Adını pıçıldayır
külək
Adını pıçıldayır
külək
gecənin qulağına;
gizli-gizli,
xəfif-xəfif.
Səsin gəlir
yaddaşımın o tayından
qırıq-qırıq,
kəsik-kəsik.
Ümidlərim atılmış
körpətək
sığınacaq gəzir.
Çökür üzərimə
bozumtul tənhalıq.
Düşünürəm ki,
Ya mən çoxam bu dünyaya,
Ya da bu
dünyada,
Bir "sən"
əskik...
Gedərəm
Gedərəm, əzabın
artar birə, min,
Ayrılıq səninlə nikah bağlayar.
Ehh, sənə qürurun kəsilər qənim,
Səni ömür boyu dərd qucaqlayar.
Bütün xatirələr
yığışıb gələr,
Gələr, gözlərinin yaşından
çıxar.
Elə gedərəm
ki, yenidən sevmək
Çıxar yaddaşından, huşundan
çıxar.
Kəsər damarını
vaxtın ülgücü,
Mənsiz günlərinə belə
qıyarsan.
Özünə o qədər
acığın gələr,
Götürüb özünü küncə
qoyarsan.
Elə ayrılaram,
elə inan mən,
Hər gün ayrılığı
qarğışlayarsan.
Mən elə gedərəm, elə gedərəm,
Bütün gedənləri bağışlayarsan.
Darıxdım
Darıxdım sənsiz
ev-ev,
küçə-küçə, darıxdım.
Sənli yolları
sənsiz
keçə-keçə, darıxdım.
O gedişin əfvi nə?
Düşdün yol tərəfinə.
Gecələr şərəfinə
içə-içə, darıxdım.
Ehey, qəlbimi deşən,
Yadına çətin
düşəm,
darıxmaq olub peşəm,
gündüz-gecə darıxdım.
***
Bütə çevirərək
qəlbimdə səni,
Bəlkə də, Allaha şəkk eləmişdim.
Özümə ən böyük cəza kəsərək
Səni ürəyimə görk eləmişdim.
Qopdu ayağımın
altından yollar,
Yoluma qar yağdı, dolular düşdü.
Getdim, gedişimin
uzandı ömrü
Sanki dağ
yarıldı, torpaq sürüşdü.
Uçaqlar uçmadı,
qatar ləngidi,
Yollar uzandıqca zaman gecikdi.
Gözümdən töküldü
o sənli günlər
Axdı göz yaşlarım qəhqəhə çəkdi.
Keçdi bax beləcə həftələr,
aylar,
Hər ötən
gün bir az ovutdu
məni.
Gecələr qəlbimdə
çarmıxa çəkdim,
Səhərlər bir az da unutdum səni.
Unutdum, səsini,
gülüşünü mən,
Unutdum, o gözəl
gözlərini də...
Başımı qoymağa
yer tapmayanda
Gəzib, axtardığım
dizlərini də...
Ehh, sənə nə deyim, bir də şəklimi -
nə öpüb,
oxşama, nə əzizləmə.
Yolları arxamca yığıb getmişəm,
Dönüb gəlməyəcəm, məni
gözləmə.
***
Sən...
hamıdan saxladığım,
gizli duamsan.
Allahla belə
bölüşməyə qorxuram...
Çarəsizlik deyilmi,
sənin adın?
Kaş... kaş
ki,
belə mümkünsüz
olmayaydın...
Şüşə qırıqları
kimidi
indi bütün
kəlmələr,
sussam, ağrı
verər
danışsam,
dil-dodağımı bölər...
***
Tutub taleyimin dəli inadı,
harda qəm-kədər
var
başıma çırpır.
Elə hücum
çəkir arzularıma,
kövrək ümidlərim
gözünü qırpır.
Susmaq qəbahətmiş,
danışmaqsa suç.
Hələ bitməyibmiş sınağım
mənim.
Sən mənə
ömürlük cəza
imişsən,
ən böyük
günahım, qınağım
mənim.
Dil açıb, söyləsin kaş xatirələr,
Sənə nə söyləyib,
nə deyirəm
mən.
Hansı günahımın
cəzasısan ki,
Səni belə
ağır ödəyirəm
mən?!.
Ceyhunə Mehman
Ədəbiyyat qəzeti.-
2018.-20 oktyabr.- S.23.