Sultanım, gecələr utanır baxışlarından

 

Ümidlərim gözünü döyür üzü şam işığına;

Fitili alın yazımdı daxmamda yanan şamın.

Hər gecə bir səhifəsini yandırıram,

otağım qaranlıqdan qorxmasın deyə.

Mən qaranlıqdan yox,

otağımdan qorxuram,

itirəcək heç nəyim yoxdu ondan savayı...

Tanrı da bacım öləndə axıb düşmüşdü

sonuncu göz yaşımdan...

Qaranlıqlar üçün yetimxanadı bu daxma,

hər gecə bir anasız qaranlıq sığınır

uzaqlardan közərən bu dam işığına...

Ümidlərimsə gözünü döyür

fitil-fitil yanan adam işığına...

 

Ölümayağı sayıqlamaları

 

Açın pəncərələri,

gecənin nəfəsi kəsilir.

Niyə üşüdür, görəsən, bu yataq otağı?!.

Altımdakı yazıq çarpayı da

qıvrılır sağa-sola.

Hələ pəncərəmə doğru

            bir ulduz da iməkləyir, xeyir ola.

İstinin gücünə bax, buxarlanır

divardakı şəkillər.

Bu gecə necə anama oxşayır

küçəyə baxan

pəncərəmizdən asılan pərdə.

Pərdələr ağı deyir otağımın qaranlıqlarına.

 

 

Çarpayım ayaqlarıma döşənir,

Divar saatımız özü ilə sağollaşır.

Ayaqqabımın içində

yuxuya gedib corablarım.

...Bu gecə hər kəs öləcək deyəsən.

 

Baxışların alın yazımın işıqlarıdır.

Yanaqların saflıq möhürü.

Kirpiklərın arzularımın darağıdır,

Əllərin ağuşumun sehri...

 

 

Yollar gözünü döyür,

ayaqlarına sarı,

Ayaqqabılar faytonudur

bu eşq yolunun.

Ovuclarında

tez əriyir ömrün qarı,

Bir qaşıqlıq baldır,

şirin xəyalın.

 

 

Saçlarını tök üzünə,

dalğalansın eşq bayrağı.

Dodaqların hissimizin

Ən utancaq duvağı...

 

Sultanım,

gecələr utanır baxışlarından.

Bir gülüşlük ucadasan,

Qaşlı, qabaqlı Aydan...

 

Tural Turan

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.25.