İnilti..
Tısbağaya görə
yolda lüt dayandı
"Əgər
mən bu kitabla ağıl xəstələrinə kiçicik
bir xidmət yapa bildimsə, onların dumanlı-tüstülü
dünyasına işıqlı
bir pəncərə aça bildimsə bu, mənim üçün böyük
mutluluq olacaq". Bu cümlə 1994-cü ildə
İstanbul şəhərində
çap olunmuş
"İnilti" adlı
qeyri-adi şeirlər
kitabının tərtibatçısı
Bedia xanım Tuncerin həmin kitaba yazdığı ön sözdən götürülüb. Dünyada bənzəri
olmayan bu balaca, aztirajlı antologiyada toplanan şeirlərin müəllifi
ruhi xəstələrdir.
Kitab necə yaranıb?
Deməli, 1991-ci ildə Türkiyənin Milli Eyitim Bakanlığı
Bedia xanımı Bakırköy Ruh və Sinir Xəstələri
dispanserindəki xəstələrə
oxuma-yazma dərsi keçmək üçün
təyinat verir. Onun üçün
gözlənilməz olsa
da təklifdən imtina etməyən gənc müəllimə
sinir xəstələrinə
dərs deməyə yollanır və həmin ildən
1994-cü ilə qədər
dispanserdə çalışır.
Ruhi müvazinətini itirmiş
insanlarla son dərəcə
mehriban davranan xanım tezliklə hər bir xəstənin
rəğbətini qazanır.
Bedia Tuncer bu illər
ərzində təkcə
dərs keçməklə
kifayətlənmir, həm
də onların xarakterini, keçmiş həyatını, düşüncələrini,
arzularını öyrənməyə
çalışır.
Bedia Tuncerin gündəliyindən
"...İlk günlər dispanserdə
işləməyə razılıq
verdiyim üçün
çox peşman idim. Məni ölü baxışları
ilə gözaltı süzən dəlilərdən
əndişələnirdim. Bir gün özümün də onların halına düşəcəyimi
fikirləşirdim. Lakin getdikcə
vəziyyət dəyişdi,
hər bir ruhi xəstənin mənə ehtiyacı olduğunu hiss etdim".
"...Məncə,
onlar adi insan düşüncəsinin
o biri tərəfinə
keçiblər. Yəni düşüncə
çəpərinin o biri
üzünə, bəlkə
də uşaqlıq tərəfinə. Bəziləri
lap yaşlı uşağa
bənzəyirlər. Özlərindən asılı olmayaraq bizdən şübhələnir,
haçansa onlara edilmiş pisliyin təkrar olunacağından
qorxurlar".
"...Bəzən
şizofreniya onları
elə həssas vəziyyətə salır
ki, qəlbən səmimi olmayan adam ona
yaxın düşə
bilmir. Ona görə təbiətə
daha çox etibar edirlər. Heyvanları sevirlər, ağaclara, güllərə qulluq eləmək istəyirlər.
Burada bir kişi var,
xəstəxanaya düşmə
səbəbini oxuyanda
qəlbim ağrıdı.
Sənəddə yazılıb ki,
N.T. yolu keçərkən
üstündən maşın
keçmiş bir tısbağa görür.
İnsanların bu vəhşiliyinə dözməyən
N.T. əynindəki paltarları
soyunub tısbağaya
bükür və yolun tən ortasında lümlüt dayanaraq sürücülərə
protest edir. Zənnimcə, o həm də
cəmiyyətimizə protest etmişdi".
Öz hisslərini hərdən kağıza köçürən
ruh xəstələri
də Bedia Tuncerin gözündən yayınmır. Yazdıqlarını gizlədən xəstələr,
nəhayət, müəllimənin
səmimiyyətinə hörmət
əlaməti olaraq öz şeirlərini ona oxumağa başlayırlar.
"...Şeirlərində
sevgi, kədər, yalnızlıq, həyat eşqi, dostluq kimi hissləri son dərəcə səmimi
ifadə etdiklərinə
görə adam
onların yazdığı
şeirlərə biganə
qala bilmir. Məncə, onların yazdıqlarını ömründə
heç vaxt şeir oxumayan adam da sevər".
İniltilər
Beləcə, Bedia Tuncer bu dörd
il arası
dəlilərin şeirlərini
toplayaraq kitab çap etdirmək qərarına gəlir. Və nəhayət, ruhi xəstələrin şeirlərindən
ibarət "İnilti"
adlı dünyada örnəyi olmayan şeirlər kitabını
buraxdırır. Cəmiyyətdə
böyük maraq
doğuran "İnilti"
dərhal mağazalardan
"göyə çəkilir".
Yeganə arzusu öz
xəstələrini sevindirmək
olan Bedia xanım kitabın təkrar çapı haqda heç düşünmür də.
Xanım öz gündəliyində yazır:
"...Kitabda 26 müəllifin şeirləri
toplanıb. Kitablardan onlara paylayanda necə sevinirdilər, bir görəydiniz! Onlar necə ağıllıdırlar! Onlar dahi
şairlərdi!"
Bedia xanımın çap etdirdiyi "İnilti"nin nüsxələri hazırda
Türkiyədə ən
çox axtarılan qiymətli kitablardan sayılır.
"Düşünən şarkılar"
Sən demə,
Bakırköy xəstəxanasında
müalicə alan dəlilərin şeirlərinə bəstələnmiş
mahnılardan ibarət
albom da buraxılıbmış! Albomun
yaranma tarixi haqda musiqiçi Volkan Uruk "Milliyet" qəzetinin əməkdaşına belə
söyləyir:
"2008-ci ilin
ortalarında Bakırköy
ruhi xəstəxanasının
servislərində musiqi
dərsləri deyəsi
oldum. Xəstələr məni hər
dəfə maraqla qarşılayırdı. Bir gün 22-ci servisdə U.B. adlı yaşlı xəstə ilə yaxından tanış oldum. O, xəstəxanada pessimizmə qapılan Nəcip adlandırdığı
dostunu ovutmaq üçün yazdığı
şeirini gitarada çalaraq mənə oxudu. Sonra bir başqa
bəstəsini ifa elədi. Onun ifa elədiyi
şərqilər xoşuma
gəldiyinə görə
səsini telefonumun yaddaşına köçürdüm
və bu mahnıları aranjeman etmək fikrimi xəstənin həkimi Vedat Bilgiçə söylədim.
Sonra baş həkim Erhan Kurt Bedia xanımın bir vaxtlar çap
etdirdiyi "İnilti"
kitabını mənə
verib ordakı şeirlərə də musiqi bəstələməyimi
xahiş etdi və bu mahnılardan
albom buraxaramsa sponsor tapacağını bildirdi. Beləcə, ruhi xəstələrin
şeirlərinə bəstələnmiş
"Düşünən şarkılar"
adlı albom 2011-ci ildə hazır oldu. Albomdakı mahnıları Teoman,
Demet Sağıroğlu,
Ahmet Özhan kimi bir çox
ünlü sənətçilər
ifa edirlər. Satışdan əldə olunan
paralar isə, təbii ki, Bakırköy xəstəxanasının
fonduna verilir".
Jurnalistin "Bəs
albomun adını nədən belə qoydunuz?" sualına musiqiçi belə cavab verir:
"Bakırköy
dispanserinin həyətində
məşhur düşünən
filosof heykəli var, ideya ordan
gəldi. Elə o heykələ görə
albomun da adını "Düşünən
şarkılar" qoyduq".
Son
Aradan uzun illər keçdikdən sonra,
2013-cü ildə "İnilti" yenidən
yada düşdü və
kitab müəyyən əlavələrlə
təzədən İstanbulda çap olundu.
Yazımın fotolar hissəsində
görəcəksiniz, ikinci dəfə
basılmış kitabın üz
qabığına yersiz olaraq əcaib bir
böcək şəkli həkk edilib.
Murad Köhnəqala
Ədəbiyyat
qəzeti.- 2018.- 20 oktyabr.- S.26.