Cəlalın aqibəti
1970-ci ildə "Yeddi oğul istərəm" filmi ekranlara çıxandan sonra sevgilisini xilas etmək üçün ölümə yollanan, al qanına qəltan edilən yaraşıqlı bir gəncin obrazı böyükdən kiçiyə yüz minlərlə tamaşaçının yaddaşına əbədi həkk olundu - "Yanıq Kərəmi"nin sədaları altında cavan ömrü əzabla, işgəncə ilə tamamlanan bəyzadə-komsomolçu Cəlal obrazı. Bəyzadə-komsomolçu - bir az paradoksal səsləndi, elə deyilmi? Axı o illərin komsomolçuları dünənin çobanları, muzdurları idilər. Bəs Cəlalı - Şəkər bəyin bığ yerləri təzəcə tərləyən, üzü hələ ülgüc görməyən sütül oğlunu bu dəstənin üzvünə çevirən, Kərbəlayı İsmayılın dili ilə desək, "qəmsəmol" edən hansı istək, hansı hisslər, hansı ehtiyac idi?
"Yeddi
oğul istərəm"
filmində bu suala cavab yoxdur. Cəlal revkomun
göndərişi ilə
Peykanlıya komsomolçu
kimi təşrif buyurur. Gəlir ki, "haqq-saya tüpürsün", Gəray
bəyin torpaqlarını
kəndlilər arasında
bölüşdürsün, Qəqəninin dədəsinin
qanını alsın
və sevdiyi Humaya - Gəray bəyin qızına elçi düşsün...
Amma məsələ
burasındadır ki, Cəlal öz dünənindən, keçmişindən
sözün tam mənasında
ayrılmayıb: komsomolçu
olsa da bəyzadə
paltarını - çərkəzi
arxalığını, papağını
çıxarmayıb; adının
gədə-güdələrlə bir sırada çəkilməyini qüruruna
sığışdırmır. Gəray bəyə "Gədə
özünsən"- deyib
ona güllə atır. O, həmin illərin tipik inqilabçıları, komsomolçuları
kimi öz məhəbbətini sinfi,
inqilabi maraqlara qurban vermir, əksinə, məhəbbəti
yolunda ölümü
qəbul edir.
Cəlalın böyük
ürəyi var. Di gəl
ki, bu ürək
nə qədər böyük, nə qədər geniş olsa da bir-birinə
zidd 2 əxlaqı, 2 mənəviyyatı, 2 dünyagörüşü
eyni vaxda orada yerləşdirmək
və üstəlik, barışdırmaq mümkün
deyil. Cəlal düşməninin cəsədini güllə
ilə deşik-deşik
edən Mirpaşadan, köməksiz qadına əl qaldıran Bəxtiyardan rəhmlidir, Kələntərin saxta səmimiyyətinə inanan
sadəlövhdür, ürəkdən
sevən bütün aşiqlər kimi kövrəkdir. Bütün bunlarla
bərabər, Cəlal
Qan Çanağına
qalxmağa cəsarət
etməyən, Gəray
bəyə aşağıda
tələ quran digər komsomolçulardan
fərqli olaraq təkbaşına, silahsız-filansız
ora qalxmaq qədərində cəsarətli
və qətiyyətlidir.
Biz dəfələrlə
şahidi olmuşuq ki, filmin hansısa
epizodu, səhnəsi,
hətta kadrı belə gözlənildiyindən,
proqnozlaşdırıldığından
ifadəli, təsirli alınır və əbədi olaraq milyonlarla tamaşaçının
yaddaşına həkk
olur. Cəlalın öldürüldüyü səhnə nəinki
"Yeddi oğul istərəm" filminin,
ümumiyyətlə milli
kinomuzun belə epizodlarındandır. Ona
görə yox ki, bu səhnədə
öz-özlüyündə təsirli, emosional baxımdan üzücü
bir vaqeə - cavan bir oğlanın
az qala
mərasimləşdirilən öldürülməsi təsvir
olunur. Bəlkə daha çox ona görə ki, bu səhnədə
xalq sənətkarının
düşdüyü çarəsizlik,
çıxılmazlıq (söhbət sazda "Yanıq Kərəmi"ni
çalan aşıq
Vəlidən gedir), Kələntər lələnin
rəzilliyi (onu ölümdən qurtaran Cəlala rahat ölümü qıymır),
mətnin üst qatından baxanda Gəray bəyin amansızlığı, başqa
bir rakursdan nəzər salanda isə həm də aristokratlığı
coşqun bir enerji ilə püskürüb adamın
iliyinə işləyir.
Cəlal Gəray bəyin üzünə tüpürəndən
sonra onun sağ qalmayacağı gün kimi aydın
idi. Amma onun "Yanıq Kərəmi"nin sədaları altında öləcəyini
yalnız Gəray bəy bilirdi.
Mənliyi, qüruru aşağılanan
Gəray bəy içinin yanğısını
yalnız bu yolla - verdiyi hökmün qeyri-adi dramatizmi ilə söndürə bilərdi. Amma Gəray
bəy beşik başında çalınan
havanı ölüm havasına, matəm himninə - rekviyemə çevirməklə başqa
bir missiyanı da yerinə yetirir və bu mənada o, hamını çaşdıran
böyük mistifikatordur.
"Çal,
aşıq, çal. Ağa, bəy
havasıdır". Gəray
bəy Cəlalı o
dünyaya komsomolçu
kimi yox, bəyzadə kimi yola salır, çünki Qan Çanağına qalxmağa
komsomolçulardan heç
kim cəsarət
etməmişdi - bunu komsomolçu-bəyzadə Cəlal
bacardı, ona görə ki, faktiki cəhətdən komsomolçu olsa da ruhən, qan yaddaşına görə bəyzadə idi.
Cəlal bəyzadəliyi və komsomolçuluğu öz
vücudunda əridə,
birləşdirə bilmədi
və biməzdi də. Çünki onlar diametral
şəkildə bir-birinə
əks olan əxlaq, mənəviyyat demək idi. Elə buna görə də Cəlalın Gəray bəyə qarşı mübarizəsi
eyni zamanda onun özünün özünə, öz keçmişinə, yaddaşına,
ruhuna qarşı mübarizəsiydi. Cəlalın
keçmişini onun yadına salıb "Hanı o günlər"
- deyə sual edən Kələntərə
"Getdi o günlər"
cavabını verən
Cəlal tarix meydanını Gəray bəy kimi - gedən o günlərlə
birlikdə tərk etmək istəmir, dünəni unudub bu günün
aldanışları, gələcəyin
xülyaları ilə
yaşayır, amma yaddan çıxarır ki, dünəni olmayanın gələcəyi də ola bilməz.
Gəray bəylə üz-üzə
qaldığı səhnədə
o, "Uduzmusan, bəy,
hər şeyini - keçmişini, bu gününü, gələcəyini"
- deyə hayqırır
və Gəray bəyin üzünə tüpürməklə təkcə
böyük bir epoxanı simvolizə edən dəyərlərə
tüpürmür, həm
də öz babalarını, damarlarında
axan qan yaddaşını aşağılayır,
təhqir edir. Və Gəray bəy naqanındakı gülləni
"Ürəyimdən nişan
al, ağrıdır axı"
- deyə Kələntərə
yalvaran Gərayın ürəyinə sıxmasaydı
da, Cəlal Peykanlını bir qalib ədası ilə tərk etsəydi də, əslində, gələcəyi
olmayan Gəray bəy yox, o özüydü - bəy nəslindən olan inqilabçıların, komsomolçuların
vətən xaini,
casus, əks-inqilabçı kimi güllənəcəkləri
illərə elə də çox qalmamışdı...
...Hamının yaxşı tanıdığı
rus aktyoru A.Demyanenko L.Qaydayın
"Qafqaz əsiri", "I əməliyyatı" filmlərinin
baş qəhrəmanı
Şurik obrazını
yaradana qədər bir çox filmlərdə yaddaqalan rollar oynamışdı. Amma Şurikdən sonra nə qədər qəribə səslənsə
də Demyanenkonun sənət ulduzu yavaş-yavaş sönməyə
başladı. İş
burasındaydı ki, öz təbii, ifadəli oyunu ilə az qala
dönüb Şurik olan Demyanenkonu heç bir rejissor "Şurik qəlibi"ndən çıxarmağa
cəsarət etmədi
və beləcə, Şurik Demyanenkonun yaradacağı neçə-neçə
obrazı məhv etdi. Məncə, Cəlal rolunun
ifaçısı Ənvər
Həsənovun taleyi də haradasa A.Demyanenkonun taleyinə bənzəyir. Fərq
burasındadır ki, Ənvər Cəlaldan sonra da filmlərə
çəkildi ("Arxadan
zərbə", "Dərviş
Parisi partladır",
"Səmt küləyi",
"Babək", "Qaçaq
Nəbi" və s.)
və mənim fikrimcə, filmlərdə
onun yaratdığı
qəhrəmanlardan heç
biri "Uşaqlığın
son gecəsi"ndəki Murad,
haqqında danışdığımız
Cəlal obrazları səviyyəsinə qalxmadı.
Lakin fikir eləməyə, qəmlənməyə dəyməz. Murad da,
Cəlal da milli kino sənətimizin
tarixinə əbədi
həkk olunmuş obrazlardır.
Və sonda iki haşiyə.
1. Filmdə "Yanıq Kərəmi"ni ifa edən
aşıq Vəli rolunda mərhum sənətkarımız, qüdrətli
saz ustası Ədalət Nəsibov çəkilib. Çox-çox
sonralar televiziya ilə çıxışlarının
birində o danışırdı
ki, bir toy məclisində "Yanıq
Kərəmi"ni çalıb
qurtardıqdan sonra bir ağsaqqal mənə yaxınlaşıb
soruşdu:"Ayə,
o kino ki var ey, orada cavan oğlanın qanına-qəltan
olunduğu yerdə çalan sənsənmi?"
Elə bildim ki, məni tərifləyəcək,
ona görə də tələsik "Hə, ağsaqqal, mənəm" - dedim. Elə bil ağsaqqalın
başına bir vedrə su tökdülər:
"Ayə, sən nə qansız adamsanmış. Barmaqların necə gəzdi
sazın qolunda? Orda şümal kimi oğlanı öldürürlər,
sən də "Yanıq Kərəmi"
çalırsan. Ayıb olsun
sənə".
2. Kələntər rolunu
oynayan SSRİ xalq artisti İsmayıl Osmanlı film televiziya ilə göstəriləndən
sonra bir gecənin içində tamaşaçıların sevimli
aktyorundan saqqal-birçəyi
cürbəcür söyüşlərin
tamamlığına dönən
antiqəhrəmana çevrilir.
Hətta iş o yerə çatır ki, aktyorun ünvanına
Azərbaycanın hər
yerindən söyüş
dolu qalaq-qalaq məktub gəlir, küçədə adamlar
onu görəndə üzlərini çevirir,
kəskin atmacalar atırlar. Deyilənə görə, aktyor
bundan əməlli-başlı
sarsılır və bir müddət özünə gələ
bilmir.
Bu olayları
elə-belə, sözgəlişi
xatırlamadıq. Məsələ
burasındadır ki, filmlə
bağlı olan 2 şəxsin
başına gələn bu vaqeələr həmin şəxslərlə
yanaşı, bu el
qınağının digər səbəbkarı - Ənvər
Həsənovun da yaradıcılıq qələbəsidir.
Əlisəfdər HÜSEYNOV
Ədəbiyyat
qəzeti.- 2018.- 20 oktyabr.- S.28.