"Bəngü-Badə"nin dumanı və həqiqətləri...

 

Bütün Şərq mədəniyyətinin, o cümlədən müsəlman mədəniyyətinin koordinatları ilə gəzərkən görürsən ki, bu mədəniyyətin möhtəşəmliyi başdan-ayağa gözəl, heyrətamiz cazibədar sirr düyünlərilə naxışlanıb: bu düyünlərin zahiri bir dünyanı danışır, təmsil edir, şəkilləndirir, batini - ayrı bir dünyanı. Müsəlman mədəniyyətində heç heç vaxt özünə tam adekvat deyil. Çünki işarə, eyham, simvol mənanı elə dərinliklərdə aparıb gizlədir ki, onu aşkarlamaq, faş etmək, bəyana gətirmək hər tədqiqatçının bəxtinə yazılmır.

Mirzə mənim qardaşımdır. Ancaq bu fakt həqiqətə mane ola bilməz. "Bəngü-Badə"nin sirr düyünlərini açmaq onun ömrünə düşmüş bir tale naxışı. Məncə, Mirzə elə bir tədqiqat işi yazıb ki, bu araşdırma Azərbaycan ədəbiyyatşünaslığı sənətşünaslığı üçün lokal bir hadisə olub, bir kəşf olub, bir ilk olub. Onun "Füzulinin "Bəngü-Badə"sindən görünən tarix" adlı kiçik monoqrafiyası sanki pərdəni sirlərin üstündən ehmalca, çox ehtiyatla götürür həqiqətin "rüxsarını" (çöhrəsini) niqabi-qeybdən bizə görükdürür. Müsəlman mədəniyyətində qeyb aləmilə gerçək dünya həmişə şəffaf bir sərhəddə qarşı-qarşıya dayanıb bir-birinin üzünə dua oxuyurlar. Mirzə əsl səriştəli bir tədqiqatçı kimi araşdırmasının səhifələrində "Bəngü-Badə"nin qeyb aləmini bəyana gətirməyi özünə bir borc, bir missiya bilib. "Bəngü-Badə"nin qeyb aləmi faş olanda isə klassik Şərq poeziyasının sonuncu ən böyük söz ustadı, Azərbaycan şairi Məhəmməd Füzulinin qısa bioqrafiyasına şəxsiyyətinə bir işıq düşür, Füzuli irsini öyrənənlər üçün bir sıra məqamları dəqiqləşdirmək imkanı yaranır.

Bu yolda Mirzənin bələdçisi Almaniyada nəşr edilmiş "Türk miniatürləri" toplusunda təsadüfən tapdığı 1599-1600-cü illərə mənsub balaca bir miniatür olub. Tədqiqatçı faktlara istinadən müəyyənləşdirib ki, Azərbaycan təsviri sənətinə aid bu boyakarlıq nümunəsi dahi Füzulinin "Bəngü-Badə" poemasının hadisə personajlarını, onların münasibətlərini tarixi-faktoloji paralellər müstəvisində şəkilləndirir. Bu miniatürü bütün rəsm təfərrüatlarına qədər öyrənə-öyrənə, orada təsvir edilən şəxslərin fiqurlarını poemanın alleqorik obrazları birbaşa tarixi simalarla tutuşdura-tutuşdura, geyimlərin, jestlərin, rənglərin, müxtəlif cür atributların semantikasına vara-vara Mirzə çox unikal nəticələrə gəlib: o göstərib ki, "Bəngü-Badə" Səfəvi tarixində ən qanlı olayın - Çaldıran qovğasının gedişatını, savaşdan öncə cərəyan edən prosesləri, bu proseslərin iştirakçılarını alleqorik üslubda güzgüləyir. Üslub alleqorikdir; bu, doğru, amma poemada məktublarla danışan real bir tarixi faktura da var. "Bəngü Badə" Çaldıran döyüşünə, türk tarixinin iki ulu hökmdarının siyasətinə, xarakterinə, hadisələrin mahiyyətinə Füzulinin intellektual-emosional reaksiyasıdır.

Mirzə tədqiqatında sübut eləyir ki, Füzulinin poemasında Bəng (Nəşə) - Şah İsmayıl Xətaini, Badə (Çaxır, şərab) - Sultan Səlim Yavuzu, Buzə (Pivə) - Ubeydullah xanı, Nəbid (Xurma şərabı) - Piri Paşanı, Əfyun (Tiryək) - Məhəmməd xan Ustaclunu, Noğul isə osmanlı ordusunun ən dilavər pəhləvanı Əlibəy Malquçoğlunu rəmzləşdirir; miniatürdə isə bu şəxslərin hər birinin portreti sanki  sufi məclisində bir araya toplaşıblarmış kimi görüntülənir. Mirzə "Bəngü-Badə"yə çəkilmiş miniatürdə hər bir xırdalığı təhlil edə-edə bizi inandırır ki, oradakı portretlər tarixi şəxsiyyətlərə (Şah İsmayıl Xətai, Sultan Səlim Yavuz) məxsusdur onları asanca tanımaq mümkündür. Hətta Mirzə bu personajlar arasında Füzulinin öz portretinin yer aldığını təxmin eləyir.

Amma mən miniatürdə portretləşən "Bəngü-Badə" iştirakçılarının hamısını bir-bir sadalamadım, boyakarlıq nümunəsində sufi simvollarının semantikasını axıracan açıqlamadım. Daha hansı tarixi şəxsiyyətlərin Füzuli poemasında bu poemanın motivləri əsasında çəkilmiş miniatürdə necə, sayaq, hansı cizgilərdə görükdürüldüyünü bilmək, sufi semantikasının "Bəngü-Badə" mətnində rəssam təsvirində dərəcədə mühüm yer tutduğunu öyrənmək  istəyirsinizsə, Mirzənin faktoloji materiallarla zəngin tədqiqatını oxuyun.

Yox, elə güman etməyin ki, bu, sadəcə, tarixi paralellər, oxşatmalar ya hermenevtik yozmalardır. Əsla. Mirzə çoxsaylı tarixi ədəbiyyatdan, Səfəvi dönəminə dair tədqiqatlardan, birbaşa tarixi materiallardan bəhrələnərək göstərir ki, Füzulinin "Bəngü-Badə"si konkret artefaktlar əsasında qələmə alınıb ilahi eşq şairinin Səfəvilər çağında türk dünyasının tarixi şəxsiyyətlərinin bütün məktublaşmalarından dəqiq müfəssəl məlumatı olub. Bu dəlil ya Məhəmməd Füzulinin gənc yaşlarında Şah İsmayıl Xətaiyə, onun sarayına, Çaldıran döyüşü ilə bağlı hadisələrin periferiyasına deyil, məhz mərkəzinə son dərəcə yaxın olduğunu, ya da ona sənədlərin kim tərəfindənsə təqdim edilib poemanın sifarişlə (hər hansı bir məqsədləsə) yazdırıldığını isbatlayır.

Bundan əlavə, "Bəngü-Badə" Mirzənin araşdırmasında sufilərin işarə atributikasından yığılmış simvolik bir mozaika kimi təcəssüm eləyir. Tədqiqatçının təxmini budur ki, Məhəmməd Füzulinin özü Səfəviyyə sufi qardaşlığına mənsub birisi olub. Ona görə "Bəngü-Badə"də "içdən içəri" olan bir var. Bu elə bir içdir ki, bədii alleqoriyanı tarixi faktologiyanı sufi konseptlərinin işığında fəlsəfəyə çevirir. Təsəvvüfün ezoterik işarələr dilindən bəhrələnən Füzuli Camı, Nəşəni, Meyxanəni Allah Eşqinin rəmzləri kimi poemaya daxil edir, hər şeyi bir göz qırpımında sakrallaşdırır. Təsadüfi deyil ki,  poemada "Meyxanə" - dünyanı (kainatı), "Cam" - aşiqin (kamil insanın) qəlbini, "Nəşə" isə Allaha olan eşq-i bildirir. Füzulinin "Bəngü-Badə"si Meyxanə dumanıdır: elə bir meyxanə dumanı ki, onun tüstü qatları arasından gah Çaldıran qovğasının tarixi həqiqətləri boy verib ilğımlaşır, gah da Ortaçağ sufilərinin kamil insanı, ilahi eşqi "vəhdət əl-vücud"u hədəfləmiş intellektual oyunlarının əlamətləri görünür. Lakin bu meyxanə dumanı içrə Füzulinin hadisələrə, zəmanəyə sufi münasibəti, sufi mövqeyi tam aydındır: şair dünyaya sahib olmaq iddiasının əbəsliyini, yer üzündəki bütün savaşların mənasızlığını vurğulayır bütün bunlara öz ironiyasını gizlətmir.

Mirzənin "Bəngü-Badə" ilə əlaqədar söylədikləri azmış kimi, o bizim ədəbiyyatşünaslıq üfüqlərinə çox təsirləndirici bir mesaj da ünvanlayır: XVI əsrə aid edilən "İskəndər Nüşabənin sarayında" (1532) miniatüründə Nizami Gəncəvinin "İskəndərnamə" dastanı xəttat tərəfindən Azərbaycan dilində ərəb əlifbası ilə sitatlaşdırılıb. Bu da o deməkdir ki, hələ XVI yüzildə "İskəndərnamə" əsərinin azərbaycanca tərcüməsi olduğunu güman etmək bu tərcümənin sorağını aktuallaşdırmaq, Azərbaycan ədəbiyyatşünaslığının gündəminə gətirmək mümkündür. Tərcümənin tapılması isə nizamişünaslığın inqilabına çevrilə bilər.

Hesab edirəm ki, "Füzulinin "Bəngü-Badə"sindən görünən tarix" adlı kitab Mirzənin mükəmməl bir tədqiqat əsəridir istər Azərbaycanın müasir sənətşünaslığı, istərsə ədəbiyyatşünaslığı üçün çox dəyərlidir: bu əsər yeni tədqiqatlar sırasının meydana gəlməsi, yeni araşdırma üfüqlərinin görünməsi baxımından yetərincə produktiv şaxələnmə yaratmaq imkanına malikdir. Ona görə də qardaşım Mirzəyə öz sonsuz təşəkkürümü bu rəy formasında ictimailəşdirib tədqiqatçının araşdırmasını alqışlayıram.

 

Aydın Talıbzadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 oktyabr.- S.3.