Şahmat da bir sirr
kitabıdır
Deməli belə. Yəqin siz də zamanlararası səyahəti
xoşlayırsınız? Amerika kinorejissoru Vudi Allenin "Parisdə gecəyarısı" filminə
yəqin ki, çoxlarınız baxmısınız.
Filmin qəhrəmanı keçmişə
səyahət edir və 20-ci illərin Paris mühitinə düşür.
Orda Heminquey, Fitscerald kimi dahilərlə görüşür,
bu onun dünyagörüşünə
fərqli təsir göstərir. Fransız yazıçısı Qreqori Samakın "Sirr kitabı" romanı da keçmişlə gələcək
arasında tarixi bir marşrut cızır. Amma bu mətndə fləşbək
bəşəriyyətə fəlakətlər gətirmiş
Hitleri yetişdirən
bir topluma fokuslanır.
Yazıçı bu romanı italyan yazıçısı
Dino Bussatinin "Kolombr"
hekayələr toplusuna
daxil olan "Balaca zavallı oğlan" novellasına
hörmət əlaməti
olaraq yazıb. Boynuma alım
ki, Bussatinin adıçəkilən novellasını
romanın mütaliəsini
bitirəndən sonra tapıb oxudum. Xoşbəxtlikdən həmin kitab
mənim kitabxanamda var imiş.
Dəhşətli novelladır. Əslində Qreqori Samak italyan yazıçısının
novellasını romana
çevirib. Novellanın baş
qəhrəmanı Dolfi
adlı mağmın,
çəlimsiz, əfəl
bir uşaqdır, anası onu parka aparır, Dolfinin tay-tuşları parkda oynayırlar, bir-birlərinə
qaynayıb-qarışırlar. Dolfini isə özlərinə yaxın buraxmırlar, onu ələ salır, təhqir edirlər. Üstəlik, ona "Kahı"
ləqəbini qoşurlar.
Dolfinin ayaqları sısqa, çöp kimidir, qaçışda "dostlar"ından
geri qalır. O biri uşaqların tüfəngləri, oxları,
yayları var, Dolfininsə oyuncaq tüfənginə şəbədə
qoşurlar. Dəstənin başçısı ona yaxınlaşıb
"nə qəşəng
tüfəngin var, gəl səni yüzbaşı qoyaq"
- deyir və onu Valterin ordusuna
yüzbaşı təyin
edirlər. Dolfi sevincindən
uçur, həvəslə
öz işinə başlayır. İki
dəstə arasında
savaş başlanır,
dəstənin başçısı
yüzbaşı Dolfiyə
"hücum!" əmrini
verir, Dolfi bir anlıq özünü itirsə də cəsarətlə tüfənginə sarılıb
irəli atılır...
Bu dəm arxadan
vəhşi bir qəhqəhə qopur, sən demə, onun ayağını iplə dirəyə bağlayıbmışlar. Üzüstə yerə yıxılan
Dolfini vəhşicəsinə
döyürlər. Parka
anasının yanına
qayıdanda pal-paltarı
cırılmış, üz-gözü
qan içində idi. Anası onun bu halını görüb dəhşətə gəlir,
bu mağmınlıqla
oğlunun gələcəkdə
necə yaşayacağı
haqqında əndişəyə
qapılır. Parkda
gəzişən başqa
bir qadın da uşaqlardan gileylənir: "Ah, bu uşaqlar necə də nadincdirlər! Sağlıqla qalın, xanım Hitler!".
Artıq uşağın
kim olduğu
sizə bəlli oldu, əziz oxucu. Uşaqlığın davamlı travmaları
onun içində vəhşi, qaniçən
bir heyvan yetişdirdi və bu uşaq böyüyüb
bəşəriyyətin ən
qanlı diktatorlarından
biri oldu. İnsan uşaqlığını başqalarından
gizlədir, onu qaranlığa gömür,
çünki uşaqlıq
onun ən zəif nöqtəsidir.
Bəli,
Bussatinin hekayəsindəki
zavallı oğlan gələcəyin qanlı
diktatoru, hay-küyçü
alman "apostol"u
Adolf Hitlerdir. Hərçənd Hitlerin bioqrafları onun uşaqlıqda heç də aciz, fağır olmadığını, ağlı,
zəkası ilə yaşıdlarından seçildiyini
vurğulayırlar. Onun
həyatıyla bağlı
indiyədək mübahisəli
qalan, mifə çevrilmiş məqamlar
çoxdur, amma fakt budur ki,
Hitler oxuduğu məktəblərin
heç birində təhsilini tamamlamayıb,
istedadsızlığı üzündən Vyana Rəssamlıq Akademiyasına
da qəbul ola bilməyib.
Bu uğursuzluqların təfərrüatlarını onun bioqrafı Verner Mazer "Adolf Hitler.
Həqiqət, mif, əfsanə"
kitabında qələmə
alıb.
Qayıdaq "Sirr
kitabı"na. Romandakı hadisələr Hitlerin doğulduğu Braunau-am-İnndə də cərəyan edir. Təqaüd yaşına
çatmış tənha,
müdrik Elias Ayn bundan sonrakı ömrünü dinclik içində yaşamaq, taqətdən düşmüş
vücudunun nəhayət
ki, ona xain
çıxacağını və ölümün yetişəcəyini gözləmək
üçün bu şəhərdə özünə
ev alır
və ora köçür. Təzə evində
o, nəhəng yeraltı
kitabxana kəşf edir və bundan
sonra sakit, yeknəsəq həyatı
qeyri-adi hadisələr
burulğanına düşür.
Elias bu kitabxanada "Sirr kitabı"nı
tapır və bu kitabdan insanların
gələcək taleyini
oxuya bilir, zamanda və məkanda səyahət edə bilən bir insana çevrilir.
Romanda alman nasisti ilə
şahmat oynayan bir uşaq var,
o, yəhudidir. Bu uşaq
şahmat oynamağı
bacardığına görə
ölümdən qurtulur.
Alman zabiti həbs düşərgəsində
dustaqlara belə bir çağırış
edir: "Aranızda kimsə bu şahmat
taxtasında mənə
rəqib olmağa cəsarət etsə, ona mənim tərəfimdən azadlıq
veriləcək!".
Düşərgəyə sükut
çökür, təkcə
balaca Sof
şəhadət barmağını
qaldırır. Oyunun sonunda
bu cəsarətinə
görə onun həmin barmağı kəsilir, özü xilas olsa da
ailəsi hamılıqla
güllələnir. Elias onu Braunauda əntiq
əşyalar mağazasında
görəndə Sof artıq ölümə hazırlaşırdı.
Bu qocalardan savayı,
o rəzil illəri xatırlayan çox az adam qalmışdı. Eliasın evin
zirzəmisində kəşf
etdiyi zəngin kitabxana mənə böyük semiotik alim, yazıçı
Umberto Ekonun "Qızılgülün
adı" romanındakı
monastır kitabxanasını,
Elias isə kitabxananın
labirintlərində dolaşaraq
bütün sirlərin
qorunduğu kitabı axtaran Vilhemlə Adsonu xatırlatdı.
Hər iki əsərin sonunda kitabxana yanğın nəticəsində
(yanğını törədən
səbəblər fərqli
olsa da) yanıb külə dönür. Ümumiyyətlə, Qreqori Samakın "Sirr kitabı" Bussatinin novellasından təsirlənərək yazılsa
da romanda bir Eko havası
dolaşır. Əsər
sırf fentezi janrında yazılmasa da Eliasın yeni tanışı, şahmatda partnyoru olan Sofun uşaqlığına
səyahət etməsi,
Gettodakı rəzalətləri,
insanlığın üz
qarası olan cinayətləri öz gözləriylə görməsi
və yenidən bu günə qayıtması zaman və məkanda səyahət olaraq özündə fantaziya elementləri daşıyır.
Əsərin mahiyyətində bir etiraz ruhu
var. İnsanın talesizliyi
zamana bağlı bir varlıq olmasındadır. Elias və
Sof genosid
zamanına düşmüşdülər
və onlar nasizmin qurbanları idilər.
Romanda Marika ilə Tomas adlı iki yeniyetmənin
saf məhəbbəti
ayrıca bir xətt kimi işlənib. Marika şəhər merinin
qızıdır, Tomas isə
küçələrdə yatan bir səfildir.
Hər ikisi kitab oxumağı
sevir, Elias kitabxanadan ona bir kitab
bağışlayır, sevgilisi
Marika isə ünlü alman şairi Hölderlinin şeirləri yazılmış
vərəqləri onun
sığınacağına gətirir. Onlar saatlarla bir-birlərinə
şeirlər oxuyurlar.
Marikanın atası onların sevgisinə mane ola bilmir.
Tomas cəsurdur, çevikdir, qorxmazdır,
mübarizə aparmağı
bacarır. Onların həyatı
təhlükədə olsa
belə, maksimal dərəcədə həzz,
zövq almağa çalışırlar; ölümə
sevgiylə meydan oxuyurlar. Jorj Amadunun "Qum dəryasının
kapitanları" əsərində
belə bir yer var: Bir
gün azyaşlı cinayətkarların sığındığı
pakhauza yetim bir qız gəlir,
bu qız tezliklə səfil oğlan uşaqlarının
anasına çevrilir,
onların paltarlarını
yuyur, yeməklərini
bişirir və kapitanlardan birinə, Pedroya vurulur. Amma onların sevgisi elə bir kədərli
sonluqla bitir ki, bu haqda
nəsə yazmağa
gücüm çatmır.
Kitabı oxusanız, bu
hissəyə çatanda
göz yaşlarını
saxlaya bilməyəcəksiniz.
Düzdür, ədəbiyyatın insanı xilas etmək kimi bir missiyası yoxdur, amma mən
çox istərdim ki, Amadu Doronu,
ölüm anında sevgisini vurulduğu oğlana verə bilən bu fədakar
qızı ölümün
cəngindən xilas edəydi. Amma Amadu onu xilas etməyi bacarmadı, çünki
günahkar yazıçı
yox, cəmiyyət idi.
Qreqori Samakın
qəhrəmanlarının faciəsi isə Hitlerin qanlı siyasətinin günahıdır.
Yazıçı obrazların diliylə
zərərli ideologiyaları
və onların cəlladlarını, irqçilik
nəzəriyyəsini yayanları
lənətləyir, bütün
bu eybcərliklərin
qurbanlarını ölümü
üsyandan üstün
tutduqlarına görə
qınayır. Onlar
hadisələrə affektiv
reaksiya göstərirlər,
çünki taleləri
öz əllərində
deyil, onları idarə edənlər var.
"Sirr kitabı"
haqda yazıçı
belə deyir: "Bu əsər insanlığa
öyüd vermək niyyətindən tamamilə
uzaqdır. O, insanın
taleyilə bağlı
suallara toxunur. Bəzi tarixi hadisələr yaddaşlardan silinəndən
sonra bizi nə gözləyir?
Axı hazırda biz unutqanlıq prosesini yaşayırıq".
"Uşaqlarımız
bizim ucbatımızdan
keçmişi xatırlamayanda
biz harda olacağıq?".
Yazıçı bu romanı gələcək nəsillərin
keçmişi xatırlaya
bilməsi üçün
yazıb.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.- 20 oktyabr.- S.30.