Zəkulla Bayramlının yeni
kitabı təqdim olundu
Oktyabrın 9-da AYB-nin Natəvan klubunda filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlının “Füzuli...ve...” kitabının təqdimat mərasimi və imza günü keçirilmişdir
Tədbiri giriş sözü ilə açan filologiya üzrə elmlər doktoru, professor, şair Rafiq Yusifoğlu Füzuli poeziyasının cahanşümul məziyyətlərindən söz açmış və Füzulidən yazmağın çətinlik və məsuliyyətini diqqətə çatdırmışdır. Füzuli poeziyasının vurğunu olan və vaxtilə “Qəm karvanı” adlı poemasında Füzuli şeirinin incəliklərini əks etdirməyə çalışdığını bildirən
R.Yusifoğlu həmin poemadan bəzi misraları da söyləmişdir. Filologiya üzrə elmlər doktoru, “Ədəbi tənqid” şöbəsinin müdiri Vaqif Yusifli Zəkulla Bayramlının “Füzuli...və...” kitabında Azərbaycan füzulişünaslığının bir çox məsələlərinə yeni gözlə baxdığını və indiyədək aparılmış tədqiqatlardan çıxış edərək bu sahədə yeni söz dediyini qeyd etmişdir. Artıq səriştəli bir füzulişünas alim kimi özünü təsdiq edən Z.Bayramlının dəyərli kitabı haqqında dolğun və əhatəli bir məqalə ilə mətbuatda çıxış etdiyini bildirən V.Yusifli müəllifi bu münasibətlə təbrik etmiş və ona yeni yaradıcılıq uğurları arzulamışdır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli və “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova Zəkulla Bayramlının klassik ədəbiyyatımızın səriştəli və fədakar tədqiqatçılarından biri olduğunu vurğuladılar və onun bu işə, şəxsi maraq və bacarıqla yanaşı, tükənməz bir sevgiylə yanaşdığını da ayrıca qeyd etdilər.
Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktorları T. Salamoğlu və B.Babayev Füzuli və müasirləri, özündən sonrakı şairlərə onun təsiri, “qəlb şairinin” nəzirə yazdığı və ona nəzirə yazan şairlər, Füzuli və Nəsimi və özəlliklə, Füzuli və Axundzadə kimi mübahisəli mövzuların Z.Bayramlının kitabında tamam yeni prizmadan işıqlandırıldığını və olduqca maraqlı nəticələr çıxarıldığını vurğuladılar. Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktorları Ç.Sasani, S.Şamıoğlu, Q.Mirzəzadə, N.Qafqazlı, K.Hacıyeva, G.Babasoylu, Q.Qubadov və başqaları Füzuli yaradıcılığının bir çox aktual məsələləri: dahi şairimizin doğum tarixinin dəqiqləşdirilməsi, böyüyüb boya-başa çatdığı mühit, müasirlərinə yazdığı məktublardakı avtobioqrafik məlumatların incələnməsi, Füzulinin istedadlı nasir olması və s. kimi mövzulara müəllifin xüsusi diqqətlə yanaşdığını, füzulişünaslığın çağdaş tələbləri baxımından araşdırdığını qeyd etdilər.
Tanınmış şair O.Rza da çıxış etdi və Füzuli poeziyasının işığına yığışmış məclis iştirakçılarını bu müqəddəs məkanda – incə qəlbli xanım şairimiz Natəvanın adını daşıyan klubda poetik misralarla salamladı. Şair-tərcüməçi A.Azalp Z.Bayramlının bədii yaradıcılığından danışdı, onun “Səni kimə deyim, kimə söyləyim...” adlı kitabında toplanmış şeirlərinin bədii özəlliklərindən bəhs etdi və sevərək özbək dilinə tərcümə etdiyi həmin şeirlərdən birini oxudu.
Sonra kitabın müəllifi Z.Bayramlı özünün Füzuli sənətinə vurğunluğu ilə yanaşı, ali məktəbdə müəllimləri olmuş F.Bayramov, A.Sarovlu, S.Əliyev və X.Yusiflinin klassik ədəbiyyatımızı öyrənməkdə bələdçilik etdiklərini, S.Mümtaz, H.Araslı, M.Cəlal, M.Quluzadə, A.Rüstəmova, M.F.Köprülü, Ə.N.Tərlan, A.Qaraxan, Ş.Güngör və b. görkəmli füzulişünas alimlərdən bu gün də öyrənməkdə olduğunu qeyd etdi. Orta məktəb illərindən “Məni candan usandırdı...” qəzəlinin sehrinə düşdüyünü və hələ də o sirli-sehrli Füzuli misralarının möcüzəli təsir dairəsindən çıxa bilmədiyini deyən Z.Bayramlı bütün dövrlərin dahi sənətkarı haqqında yazdığı kitabının təqdimatına yığışmış insanlara öz minnətdarlığını bildirdi və sonda qonaqların kitablarını imzaladı.
Gülşən Sadıxlı
Ədəbiyyat
qəzeti.- 2018.- 20 oktyabr.- S.32.