Kimliyimizin yeni qolu
Keçən əsrin əvvəllərindən
öncül ziyalılarımız Azərbaycanımızın
Ensiklopediyasına yaratmaq təşəbbüsündə
olmuşlar. Böyük filosofumuz Heydər Hüseynovu həmin
sahənin ilk qol çırmayanlarından hesab etmək olar.
Təəssüflər olsun ki, həbsxana
küncündə baş damarını kəsmək məcburiyyətində
qalmış bu adamın fəaliyyəti üstündən al
qanı rəngində çal-çarpaz xətt çəkilmişdi.
Həmin böyük zəhmətin altına
girmək, bəhərini görməksə Rəsul Rzaya nəsib
olmuşdu. (Həmin xalqı
üçün böyük ictimai fəaliyyətinə qədər
unudulmaz şəxsiyyət həmin sahədə xeyli təcrübə
keçmişdi, Kinometaqrafiya Komitəsinin sədri vəzifəsində
çalışarkən kinoteatrlarımızın
adlarını əcaib-qəraiblikdən xilas edib
Arazlaşdırmış, Nizamiləşdirmiş,
Bakılaşdırmış, Vətənləşdirmiş,
Baharlaşdırmışdı). Rəsul Rza humanist sahədə
iş tapmağın çətin vaxtında içi mən
qarışıq, o zamanın yaradıcı cavanlarını
da həmin fəaliyyətə cəlb eləmişdi.
Böyük ustaddan bir xalqın Ensiklopediyası
olmağının necə əhəmiyyət kəsb elədiyini
rəhbərliyi altında işlədiyim zaman qələm
yoldaşlarım kimi mən də dərk edə bilmişdim:
Əvvələn, bu, mədəni dövlətlər
arasına imzasını atmaqdır. Hər
şəxsin kimliyi olduğu kimi, hər xalqın da bunu əvəz
edə bilən Ensiklopediyası olmalıdı. Elə hesab edin ki, biz doğma xalqımızın
keçmişindən bu günə kimi kimliyini
hazırlayırıq.
Bu gün əlimiz altda
tariximiz, incəsənətimiz, uzun sözün qısası,
nəyimiz varsa hamısından mükəmməl məlumat
verən çoxcildli Ensklopediyaya malikik. Üstəlik,
onu get-gedə təkmilləşdirir, bir-birini əvəz edən
nəsillərimizin ixtiyarına veririk.
Əcdadlarının
köksündə pöhrələnmiş, yaradıcılığı
ilə yanaşı ictimai fəaliyyətini davam etdirən qələm
dostlarımı görəndə fərəh duyuram. Elçinləri,
Kamal Abdullaları, Nizami Cəfərovları onların sələfi
hesab edirəm. Onların həmin sahədəki
əməklərinin məhsulları ürəkdə
qürur doğurur.
Onlardan ən yenisinin birindən
söz açmaq istəyirəm: "Azərbaycan Tərcümə
Ensiklopediyası" Kimliyimizin yeni qolunun,
Ensiklopkdiyamızın bu olduqca böyük zəhmət tələb
edən yeni sahəsinin təşəbbüskarları və
zəhmətinə qatlaşanlar.
Redaksiya heyəti: Kamal Abdulla (Baş
redaktor), Anar, Leyla Əliyeva, Rüstəm Hacıyev, İsa Həbibbəyli,
Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə,
Möhsün Nağısoylu, Tofiq Nağıyev.
Zəngin məlumatlara
keçilməmiş tərcümə sahəsinin mütəxəssisləri
araşdırmalar dolu elmi məqalələriylə oxuculara bələdçilik
edirlər. Həmin
məqalələr bir-birinə qüvvə verib geniş oxucu
kütləsi üçün tərcümə sahəsinin
dünənindən bu gününə kimi geniş mənzərəsini
yarada bilir:
"Əsl bilik Xəzinəsi (Kamal
Abdulla);
"Tərcümə elm sahəsi
kimi" (M.Nağısoy, L.Əliyeva);
"Tərcümənin nəzəri
və praktik prinsipləri" (R.Əliyev);
"Tərcümənin fəlsəfi
əsaslarına dair (A.Rüstəmova);
"Tərcüməşünaslığın
predmeti və problematikası (A.Ələkbərli);
"Azərbaycanda tərcümə ədəbiyyatı
tarixi" (M.Nağısoy)
Kamal Abdullanın öz giriş məqaləsini
ulu öndərin tərcümə sahəsinə verdiyi
böyük əhəmiyyəti əks etdirən sözləriylə
açması Ensiklopediyanın elmi dəyərini bir az da artırır; "Qardaş ədəbiyyatların
çiçklənməsi və yaxınlaşmasının
çoxcəhətli prosseslərində
qarşılıqlı tərcümələr getdikcə
daha böyük rol oynayır. Bu milli mədəniyyətlərin
qarşılıqlı öyrənilməsi və zənginləşməsinin
böyük ictimai və siyasi əhəmiyyətə malik
qüdrətli vasitəsidi. Qeyd etmək lazımdır
ki, bu sahədə Respublikada az iş
görülməyib… Lakin bu sahədə indiyədək həll
olunmamış problemlər də az deyildi…"
Ulu öndərin və onun
davamçısının qayğısıyla həmin sahədə
dövlət səviyyəsində böyük işlər
görüldü. Xalqı üçün beynini gecə-gündüz
oyaq qoyan rəhbərlərin proqram əhəmiyyətli kəlmələri
bəhs etdikləri sahələrə toxum kimi səpilir və
tezliklədə bəhrəsini verir.
H.Əliyevin
Yazıçılar qurultayındakı
çıxışından sonra tezliklə dünya ədəbyiyatı
incilərindən ibarət kitabxana və Dünya uşaq ədəbiyyatının
seçmələrindən ibarət uşaq kitabxanası
işıq üzü gördü.
İlham Əliyevin fərmanları
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında tərcümə mərkəzi yaradıldı, sərəncamı
ilə "Kitabi-Dədə Qorqud"un
ilk nəşrinin alman dilində ilk tərcüməsi və
nəşrinin 200 illiyi qeyd edildi.
Bu cür yüksək
dövlət qayğıçı nəticəsində Azərbaycanda
tərcümə elm sahəsi kimi qiymətləndirildi, nəzəri
və praktik prinsipləri işləndi, fəlsəfi əsasları
təhlil edildi tərcüməşünaslığın
predmeti və problematikasına aydınlıq gətirildi. Azərbaycanda
tərcümə ədəbiyyatının tarixi M.Nağısoy
kimi görkəmli akademiklər tərəfindən müfəssəl
şəkildə tədqiq edildi. Təbii
ki, tərcümə sahəmizin salnaməsi də həmin
qayğıdan qidalanıb formalaşıb öz sahəsinin
Ensiklopediyasına, Azərbaycanımızın kimliyinə
çevrilmiş əsas Ana kitabın lazımlı, layiqli qoluna
çevrildi. Tərcümə
Ensiklopediyası oxucusunu əsl bələdçiyə
çevrilə bilib dünya səyahətinə apara bilir.
Həmin xüsusiyyəti onu dilimizə tərcümə
olunmuş dünya xalqları dilindən elmi və bədii əsərlərin
atlasına bənzətmək imkan da verir. Ensiklopediyanı vərəqlədikcə tərcümə
sahəsində zəngin xəzinəyə malikliyimizdən
qürur duyuruq. Tərcüməçilərlə
tanışlıq da bu sahədə
inkişafımızın təzahürünə
çevrilir. Vaxtilə bütün əsərləri
rus dili vasitəsiylə sətri tərcümələrdən
ərsəyə gətirən ölkəmizin bu gün
peşəkar tərcüməçi ordusuna malikliyi qürur
doğurur. Artıq Azərbaycan
oxucularına hər xalqın ana dilindən təcümə
olunan əsərlər təqdim olunur. Bu
sahədə də mütləq dövlət
qayğısından bəhs etmək lazım gəlir,
H.Əliyevin uzaqgörənliyi yada düşür. Dünyanın qabaqcıl Universitetləri ilə tələbə
mübadiləsi məhz onun dövründə
başlamışdır ki, Abbas Abdulla kimi Azərbaycan
oğulları Ukarynada, M.Mirosniçenko kimi ukarynalı gənclər
Bakıda yüksək dil təlimi keçə bilmişdi.
Nəticədə T.Şevçenko başda
olmaqla Ukrayna şairləri ukrain, S.Vurğundan, V.Nəsibə
qədər Azərbaycan şairləri doğma dilindən
oxuculara təqdim oluna bilmişdi.
Ensiklopediyanın bələdçi
məqalələrindən M.Nağısoyun "Azərbaycan
tərcümə ədəbiyyatı tarixi"ni xüsusi
qeyd etmək lazımdır (bizcə, müəllif tədqiqatlarını
genişləndirib, elmi işini monoqrafiya kimi oxuculara təqdim etsə daha
böyük xidmət göstərmiş olar).
Məqalədə ən
çox diqqət çəkən "Kitabi-Dədə
Qorqud dastanları"ndan gətirdiyi tərcümə
nümunəsidi. "Qurani-Kərim"in İslam dini tərəfindən
qadağan olunmuş dövrlərində belə bir faktın
araşdırılıb tapılmasını, həmin müqəddəs
kitabımızın tərcüməsinin təməl
daşı hesab etmək olar (həm də həmin tərcümə
obraz dililə, sərbəst şəkildə verilməklə
dövrün cəzalarından yan keçə bilmişdi).
"Kitabi-Dədə
Qorqud" dastanlarında "Qurani-Kərim"in 112-ci
(İxlas) surəsinin sərbəst, bədii tərcüməsinin
verilməsi tərcümə sənətinin Azərbaycan ədəbiyyatında
qədimliyini sübut edən başlıca və tutarlı dəlillərdən
biri sayıla bilər. Dastan qəhrəmanlarından Qazılıq
Qoca oğlu Yegnəyin dilindən Allaha müraciətlə
deyilən aşağıdakı sözlər mütəxəssislərin
yekdil fikrincə yuxarıda adı çəkilən surənin
məzmununa uyğun gəlir (Həmin fikir qorqudşünas,
tanınmış alim Samət Əlizadə tərəfindən
də təsdiq edilmişdi).
Yucalardan yucasan,
Kimsə bilməz necəsən, əziz
Tanrı!
Anadan toğmadan sən, anadan
olmadın,
Kimsə rizgin yemədin,
Kimsəyə güc etmədin.
Qamu yerdə əhədsən,
Allahı səmədsən!..
Ululuğuna həddin, sənin boyun-qəddin
yoq!
Ya cismlə cəddin yoq...
Aydınlıq üçün qurandakı
həmin surənin filologi tərcüməsini də veririk:
"De o Allah birdir, Allah
möhtac deyildir! O əzəldir, əbədidir! O nə doğmuş, nə
doğulmuşdur! Onun heç bir tayı-bərabəri də
yoxdur!".
Həmin dövrlərdə
dövrün zərurəti zamanın ziyalılarını ərəb,
fars dillərinə mükəmməl yiyələndirmişdir.
"Qurani-Kərim"ə ərəb dili vasitəsiylə
bələd olan belə ziyalılar və mücteyidlər yəqin
ki, dini mərasimlər zamanı yerdə qalan xalq kütləsinin
suallarına tərcümanlıq etmişdi. (Çünki həmin ənənə yas mərasimlərimizdə
davam etmədədir. Yüksək dini savad
görmüş mollarımız camaata şərhlər verməyində
davam edirlər).
Hörmətli akademikimizin
sözünə qüvvə kimi öz mülahizələrimi
də bildirmək istəyirəm. Məncə şifahi
xalq ədəbiyyatımızın bir qolu da şifahi tərcümə
sahəsi olub. Şahlar saraylarında əcnəbi
ölkələrin elçilərinə dilmanclıq etmək
üçün tərcüməçilər yetişdirib.
Qədim səyyahların Azərbaycanda
ünsiyyət görə bilməsinin özü də bir
növ bunu sübut edir. Bu cür tərcümanlardan
ingilislər, öz mənafeyləri üçün daha
çox istifadə etmişlər. İslamın
inkişafının qızıl dövrlərində onu
parçalamaq üçün öz missionerlərini ərəb
toplumlarının arasına salıb islamı parçalamaq
siyasəti yeritmişlər (ərəb qəbilələrinin
bütün dialektlərini bilən həmin missionerlərdən
Şeyx dini rütbəsinə yüksələnlər də
olmuşdu.
Öz məzmunlu elmi məqalələri ilə tərcümə Ensiklopediyasının geniş oxucu kütləsi üçün dəyərini artıran müəlliflərin hamısının xalqlar arasında tərcümə ünsiyyətinin yaranması barədə fikri eyni olmuşdur. Həmin ehtiyacı zaman özü doğurmuşdu. Bu gün demək olar ki, bütün xalqların dilində kifayət qədər alınma sözlər işlənir. Həmin kəlmələr də əsasən qonşu yaşadıqları xalqlarınkından ibarətdi. Həmin sözlər xalqlar arasındakı ictimai-siyasi-ticari münasibətlərin olmasından xəbər verir. Rusiya ilə qonşuluqda (hətta daxilində də) xeyli sayda türkdilli xalqların yaşadığı məlumdu. Bu da hər iki xalqın dilində söz mübadiləsinə də gətirib çıxarmışdı. Rus dilindəki dengi, kolbasa, loşat, sovet və s. sözlərin qonşu türk xalqlarından ticarətləri zamanı keçdiyinin sübuta ehtiyacı yoxdur. Ticarətdə ən birinci alıcı və satıcı arasında dəngə yaratmaq ehtiyacı çıxıb. Və dəngə rolunu ilkin zamanlar qiymətli metallar oynayıb, sonra onlar pula çevrilib. Qazaxların hazırkı pul vahidləri "təngə, ruslarınkı denqidir və eyni ehtiyacdan yaranıblar (Oljas Süleymenov bu sahədə bir az da irəli gedib, hətta Rusların ana dastanların birinin - "İqor polkunun dastanı", - türkdilli xalqlar tərəfindən yarandığı mülahizəsini irəli sürmüşdü "Halbuki bunu mədəni mübadilə hesab etmək daha uyğun olardı).
Azərbaycan Tərcümə Ensiklopediyasını son dövrümüzün ən yararlı, ən qiymətli məhsulu hesab etmək olar. Baş redaktor, akademik Kamal Abdullanın dediyi kimi: "Ensiklopediya yazmaq maraqlı olduğu qədər şərəfli işdi: bu kitab bir çoxuna ömürlük yaddaş olacaq. Onun vasitəsiylə yeni-yeni ədəbiyyat üfüqləri görünəcək. Hər bir Ensiklopediya kimi "Azərbaycan Tərcümə Ensiklopediyası" da əsl lirik xəzinəsi kimi yaşarıdı. Qiymətini minnətdar oxucu əlbəttə ki verəcək".
(Bu gün elmi, bədii əsərləri xalqların öz dilindən çevirə bilən tərcüməçi ordumuzun yarandığından söz açdıq. Onu da qeyd edək ki, iki böyük universitetimiz, Azərbaycan Dillər və Azərbaycan Slavyan universitetləri həmin sahə üçün, istedadlı kadrlar hazırlamaqla məşğuldu.
Onu da qeyd etdik ki, vaxtiylə əsərlərin çoxu rus dilindən sətri tərcümələr vasitəsiylə bədiiləşdirilmişdi. Nizaminin xəmsəsinin də fars dilli mütəxəssislərimiz sətri tərcüməsini S.Vurğuna, S.Rüstəmə, M.Rahimə təqdim etmişdi. Gələcək nəşrlərdə onların əməyi də qeyd olunsa yaxşıdı. Bir də mətinşünasların. Məlumdur ki, M.F.Axundzadə demiş, ərəb əlifbasında bir nöqtə xətası gözü kor, bir hərf Nadiri "nan" edir. şahnamələri, Xəmzəni nəşrə hazırlamış Rüstəm Əliyevin, Ziya Bünyadovun, Tahir Məhərrəmlinin (Əmir Xosrov Dəhləvinin "Xəmsə"sini o nəşrə hazırlamış, SSRİ Şərqşünaslıq İnstitutu çap etmişdi) əməyi də qiymətləndirilsin.
Bir də bu cilddə ancaq
Azərbaycan tərcüməçilərinin fəaliyyəti
özünə yer tapıb. Bizim yazıçı və
alimlərimizin əsərlərinin dünya xalqlarının
dillərinə tərcüməsinə yeni cild ayrılacaqmı?
Vaqif Nəsib Sarıhüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2018.- 20 oktyabr.- S.29.