Zahid Sarıtorpağın
yeni romanı
"Quşların
intiharına ağlamayın"
Qəhrəmanı qadın
olan əsərləri oxumağı sevirəm. Müəllifin
hansı cinsdən olmasının önəmi yoxdur.
Əsas olan qadının iç nəzərlərindən
açılıb təhlilə cəlb olunmasıdır. Bizdə bu kontekstdə yazılan mətnlər
azdır. Xüsusilə, yeni dövr
qadınının obrazını yaratmaq cəhdləri
şeirimizdən fərqli olaraq nəsrdə o qədər də
funksional deyil. Çağın yenilənməsinə
uyğun, dəyişən, yeni qadın qəhrəmanın
prozaya adlamasının vacibliyini yazılarımda
sırası gəldikcə vurğulayıram. Zahid
Sarıtorpağın "Quşların intiharına
ağlamayın" romanı ehtiva etdiyi yeni nəsr elementlərinin
təcəssümü ilə bərabər, həm də
qadın obrazının yeni nəzərlərdən dərki,
bədii mətnə gətirilməsi baxımından diqqət
çəkir. Qaraqız nəsrimiz
üçün atipik obrazdır.
Romanın təhlilinə
keçməzdən öncə artıq uzun illərdir ədəbiyyatımızda
aparıcı olan pessimist, dekadans ovqat üzərinə bəzi
qeydlər etmək istəyirəm. Milli müstəqillik
dövrü bizim nəsr və poeziyamıza
çöküş əhvalının bədii təzahür
şəkli kimi gəldi. Bunun səbəbləri
haqda çox danışmağa lüzum yoxdur. Zamanın portretinin təhlükədə olduğu
bir dövrdür, hələ üstəlik, milli insanın
torpaq ağrısından tutmuş sosial-psixoloji
acılarına qədər çox məqamı içinə
alır. Qeyd edim ki, bizdə dekadans
çalarlar əsasən poeziya üçün daha xarakterik
oldu, nəsrdə bu, o qədər də hiss olunmadı.
Çünki nəsr poeziyadan fərqli olaraq
gerçəklərin təsvirinə o qədər də
köklənmədi. Poeziyada postmodernist təmayülün
şərtlərindən irəli gələn gerçəkliyin
boz, boyasız təsviri önə çıxdısa, nəsrdə
simvolikaya meyil, retrospeksiya halları, zaman sıçramalarının
işləkliyi əsas istiqamət kimi qabardı. Zahid Sarıtorpağın romanı ilk növbədə,
bunların məcmu şəkildə təcəssümü
baxımından səciyyələnir. Yəni
burada həm simvolika var, həm realist yanaşma və
bunların son dərəcə bədbin çalarda
inikası.
"Quşların intiharına
ağlamayın"... İntihar adını
başlıq seçən bir əsərdən başqa ovqat
da umulmaz, əslində. Hələ üstəlik,
həyatımız, gündəlik yaşamımız intihar xəbərləri
ilə doludursa, ədəbi talelərini intiharla sonuclayan
yazarlar varsa. Deməli, faktura və problematika
müasirlikdən, çağdaş dövrün aktuallığından nəşət
edir.
Roman sərt təsvirləri,
tutqun naturası, bədbin atmosferi, neqativ səciyyəli
müşahidələrin bolluğu ilə diqqət çəkir. Müəllif
baş verənləri ailə-məişət çərçivəsində
təsvir etsə də onu qara, tünd haşiyəyə
alıb canlandırır. Əsərdə
zaman parçalanması, irəli-geri dönümlər yoxdur,
amma müəllif keçmişi məqamlar, xatirələr
şəklində indiki zamanın içində təqdim
edir. Qəhrəmanın
şüuraltında daim keçmişdən gələn
yanıq yeri boy verir, onun təhkiyə və düşüncə
ardıcıllığının pozulması psixopatoloji hal
kimi özünü göstərir. Müəllif
Qaraqızın keçmişdə yaşadığı
hisslərini illüstrasiya etməyə
çalışır. Onun üzləşdiyi,
ətrafında cərəyan edən proseslərə müəllifin
etik mövqeyini görməmək mümkün deyil. Bu mövqe, əslində, ayrı-ayrı tale və
xarakterlərə deyil, bütövlükdə həyatın
özünə münasibətdə daha aktual vurğu kəsb
edir.
Əsər Qaraqız
adlı obrazın həyatında baş verən hadisələrin
təsvirinə yönəlib. Onun
uşaqlığında aldığı intim travmalar, on
üç yaşında ikən qonşu oğlanlar tərəfindən
təcavüzə uğradılması bədii boyalarla
canlandırılır. Uşaq ikən arzularından
yıxılan Qaraqızın aldığı zədə onu
ömrü boyu müşayiət eləyir:
"Uşaqlığım, yeniyetməliyim yad sərnişinlərlə
dolu bir qatar kimi keçdi məndən, bir qatar kimi... Amma
Pirqasımlı yolundakı quşlar sayağı
çırpmadım özümü ona, intihar etmədim, edə
bilmədim...". Həyatının
sonrakı axarını tənzimləyə bilmir,
keçmiş kabus kimi onu izləyir. Tək
keçmiş yox, qarşılaşdığı insanlar
ondakı çöküşü dərinləşdirə-dərinləşdirə
gedir: "Bütün ömrüm boyu bir nəfər də
olsun təmiz adama rast gəlmədim mən bədbəxt, rast
gəlmədim! Qismətimə ancaq əclaflar
çıxdı, əclaflar, əclaflar!..". Amma Qaraqızı nədənsə,
düşdüyü duruma qane görürük. Çünki buna əks davranışı ilə
qarşılaşmırıq əsərdə, üsyan
etdiyini görmürük. Ümumiyyətlə,
bu obraz daha çox ziddiyyətilə qəribə
görünür oxucuya. Onun içi ilə
yaşamı kontrast yaradır. Savadlı olmasına, dil
biliklərinə rəğmən sadəlövh davranır,
onu aldatmaq, hissləri ilə oynamaq çox asandır,
uşaqlıqda aldığı zərbədən
sarsılaraq evlənmə təkliflərini rədd etməsinə,
kişilərə nifrətini vurğulamasına rəğmən
ailəli olan Xəlillə qeyri-rəsmi münasibətdən
zövq alır, ədalət axtardığı, insanların
əclaflığından şikayət etməsinə rəğmən
bu alçaqlığı daşıyan insanların mənəviyyatsız
əməllərini qəbul edir, onlara qarşı
etirazını görmək olmur. Bu arada qeyd etməyin
yeri var, yazıçı Qaraqız obrazının daxili təlatümlərinə,
psixoloji dərinlərinə bir qədər artıq
nüfüz etsəydi, obraz daha bütöv təsir
bağışlayardı. Amma nədənsə,
Qaraqızı daha çox cismani istəklərinə tutqun
biri kimi görürük. Müəllif
Qaraqız obrazını bütün çalarları -
psixoloji, mənəvi, cismani duyum və ziddiyyətləri ilə
yaratmağa çalışmır. Onun təkliyi
oxucuda dərin təəssüf hissi yaratmır. Əvəzində
həyatda tutuna bildiyi zərrə qədər belə dəyəri
olmayan, anasının ölümünü etinasız
qarşılayıb evə getməyən, arvadına hörmət
etməyən, oğurluğa belə meyil edən,
insanların hisslərindən sui-istifadə edib
başını girləyən Xəlil obrazını müəllif
daha dolğun çalarla əks etdirməyə nail olmuşdur.
Qaraqızın isə içində qövr edən
kədərə xüsusi vurğular edilir, fəqət əzabları,
tərəddüdləri, çıxılmazlığı
iri planlarda göstərilmir, psixoloji kontekstdə
açılmır.
Qaraqız hər dəfə
dibinə qədər batdığı bu məişət
bataqlığından ayaqda durmağa güc tapa bilir. Buna səbəb
uşaqlıqdan ona inam ruhunda böyüdüyü Pir sevgisi,
ona sığınma rahatlığı olur. Qaraqız daim Aşur baba ilə dialoqdadır. Zahid Sarıtorpağın mətnlərində adətən
söyləm-diskursun təşkili gerçəkliklə rəmzlərin
birləşməsi, qarışımı şəklində
baş tutur. Mətndəki personajın həyatında
iz salmış hansısa hadisə - qeyd edək ki, bu daha
çox onu zədələyən amillər olur, - onun
yaddaşında dağınıqlıq, içəçəkilmə
yaradır. Bütün mətn boyu oxucu əsərin
struktur-semantik qatlarına tətbiq edilmiş bu ikili modelin izi
ilə hərəkət etməyə yön alır. Qəhrəmanın daxili çabalamalarındakı
məntiqsizlik, fraqmentarlıq, özünəironiya halları
da bundan doğur. Yaşam halı ikili
"mən" müstəvisində qərar tutur. Onlar üçün mənəvi ritm, düzən
ardıcıllığı, ruhsal harmoniya çoxdan qüvvəsini
itirib. Qaraqız obrazı da təhtəlşüurunda
daim keçmişi ilə vuruşur, baş verənlərdə
yalnız uşaqlıqda aldığı zədəni
günahkar bilir. Bu hal onun gələcək
bütün arzularının üstündən xətt
çəkməyə məcbur edir. Amma
bir məsələdən başqa. O, cismani şəhvət,
cinsi həvəsinə yox deyə bilmir, uşaqlıqdan dayəlik
etdiyi Gilənarla gizli münasibət qurur. Oxucu
bunu Qaraqızın kişilərə qarşı nifrəti mənasında
qəbul edə bilərdi. Amma Xəlil məsələsi
olmasaydı. Maraqlıdır ki, kişilərə
nifrət ruhu ilə böyüyən Qaraqız Xəlilin
gözlərini görən kimi onun ovsununa düşür,
özü onu cinsi münasibətə təhrik edir. O, mənəvi
dünyasında hökm sürən səssiz təklikdən,
tənhalıqdan özünü gah Gilənar, gah Xəlillə
ovudur. Nəyə isə sonadək inanmaq istəyir.
Amma bu, ruhsal tutunma səviyyəsində baş
vermir. Qaraqızın
bağlandığı bütün ünvanların
altında daha çox cinsi istəklərini doyurmaq dayanır.
Hər halda bunu qəhrəmanın
uşaqlıqda aldığı travmanın qisas müstəvisinə
keçən aqibəti sanmaq olar. Qaraqız
keçmişdə yaşadığı bədbəxtliyin
qisasını bütün sonrakı həyatından alır,
həyatının sonrakı axarını istədiyi kimi
yaşamağa qərar verir. Ümumiyyətlə,
Zahid Sarıtorpağın romanında bütün qadınlar
azaddır. Qərarlarında, seçimlərində
sərbəstdir. İstədiyi məkanda,
istədikləri şəxslə yaşamaq ixtiyarı
onların öz əlindədir. Həyata
daha praqmatik nəzərlə baxırlar. Bircə
Qaraqızın içində Aşur baba ilə bağlı
nigaranlıq var. Uşaqlıqdan bu ocağa inam ruhunda
böyüyən, başına açılan oyunlara da onunla
təhdid edilməsinə görə susan,
böyüdükdən sonra belə Aşur baba ilə daim mənəvi
irtibatda olan Qaraqızın insanlıq keyfiyyətlərinin
saxlanc məqamı elə bu ocaq olur. O, qaldığı yerə
sədaqətlidir, dünya malına nəfsli deyil (Xəlilin
borc üzündən sıxışdığını
görəndən təmənnasız ona pul verir, yaxud sonradan
Xəlil onun pulunu oğurlayanda bunu özünə o qədər
də dərd eləmir), intihar etmiş boz
sığırçınların ətini yediyini biləndə
ikrah edir. Bütün bunlar əsərdə
Qaraqızın mənəvi olaraq tapındığı
ocağın təmizliyindən qaynaqlanır. Bunun belə
olduğuna, həm də ona görə inanırıq ki,
sonradan - Qaraqızın içindəki Aşur baba ilə
bağlı "mif" dağılandan sonra bu keyfiyyətlər
də düzənini itirir sanki. Quşların ətini
yediyini biləndə dəhşətə gələn
Qaraqız bu dəfə özü qohumu Rzanı quş ətinin
çığırtmasına dəvət edir. Heç tərəddüd etmədən ona məşuqəlik
təklif edən Ağanın nömrəsini yığıb
yeni bir münasibətin başlanğıcının
qoyulacağına inandırır oxucunu.
Romandakı Aşur baba, pir,
ocaq arxetipləri öz ənənəvi çalarında -
rituallar vasitəsilə insana təsir etməyə qadir
fövqəltəbii amil hesab olunur. Amma təmizlik,
qurtuluş simvolu kimi qabarıqlaşa bilmir.
Çünki insanlar daha çox bulanıblar, roman boyu sətirlərin
arasından ruhu korlanan, mənliyi heçsizləşən,
insani dəyərlərini itirən insanlar boylanırlar və
onların
günahlarla dolu həyat tərzi
irili-xırdalı qırıq taleləri ehtiva edir
özündə. Bütün insanlar kirlənib, heç kim təmiz deyil. Əsərdə nə təmiz
sevgiyə, nə də təmiz ailə, dost, qohum münasibətinə
rast gəlmək olur. Hamı bir-birinə xəyanət
eləyir. Bacısı Minaxanımın əri Ələddin
nişanlı ola-ola pozğun bir qadınla gəzir,
Minaxanım özü yeniyetmə çağlarında
dükançı İslamın oğlu Qədirlə
görüşüb, Xəlil ailəli ola-ola Qaraqızla
görüşür, Rza ev sahibinin xanımı
Şövqiyyə xanımla əlaqədədir, Xəlil
arvadının kimləsə görüşməsindən
şübhələnib onu boğur, Rza arvadının kimləsə
münasibəti olduğundan duyuq düşür, Gülənar
xarici rəfiqəsi ilə eynicins münasibətdədir.
Qaraqızın anası dörd il nişanlı olduğu
oğlanı qoyub onun atasına qoşulub qaçır,
atası isə bibisi qızını - bir ilin gəlinini atıb
onun anasını alır.
Əsərdə heç kim eşqdən yarımır, müəllif
belə bir sevgini təsvir etməyə
çalışmır da. Burada üz tutulan yeganə
ünvan, saflıq, təmizlik rəmzi Aşur baba ilə
bağlı rəvayət ola bilərdi ki,
çox keçmədən onun da puç olduğu deyilir. Məlum olur ki, qovuşmamaları səbəbindən
zəhər içib özünü öldürən
sevgilisindən sonra mağaraya çəkilib qırx gün
sonra ölən Aşur babanın belə həm sevdiyi
qadının kiminləsə münasibəti olub, həm də
özü Siranuş adlı erməni qadının fitnəsinə
uyub. Belə, zəncirvari xəyanətlər silsiləsi... Müəllif əsərdə
bir nəfəslik saxlamır ki, ordan azacıq da olsa
işıq düşə bilsin.
Hər kəsin də aqibəti
öz tutduğu yola uyğun sonuclanır. Hidayət vicdan əzabına
dözməyib dünyasını dəyişir, qızı rəfiqəsi
ilə birlikdə Almaniyaya (eynicinslilərin azad olduğu yerə!)
köçür, Rza pul, var-dövlət ardınca xaricə getməyi
planlaşdırır, Xəlil arvadını
öldürüb həbs olunur. Bu mənada əsərdə
Məkan dəyişmə xətti qabarıqdır. Hamı olduğu evi, məkanı, ölkəni tədricən
tərk eləyir. Hətta ölüləri
belə başqa qəbiristanlığa
köçürürlər. Pirin belə
yeri dəyişir. Bu məqam əsərdə
heç nəyin əbədi olmaması mənasında
anlaşılır.
Zahid Sarıtorpaq bu əsərində
də simvolikaya meyillidir. Mistik elementlər, müəyyən anlam yaradıcı
detallar, rəmzi mənalandırmalar: kvadratların içinə
çəkilən ölü kəpənək rəsmləri,
intihar edən boz sığırçınlar, yalqızlar
Piri, tabut, cürbəcür smaillər, gülümsəyən
dodaqlara oxşayan balıq cizgiləri, tüstülü
şamlar, "X" hərfləri, tufanın göyə
sovurduğu qızılgüllər, nakamlar qəbiristanlığı,
başdaşına qonan xardal rəngli çəyirtkə.
Müəllif həyatın faniliyini,
son problematikasını və həyatdan, əzablardan
qurtuluş yolunu daha çox uçan canlıların
nümunəsində metaforikləşdirir: "Bax, Pakizə,
göyün üzü çox dolaşıqdı,
çox... Fikir versən görərsən ki, orda həmişə
ley qaranquşdan qorxur, qaranquş sərçədən
qorxur, sərçə də leydən... Heç
ordan baş açmaq olur ki? Orda da hər
şey dolaş-bulaşdı... orda dinclik nə gəzir, Pakizə,
rahatlıq hardadı, a zalım qızı?"...
Baxıram daa, nə bilim niyə baxıram... Bəlkə
elə bilirsən mən qarışqayam, hə? Qarışqa kimi ölümqabağı qanad
çıxardıb uçub gedəcəm göyün
üzünə, hə?"
Müəllifin əsərin
epiqrafında yazdığı "bilirəm, bu gün nəinki
quşların, hətta "doğru"yla
"oğru"nu bir-birindən ayıran "d" hərfinin
də intihar etdiyini eşitsəniz, yenə
gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək..."
- fikri də lirik nəsr poetikasına uyğun metafora kimi səslənir.
Bununla da müəllif oxucunun əsərdə
emosional, gözlənilməz səhnələrlə
qarşılaşacağına eyham vurur. Romanda
həmin məqam gəlir, adamlar intihar xəbərini adi
qarşılayırlar, intihar edən quşların ətini
bişirib yeyirlər. Özü də bu ətlər
Pirin qarşısında satılır, kabab bişirilir.
Mövlud Süleymanlının "Dəyirman"
əsərinin məlum motivlərini xatırladır bu
situasiya. Orda un üyüdülən
yeri kababxanaya döndərirlər, burda Pirin yanında quşların
ətini bişirib satırlar. Bütün
hallarda tənqid predmeti insanların laqeydliyi, kütləşməsi,
etinasızlığıdır. Maraqlıdır
ki, əsər boyu müəyyən həssas məqamları
ilə diqqət çəkən Qaraqız da getdikcə
laqeydləşir, içindəki mərhəmət
duyğusunu itirir. Öncə akvariumdakı
balıqların yerə töküb onların
çabalayıb ölməsindən ləzzət alır,
sonda isə intihar edən quşların ətini heç bir
ağrı hissi yaşamadan bişirməyə həvəslənir.
Onu da deyim ki, əsərdə
mətləbin rəmzlərlə təcəssümü
gerçəkliyə bədii nüfuzu üstələmiş,
konkret hissi ifadəyə əsaslanan estetik təhlili kölgədə
qoymuşdur. Əks təqdirdə problemin sosial-mənəvi,
psixoloji qatlarına enməyə, daha dolğun təcəssümünə
nail olmaq olardı.
Əsərdəki bəzi
kodların etiologiyası oxucunu müəllifin digər əsərlərinə
yönəldir. "Dərdin sarı çəpkəni"
romanında göyərçinin Bulud müəllimin
gözünə çırpılıb onun görmə
qabiliyyətini bərpa etməsi faktı ilə
qarşılaşmışdıq. Bu
romanda isə quşlar qurtuluş, nicat deyil, son aqibətinin
simvolu olaraq mənalanır. Quşların
intiharı romanda həyata, yaşamağa üsyanı
metaforikləşdirir. Onlar bu dünyada
yaşamaq istəməyib özlərini yoldan keçən
maşınlara çırparaq intihar edirlər. İnsanlar isə çırpılmağa ünvan
tapmırlar. Əsərdə heç bir
obraz intihar etməsə də daim harasa çırpılaraq
yaşayır. "İki damla göz
yaşı yanağına süzülüncə, kitabı
qapayıb üzüquylu yatağa sərələndi. Sonra qalxıb pəncərədən Bakının
bozaran, cansıxıcı göylərinə baxdı. Elə bil özü də inanmağa
başlamışdı ki, Yer üzündə
çıxış yolu tapmasa yönünü göylərə
tutmalıdı. Amma necə? Nə təhər? Babasının
köməyiləmi? Yoxsa qanad
çıxardan qarışqaya dönməyin yollarını
axtarmalıydı? Bəlkə boz
sığırçın olmağı sınasın elə?
Budağamı çıxsın, damamı
dırmaşsın bəs? Bəs harda, necə
başlasın uçmağa? Lap deyək ki, uca bir yerə
çıxa bildi, qanadlarının olmasına necə
inansın? Gücü çatarmı buna?
Deyək ki, lap uça bildi. Bəs uçub çırpılmaq? Çırpılmağa yer varmı? Onun kimi
sadəlövh, hamıya inanan bir adamın damarında
daşıdığı, əslindən, nəslindən gələn
isti, pak qanını axıtmağa təmiz bir yer yoxdusa,
dünya başdan-başa murdarxanadı demək..."
Əsərdə yazıçı
Qaraqızın oxuduğu bir əsərin adını çəkir:
Toni Morrisonun "Masmavi gözlər" əsərinin. Hər iki əsər arasında göndərmələr
mövcuddur. Məsələn, Morrisonun
romanında da baş qəhrəman qadındır. O da
uşaqlığında təcavüzə uğrayaraq zərbəsini
ömrü boyu daşıyır. Həmçinin özü
zənci olduğundan ağ dəri və
mavi gözlər arzusu ilə yaşayır. Zahid
Sarıtorpağın romanında da əsərin qəhrəmanı
Qaraqız gözlərə həssaslığı ilə
diqqət çəkir. O, Xəlili ilk
gördüyündə gözlərinə vurulub ona əsir
düşür. Düzdür, bizim romanda qəhrəman
zənci deyil. Amma adının Qaraqız
seçilməsi də təsadüfi deyil
düşünürəm. Bunu, həm də
bəxtinin qaralığına işarə mənasında
anlamaq olar. Bütün bu sadalananlar
"Masmavi gözlər" əsərinin romana nahaqdan
salınmadığını göstərir. Bir məsələni də qeyd edim ki, "Masmavi
gözlər" əsəri feminist roman sayılır.
"Quşların intiharına
ağlamayın" əsərində də feminist
çalarlar mövcuddur. Bu əsərdə bütün qadınları azad
görürük.
Romanda çağdaş dünyanın bəlaları, insanlığın düçar olduğu fəci hallar obrazların yaşamında təsvirini tapır. Narkotik, lezbiyanlıq, insanların dünya nəfsinə uyaraq dəyərlərini itirməsi... hər biri əsərdə çöküş ruhunun yaranmasını stimullaşdırır. Zahid Sarıtorpağın "Qarğa marşrutu" romanında qəhrəman anasının laqeydliyindən əziyyət çəkirdi. Bu əsərdə isə əsas obrazlardan olan Xəlilin anasına qarşı heyrətamiz etinasızlığı ilə qarşılaşırıq. Ümumiyyətlə, yazıçı sosial, mənəvi problemlər qaldırmaqda davam edir. Əsərdə bir şəxsin taleyindən yola çıxaraq müxtəlif məsələlər - insanın nəfsi, cinsəl azadlığı, sosial problemlər, cəmiyyət bəlaları, "ağ ölüm"- narkotik, insan xislətinin naqis tərəfləri, məişət pozğunluqlarına vurğu salınır. Maraqlıdır ki, bir-birini əvəzləyən bu yarıtmaz hallar növbə ilə açılır, müəllif sanki iri bir sap topasının ilgəyini sökə-sökə mahiyyətin çılpaq nüvəsinə çatmaq istəyir. Ordan o yana isə həyat yoxdur, boşluq var, həyata üsyan var, intihar anı var.
"Quşların
intiharına ağlamayın" həyata, gerçəklərə,
insan xislətinə fərqli tərəfdən nəzər
yetirən, ciddi mesajlar ötürən əsərdir. Müəllifin
rəvan və canlı təhkiyəsi, oxucunu emosional
boyaların cazibəsinə salmaq, kövrək intonasiya
çalarları ilə yüklü məqamlara toxunmaq məharəti
isə romanın uğurunu şərtləndirən əsas məziyyətlərdəndir.
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.-
2018.- 27 oktyabr.- S.4-5.