Səhərin gur işığı
Ədəbiyyatı
dövrləşdirmək və illərin arasında sədlər
çəkmək şərtidir, söz
yaradıcılığı arasıkəsilməz bir
işdir və siyasi- ideoloji sistemlər özündən
öncəkilərə qadağa qoysa da ədəbiyyat öz
keçmişinə qadağa qoya bilməz, onun havası
bütün zaman sərhədlərini keçir, yüz ildən
yüz ilə adlayır.
Ötən əsrin ədəbi
mənzərəsindən söz düşəndə tez-tez
60-cılar, 70-cilər ifadələrini eşidirik və bu
bölgü çox vaxt zamanı bildirməklə
yanaşı, keyfiyyət göstəricisi kimi səsləndirilir.
Şəxsən mən həmin
onilliklər arasında elə ciddi bir fərq görmürəm,
əksinə, ötən yüzilin repressiya, köç və
savaş faciələrindən, unutqanlıq və milli
nihilizmindən sonra gələn 60-80-ci illərin ədəbi
hərəkatına bütövlükdə
qısaömürlü bir İntibah və ya Qorkinin
fırtına quşu kimi baxıram. 90-cı illər fərqlidir.
Müstəqil dövlətçiliyin bərpasına
olan ümidlərin qırılması və savaşda təklənməyimizin,
ədalətsizliyin nəticəsi olaraq gələn məğlubiyyət
bu dövrün gəncləri üçün ağır mənəvi-psixoloji
zərbə oldu. Onlar yeni yollar arayarkən
öz ədəbi birliklərinin birinin adını
"Alatoran" qoymuşdular. Əslində
bu ifadə o illərin ümummilli durum və ovqatını əks
etdirir.
70-ci illərin əvvəllərində
biz ədəbiyyatın xalqa təsirinə inanır və
bunu hər gün hiss edirdik. Deyək ki,
"Ədəbiyyat və incəsənət" qəzeti səksən
min tirajla çıxırdı, Azərbaycanın hər bir
kəndinə gedirdi və orda çap olunan yeni ruhlu və cəsarətli
bir şeir anındaca respublikaya yayılır, söhbət
mövzusuna çevrilir və müəllifini
tanıtdırırdı.
Bizim nəsil o illərin
yüksələn intibahından, ictimai narazılıq
dalğasından, keçmişi düzgün dərk etmək
istəyindən, xalqın gücünə inamdan, vətəndaşlıq
yanğısından və mıllı cəsarətdən
doğulmuşdu və biz özümüz də bu ruhu
qanadlandırmağa çalışnışdıq.
90-cı illərin əvvəllərində
gələn nəsil isə Qarabağın itirilməsinin
qanlı yaralarından, qaçqınlıqdan, yurdsuzluqdan,
xaosdan və bunların nəticəsi kimi gələn
laqeydlikdən doğulmuşdur. Daha gözlənilməzi
isə bu xaosdan çıxmaq və məğlubiyyətdən
xilas olmaq üçün toparlanmaq əvəzinə millətin
getdikcə parçalanması, inkarçılıq, tarixin və
mənəvi dəyərlərimizin gözdən
salınması ilə ümidsizlik sindromunun yayılması
idi. Ictimai xaos və qeyri-müəyyənlik
tədricən sözün də ritmini pozur, yolunu
dolaşdırır və hədəflərini itirirdi.
Bu arada ədəbi
dolanbaclarda azıb qalanlar da oldu, bu bəlaların kökünü,
həlli yollarını axtara-axtara öz yolunu tapanlar da. Yeni dövrün vətən-vətəndaş
münasibətlərini 90-cı illərdə ədəbiyyata
gələn müəlliflər arasında öz istedadı və
bənzərsiz poetik düşüncəsi, üslubu ilə
seçilən Səhər Əhmad dəqiq ifadə
etmişdi:
Xəbərin varmı, Vətən,
Xəbərin varmı sənin,
Ömrümün ötüb gedən
Uzaq günləri kimi
Çox uzaq görünürsən,
Çox uzaq
görünürsən.
Eyni duyğunu başqa bir şeirində
belə ifadə edir:
Bu vətən bizim olmadı
Dərdinə dözüm olmadı,
Sevgimiz lazım olmadı
Bu vətənə.
Boynumuzu büküb gəzdik,
Ürkək gəzdik, yetim gəzdik,
Fəraritək itib gəzdik
Bu vətəndə.
Vətənin və millətin taleyi
sonralar bir çox nəsr əsərlərində, o cümlədən
istedad və düşüncə yetkinliyinin, yüksək
intellekt və ümumiləşdirmə qabiliyyətinin nəticəsi
olan aforizmlərində də davam etdirilmişdir: "Bir ovuc
Vətən torpağı satılır bir udum qürbət
havasına"; "Bədbəxt bir millətin heç bir fərdi
tam şəkildə xoşbəxt ola bilməz"; "Bizə
ortada dayanmağı öyrətdilər,
aşağıların və yuxarıların kinli
baxışlarından xəbərsiz"; "Biz Mirzə Cəlilin
o boyda əziyyətindən sonra yenə də zəncir vurub
sinəmizi yırtmaqla və çadra altında gizlənməklə
məşğuluq"; "Qəhrəmanlardan və
satqınlardan ibarət ordu"; "Fərqli olmaq istəyirsənsə,
haqlı ol".
Bu misalların sayını
artırmaq da olardı.
Səhərin şeir və
nəsr kitabını oxuyandan sonra bir daha əmin oldum ki,
istedadı və ağlı heç bir qaranlıq, heç
bir xaos, ümidsizlik, müharibə acısı udub məhv edə
bilməz. Onun şeir və hekayələri məni öz gəncliyimin
Bakısına qaytardı. Yenə həmin metro qatarlarının
qoxusu, işdən yorğun qayıdan insanlar, qabarlı əlindəki
torbada yavan çörəkdən başqa bir şey olmayan,
daha doğrusu, imkanı ancaq bu çörəyə
çatan fəhlələr, avtobus dayanacaqlarındakı
tünlük, dost məclisləri, kasıblığı da
bayrama çevirən tələbə həyatı, kəndlərdən
Bakıya daşıdığımız ümidlər,
ürəyimizdə aşıb-daşan sevgi və sədaqət...
Səhərin yazılarına müharibədən
və 20 Yanvar faciəsindən keçmiş insanların
ürək ağrıları hopub, bununla yanaşı, o, əsasən
gənclik ruhunun şairidir; hayata, təbiətə, dostlara,
yaşadığı şəhərə tükənməz
sevgi ilə bağlıdır və bu sevgi onun baş qəhrəmanıdır.
Bu şeirlər təhlilə yatmayan, musiqi kimi
səni təsirləndirən və əlavə sözə
yer saxlamayan hiss, duyğu burulğanından yaranıb.
Səhərin şeir dili
çalın-çarpaz söz keçidləri və gözlənilməz
yanaşmaları ilə fərqlənir:
Bu gecə ulduzlar çıxmadı,
Səni bu gecəyə
bağışladım,
Bağışla məni.
***
Mən kimsəsizəm, Allahım,
Kimsə mənsiz.
***
Ölmüşəm, yox xəbərin,
Hələ də boşdur yerin,
Yasıma gələnlərin
Heç biri sən deyilsən.
***
Sən yaşa hələ, mən
ölüm,
ömründə ölməyən adam.
Yüz yol ölüb-dirilməyin
dadını görməyən adam.
Sən gözlə yenə, mən gəlim,
heç zaman gəlməyən adam.
Kimisə xoşbəxt etməyin
yolunu bilməyən adam.
Səhərin oxuduğum
şeirləri beləcə duyğuların zərifliklə və
səmimi ifadəsi ilə əsl lirika nümunələridir.
O, 90-cı illərin alatoranından
dan işığı kimi süzülüb
çıxdı və ilk addımlarından əsl şair
olduğu göründü. Bu mənada ona
"poeziyamızın Səhəri" kimi baxanlara haqq
qazandırıram. Lakin oxuduğum nəsr əsərləri
"poeziya" sözünün hüdudlarını
genişləndirir.
Səhərin ədəbi
taleyi yüz ilin və min ilin tamamlanması və qürubu ilə
başqa bir yüz ilin və başqa bir min ilin
doğuluşuna, dan yerinə tuş gəlib. Savaş və
bir milyon insanın faciəsi ilə, ideoloji sistemlərin
birinin çöküb digərinin yüksəlişi,
dünyada gedən qlobal dəyişikliklərlə
yanaşı, belə bir zaman, düşüncə, tale
ayrıcı və ya qovşağı Səhərin
yaradıcılığına təsirsiz qalmayıb. Üstəlik, bu illər onun ömrünün ən
qaynar illəridir. Şəhərlə kənd
arasında çarmıxa çəkilmiş insanların
ehtiyac və sıxıntılar içində boğulan həyat
eşqinə baxmayaraq bütün zamanlarda insanların ruh aləminə,
sevgisinə və kədərinə yanğı verən təbiət
ədəbi nizamı ilə sözə bədii boya biçmək
möcüzəsini davam etdirir. Təbiət
və insan duyğuları arasındakı paralellər onun ən
çox müraciət etdiyi bədii ifadə formalarından
biridir; onun şeirlərində təbiətlə insan
arasında sərhəd yoxdur, insan təbiətin, təbiət
insanın davamıdır.
Ədəbiyyatın əsas ruhunu və
pafosunu təşkil edən ictimai, siyasi olaylar Səhəri də
dərindən düşündürür, dövrün
paradoksları, puça çıxan ümidlər onu əzib,
bədbinlik bataqlığına çəkə bilmir, əksinə,
o bu dövrün gələcək nəsillərə dərs
ola biləcək mənzərəsini çəkməyə
çalışır. Burada o, doğrudan da,
öz müəllim peşəsinə sadiqdir. Emosional, psixioloji, duyğusal lirikası ilə bu
keçid dövrü Azərbayan insanının ruhən təslim
olmadığını, gözəllik duyğusunu və
xarakterini qoruya bildiyini, mənəvi dəyərləri
yüksək tutduğunu, üstümüzə gələn fəlakətlərin
səbəbkarlarını yaxşı
tanıdığını nümayiş etdirdi. Beləliklə, onun zərif, zahiri pafosdan uzaq
lirikası vətəndaşlıq məktəbinə
çevrilir və burada da Səhər öz müəllimliyini
dolayı yolla davam etdirir.
Səhər Əhmədin şeirləri
qarışıq bir dünya haqqında son dərəcə təmiz
səslə, az sözlə, ilhamla oxunan,
yüksək ruhlu nəğmələrdir.
Ədəbiyyatda şeirlə nəsrin
sərhədlərinin itdiyi, epik şeir adına
ilhamsızlığın, duyğu adına
duyğusuzluğun, postmodernizm adına mövqesizliyin və
ictimai məsuliyyətdən qaçmağın yayıldığı
bir vaxtda Səhərin şeirləri zəngin poeziya ənənələrimizin,
bayatı, rübai yığcamlığı və ifadə
tərzinin yeni əsrin ruhuna uyğun yaşaması, boy
atmasıdır; sevgi və tənhalığın, olumla
ölüm arası bütün insan
yaşantılarının bugünün poetik intonasiyası
ilə yeni biçimdə səslənməsi və
yazılışıdır. Görüşlə
ayrılıq, yaxınla uzaq, yerlə göy. Allahla insan bir yerdədir, bir gözlə
görülür, bir-birinin davamı və bir-birinin
aynasıdır.
Ayaq üstə qırxım
çıxdı
İlimə də gecikdim.
Nə yaman yatıb qalmışam,
Ölümə də gecikdim.
Siz məni dəfn eləməli,
Və yas saxlamalıydız.
Əvvəlcə məhv eləməli,
Sonra ağlamalıydız.
...Durun gedin evinizə,
Yol boyu söyün məni.
Ölsək, ağlanmalıyıq
biz,
Yaşasaq - söyülməli.
Burda önəmli olan bu
mümkünsüz mənzərədə toplumun son dərəcə
acı dərdlərinin dilə gətirilməsidir.
Səhər Əhmədin
kiçik şeirlərində böyük süjetlər gizlənir
və nəsr əsərləri əslində o süjetlərin
üzərində qurulub.
Yaşasın cümlə sevdalar,
Bütün eşqlərə
eşq olsun.
Heç kəs azad olammadı,
Hamı getdi xoşbəxt
olsun.
Bugünkü cəmiyyətimizin
azadlığa və xoşbəxtliyə münasibətini
bundan yığcam və bundan gözəl ifadə etmək
çətindir. Bütövlükdə Səhərin
şeirləri duyğu yağışı, duyğu
axını təsiri bağışlayır.
Səhər Əhmədin "Həyatın
təkrar nəşri" adlı nəsr kitabında
toplanmış etüdlər, aforizmlər, esselər, hekayələr,
xatirələr, fəlsəvi traktatlar və "Dəlixanadan
reportaj" adlı povestinə ümumi bir qiymət vermək
istəsən, aramızda yaşayan, amma azad ruhu ilə
aramızda olmayan, mühitlə barışmayan,
xalqımın çəkdiyi acıları qəbul etməyən
bir qadının duyğular sərgisi və ya vətəndaşlıq
harayı deyə bilərsən. Deyilən cəhət onun nəsrini
şeir yaradıcılığına bağlasa da, amma bu,
yalnız gizli ruh bağlılığıdır; yazı tərzi
etibarilə nəsr əsərləri fərqlidir, şeirdən
nəsrə gələn bəzi müəlliflər kimi o, nəsr
əsərlərinə lirizm boyası çəkmir, əksinə,
epik ardıcıllığa və dərinliyə, sərt
ifadə tərzinə və çağdaş insanın
xarakterini real boyalarla canlandırmağa üstünlük
verir.
Adıçəkilən və
şərti olaraq ayrı-ayrı janrlarda yazılmış bu
nəsr əsərlərinin qəhrəmanları çox
olsa da, amma baş qəhrəman müəllifin
özüdür; dostlar, uzun və qısaömürlü
tanışlıqlar, tapdığı və itirdiyi insanlar...
nə qədər təbii boyalarla çəkilmiş
xarakterlər varsa hamısı müəllifin öz
yazıçı mövqeyi və xarakterinin yanında
solğun görünür. O, heç nəyə kənardan
baxa bilmir. Hər şeyi ürəyindən,
ruhundan, ağlından, hisslərindən keçirib yazır.
Bu durumunu özü çox dəqiq
ifadə edir: "Hərdən mənə elə gəlir ki,
bu xalqın dərdi məni öldürəcək";
"Əlimdən axıb gedən illərin fərqindəyəm,
onların şəklini çəkmək, portretini yaratmaq istəyirəm".
Həyatın təkrar nəşri"
əslində, doğrudan da hər gün
gördüyümüz insanların qayğılarını,
yaşam sorunlarını, sevgi və nifrətlərini,
ümid və itkilərini içinə alan bütöv bir həyat
mənzərəsidir; "buz bağlayan ümidlərin",
böyüyən matəmlərin, qaysaq bağlayan
yaraların, darıxanların, səfillərin, acların və
evsizlərin hekayətlər toplusudur; hər daşı, hər
ağacı ilə doğma olan bir şəhərin göz
önündə yadlaşaraq dəyişilməsinin və bu
şəhərdə yaşaya bilməyənlərin
kitabıdır.
Etüdlər hər kəsə
adi görünən olayların mahiyyətini və fəlsəfəsini
görə bilmək istedadından doğulub.
Aforizmlər sanki Səhərin
şeirlərindən çıxarışlardır. Çünki
onun poeziyasında da parlaq bədiilik - yüksək aforistlik
ümumiləşdirmə qabiliyyətilə birləşir.
Esseləri, hekayələri, xatirələri
öz adlarına sığmayan bir yenilik havası ilə
yazılıb. Esse kimi səslənən
hekayələr və hekayə kimi oxunan xatirələr
arasında sədd çəkmək çətindir. Fəlsəfi traktatlar intellektual yetkinliyin və zəngin
həyat təcrübəsinin nəticəsidir.
Bu yazıların hər birini
ayrıca təhlil etmək olar, ancaq yəqin ki, nə Səhər
Əhmədin, nə oxucuların belə bir təfərrüatçılığa
ehtiyacı var. Qısaca onu deyə bilərəm ki, bu kitab
öz müəllifinin nəsr sahəsində ciddi
potensialını üzə çıxarır. Bunun başlıca əlaməti onun xarakter yaratmaq
qabiliyyətidir. "İlahə", "Sevgililər
günü faciəsi", "Həyat simfoniyası",
"Natiqin Yeganəsi", "Tütək çalan
oğlanla kətə oğurlayan qadının əhvalatı",
" Tələbənin ölümü" hekayələrində,
"Dəlixanadan reportaj" povestində hər gün
görüşdüyümüz sadə adamların bir-birindən
maraqlı xarakterləri yaradılıb.
"Həyatın təkrar nəşri"
kitabında ən çox bəyəndiyim bölmələrdən
biri "Xatirələr"dir. "Tolstoyun darıxan qəbri",
"Cemal Safi ilə iki görüş",
"Proşşay, Rossiya nemıtaya" gözəl
publisistika nümunələridir və üstəlik müəllif
geniş dünyagörüşünü, həyat, tarix, ədəbiyyat
haqqında düşüncələrinin dərinliyini, təbiəti
dəqiq müşahidə və təsvir qabiliyyətini
göstərir. Publisist kimi Səhər Əhməd
öz mövzularına gur işıq salmağı, qəhrəmanları
barədə zəngin bilgi verməyi, təsvirlərinə
emosional və bəzən də romantik bir hava gətirməyi
bacarır.
Bütövlükdə Səhər
Əhmədin nəsri son 30 ildə keçdiyimiz yolları,
itkilərimizi və daşa dəyən arzularımızı
bir daha xatırlatdı mənə. Həm də
ürəyimdə bir təəssüf hissi baş
qaldırdı. Təəssüfləndim ki, biz,
övladımız yaşında olan Səhər Əhmədləri,
əsl səhər kimi, göyünə bulud gəlmədən,
üfüqləri qaralmadan, sübhlə bir oyanan
çiçəkləri soluxmadan haqq etdikləri bir səviyyədə
qoruyub böyüdə bilmirik. Onların öz iradələri
ilə əldə etdiklərinə dəyər verməkdə
belə xəsislik edirik. Səhər Əhmədi
bugünkü ədəbiyyatımızın parlaq
simalarından biri hesab edir və ondan yeni gözəl əsərlər
gözləyirəm.
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.20-21.