deyil; əlaqədar idarələrin, məmurların
qısa müddətdə bu problemi həll edəcəyinə
inanıram.
***
Söhbət etdiyim kənd sakinləri
xüsusi olaraq vurğulayırdılar ki, Şabran rayon
İcra Hakimiyyəti Surranın su problemi ilə dəfələrlə
maraqlanıb, əlaqədər mərkəzi idarələr
qarşısında məsələ qaldırıb, lakin real əmələ
çevrilməyən vədlərdən başqa heç bir
iş görülməyib. Əlbəttə, bu işi
AZƏRSU görməlidir, daha doğrusu, müəyyən qədəri
görülən iş başa çatdırılmalı,
yarımçıqlığa son qoyulmalıdır. Necə olub ki, Şabran rayon mərkəzinin əsaslı
şəkildə qurulan təzə su-kanalizasiya sisteminin layihə-smeta
sənədlərində şəhərin bütöv bir məhəlləsi
yaddan çıxıb? Əgər layihə-smeta sənədlərində
Surraya içməli su xətti çəkilməsi yaddan
çıxmışdısa, bəs yarıya qədər
görülən həmin iş nəyin əsasında
reallaşıb? Planlaşmada Surra məhəlləsi
unudulmuşdusa, yerli mütəxəssislər, eləcə də
mərkəzi idarələrin əlaqədar vəzifə
sahibləri niyə vaxtında yada salmayıb, müdaxilə
etməyib? Bu məmur laqeydliyinə, biganəliyə
nə ad vermək olar? Bəlkə,
Surranın köçürülməsi ilə bağlı
şayiələr bu yarımçıqlığa əsas
verib? Nəhayət, bütün bu
çoxsaylı suallara nə vaxt cavab veriləcək?
Artıq köçürülmə söz-söhbəti
gündəmdə olmadığı üçün bir hissəsi
görülən yarımçıq iş nə vaxt başa
çatdırılacaq? Surranın su həsrətinə,
əzablı nigarançılığına nə vaxt son
qoyulacaq?
Kənd əhalisinin mənə
verdiyi bu sualları mən də əlaqədar idarələrə,
yerli və mərkəzi qurumların böyük və
kiçik məmurlarına ünvanlayıram. Və
çox arzulayıram ki, həmin suallara realist, operativ,
xüsusilə, Surra camaatını razı salacaq əməli,
ədalətli cavab verilsin.
Kərbəlayi Bayram Məşədi
Qurbanqulu oğlunun rəhmətə getdiyinin səhərisi
günü Surraya qəfil yağış yağdı;
neçə aydı yandım deyib göylərə göz
dikən Surra dağlarının üzü güldü. Qaragiləsinin
vaxtı keçən, qərbisinin - cır armudunun vədəsi
yaxınlaşan, turş alaca narının qar yağanda
dadlı şirinlikdən sinəsi partlayan, quzey Daşlı dərəsində
kəklikotusu ruh oynadan, güney
yamaclarında yovşanı min illərin xatirələrini
danışan, Qara qayasında Qaraca çobanların qəlbi
əbədiləşən, Qızıl qayasında
Qızılbaş igidlərinin ruhu dincələn Surra
dağları yas yerini dörd bir tərəfdən dövrələmişdi;
hansı tərəfə baxırdınsa, ilk-əzəl
dağlar görünür, dağlar ruhumuzu salama gəlirdi. Və
duyğularımda qəti bir inam, ümid vardı ki, fani
dünyadan əbədiyyətə köç edən
qardaşım bu dağlar dünyasının əbədi
xoşbəxtidir.
Sadıq Elcanlı
Ədəbiyyat
qəzeti.- 2018.- 20 oktyabr.- S.18.