Alnımda göynəyən güllə yeri..
Müşfiqin
ruhuna...
Daşkəndə qastrol səfərinə
yollanan Vaqif Mustafazadə pərdələr açılanda
zalda heç kimi görmür. Zalda yalnız müxtəlif yerlərdə tək-tək
əyləşmiş klub
nümayəndələri olur. Konsertə şövqlə,
həvəslə yollanan
Vaqif dəhşətli
sarsıntı keçirir.
Onu aldatmışdılar, xəyanət
etmişdilər. Konserti düzənləyənlər
proqram haqqında heç yerdə elan verməmiş, hamı Vaqifin Daşkəndə gələcəyindən
xəbərsiz olmuşdu.
Təsəvvür edirsiniz?
Vaqif piano arxasına keçir. Ürək
ağrısı ilə
zalda əyləşmiş
beş-altı adam üçün
"Əzizəmi gözləyirəm"
kompozisiyasını ifa
edir. Sonra musiqi sədaları
altında, Daşkənddə,
pianonun arxasında dünyasını dəyişir.
Bir yerdə qeyd edin, Vaqifi
paxıllıq, qısqanclıq
öldürdü!
Sonra dahini vətənə gətirdilər. Onu Fəxri Xiyabanda
dəfn etmədilər.
Mustafazadə Yasamal qəbiristanlığında
torpağa tapşırıldı.
39 yaşında, bunu da bir yerə
qeyd edin!
Aramızda o qədər
Aqqel var ki...
Kim deyib ki, həqiqət ilə yalanın, doğru ilə səhvin, yaxşılıq
ilə pisliyin savaşması nəticəsində
mütləq xeyir, mütləq doğru, mütləq yaxşılıq
qalib gələcək?
Onlar aramızda yoxdur. Kim hökm çıxarıb,
kimdir hakim? Bəlkə bu
cür dahiləri dəfn etməyin ən gözəl yolu atəşpərəstlər
kimi alov üzərində yandırmaq
və küləklərdə
dəfn etməkdir?
Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər...
İndi bütün mətbuatı
bürüyən skelet
fotolarını görüncə,
içim didim-didim olur. Ay camaat, Müşfiq
tapılıb... "Muxtar" hekayəsini qələmə alanda dənizdən sahilə doğru addımlayan, yaxasında rəqəmlər
görünən personajımın
Mikayıl Müşfiq
olması çoxuna məlumdur. Axı o rəqəmləri necə unutmaq olar? 1109...
Təsəvvürünüzə gətirirsiniz, kimsə sizə elə paxıllıq edir ki, içində partlayır. Durub danos yazır.
Həyatın, kainatın
gözəl olmasını
qələmə alan, şövqlə
onu dilə gətirən, həyat eşqilə aşıb-daşan
bir gəncin cəlladına çevrilir.
Ah, mən gündən-günə bu
gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
İnsanlardan qurtulmağın "ən
gözəl yolu" satqınlıqdı, xəyanətdir,
eləmi?! Qoy rədd olsun,
ölsün, gəbərsin,
güllələnsin, sürgün
olunsun, hə? Onlar isə əyinlərinə
efod geyinib müqəddəs insan cildinə bürünəcəklər.
Şeirlər yazacaqlar, tərifləyəcəklər,
alqışlayacaqlar, seviləcəklər.
İllər sonra isə
kəllə sümüyündə
iki güllə yeri olan sümüklər
aşkarlanacaq və onun nakam şair
Mikayıl Müşfiq
olması ehtimal olunacaq, eləmi? Mətbuat bu xəbəri PR xatirinə tirajlayacaq, insanlar ah, nalə ilə, kaş o olardı, dəfn edərdik, onun cismi torpağa qarışardı, ruhu dinclik tapardı, söyləyəcək.
Bəlkə, kim olursa-olsun, araşdırmadan, tədqiqat
aparmadan dəfn edək? Onun yox, bu dünyadan
getmiş Müşfiqin
ruhu yox, bizim - bizim narahat
ruhumuzun əvvəl-axır
dinclik tapması üçün!
Silahlar indi daha sərrastdır. Eyni anda
ard-arda atəş açmaq mümkündür.
Şəxs yerə yıxılmamış
havadaca dəfələrlə
güllələnə bilər.
Sizcə,
ikinci gülləni alnına vurana qədər Müşfiq ayaq üstə dayanmışdımı? Yoxsa əmrə müntəzir olan əslən azərbaycanlı
əsgər şair yerə yıxıldıqdan
sonra, şairin ölümünə əmin
olmaq üçün ona
yaxınlaşıb yenidən
alnından atəş
açmışdımı? Adam sağdır, ondan xəbər alın!
Ötən il Xızıda Mikayıl Müşfiqin xatirə evində olarkən bu məlumatla tanış olmuşdum. Deyirdilər, cəllad söyləmişdi
ki, mən əmr qulu idim.
Əmr olunmuşdu, mən də icra etdim.
Təsəvvür edirsiniz? Əli
bu qədər insanın qanına bulaşmış adam gecələr görəsən hansı
yuxuları görür?
Ümumiyyətlə, yatırmı? Məncə,
o, atəşi özünə
açmalı idi.
Bu iztirabı dəfələrlə yaşamamaq
üçün. Əmr quluydu,
eləmi?
Onlar təklər idi. Tək,
məğrur ağacları
ildırım birinci vurur!
XIX əsrin
ikinci yarısında
tam təsadüf nəticəsində,
tikinti zamanı sümüklər aşkarlanır. Məlum olur
ki, onlar dahi Dantenin qalıqlarıdır.
Dantenin Florensiyada olan qəbrinin sırf simvolik qəbir olması çoxuna məlum idi. Elə o səbəbdən də yerli orqanlar daima dahinin qalıqlarının
axtarışında idilər.
Hələ o zamanlar Mikelancelonun
papa X Levə etdiyi xahiş nəticəsində
papa Dantenin nəşinin
Florensiyaya gətirilməsini
əmr etmişdi.
Sarkovaq Florensiyaya gəlir... amma boş gəlir.
Elə o
vaxtdan boş qəbir üzərində
qurulan abidə səcdəgaha çevrilir.
Sadəcə, hamının pənah
gətirdiyi bir ünvan olmalıdır, axı. Qəbir boş olsa belə. İndi də hər
gün Florensiyadakı
boş qəbir üzərində tər,
qırmızı qızılgüllər
qoyulur. Sevgi xatirinə, ehtiram xatirinə... Ruhlar narahat deyil,
narahat olan yerdə qalan insanlardır. Əgər varsa,
sızıldayan vicdandır.
İlahi komediya...
"Portare la propria croce" - Quran ayəsi kimi səslənir... "Hər kəs öz xaçını özü daşıyır".
Bizim kimi... Alnımıza yazılıb sanki.
İmperiyalar aramızdan hansı
zəka sahiblərini,
Demiurqları qoparmadı
ki...Öz əlimizlə. Biz düşünmək istəmirik,
dedik. Bizə çörək verin, çörək.
Kimi istəsəniz satarıq,
xəyanət edərik.
Nə fərqi - cavan, yaşlı. Sonra deyərik
ki, filankəslər romantizm ədəbi cərəyanının nümayəndələri
olublar. Bu boyda realizm içində
romantika. "İblis"
sizi güldürsün!
Homer korluğu
istəyirəm bəzi
şeyləri görməmək
üçün. Dərd orasındadır ki, həqiqət elə işıqlıdır
ki, qaranlıqda da gözümü deşəcək. İndi "Olum,
ya ölüm" arasında vurnuxan insan kimi, ekspertizanın
keçirilməsini, bu
sümüklərin Müşfiqin
olmasının təsdiqini
istəyirəmmi?
Laqeydliyimizə, biganəliyimizə, əgər
odursa da bu vaxta qədər
onun tapılmasına cəhd etməməyimizə
ağlamaq istəyirəm.
Ey çılğın
küləklər, nəşəniz
daşarkən,
Bağların şehindən
mey sorub coşarkən,
Nalqıran dağları
atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara.
Könlümdə nə varsa, açayım dağlara!
Rerixin təsvir etdiyi dağlar kimi hər şey elə uzaq, elə sirli görünür ki. Yaxın, uzaq
keçmişin tükürpədici
aktları nə dəhşətli görünür,
İlahi. Adamın ağlı
çaşır. Pifaqorun eşitdiyi
kainat musiqisi sədaları altında bu nabələd, oyunbaz dünyada doyunca rəqs eləyəsən. Ölüm
xəbərini eşidən,
havalanan analar kimi...
Xəbər çıxar-çıxmaz Bakını
tozlu, dumanlı külək bir-birinə qarışdırdı. Ağacların qolu, budağı sındı. Qopmağa cürət
etməyən sarı
yarpaqlar himə bənd olmuş kimi ağaclardan ayrıldılar. Sonra süpürgəçilər
yollara axışdılar.
Payızın rəsmini çəkdiyi
təbiət yerə xalı kimi sərmiş yarpaqlara bir müddət baxa bildi. Sonra hər şeyi süpürdülər. Payızın izi-tozu da qalmadı.
Bircə
çılpaq ağaclar
şahid kimi qaldılar. Onları da kimdir dindirən.
Bəşər tarixində ilk dərin fikri dilə gətirən İov kimi mən də
hamının dilə
gətirdiyi eyni fikri təhrif etmədən təkrarlayacam. "Həyat
ədalətsizdir"!
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.-
2018.- 27 oktyabr.- S.3.