Arama
Sən sevda dəlisisən,
Mən sözün mübtəlası.
Mən günü
gündən keçən,
Sən Allahın bəlası.
Sən duyğusu
təzə-tər
Xumargözlü bənövşə.
Mən ruhu bəndə düşən
Qəlbi qırıq bir şüşə.
Sən nazı
nazdan şirin,
Gözəllərin gözəli.
Mən ağacı
bar verməz
Bir bağçanın xəzəli.
Onunçün də sən məni
Arama son ümidtək.
Get, öz bəxtini ara,
Sən Allah, məndən
əl çək.
Şeirlərimi səpdim
Şeirlərimi səpdim
toxumluq dənlik
kimi
zamanımın, xalqımın
əbədi yaddaşına.
Baharına, yayına,
payızına, qışına,
Bir də -
Şəhid qanı
çilənmiş
torpağına, daşına.
Bəlkə, beşi
göyərdi,
Bəlkə, üçü,
ikisi,
Bəlkə, biri göyərdi,
Bəlkə də heç birisi...
Ancaq zamanında mən,
Səpdim o toxumları
-
gerçəkli gümanları,
gələcək arzuları.
Bacardığı bu oldu
Əvvəl-axır ömrümün,
Zülmət gecələrimin,
Ümid dolu günümün.
Nə ağac
əkə bildim,
Nə də yol çəkə bildim,
Nə daş üstə daş qoyub
Bir daxma tikə bildim...
Sözü sözlə
yaşatdım
Özümü yaşadantək.
Nəyim var, nəyim yoxdur,
gələcək göstərəcək.
Aparsam, bəlkə...
Mənsiz açılacaq
bir gün bu səhər,
Günlər də yenidən yeni olacaq.
Buludlar gözündən
yağacaq qəhər,
Təkcə bu dünyaya sevgim qalacaq.
Sevgim yaşadacaq
məni mənsiz də,
Ona bir döyünən ürək vermişəm.
Haraya sevgimlə
getmişəm qoşa
-
Orada duz-çörək, ülfət
görmüşəm.
Nifrətim əriyib
yaz qarı kimi,
Kədərim sevgimlə tapıb təsəlli.
Hərdən dindirəndə
qəm sarı simi,
Sevgim sipər olub qəmə beşəlli.
Sevmişəm daşın da daş yaddaşını.
O yaddaş kimliyim, nəçiliyimdir.
Sevdim bulaq adlı yurd sirdaşını,
O sirdaş saf sözüm, duz-çörəyimdir.
Mənim sevgi dünyam bütöv bir ölkə,
Onunla ümmana, dəryaya vardım.
Aparsam, aparsam,
aparsam, bəlkə...
Vətəndən vətənə vətən
apardım.
Saz havası
Saz havası,
min illərdir ruhumuzun
can sirdaşı!..
Beşiyimin nəğməkarı,
laylamın ilk əlifbası!..
Vətənimin, millətimin
sənsiz bir an olmayıbdı
nə düyünü,
nə də yası!..
Sənə vurğun
ola-ola
nədən belə
qərq olmuşuq
şirin-şirin röyalara?!.
Bəlkə elə onunçün də
Vətənimiz, millətimiz
min illərdir yad əllərlə
bölüklənib olub para?!.
Sənin ruhun yüz illərdir
ayıltmadı niyə
bizi?!.
Yüz illərdir
Cənubumun,
Şimalımın - o tayımın,
bu tayımın
yollardadır
hələ gözü?!..
Niyə sənin
hər pərdəndən
qopan nalə,
düşən yanğı
kor etmədi
gözümüzü,
qaytarmadı özümüzə-özümüzü...
Bəlkə, bizi ayıltmaqçün,
özümüzə qayıtmaqçün
bir ilahi möcüzəyə var ehtiyac?!.
İnanmıram... inanmıram
səndən özgə
bir möcüzə
ruhumuzun havasına
ola əlac!..
Saz havası!..
Dədəm Qorqud urvatının xatirinə,
Qaytar bizi Şah Xətai qeyrətinə,
O qeyrətin
düşmən bağrı
çatlatdığı
bir dünyalıq
heyrətinə!..
Dünya mənim
ovcumdadır...
Oturmuşam kameratək
cansıxıcı
dörd divarlıq
otağımda
təkcə-tənha.
Ancaq hələ
ümid ilə baxıram mən
hər axşama,
hər sabaha.
Həmdəmimdir acı-şirin
xatirələr,
Yada düşür
nələr... nələr...
Gah fikrimin aran yeli
qanad çalır
zirvələrdə,
Gah dağların sərin mehi
ləpə vurur pəncərəmdə -
pərdələrdə.
Gah ahıla, gah dəliyə
dönürəm mən
bircə anın
içindəcə.
Yaşım da o yaş deyil ki;
nə gündüzdür,
nə də gecə.
Ömrüm, günüm
alatoran çağındadır,
Cismim Cəhənnəm
odunda,
Ruhum "Cənnət bağındadır".
Xəyalımın qanadında
yol gedirəm
dünyanın lap o başına.
Yol boyu da bələnirəm
milyon-milyon məzlumların
göz yaşına...
Sığınsam da dörd divarın arasına,
dünya mənim
ovcumdadır nöqtə
kimi.
Olubdu ki, o nöqtənin
nöqtəsinə agah üçün
tər tökmüşəm
sübhə kimi.
O nöqtədən
yol almışam,
yol gəlirəm
içimdəki özümə
mən -
"Özüm"
adlı sözümə
mən.
O nöqtədən
yol almışam
əyrimə mən,
düzümə mən.
Mən də kiçik bir nöqtəyəm
nöqtələrin sırasında
-
qələm tutan, söz üyüdən
xiridarlar arasında.
Mən nə sonun başlanğıcı,
nə başlanğıc
sonundayam.
Kainata nur çiləyən
bir nöqtənin
donundayam.
Bu nöqtədə
cəmlənibdir
bütün küllü
zərrəciyim -
həm dünənim,
həm bu günüm,
həm əbədi
gələcəyim...
Tanrı müjdəsi...
Dünyasını vaxtsız dəyişən
dostlarımın xatirəsinə
...Dostlar durna qatarıtək
verib qanad-qanada
üzləri suluikən
köçdülər bu dünyadan.
Bu qəfil köç karvanıyla
mat qoydu bəndəsini
əzəmətli yaradan.
Rəsul Rza demişkən:
"Su oymuş qaya kimi
uçulur dörd
bir yanım",
Onunçün də qaynamır
dünyaya daha qanım.
Əllərim üzülür
ta
dünyanın yaxasından.
Baş aça
bilmirəm heç
dostlarımın yasından.
Görünür, ta vaxt-vədə
gəlib döyür
qapını.
Vaxtlı-vaxtsız xəbərlər
pıçıldayır mənə
də:
"Sən də əl-ayağını
yığışdır yavaş-yavaş,
sahmanla köç
atını.
Onsuz da nə yazmağa
tutarlı sözün
qalıb,
nə tutuşub
yanmağa
ocaqda közün.
Nə də bir dost qapısı,
nə doğma
ünvanın var
dar gündə
gülsün üzün".
Dostlarsız, doğmalarsız
insana yad olur
dişiylə, dırnağıyla
çatdığı od-ocaq da.
Qısılıb qalır
adam
gözdən, könüldən
iraq
küncdə, bucaqda.
Nə Haqqa çatır əlin,
nə dərdi
deyir dilin.
Qovrulursan içində
odu içində
olan
qov qovlanan kimi.
Sevincin göy əskidə,
üzə bilmirsən
qəmi...
Başlayır yavaş-yavaş
ömrün sərgərdan
dəmi.
...Səfil, səy yaşamaqdan,
vaxtsız ölüm
yaxşıdır.
Ayıb örtəndir
ölüm -
O Tanrı müjdəsi kimi
insanın son naxşıdır...
Çətindi...
Bir dərənin suyunu
ayırma min dərəyə.
Çalış ki, min dərənin
suyunu yığ
bir yerə.
Onda dağlar dağı da
diz çökəcək
önündə.
Çağlayacaq səadət
ömrünün hər günündə.
Bir damlanın gücündə
yatıb ümman
ləngəri.
Ən dərin
ümmanda da
var damlanın
öz yeri.
Dammla-damla böyüyüb
dənizlər olur ümman.
Kainat dediyin də
yaranıbdı damladan.
İnsan da bir kainat -
Böyüyür damla-damla.
Yaşayır bu həyata
Tükənməz bir inamla.
İnsanın böyüklüyü
Onun vüqarındadır.
Nə "şan-şöhrətli"
adda,
Nə sərvət, nə vardadır.
Vüqar incə
bir şüşə,
Qırılsa, ələ gəlməz.
Nadan min il
yaşasa,
Onun dəyərin bilməz.
Cəhənnəm əzabıdır
Ömür sürmək vüqarla.
Çox ağırdır
yaşamaq
Namusla, etibarla.
Ancaq yenə təmiz ad,
Namus, qeyrət qalacaq.
Zaman çox "ölməzləri",
"Əbədi
sönməzləri"...
Öz taxtından
salıbdı,
Öz taxtından
salacaq...
Bəlkə də inanmırsan
Bu həqiqətə
indi.
İnamsız yaşamaqsa,
İnsan, sənə
çətindir!..
Xanəli KƏRİMLİ
Ədəbiyyat qəzeti.-
2018.-20 oktyabr.- S.22.